GenelGüncel

SON ƏLVİDA

Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi

Rizvan Fikrətoğlu

          SON ƏLVİDA

              (hekayə)  

         Qəribədir, bəzən ağlımızın ağılsız qərarları və beynimizdə dolaşan məntiqsiz həyatı yaşayırıq. Daha da qəribə olan isə bunu şüurlu şəkildə edirik və “həyatda etmərəm” dediyimiz nəyinsə artıq baş rolundayıq. Və beləcə qazılır məzarlar: Siz məzarlar görməmisiniz insan qəlbində, yaşam ilə ruha keçiddə yerləşən – baş daşısız. Lakin başımız heç vaxt daşsız qalmır, daim daş yağır başımıza – hardan, nə üçün yağdığını isə heç cürə bilmirik və məhz bu sualları düşünə-düşünə keçir ömür karvanı. Vay o günə ki, bu yarımçıq eşq daşları olsun – özünü məsum göstərib ruhumu gəmirən daşlar. Mən ümidlərimi sənin saçlarının arasında itirdim.     Bu bir gerçəklik idi ki, sənin saçların ağarmışdı, lakin sən onları qara boya ilə qaralamışdın – eynilə həyatımı qaraladığın kimi. O vaxtlar sənin siman belə məni aldatmağı bacarmışdı, əzizim. Əsl siman kosmetika altında boğulmuşdu, eynilə eşq qığılcımlarının məni boğduğu kimi. Bu həmişə belədir, həyatı boyunca hər kəs birini tapar, amma bir-BİRini tapmaq hər insana nəsib olmur. Biz çox gec anladıq ki, Leyli və Məcnun deyilik. Nə məndən Məcnun, nə də səndən Leyli olan deyildi. Həm də ki, daha bezmişəm! Bəli, bezmişəm. Bilirsiniz nələrdən? Atılmışların talelərini düşünməkdən, uduzmuşların ağrılarını hiss etməkdən, ruhu edam edilmişlərin həyat boyda yükünü çəkməkdən. Və ən əsası isə qaranlıqda sevişənlərin halına acımaqdan… Bir şeyi çox yaxşı dərk edə bildim, əvvəlcə xoşbəxtliyin nə olduğunu dərk etməlisən və səni nəyin xoşbəxt edə biləcəyinin fərqinə varmalısan. Daha sonra özünü xoşbəxt etməlisən, bu xoşbəxtliyə çatmalısan. Necə olursa, olsun; nəyin bahasına olursa, olsun. Çünki heç kim bu dəyərli neməti bizə bağışlamayacaq. Həyatın axmaq atmosferi bilirsinizmi nədir, anası ölənin toy məclisində ana mahnısını oynamağı kimi qəribə və qarmaqarışıqdır. Hər şey yazılanlar kimi dəqiq, öyrəndiyimiz kimi konkret deyil.  Həyatın yazılmamış qanunları var, məsələn, yaxşı biri hər gün ölərkən, pis biri hər gün daha xoşbəxt olur. Sənin arzu apardığın adamdan xəbərin varmı? Bəlkə də o səndən də bədbəxtdir. Xoşbəxt olmaqla, xoşbəxt görünmək arasında məsafə hardasa mənim həqiqətlərimlə sənin yalanların arasında olan məsafədən az deyil.  Həmişəlik deyil, kaş ki, müvəqqəti ölmək mümkün olsaydı, lazım gələndə ölmək istədiyimiz yerdə bir az ölərdik. Bu da olmasa heç olmaya belə imkanımız olaydı ki, özümüzü yer kürəsindən atardıq, bezdiririk deyəsən yüksəkmərtəbəli binaları.

          …Telefonumun zəng çalmasına gərək yox idi, mən daha erkən oyanmışdım. Düzün sözünə qalsa gözlərimə yuxu getməmişdi, həmin günü hamilə gecənin səhəri necə doğmasının şahidi olmuşdum. Çox həyəcanlı idim, gecənin əlindən gündüzə qaçmağa necə də can atırdım. Çünki bizim ilk görüşümüz olacaqdı. Onda hələ bilmirdim ki, həqiqətləri ovcunda gizlətmiş iyrənc bir sevginin qoynuna qaçmağa can atırmışam. Məhz elə bundan sonra arzularım həyat səhnəsində güllələndi, şahidi də mən oldum. Onları xilas edə bilmədim. Bir reallıq da var idi ki, elə iyrənc ümidlərə söykənmiş arzuların güllələnməsi idi çıxış yolu. Mən ağır da olsa susmağı bacardım. Siz nə bilirsiniz nədir susmaq ağrısı?! Siz nə bilirsiniz eşqdən yaranmış tikanlı fikirlərin insanı didməsinin ağrısını?! Siz heç sevginin yaratdığı xəcalət tərinin necə axdığını da görməmisiniz. O anlarda günəş də xəcalətindən gizlənir, gecələr də xəcalətindən səhərə çıxmaq istəmir.

