Qarşınızda bir ömür sayğı duruşundayız İbrahim İLYASLI
Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
İbrahim İLYASLI
Qarşınızda bir ömür sayğı duruşundayız
Vətən müharibəsinin şəhid və qazilərinə
Vətən sizə can dedi, Vətənə can verdiniz,
Damarları təpimiş torpağa qan verdiniz.
Otuz il otuz yerdən yaraları çatlayan,
Millətə qırx dörd gündə şəfayla şan verdiniz!
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!
***
Bir çağrışı bəs etdi ali baş komandanın,
Yüz illərə tən oldu – hökmünə bax bir anın?!
Vahimədən yağılar pərən-pərən oldular,
Haləsi böyüdükcə çəkdiyiniz hilalın.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!
***
Belə cəng, belə savaş yer üzü görməmişdi,
Nə dağı, nə dərəsi, nə düzü görməmişdi…
Bu xalq on min doqquz yüz əlli gecə yaşayıb,
On min doqquz yüz əlli gündüzü görməmişdi.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!
***
Xan Araz Sizi görcək qəhərlənib ağladı,
Köhlən Xudafərinin şahə qalxdı tağları.
O taydan bir ün qopdu, yer-göy lərzəyə gəldi,
Bu tayda ucalınca sənin zəfər bayrağın!
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!
***
Azğın düşmənlərinə çoxları çıxdı yiyə,
Avropa diş qıcadı, Asiya getdi küyə…
Ancaq birə-beş artdı gücünüz, qüdrətiniz,
“Hər zaman yanındayız!”- haykırınca Türkiyə.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayğı duruşundayız!
***
Nərənizdən Şuşada qaya qopdu, daş yandı,
O gün qaş qaralmadı, qaralacaq qaş yandı.
DƏMİR YUMRUĞunuzun zərbindən yer titrədi,
Odlu nəfəsinizdən düşmən başa-baş yandı!
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!
***
Ruhlar səltənətində ucalıqlar sizindi,
Uca başlar sizindi – uca dağlar sizindi.
Başqa yerdə gəzməsin haqqı haqq arayanlar,
Məmləkətdə haqq olan bütün haqlar sizindi.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!
***
Ürəyim pasrçalansın, üzüm ağ olsun!- dedi
Heç nəyimiz olmasın, Qarabağ olsun!- dedi.
Bundan böyük ibadət görünməyib cahanda –
Şəhid doğan analar: “Vətən sağ olsun!”- dedi.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!
***
Azərbaycan adını sinənizdən asdınız,
Yeni tarix yaradıb, yeni dastan yazdınız.
Qazi hüzurlarıdır daha səcdə yerimiz,
Şəhid məzarlarıdır ən müqəddəs andımız.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!
17.12.2020
Zəfər Marşı
Müzəffər Azərbaycan ordusunun Bakının Azadlıq Meydanında
düzənlənən Zəfər paradına
Ayağını yerə biraz da bərk vur,
Başını biraz da uca tut, əsgər!
Sən başdan ayağa qürursan, qürur,
Sən ey komutanı Tanrıkut əsgər!
Göylər zəfərinə maşallah deyir,
Yerlərdə baqisən, inşallah, deyir!
***
Sən Tanrıdağından qopan ərənsən,
Qanı bozkırlara hopan ərənsən.
Şuşa qalasında diş-dırnağıyla
Yağını aslantək qapan ərənsən.
Göylər zəfərinə maşallah deyir,
Yerlərdə baqisən, inşallah, deyir!
***
Haqq sənə zəfəri halal buyurub,
Ulduzun üstünə hilal buyurub.
Bismillah! – deməyə dil verib sənə,
Deyincə, düşmənə zaval buyurub.
Göylər zəfərinə maşallah deyir,
Yerlərdə baqisən, inşallah, deyir!
***
Orduya dönüşə, el səni yenməz,
Min ırmaq yığıla, sel səni yenməz.
Səni yenmək üçün yaradıb Allah,
Özündən savayı əl səni yenməz!
Göylər zəfərinə maşallah deyir,
Yerlərdə baqisən, inşallah, deyir!
***
Ayağını yerə biraz da bərk vur,
Başını biraz da uca tut, əsgər.