       Ömrümün böyük bir qismini tərəddüdlərə həsr etmişəm. Boş, mənasız və böyük zaman itkimə səbəb olmuş tərəddüdlərim çiyinlərimdən darta-darta parçalara ayırıb məni. Məhz ömrümün qalan qismini isə həmin parçaları bir yerə toplamaqla məşğul olmuşam. Kaş getmək istəyənləri elə getmək istədikləri andaca buraxsaydım, kaş ki, könlümün xoş olmadığı, qəlbimin rahatlıq tapmadığı yerlərdən vaxtında gedə biləydim. Əgər bunları bacarsaydım həyatın çoxillik və əzablı ağrılarından əziyyət çəkməz, bezməz, dəfələrlə öz qollarımdan yıxılmazdım.  Çox gec ayıldım, lakin daha inadcıl, daha təsirli və daha da dramatik şəkildə… Mübarizə meydanında tək qaldım, amma bacardım! Bacarmışdılar, özümü öz gözlərimdən salmağı, yaxşıca bacarmışdılar. Həyatım boyunca mərhəmətli oldum və həmişə mərhəmətimdən vurdular. Əvvəllər mərhəmətli olmağın çox gözəl əməl olduğunu düşünürdüm. Sanki hər kəsi xoşbəxt etməli imişəm kimi bir hiss hər zaman mənimlə olub və bu səbəbdən dolayı nə edirdimsə təmənna güdmədən, qarşılıqsız edirdim: qarşılıqsız sevgi, mərhəmət, yaxşılıq və s. Məni üzən insanlara üzüldükcə kömək əlimi, qayğılarımı artırırdım. Beləcə özüm unuduldum, öz yadımdan çıxdım. Və bir gün ayıldım, ayıdım ki, özümə nə qədər və necə haqsızlıq etmişəm. Özümü necə də kimsəsiz qoymuşam və necə də özümü tərk etmişəm. Öz haqqımı özümdən necə almışam. Bəzən xoş bir sözü, xoş bir təbəssümü özümdən necə də uzaq tutduğumun fərqində olmamışam. Özümü sevə bilmirdim, çünki elə bir situasiyaya qurban olmuşdum ki, özümlə üzləşə bilmədiyim əməllərim var idi.   Fəqət və lakin… Özümü dərk edəndən sonra ayıldım və uzaqlaşdım: çətin oldu, çox çətin. Sizə heç də asan gəlməsin uğurunda hər şeyimizi qurban verdiyimiz insanlara bir gün yad kimi baxmaq. Sahib ola bilmədiyimiz nələr və kimlər üçünsə üzülməyə dəyməzmiş. Hər şeyə rəğmən həyatımın alt-üst olduğuna kədərlənmədim, çünki həyatımın altının üstündən daha da yaxşı olacağına əmin idim. Həyatın necə çətin və acımasız olduğunun fərqinə bir daha vardım və çox yaxşı görə bildimki həyat dediyimiz oyunda hər bir cür tükənirmiş: kimisi yanlış insanı gözləyərkən və kimisi də yanlış insana dözərkən. Niyə bu qədər qorxağıq? İtirmək qorxusu? Bu qorxu deyil və niyə əmin ola bilmirik ki, biz itirmirik, daha böyük uğurlar bizi gözləyir. İtirərək qazanır insan. Nəticə etibarilə fərqi yoxdur, hər kəsin bir hesabı olacaq: kimisi seçdiklərinin, kimisi seçmədiklərinin hesabın ödəyəcək əlbət.