Bəşərin xilası səni gözləyir,
Ey Haqqın ordusu, Tanrıqut əsgər!
Göylər zəfərinə maşallah deyir,
Yerlərdə baqisən, inşallah deyir!
10.12.2020
Hulisi Akar Paşa
Türkiyənin müdafiə naziri Hulusi Akar sentyabrın 3-də F-16 qırıcısı ilə Egey dənizinin şimalında uçub. Yunanıstana və onu dəstəkləyənlərə sərt mesajlar verib.
Sənmi göylərə qalxdın,
Göylərmi səni çəkdi?
Ey yerlərə komutan,
Ulu göylərə bəgçi!
Yaşa, göylərcən yaşa!-
Hulisi Akar Paşa!!!
***
Nə qutlu uçuşun var,
Nə şahanə ləngərin!
Tanrı dağın aslanı,
Gög Tanrının əsgəri.
Yaşa, göylərcən yaşa!-
Hulisi Akar Paşa!!!
***
Nə zamandı səmalar
Həsrətini çəkirdi…
Türkün sınırlarında
Yapalaqlar səkirdi.
Yaşa, göylərcən yaşa!-
Hulisi Akar Paşa!!!
***
Tamaşana dayanıb,
Türkün daşı, torpağı.
Dostlara onur oldun,
Düşmənlərə göz dağı.
Yaşa, göylərcən yaşa!-
Hulisi Akar Paşa!!!
***
Bu tək mənim səsim yox,
Haqqa görkün səsidi…
Turan deyib, haykıran
Hər bir türkün səsidi.
Yaşa, göylərcən yaşa!-
Hulisi Akar Paşa!
Ən yaxında yad oldunsa…
Ustad Oljas Süleymenova
Ən yaxında yad oldunsa,
Demək, ən uzaq kimisən.
Dörd bir yanın şenlik ola,
Yenə yalquzaq kimisən.
***
Dostlar susayar qanına,
Tər yeriyər dabanına…
Oysa, ruhunla canına
Qurulan tuzaq kimisən.
***
Yıxılar dağ kimi arxan,
Gülər hər dərədən baxan.
Görərsən; səhrada barxan,
Sibirdə buzlaq kimisən.
***
Qəddin gərilər yay misal,
Ötərsən torağay misal…
İçin su istər çay misal
Baxarsan; duzlaq kimisən.
***
Perik-perik olar ordun,
Yağmalanar ulu yurdun.
Və qəfil ulayar Qurdun,
Dönərsən qazax kimi sən.
ÖZBƏKİSTAN DUYĞULARI
Hələ olmamışam Özbəkistanda,
Görməmişəm ulu Səmərqəndi.
Məni Buxaraya dartır ürəyim,-
Bağrımın başına çəkir Daşkəndi.
***
Bir səs; “Harda qaldın, durma, gəl” deyir,
Bilmirəm kimim var mənim o yerdə.
Hər dəfə önümdə açılan kimi,
Xarəzmi gəzirəm xəritələrdə.
***
Bilqamıs, Alpamış dinir köksümdə,
Yenə qan yaddaşım yetir dadıma.
Bilgə Kaganımı xatırlayarkən,
Xivə də, Xaqan da düşür yadıma.
***
Gah sirli Sırdərya hopur ruhuma,
Gah da Amudərya axır içimdən.
Qızılqum səhrası Uçquduquyla
Uzaq keçmişlərə baxır içimdən.
***
Bəzən Surxandərya deyib dururam,
Bəzən Kaşqadərya durur önümdə.
Bir də görürsən ki, yal-yamacıyla
Fərqanə vadisi keçir könlümdən.
***
Torpağında nə sir, nə sehir varsa,
Məni ovsunlayır sanki Əndican.
Gözümün önünə gülüstanıyla,
Hərdən Kokand gəlir, hərdən Namanqan.
***
Xəyalın sərhədi olmaz,- deyirlər,
Dünya bir yanadı, Turan bir yana!
Bir də görürsən ki, Aral gölündən
Ruhum pəvazlandı Həzrət Sultana.
***
Qədim Türk tayfası, ağır eldilər,
Bizim Borçalıda Qarapapaqlar.
Adı tutulunca anıram həmən,-
Bizə də doğmadı Qaraqalpaqlar.
***
Özüm də bilmirəm heç necə oldu,
Başlayıb bitirdim bu səyahəti…
Bir onu duydum ki, hər addım başı,
NƏVAİ ruhudur yol göstərənim.
Bir bayraq yaradıb göylərə taxın!
Yox… Bu etirafı yaza bilmirəm,
Bununku qələmlik, kağızlıq deyil.
Səssizcə göylərə uçurtmaq olar,-
Bu qəm dillik deyil, ağızlıq deyil.
***
Bütün zamanlarmı belə olublar,-
Tarix kitabları gömülüb hara?
Bütün adamlarmı belə olublar,-
Hamı nəfsindənmi çəkilib dara?
***
Bəşər övladının istəyi nədir,-
Nə deyib düşünür başlar kəsəndə?
Heçmi ürəyinin başı göynəmir,
Arılar inciyib, quşlar küsəndə?!
***
Görən hansı dinə qulluq edirlər,
Ölkəni ölkəylə vuruşduranlar?-
Qardaşı qardaşa düşmən edənlər,
Qonşunu qonşuyla tutaşdıranlar!
***
Gözləri acdımı, sərfəsi toxmu,
Qarğa, quzğunların – leş yeyənlərin?
Üstündə əsdiyi balası yoxmu,
Bomba zavodunda işləyənlərin?
***
Başını itirib din başçıları,
Mömin qiyafəli kafər olublar.
Bütxanə, sinaqoq, məscid, kilsədə
Şeytan at oynadır, ya Əl-i-Qaffar!
***
Görüb böyüklərin bəd əməlini,
Dünyaya peşiman gəlir uşaqlar.
Bir yanda çöplüyə atılır çörək,
Bir yanda acından ölür uşaqlar.
***
Çiçəyi burnunda ölən oğullar
Görən qurban gedir hansı niyyətə?
Hamımı ağlını itirib, yoxsa –
Dur deyən yoxdurmu bu zehniyyətə?
***
Kürə şəklindədir Yer dedikləri,
Birinə Şərq olan birinə Qərbdi.
Mən səni öldürüm, sən məni öldür…
Adını nə qoysan, hərb elə hərbdi.
***
İldə neçə yüz min qurban verilir
Zəlzələ, yanğına, selə – azdımı?
Yəni bu dünyada sülh istəyənlər
Savaş deyənlərdən belə azdımı?
***
Yetər, kölə olduz cahangirlərə,
Ey barış deyənlər, ayağa qalxın.
Bir göyərçin şəkli çəkib üstünə,
Bir bayraq yaradıb göylərə taxın!
Ukrain qızı Marina
Təsadüfən Sumqayıtda rastlaşdıq Ukrain qızı Marina ilə. Taras Şevçenko adına Kiyev Milli Universitetinin beynəlxalq hüquq şöbəsini bitirmişəm,- dedi. Sonra çay masası arxasında dərdlərini dilə gətirdi. Çox duyğulandım, çox kövrəldim.
Yavrum, gözlərindəki
Əzab mənə tanışdı.
Çöhrəndəki qan-qada,
Qəzəb mənə tanışdı.
***
Deyirsən, orda bizim
Körpələri qırırlar…
Xəsrəxana, məktəbi,
Bağçaları vururlar.
***
Deyirsən, faşistlər də
Belə qəddar olmayıb.
Belə zalım olmayıb,
Belə “bar-bar” olmayıb.
***
Özün bu yad şəhərdə,
Xəyalların yurddadır.
Yaşıl bəbəklərindən
Yaş yerinə qan damır.
***
Deyirsən, ağır dərddir,
Onu daşımaq olmur.
Didərginlik zülümdür,
Belə yaşamaq olmur…
***
Yavrun, səni duymazmı
Bu xilqətin şairi?!
Xocalı qətliamlı
Bir millətin şairi!
***
Danışırsan, mənim də
Duyğularım can verir.
Təzəcə qaysaq tutmuş
Yaralarım qan verir.
***
Bizim də üstümüzdən
Həmin tanklar keçiblər.
Bir vaxt bizi də eynən
Doğrayıblar, biçiblər.
***
Körpələrə bundan da
Betər divan tutublar.
Məsum qızlar özlərin
Qayalardan atıblar…
***
Gözümüz az görməyib
Sən deyən viranları.
Uca Tanrı kahr etsin
Cahangir tiranları.
***
Bircə onu deyim ki,
Həftənin bu xas günü:
Qiyamətə qalmaz ki –
Yetişər qisas günü…
***
Məni də üzmə belə
Baxa-baxa, Marina.
Sil gözünün yaşını,
Dur ayağa, Marina!
Eyləməz
Nə gündəsən, qafil könül,-
Bir ilin bir an eyləməz.
İçində ildırım sönər,
Çölünə üsyan eyləməz.
***
Dərya saxlamaz gəmini,
Yel dağıdar yelkənini.
Layiq olsan öz qəmini
Dost səndən pünhan eyləməz.
***
İbrahimlər qalxar, çökər,-
Haqq yolunda canlar sökər.
İgid baş kəsər, qan tökər,
İgid nahaq qan eyləməz.
Sizin də məhləyə yağış yağırmı?
Sizin də məhləyə yağış yağırmı,-
Sular söyləşirmi navalçalarda?
Ala gözlərinə qonan buludun
Neçə yaşı olur bu sonbaharda?
***
Evinə torpağın ətri dolurmu,-
Açıb pəncərəni çölə baxanda?
Yenəmi ürkəksən həminki kimi,-
Yenəmi qorxursan şimşək çaxanda?
***
Kəndə dönürsənmi xəyallarında,-
Yadına düşürmü o payız günü?..
Birlikdə məktəbdən evə dönürdük,
Yeni haqlamışdıq “Sarı körpü”nü.
***
…Və qəfil başladı leysan tökməyə,
Sel ağzına aldı bərəni-bəndi.
Bir anın içində çay aşıb-daşdı,
İki yerə böldü “İncəsu” kəndi.
***
Başqa yermi vardı daldalanmağa?-
Qaçıb akasyanın altında durduq.
Birdən çəpərində Osman dayının
İşıq dirəyini ildırım vurdu…
***
Titrəyib əsirdin həyəcanından,
Tutub əllərindən,- qorxma söylədim.
Qorxulu nağıllar düşdü yadıma,-
Sənin qəhrəmanın olmaq istədim.
***
Xəyalən özümü çaya vururdum,
Ağaclar axırdı pərli-budaqlı…
Guya köhlənlər də yara bilməyən
Seli yaracaqdım… Eh, uşaq ağlı…
***
Yadındamı o nur, o ipək qarı?-
Sənəm nənə… Qaşdan bizə baxırdı.
-Ay bala, sətəlcəm olarsınız ki!-
Deyib, əl elədi, evə çağırdı…
***
Sonrası… Nə deyim, sonrası heç nə,
Buludlar dağıldı, yağış da kəsdi…
Ancaq, ürəyimdə şırım açmağa
Mənə bu xatirə bir ömür bəsdi.
***
Sizin də məhləyə yağış yağırmı?-
Sular sevişirmi navlçalarda?
Qırx ildi həmincə ağacın altda
Səni gözləyirəm, hardasan, harda?
Sən məni əla yazmısan
Sən məni əla yazmısan:
Duyğu-duyğu, nəfəs-nəfəs.
Qarış-qarış, addım-addım,
Səma-səma, qəfəs-qəfəs.
***
Hər kəlmən bir qığılcımdı,
Üst-başım od içindədir.
Alov saçan bir qələmin
Özü hansı biçimdədir?!
***
Düşünürəm – bu misralar
Dodağından necə qopub?
Barmağından necə axıb,
Ağ varağa necə hopub?
***
Sətirlərə boylanıram,
Odama ətrin yayılır.
Qoxladıqca huş aparır,
Duyunca ruhum bayılır.
***
Mən səni yaza bilmirəm,
Ancaq gözəl oxuyuram.
Çiçək-çiçək incələyir,
Xəzl-xəzəl oxuyuram.
Bu axşam sevgi qoxuyur…
Bu axşam sevgi qoxuyur,
Sumqayıtda hər künc-bucaq.
Yağış, külək və yarpaqlar,
Avtobuslar… dayanacaq!
***
Səriliblər üzü üstə
Yollar duyğulu-duyğulu.
Səkiylə bir qız yürüyür,
Arxasınca zeytun kolu.
***
Çiçək kimi pardaqlanır
Binaların daş-divarı.
Heyrətindən xumarlanır
Odaların eyvanları.
***
İşıqforda sıralanır
Qırmızı da yaşıl kimi.
Hər ağac bir aşıq olub,
Dilləndirir “sarı sim”i.
***
Ürəklərə sığal çəkir
O qızın ayaq səsləri…
Bir də nə görsəm yaxşıdı –
Söyləmək mənə ar gəlir…
Dolunayım
Mənə bir şeir göndər
Deyirsən, dolunayım.
Sən dünyada ən gözəl
Şeirsən, dolunayım.
***
Adın ən gözəl çiçək,
Özün göylər gözəli.
Sən – qalalar fatehi,
Süslü köylər gözəli.
***
Çeşmələr qaynadıqca,
Sular səni səsləyir.
Anadillər, bülbüllər,
Qular səni səsləyir.
***
Özündən xəbərin yox,-
Bir muğamlıq qəzəlsən.
Gəraylıdan, qoşmadan,
Bayatıdan əzəlsən.
***
Sənə şeir nə gərək,
Hər teli şeir xanım!
Gəl üz tutaq göylərə,
Görək nə deyir, xanım!
Bir dəfə də sən dillən
Bir dəfə də sən dillən,
Bir “Sabahın xeyir” yaz.
O mübarək qınından
Əllərini sıyır, yaz.
***
Yaz ki – Qəfil barmağım
Toxundu bu düyməyə.
Əslində heç bir sözüm
Yoxuydu ha deməyə…
***
Qoy bu şirin yalanın
Kölgəsində kef edim.
Hamı yüz yol eləyir,
Bir yol da mən səhv edim.
***
Düşünüm ki, nə yaxşı
Məni də yad edən var.
Burası da bir evdir,
Deyim gəlib-gedən var.
***
Nolar, dönüm başına,
Bu yalanı gerçək et.
Aldat mənim başımı,
Sonra durub işə get.
İsmarış
Bircə biləydin, adın
Dilimdən qopur necə!
Yerdən qalxan dualar
Göylərə hopur necə!
***
Orda sən darxırsan,
Burda mən tarimaram.
Nə gözlərim ovunur,
Nə ürək tapır aram.
***
Bir özünü toparla,
Nolar, deynən yaxşıyam.
Doğrudan da yaxşı ol,
Adam kimi yaşayaq.
Nə yaxşı sən gəlibsən
Nə yaxşı sən gəlibsən,
Bakı ağ günə çıxıb.
Prospektlər süslənib,
Bağça-bağ günə çıxıb.
***
Sən yürüyən caddələr,
Bəxtəvərlik yaşayır.
Vitrinlərdə modellər
Gözlərini qaşıyır.
***
Ayaq səsinə qoşur
“Kirxa”nın orkestri.
Havadaca dövşürür
Göyərçinlər səsləri.
***
Baxırlar heyran-heyran
Yasamaldan təpələr.
Səni görüb Xəzərdə
Cilvələnir ləpələr.
***
Xəyalımda canlanır
O illərin retrosu…
Eh… yenə də ayrılıq,
Yenə “Sahil” metrosu!
Lavandam
Sənsiz necə qəribdir
Bilirsənmi bu şəhər?
Nə axşamı axşamdır,
Nə də səhəri səhər.
***
Sanki ağaclar ağac,
Adamlar adam deyil.
Küçələrdə at çapır
Küləklər veyil-veyil.
***
Dəniz donub eləbil,
Ağuşunda balıqlar.
Buz heykələ dönüblər
Qağayılar, qayıqlar.
***
Məni ovuda bilmir
Nə doğması, nə yadı.
“Sənsizlik”di hələ ki,
Bu şəhərin bir adı.
***
Nə deyirsən, lavandam,
Bəlkə durub gələsən.
Mənə baxıb, darıxmaq
Necə olur, biləsən.