          Sonu olmayan yollarda yanlış insanlarla çox yürüdüm. Hələ bu azmış kimi axmaqcasına məğlubiyyətlərimi gələcəkdə qazanacağım qələbələrimin başlanğıcı zənn edib məni çəkindirən insanları acılayaraq davam etdim yoluma. Səhvlərim səhvlər gətirdi. Onda ayıldım ki, gərəksiz insanlar onlara lazım olan nə var idisə məndən alıb gediblər və mən yola çıxdığım insanların gətirdiyi tanımadığım yerdə boynunu bükmüş arzularımla birgə azmışam. Tanımırsan, irəliyə yer yoxdur; geri də qayıda bilmirsən, axı sənə vaxtında yol göstərən insanları önəmsəməyərək bütün körpüləri yandırmısan. Sığınmış olduğun qollara da qaça bilməzsən, vaxtında dəyərini bilmədiyin insanların qolları daha əvvəlki kimi deyil, bunu özün də yaxşı bilirsən, qayıda bilməzsən, ən azı özündən utanırsan. Sənə qəlbən əsl can deyənlərin kim olduğunu anlasan da faydası olmur. Ən böyük səhvimizi dəyərli zamanımızı, layiq olan insanların haqqını dəyərsiz insanlara verməklə itirməyə başladıq. Necə də ağılsız olmuşuq, necə də! Zamanı, sevgini dəyəri olan insanlara verməməklə, tələsməklə necə də səhvlər etmişik. Düşünə bilməmişik ki, nə qədər mərhəmətli oluruqsa, olaq sevgimizə layiq olmayanlar verdiyimiz bütün dəyərləri heç sayacaq, itirəcək. Günahkar özümüzük: çox şey bilmək istəmişik. Buna nə ehtiyac var imiş? Yoxmuş, çox şey bilməyə ehtiyac yox imiş, dəyərin nə olduğunu və kimə verilməli olduğunu bilməmiz kifayət imiş. Nələr olmasından asılı olmayaraq bir gün qayıtsaq, bizi bağışlamayacaq insanları düşünürsən.          Ömrümüzün hansısa hissəsində taleyin amansız oyununun qurbanına çevrilmiş hisslərimizlə birgə həmin insanlara qayıtmağa məcbur oluruq. Burda qürura yer yoxdur! Əgər yenidən həmin insanlar bizim göz yaşlarımızı, məğlubiyyətimizi, həyat adlı oyunda uduzduğumuzu, zəifliyimizi… görəndən sonra belə bizi güclü hesab edirsə yapışın onlardan və heç vaxt qopmayın, dəyərini bilin, bütün varlığınızla səcdə edin.

         Heç kim bizi xilas etməyə gəlmir, heç kimdən kömək gözləmək lazım deyil. Bizim həyatımız bizə aiddir və onun məsuliyyəti də məhz özümüzündür. Məsələ insanlara güvənməkdirsə, ondan da daha vacib işimiz varsa, daha vacib olanının ardınca gedək. Sol əlimiz üşüyürsə, sağ əlimizlə onu tutaq, isindirək. Özümüzü yalnız qoymayaq, öz yanımızda qala bilək. Çünki yalnızlıq elə bir mərtəbədir ki, ondan bir pillə yuxarıda ümidsizlik və daha bir pillə yuxarıda intihar dayanır. Məhz özümüzdən ayrılmayaq… Ayrılıqdan yazmışkən, həyatıma getmək üçün gələn qadınlar, hər birinizə minnətdaram. Gedişiniz nə qədər ağır olsa da, haqsızlığın bir insan ruhunda necə yuva salmağını öyrətdiniz. Mərhəmətsizlikdən daşlaşmağa bir addım məsafə olduğunu öyrətdiniz. Haqqınız ödənilməzdir, Sizdən çox şey öyrəndim, halbuki Siz məndən çox şey öyrənə bilərdiniz. Düşünürsünüz ki, əyninizə ayrılıq donunu mən ölçmüşəm, yanılmışsınız. Bəli, mən səhvləri olan bir insanam. Fəqət son ümidinizi mən boğmadım. Siz həyatla bağlarınız qırılandan sonra yalanlarınızla mənə gəldiniz, siz kimlərinsə qurbanına çevriləndən sonra gəldiniz. Sizi özünüzə qaytardıqca məndən uzaqlaşdınız və anladınız ki, mənə layiq deyilsiniz. Layiq olsaydınız yanımda olardınız. Sizi parıltı aldatdı və mənim sərtliyim qorxutdu bəlkə də. Nəticə etibarilə xoşbəxtliyinizdən qaçmaqla sübut etdiniz ki mən daha yaxşısına layiqəm. Siz qatilsiniz, ruhunuzun qanadını özünüz qırdınız. Gələcəyinizin, xoşbəxtliyinizin qatili. Gedişinizi kirpiklərimlə alqışlayıram, məğrur gedin, gəlmədiyiniz kimi. Geriyə boylanmayın və ümid qapınızı möhkəm örtün.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest