GenelGüncelKültür Sanat

Günəşin qaranlıq şahzadəsi – Səma Muğanna Azərbaycan Yazıçılar Birliyinin üzvü


           

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Səma Muğanna

  Azərbaycan Yazıçılar Birliyinin üzvü

        Günəşin qaranlıq şahzadəsi

                          (Povest)

                            Proloq

  Keçmişə qayıtmaq istəyirəm, lakin xatırlaya bilmirəm. Tək xatırladığım masamın üzərindəki kağız parçasıdır. Tarix də yadımda deyil, ancaq yenə əlimdə qələmlə cızma-qara edirdim. Niyə kağız parçası dedim, çünki başqaları üçün bu yalnız kağız parçasıdır, ancaq mənim cavabımı bilmək istəyirsinizsə, mənim üçün son xatirəm, son mənzilim, son ümidimdir. Belə bir ifadə var “son ölən ümidlərdir”, bəs yaxşı deyin mənə, bəs mən kimi öldürmüşəm? İnsan qatili deyiləm, yox, yox əsla! Mən insanları öldürsəydim, indi var ola bilməzdim! O kağız parçası son əlyazmam idi. Əlyazmamdakı son cümləni qələmimin mürəkkəbi tükəndiyi üçün tamamlaya bilmədim. Elə bil o gündən xəyallarımı da itirdim. Bütün hamısı oğurlandı! Evimə oğru girməmişdisə, bəs kim oğurluq edə bilərdi? Demək, mənə ən dəyərli olanı oğurlamışdı! Gizlincə…

  Bir insanın xəyalları oğurlandısa, o ölüb! Bunu birdəfəlik bu cür bilin! Mən son əlyazmamı da yazıb kənara qoyduqdan sonra qələmimi də kağız parçasının üzərinə qoydum və otaqdan çıxdım. Otağın qapısını açarla bağladım. İllər uzunu qapı açılmadı. Məhz 1998-ci il 16 sentyabr qapını açdım və içəri keçən kimi əlyazmamı davam etdirdim. Kağız saralmamışdı, çünki ona gözüm kimi baxmışdım! Qələmi əlimə alan kimi təqvimdəki 16 sentyabrın başlığına cızma-qara etdim:

   “Mənim ümidlərim ölməsə də,xəyallarım itgin düşüb. Yalvarıram, əziz Günay, onları yalnız sən tapacaqsan! Mənə tap gətir! Bütün hamısını sənə verəcəyimə söz verirəm, amma bilim ki, onlar səninlədir! “

   Düşünürəm ki, çox danışmağa ehtiyac yoxdur. Günayı yaxın zamanda tanıyacaqsınız, amma mən gedirəm! Bu qapı da bağlanmayacaq. Bu qapı bir dəfə bağlandı və mürəkkəbi quruyan qələmimə bir dərs oldu. O dərs ki,bir daha mənim xəyallarımı əlimdən almasın. Xəyallarım itgin düşüb, amma bilirəm ki, Günay onları tapacaq. Sual yaranır ki, “bəs mənəmi təslim edəcək?”  Xeyr! Çünki qələmimə demişdim axı, xəyallarımı əlimdən almısansa indi cəzasını çəkməlisən! Sirr deyil, gəlin, bunu da dedikdən sonra gedim. Qələmimin mürəkkəbi qurumasaydı, xəyalım gerçək olacaqdı.İndi zamanı gəldiyi üçün qəhrəmanım çalışır! Az qalsın qəhrəmanımı öz əllərimlə öldürürdüm! Bu vicdan əzabıyla necə yaşaya bilərdim? Onun haqqıdır ki, yaradılıb, dünyaya gəlib və indi yaşamalıdır!

  “Günay göz yaşlarına heç vaxt toxunmadı. Toxunmaq, yəni əlləriylə göz yaşlarını silmədi. “ Əgər bir gün toxunarsam, kirlənən bədənimi kəfənə qoymamışdan qabaq bütün göz yaşlarımı qurudun” -deyib son məktubu da stolun üstünə qoyub getmişdi.

   İnsan xəyalları ilə birgə yaşadığı zaman ömrünün uzun olduğunu bilirsiniz? Bir gün xəyallarının gerçəkləşdiyinə inanan insanlar, əslində, onlara toxunacaqlarını düşünürlər. Bu belə deyil.Hər xəyal gerçək olsaydı insanlar xəyallarını bu qədər sevməzdi. Biz hər birimiz arzularımız gerçəkləşdikdə sevincimizdən yerə-göyə sığmırıq. Bir düşünün, bu normal haldır? Biz insanlar “hə” cavabını-deyib, hətta təəccüblənəcək.Bu suala “yox” cavabı verilməlidir. Gəlin, bu sualın cavabının “hə”, yoxsa “ “yox”  olduğunu Günaydan öyrənək.

   Saçlarının rüzgarla rəqs etdiyini bütün zərrələrində hiss edən insanlar musiqi notlarına bənzəyirdi. Pianoda çalan barmaqlarım gündüz-gecə günəşin və ayın göyə qovuşduğu kimi hər şeyə həssas yanaşırdı. Sanki simamdakı cizgilər də dil açıb danışır və məni susdururdu. Mən matəmə boyanmaq nədir bilməzdim, əziz dost, amma indi çox yaxşı bilirəm. Xəyallarına qovuşmaq ümidini bir gün itirsən, mənim dediklərimi xatırla. Xatırlayanda “Hə Günay, xəyallarıma qovuşmaq günəşi qürbətdən izləmək kimidir” -deyəcəyini bilirəm.

    Uzaq yolda isti çay barmaqlarının arasında olarkən qarşındakı kitabla söhbətləşirsən. Sən kitabı oxumursan, söhbətləşirsən. Qatardan izlədiyin bu yad küçələr sənə necə doğmadır elə deyilmi? Mən unudulduqdan sonra bunu hiss etdim. Yadlaşan insanların simasında yalnız kədəri oxuyub qaçdım. Bu qatarı tapdığım an dedim ki, “Günay, son mənzil dedikləri yol sənin hələ başlanğıcındır”  Həqiqətən də heç mənim başlanğıcım haradan başlayır? Yoxsa Tanrı məni də unutdu? “Yox, yox bu cür fikirləşmə, Tanrı sənə üz döndərər axı!”  Bu fikirləri insanlardan o qədər eşitmişəm ki, artıq onlar mənə çox yaddır, bu küçələr isə doğma. Əvvəlki kimi insanları yuxudan oyandırmaq istəmirəm, çünki o gün yuxudan oyandığım an xatirələrimi sandıqçamdan aldım və başqasının əllərinə təslim etdim.

   Xatirələr təslim olunduğu an insan yaşlanır, əziz dost. Bəli, bəlkə də bu mənim düşüncəmdir, ancaq mən artıq yaşlıyam. Yaşımın neçə olduğunu nə düşün, nə də soruş.Mən 15,20,25 yaşlarında da yaşlı olacam, çünki xatirələrim yad əllərdədir.

   Qəlbimdə tikdiyim kiçik evimdə xəyallarım vardı. Mən onları itirdiyimə görə artıq yaşada bilmirəm. Məzar daşlarının harada olduğundan belə heç bir fikrim yoxdu. Bəlkə də meşənin dərinliyində üşüyüb-üşüyüb donub qaçıblar?

   “Son qoxladığım qərənfilləri saçlarıma taxıb elə ilk gələn qatara mindim. “Yadlaşan xəyalların stansiyasına”  yolumuz başlayır. İşıqları söndürün və isti çayınızı süzüb gəlin. Qarşımızda uzun yol var. Yox,yox,qətiyyən yanınıza kitab almayın. Sizə film izlədəcəyəm. Baş rol qəhrəmanı elə mənəm…

    Dəhşətli fırtınanın gücü pəncərələri də yerindən qoparırdı. Günay bu gün gəzintiyə çıxacağını düşünmüşdü, ancaq planları gözləmədiyi vaxtda alt-üst oldu. Güclü fırtına, şiddətli yağışda hara gedə bilərdi? Evdə oturub kitab oxumaqdan da yorulmuşdu. Sakitliyə ehtiyacı olduğunu fikirləşib otağına getdi. 1-2 saat dincəlib oyanaram-deyə düşündü.Bu təsadüf idimi, yoxsa həqiqətənmi baş vermişdi? Qapı açıq qalmışdı. Maraqlıdır, axı Günay həmişə qapını içəridən kilidləyərdi. Bəs bu gün niyə etməmişdi? Bu dəhşətli havalarda isə daha diqqətli yanaşardı. Məhz bu gün Günay elə bil dərin yuxuda yaşayırdı.Bəlkə yuxu, bəlkə də reallıqdı. Bu günün bir günahkarı vardı, ancaq bu Günay ola bilməzdi. Günay yaşadıqlarının, yaşayacaqlarının günahkarı deyildi. Özünün də dediyi kimi: “Bu filmin baş qəhrəmanı mən olsam da, real Günay deyiləm”

    Günayın həyat hekayəsi çox qarışıqdır. Bəzən ətrafındakılar belə Günayla söhbətləşərkən dəfələrlə düşünəndən sonra Günayla danışırlar. Yox,yox. Onun xarakteri qətiyyən çətin deyil. Siz düşünün, insan yaşadıqları ilə birgə simasındakı bütün emosiyaları eyni vaxtda itirə bilər? Bu sualın cavabını canlı şəkildə hər birinizdən dinləmək çox maraqlıdır. Bəlkə bəziləriniz “hə”, bəziləriniz isə “yox” cavabı verəcəksiniz, hətta bəziləriniz, ümumiyyətlə, inanmayacaqsınız. Əslində, cavabı bəli, itirə bilər. Bəli, əzizlərim, səhv eşitmədiniz. İnsan emosiyalarını itirəcək qədər dəli ola bilər. Bu dəlilik bir növ öz dünyasına qapanıb yuxuda olmaqdır. Ətrafınızda milyonlarca insanın səsini duysanız belə duyğularınız danışmır, çünki onları başqasına təslim etmisiniz, yaxud o “başqası” dediyimiz sizin əllərinizdən zorla alıb. “Emosiyalar” dediyim, əslində, sizin xəyallarınızdır. Hər xəyalınız bir emosiyanı ifadə edir, ancaq təəssüf ki, məhz o gecə Günay bütün xəyallarını bir qapının açıq qalması ucbatından itirdi. Bir gün onları geri almaq istəsə də ala bilməyəcək. Gəlin, izləyək. Film izləmirsiniz, yaşanan hadisəni Günayla birgə yaşayırsınız. Yaşadığınız an Günayın hansı hissləri keçirtdiyini anlayacaqsınız. Öncədən deyim ki, qorxmayın, sizin emosiyalarınız qaçmayacaq. Siz nə zaman xəyallarınıza toxunmaq istəsəniz o zaman qaçarlar. Xəyallarınıza toxunmayın, lakin gözləyin. Bir gün əlbət gələcəklər…

   Otağında dərin yuxuda olan Günay olacaqlardan hələ xəbəri yox idi. Bu yuxu da yaxşı əlamət deyildi. Günay heç vaxt günün gündüz çağında yuxuda olmazdı. Qəribədir, bəs bu yuxu nə ifadə edirdi?

    Yuxuda olarkən simasında yaranan qarışıq üz ifadəsi onun kabus gördüyünə işarə edirdi. Bir az da çox yuxuda qalsa, elə bil dəli olacaqdı. Telefon zənginə qeyri-ixtiyarı oyandı və tələsik əlinə alıb:

-Alo?

-Günay, sənə şad xəbərim var!

    Telefona dərin sükut çökdü. Bəlkə də yuxuludur hələ? Günay telefonda olan şəxsi tanımadı. Bu dərin sükutu telefondakı şəxs pozdu:

-Günay, nəsə olub?

-Yox. Hər şey yaxşıdır, sadəcə yuxudan yeni oyandım.

-Sənki günorta vaxtları yatmazdın. Demək, səndə nəsə problem var.

   Günay xatırlamağa çalışırdı, ancaq alınmadı.Sanki zaman donub məhz Günayın yaşadığı kabusda qalmışdı. Niyə məhz kabus? Günay o kabusda nə yaşamışdı axı? Yenə də özünü toparlamağa çalışıb telefona cavab verdi:

-Dedim axı heç nə olmayıb. Sadəcə bir az yorğun olduğum üçün yuxuya ehtiyacım vardı. Sən şad xəbər deyirdin. Hə,de görək, nədir o şad xəbər?

  Səs tonundan rəfiqəsi Aysun olduğunu xatırladı.

-Telefonla olmaz. İndi sənə ünvanı atacam.

-Axı mən…

-Heç cümlənin davamını gətirmə, çünki bilirəm ki, etiraz edəcəksən, amma bu gün etiraz qəbul olunmur! İndi gözlə, Günay, mən sənə adresi yollayacam.

    Zəng qapandı. Günay hələ də kabusun abu-havasından çıxmamışdı. Bu necə ola bilərdi axı?

   Hazırlaşdı, ancaq evdən çıxmağa halı yox idi. Zorla toparlanıb Aysudan mesajın gəlməsini gözlədi. Aysun mesajı göndərdiyi vaxt maşınına minib həmin ünvana gedəcəkdi. Bu zaman Günayın telefonuna mesajla birgə zəng gəldi. Zəng Aysundan idi.

-Mesajım sənə gəldi? Hazırsan?

-Hə hazıram.

-Yaxşı. Bəs gəlib səni götürüm, yoxsa özün gələ biləcəksən?

-Gələcəyəm, narahat olma.

-Yaxşı, Günay, ancaq gecikmə. Saat 18:00-da başlayacaq. Sənin burada olmağın çox vacibdir.

-Aysun, axı heç demədin ki, haradır ora? Nə üçün gəlirəm?

-Gələndə görərsən. Çox yubanma. Zəngi qapat və hazırlaşıb evdən çıx. Ehtiyatlı gəl, çünki bu gün hava sərtdir.

   Aysun “hava sərtdir”  dedikdə bir məna gizlənirdi. Günay nə vaxt sərt sözünü eşitsə, gözləri dolar, ağlamağa başlayardı. Bu gün özünü toparladı. Aysun telefonda gözləyirdi. Deyəsən,Günayın ağladığını hiss etmişdi:

-Günay, sənə nolub? Niyə ağlayırsan?

-Hardan çıxartdın ki, ağlayıram? Yenə təkrar edirəm,axı yatmışdım. Oyanan kimi də telefonu əlimə alıb zəngi açdım. Sənə elə gəlib.

-Təki elə olsun. Yaxşı, Günay, görüşərik.

-Görüşərik.

   Günay zəngi qapatdıqdan sonra hazırlaşmaq üçün güzgünün qarşısına keçdi. Güzgüdə xeyli müddət özünəb baxdı. Günay bilməsə də məhz bu gün Aysun Günayın illərlə gözlədiyi xəyallarından birini gerçəkləşdirmişdi. Baxın, gerçəkləşdirmişdi-dedim. Demək, Günayın xəyallarından biri başqasının əllərinə çoxdan təslim edilib. Xəyallarından biri başqa mənzildə Günaya yad idi.

    Günayın illər öncə qurmaq istədiyi layihəni məhz Aysun reallaşdırmışdı, amma Günayın bundan xəbəri yox idi. Reaksiyası necə olacaqdı? Baxın onu da bilmirəm. Bəlkə çox xoşbəxt olacaq,bəlkə də böyük xəyal qırıqlığına uğrayacaqdı. Nə bilmək olar…

    Günay evdən hazırlaşıb çıxdı. Sadəcə maşını idarə etmək gücü yox idi. Aysuna demək istədi, lakin anidən vaz keçdi. Öz-özünə dodaqaltı təkrarladı: “Günay, xəyallarını düşün, onlara sığal çək”-deyib özünü sakitləşdirməyə çalışdı. Əslində, xəbəri yox idi ki, artıq xəyallarından biri uçub başqasının mənzilinə köç etmişdi.

    Maşına minib yola düşdü. Sanki o an Günayın beynində rəqəmlərlə sayılmayacaq qədər insan səsləri onu təqib etməyə başladı. İnsanın daxili dünyasında fırtına qopa bilər, lakin bəzi fırtınalar ürəkdə üsyan etmədən yalnız insan beynini ələ keçirdiklərində bu son artıq “faciə” deməkdir.

    Göz yaşlarını da dayandıra bilməyən Günay maşını kənara çəkib dərindən nəfəs almaq istədi, ancaq maşın elə bil Günayla savaşır, dayanmaq istəmirdi. Sürəti getdikcə çoxalır, hətta Günayın bütün edəcəklərini anidən beynindən silirdi. Bu gün məhz Aysun Günayın xəyallarına toxunduğu üçün xəyallarından biri Günayı günahkar hesab edib onu cəzalandırır və cəzalandırdı da. Günay qəzaya uğradı.

    Günayı xəstəxanaya yoldan keçən başqa bir maşın apardı. Əgər Günay bir az daha çox maşında qalsaydı, onu itirəcəkdik, çünki həmin şəxs Günayı maşından çıxartdıqdan 10 dəqiqə sonra maşın partladı. Bu da Günayı cəzalandırmaq deyildimi?

     Bu maşın Günaya atasından  yadigar qalmışdı, ancaq artıq ovuclarının arasından maşın da getdi. İndi Günay əcəli ilə savaşırdı. Günay qalib olmalı idi. Ancaq bu yalnız Günayın həyata necə tutunmasından asılı idi.

     Həkimlər dayanmadan Günay üçün çalışırdılar. Günay elə bil xəyallarından birini itirdiyini hiss etmişdi. Həyata tutunmaq üçün bir əl lazım idi. Təəssüf ki, o əli heç kəs tutmamışdı. İndi       Aysun belə onunla maraqlanmır, heç Günayın harada olduğunu belə öyrənməmişdi. Artıq Günay başqasının əlində əsir idi.

    İnsan illərcə əziyyət çəkir, çalışır, çabalayır ki, gerçəkləşməyən arzuları, xəyalları onun mənzilinə çıraq olsun! Bu çıraq yandığı müddətcə evin isti ocağı da sönməyəcək, hətta soyuq, rütubətli divarların kəskin titrəyişləri də unudulacaq.

    Günay, deyəsən, yuxuda şok keçirirdi. Dodaqaltı kiminsə adını pıçıldayırdı. Qəflətən əlini boğazına aparıb izah etməyə çalışdı. Çırpınan göyərçin, kimsəsiz bir uşağın hayqırışına bənzəyirdi. Həkimlər onu sakitləşdirməyə çalışırdılar, amma alınmırdı. “Gözünüzü açın, bizi eşidirsiniz? ”-deyən tibb bacılarının səsi də Günaya yadlaşmışdı. Bu fani dünyadan ayrılan Günay hiss etmişdi ki,duyğularını oğurlayan şəxs var. Duyğular insanın xəyallarıdır. Payız fəslində ağacdan tökülən yarpaqlar, ya da saçınızdan qopan tel ağrıtmasa da, yarası çox dərindir…

  Həkim Günayın sakitləşmədiyini görüb dərman hazırladı. İynəni vurduqdan bir neçə dəqiqə sonra Günayın əlləri yorğunluqdan yatağın kənarına düşdü. Bir az sakitləşdiyini görən həkim tibb bacılarına otaqdan çıxmaları üçün işarə etdi. Özü də qapını bağlayıb çıxdı.

   Bu şiddətlənən ağrını hiss edən varmı? Mən çox yaxşı hiss edirəm. Bayaq bir misal çəkdim. Ağacdan qopan yarpaq və saçımızdan dən-dən düşən saç telləri. Heç biri ağrılı deyil, lakin dərindir. Həzin yağışın sədaları altında kitab oxuyarkən hiss etdiyiniz hüzur. Sizcə, emosiyalar dəyişirmi? Bu insan xarakteri deyil. Emosiyalar bizim dostumuzdur. Biz onlarsız yaşamağı heç vaxt düşünməmişik. Günayın bayaqki halı emosiyalarının yerdəyişmə etməsi idi. Yuxuda nə baş verdiyini biz bilməsək də hiss edirik. Anidən üz ifadəmiz dəyişir, hətta ağlımızda qarışıq suallar da yaranır. Qorxu, təşviş, həyəcan, bir sözlə, hər biri. Bir az rəngarəng dünyadan sizi çıxarıb kabusla qarşı-qarşıya gətirdiyimi bilirəm, lakin Günay oyandığında hər şeyi aydınlaşacaq.

   Günay yavaş-yavaş oyanırdı. Gözlərini açdığında özünü palatada gördü. Qorxudan tir-tir əsən bədənini, əllərini hərəkət etdirə bilmədi və qeyri-ixtiyarı göz yaşlarına boğulduğunda artıq dözə bilməyib səslənməyə başladı:

-Kimsə yoxdur? Mən niyə xəstəxanadayam?!

   Bu təşvişli səsi duyan tibb bacısı qaça-qaçla qapını açıb içəri girdi. Günayın necə qorxduğu simasından bəlli idi. Tibb bacısı Günayı sakitləşdirməyə çalışdı:

-Narahat olmayın, Günay xanım, hər şey qaydasındadır. Ağır və dəhşətli qəza keçirmisiniz. Həkimlərimiz və biz sizin bundan sonra daha yaxşı olmağınız üçün əlimizdən gələn hər şeyi edəcəyik.

    Günay diqqətlə tibb bacısını izləyirdi. Sanki hər şeydən şübhələnir və onları analiz etməyə çalışırdı. Yuxuda nə baş vermişdi? Qəflətən qollarındakı yara izlərini gördükdə dəhşətli bir qışqırtı qopdu və “mənə təcavüz edildi!”-deyə dəfələrlə təkrarladı. Tibb bacısı sakitləşdirməyə çalışsa da, alınmadı. Bu dəhşətin sonlanmasına yalnız Kamil doktor kömək edə bilərdi.

   Tibb bacısı tələsik otaqdan çıxıb Kamil doktorun yanına gəldi:

-Üzürlü hesab edin, Kamil bəy, sizdən icazə alıb içəri girməli idim. Xəstəmiz var. Ağır qəza keçirib və indi oyandı, ancaq nə baş verdiyini anlamadım. Xəstə özündə deyil. Ağır durumlardan keçir. Sizin köməyinizə ehtiyacı var!

-Otağın nömrəsini ver tez gedək!

-Gəlin!

    Həyəcanla qapıdan içəri daxil olan Kamil doktor Günayın halını gördükdə həyəcanlandı. Bu cür xəstələri çox olduğu üçün onlarla necə davranacağını çox yaxşı bilirdi. İşinin peşəkarı olan bir həkim idi.

    Sakitcə Günaya tərəf yaxınlaşıb onunla söhbət etməyə çalışdı:

-Günay xanım, məni eşidirsiniz?

    Günay özündə deyildi, ancaq qışqırır, göz yaşlarına boğulurdu.

-Günay xanım, məni dinləyərsiniz?

    Bu an göz yaşları içində qalan Günay taqətdən düşən kimi yatağa uzandı. Gözlərini Kamil doktora tərəf çevirib sakitcə pıçıldadı:

-Mənə təcavüz etdilər. Baxın, boğazımdakı izləri də o edib.

    Əslində, Günaya heç kəs təcavüz etməmişdi, lakin vaxtkən təcavüz etmək istəyən insan həyatında var idi. O şəxs Günayı sevdiyini söyləyirdi, lakin Günay onu heç vaxt sevməmişdi. Onunla çox yaxın dost olan Günayın başına bu halların gəlməsi beynində dəhşətli travmaya çevrilmişdi. Bu dəfəki yuxusunda da məhz o insanla savaşmışdı.

    İnsan “ölüm yuxusuna” yalnız ümidsizliyə qapıldığında köç edir. “Ölüm yuxusu” dediyim,əslində, qaranlıq qapıdan qaranlıq çökən küçələrə baxmaq kimidir. O küçələrdə heç kəs yaşamır, hətta insanlar bütün puç olmuş xəyallarını məhz o küçələrə atıb çıxıb gedirlər. Bu da Günay üçün imtahan idi.

-Günay xanım, bir az sakitləşin və sonra bütün olanları mənə rahatlıqla danışın.

-Qəzaya necə düşdüyümü xatırlamıram, ancaq son xatırladığım rəfiqəm Aysunun mənə telefonla zəng edib evdən təcili çıxmağımı söyləməsi oldu. Mənə surpriz edəcəkdi.

-Siz o an hansı duyğuları yaşadınız?

   Kamil doktor Günaydan sualı soruşduğu an Əli doktor içəri girdi.Kamil doktoru burada gördükdə təəccübləndi.Tibb bacısı Günayın halının pisləşdiyini deyib qəfildən Kamil doktoru çağırdığını söylədi.

-Əli doktor,xoş gəldiniz!

-Xoş gördük,Kamil doktor. Siz işinizdə olun. Mən Günay xanıma baxmaq üçün gəlmişdim. Bir azdan dərmanların siyahısını hazırlayıb sizə verəcəyəm, Günay xanım.

   Əli doktor sözünü dedikdən sonra tibb bacısı ilə birgə otaqdan çıxdılar.

   Günay özündə olmadığından heç Əli doktoru cavablamadı da. Qəzəbli halda Kamil doktora tərəf çevrilib:

-Axı bu sual ölümdən qurtulan insana necə deyilə bilər?

-Həmin anda özünüzü necə hiss edirdiniz? Yanlış anlamayın, amma bu çox önəmlidir.Mən bunu bilməsəm, sizə kömək edə bilmərəm.

  Kamil doktorun baxışlarında, fikirlərində, hətta səs tonunda bu dəfə fərqlilik vardı. Pasiyentləri ilə daima söhbətləşən, onları ən çətin vəziyyətdən xilas edən doktor bu gün tam fərqli idi. Gözlərindən oxunan kədər qarışıq sevgi hər şeyi izah edirdi.

   Günay illər öncə yaşadığı bütün hadisələri doktora danışdı. Qəribədir, Günay heç vaxt bu qədər rahat olmazdı. Daima qarışıq fikirlərlə yaşayır və adəti üzrə evdə olarkən isti çayı əlinə alıb pəncərədən gözlərini yadlaşan küçələrə dikərdi. İndi isə Aysun belə Günaya yadlaşmışdı, ancaq Kamil doktor doğmalaşan küçələrdən belə Günaya daha yaxın, daha doğma idi.

-Duyğularım qarışıq idi. Anlaya bilmirdim. İçimdə dəhşətli təlatüm baş verirdi, ancaq kimə, nə səbəbə olduğunu bilmirdim, doktor.

  Kamil doktor dərin xəyallara qərq olmuşdu. Baxın, yenə xəyallar dedim. İnsan xəyallarından tutunduqda yaşayır, yaşamağı öyrənir. Kamil doktorun da qaranlıq dünyasında gizlənən xəyalları varmış. Nə bilmək olar?

-Sizi çox gözəl anlayıram. Daxili dünyanızdakı təlatüm sizə savaş açır. Bu savaşda qalib ya siz, ya da o olur. Düşünmək lazımdır ki,vaxtkən yaranan təlatümlərə sizin cavabınız nə olub? Siz onlara cavab vermisiniz?

-Təəssüf ki, xeyr.

-Bu gündən sonra sizdə baş verən təlatümlərin cavabını birlikdə tapacağıq. Ilk seans bu gün oldu.Gələn həftə sizi yenə gözləyəcəyəm. Alın, bu mənim nömrəmdir.

-Hər şey üçün təşəkkürlər, Kamil doktor, sizin sayənizdə mən sağalacam.

-Qətiyyən düşünməyin ki, siz xəstəsiniz, yaxud travmalısınız. Bu nə travma, nə də xəstəlikdir. Növbəti seansda söhbətimizi davam etdirərik. Görüşənədək!

-Xudahafiz!

    Kamil doktor otaqdan çıxanda qəribə oldu. O sevgini qəlbində yaşatsa da, bu vaxta kimi heç kəsi sevməmişdi, yoxsa… Yoxsa doğrumu düşünmüşəm? Kamil doktor Günayı sevir?

     İndi bu hekayəni oxuyanlar yaşananlara bir film lenti kimi, Günayın yaşadıqlarını travma kimi qarşılayır. Baxın, payızın gəlişidir, yəni sentyabrdır. Sentyabrda doğmayan Günəş yaxında Günayın xəyallarına işıq olacaq. O işıq da Kamil doktordur.

    Növbəti həftə.Bazar ertəsi 18 sentyabr 1998-ci il…

     Günay Kamil doktorun qəbuluna yazılmışdı. Saat 11:00-da 2-ci seans olacaqdı. Həyəcanlı olduğu simasından bəlli olsa da, ancaq bu gün nədənsə özünü çox yaxşı hiss edirdi. Simasında kiçik də olsa gülümsəmə olmayan qızcığazın bu gün təbəssüm vardı. Vaxt gəlib çatdığında qəbul şöbəsindəki qız Günayı çağırdı:

-Günay xanım, Kamil doktor sizi gözləyir.

-Təşəkkür, Aygün xanım, gəlirəm.

    Dərindən nəfəs alıb otağın qapısını açdı. Kamil doktor əlində qələmlə dəftərində bir neçə qeyd aparırdı. Günay digər pasiyentlər kimi deyildi. O, otağın küncündə dayanıb Kamil doktorun onu çağırmasını gözlədi. Bir neçə dəqiqədən sonra Kamil doktor başını qaldırıb Günayı gördüyündə ona əyləşməsi üçün işarə etdi.

-Məni niyə gözləyirsiniz? Axı sizin qəbulunuzdur.

-Nə bilim, doktor, dedim sizi narahat edərəm.

    Kamil doktor Günayı hər dəfə görərkən simasında gizlədə bilmədiyi simpatyanı yenə əks etdirərək Günayın fikrini cavabladı:

-Mənim vəzifəm pasiyentlərimin dərdlərinə dərman olmaqdır.Dərmanı resept yazmaqla tək almaq olmur. Bəzilərinin resepti sevgidir.

-Sevgi?

-Bəli, Günay xanım, elə məhz sevgi.Gəlin, ilk sualım sizə bu olsun. Sevgi sizin üçün nə ifadə edir?

   Günay “sevgi” kəlməsini eşitdiyi an duruxdu. Gözlərinin dolduğunu hiss edib, əlləri ilə yavaşca sildi. Kamil doktor bilməsin deyə başını yerdən xeyli müddət qaldırmadı, ancaq bu doktorun gözündən yayınmadı.

-Günay xanım, sualı cavablamaq istəməsəniz, gəlin, sizin içinizdə hiss etdiklərinizdən danışaq.

-Yox, doktor. Sadəcə.. Sadəcə mən..

    Günay cümlənin davamını gətirə bilmədiyi üçün otaqdan qaça-qaçla çıxdı. Kamil doktor da Günayın arxasınca çıxdı, ancaq Günay o qədər sürətlə qaçırdı ki, Kamil doktor onun hara getdiyini itirmişdi.

    Yola, qarşısına belə baxmadan qaçan Günayı yenə maşın qəzası gözləyirdi ki, son anda Kamil doktor yetişdi və onu bu qorxunc kabusdan xilas etdi.

   “Kabus insanın dəfələrlə bədəninin qopub düşəndən sonra parçalarını yara bandı kimi yapışdırmasıdır”

    Dizləri yerə dəyib qanayan Günay körpə kimi hönkürtü çəkdi. Kamil doktor ona yaxınlaşmağa qorxurdumu, ya da bilmirəm bəlkə çəkinirdi? Ancaq o da Günayı bu halda gördükdə göz yaşlarını dayandıra bilmədi. Bu an Günay Kamil doktorun boynuna sarılıb: – “Qorxuram, məni qurtar, məni qurtar, çox qorxuram” -deyə yavaşca pıçıldadı. Kamil doktor Günayın onun boynuna qəflətən atlamasına təəccüblənsə də, onu sakitləşdirməyə çalışdı. Bəlkə də Kamil doktor həyatının qadını ilə məhz bu gün tanış olmuşdu. Bəli, doğru bildiniz! Kamil doktor Günaya sevdalı idi…

   Günay sakitləşdikdən sonra yenidən klinikaya getdilər. Kamil doktor otağına keçməmişdən qabaq şöbədəki qıza heç bir pasiyenti qəbul etməyəcəyini söyləyib otağa keçdi. Günayı yatağa uzandırdı və özü də yanındakı divanda əyləşdi.

   Deyəsən, Günay bir az sakitləşmişdi. Həddindən çox unutqanlıq yaşayırdı. Qəfildən dayanır, bir nöqtəyə baxır, hətta bəzən kimliyini də unudurdu. Kim olduğuna aid heç bir fikri olmurdu. Bu dəhşət deyilmi? Ən dəhşətlisi və acınacaqlısı da odur ki, o gündən bəri Günayı heç kəs axtarmamışdı.

   Günay yavaş-yavaş özünə gəldi. Yataqda dikəlib Kamil doktoru gördükdə bir az rahatladı. Kamil doktor Günayın oyandığını gördükdə sevincindən yerə-göyə sığmayan halı ilə Günaya yaxınlaşıb sakitcə əlindən tutub:

-Çox şükür! Çox şükür!

-Kamil doktor, mənə nə olmuşdu?

-Ağır bir dönəmdən keçirsiniz,mütləq müalicə almalısınız, ancaq səbr və əzmlə. Bu yola çıxmağa hazırsınız?

     Günay bu suala xeyli müddətdən sonra cavab verdi.

-Hazıram!

     Məhz o gündən Kamil doktorla Günayın həyat yolu birləşdi. Birlikdə yola çıxan bu iki şəxs bir-birindən xəbərsiz sevdalı idi. Bu yol çox uzun olsa da, amma Günay bacaracaqdı. Günay Kamil doktorun sevgisi sayəsində bacaracaqdı.

     Seanslar hər gün qeydə alınmışdı. Gün keçdikcə böyük fərq hiss olunurdu. Günay daha sərbəst, qorxmadan, çəkinmədən hər şeyi danışır, bölüşür, məsləhət alır və günün bir neçə saatını təmiz havada, ən əsası da dənizkənarında keçirirdi. Kamil doktorla söhbət onu rahatladırdı. Bu vaxta kimi dünyasına və yalnız xəyallarına qapılan qızcığaz qaranlıqdan çıxıb işığı yandırmaq üçün çabalayırdı.

   2 həftə sonra…

-Kamil doktor, siz olmasanız bəlkə də mən hal-hazırda burda deyildim. Siz olmasanız mən yaşamağı seçməzdim. Əslində, seçmək şansım vardı, ancaq mən seçməzdim.

-Əziz Günay, artıq “siz” kəlməsini aradan qaldırsaq, düşünürəm daha yaxşı olar.Çəkinmədən, tam rahatlıqla söhbətləş. Unutma, həkimin olduğun kimi ruh dostunam.

-Kamil… Ruh dostumu?

-Bəli. Ruh dostları bir-birindən heç nə gizlətmir.

-Bilirəm. Nədənsə mənim bu vaxta kimi ruh dostum olmayıb.

-Əvvəlkilərə qayıdıb özünü incitmək istəmirsən?

-Yox, yox, qətiyyən!

-O zaman indi isti çay içək və bu gün olan seansı yekunlaşdıraq!

   Onlar çay içdikdən sonra xeyli söhbət etdilər. Qəribədir, ikisi də bir-biri ilə danışarkən simalarına baxa bilmir, hətta Günay lap çox utanırdı. Kamil doktor da onun utancaqlığını hiss edib narahatlıq hissi keçirir, ancaq anidən əvvələ geri dönür ki, biz sırf həkim və pasiyent olaraq danışıq aparırıq.

                                                             ***

   Artıq hər şey sonuna yaxınlaşırdı. Bütün müalicə kursu bitmişdi. Kamil doktorla Günayın ayrılması isə müşkül məsələ kimi görünürdü, çünki bu iki gənc bir-birinə o qədər bağlı idi ki, onların ayrılmasını heç mən təsəvvür edə bilmirdim.

     Əslində, Günayı nə günahlandırmaq, nə haqlı çıxarmaq olar, çünki Kamil doktor ona heç bir etirafda bulunmamışdı. Qəribədir axı niyə?

     Kamil doktorun keçmişi qaranlıqdır. Bu keçmişin qaranlığının da Günaya zərərli olmasından qorxduğu üçün ona etiraf etməmişdi, ancaq onun son etdiyi hərəkəti Günayın ölüm fərmanının yazılması idi.

     Sizinlə yenidən 1998-ci ilə geri dönürük, ancaq bu dəfə soyuq, şaxtalı dekabr ayına. Buz bağlamış otaqların çat-çat divarlarına əl izlərini çəkib gedən Kamil doktorun Günaya son yazdığı məktubu…

  1998-ci il dekabr. “İşığı heç vaxt sönməyən Günəşimə”

   Günəşim, sənə Günay deyə müraciət edə bilmədim. Mən çox alçaq, hətta çox qorxaq adamam. Əlbəttə,mənə ölüm yaraşar! Mən sevgisini boğub öldürən murdarın, əclafın biriyəm! Mənə ölüm də yaraşmır, Günəşim! Sən hər dəfə mənə yaralarını danışdıqda,mən onları alıb çiyinlərimə yüklədim. Qətiyyən düşünmə ki, sənin yüklərin mənim çiyinlərimdədir deyə gedirəm. Yox, əsla! Mən qorxaqlığımdan  gedirəm. Bu məktubu oxuduğunda hansı reaksiyanı verəcəksən bilmirəm, ancaq bil ki, sənin yaşadıqlarının, travmalarının səbəbkarlarından biri də mənəm! Bəli, o vaxt qorxu yaşayırdım, çünki səni itirmək istəmirdim. Sən Aysunun sənə edəcəyi surprizi dediyində öz baxışlarını gözlərinlə görsən, əslində, sən də mənim yerimdə olardın! Onun baş müdiri mən idim! Ancaq bu surprizi planlayan da mən idim! Sənin kimliyini belə bilmirdim. Aysun sənin bütün fəaliyyətini öz adına çıxartdı, hətta məndən asıldı. Sənin xəyallarını tək onun yox, mənim də çalmağım göz önündədir. Bu vicdan əzabıyla yaşaya bilmərəm. Axı mən sənə necə qıya bilərəm? Hə? Söylə?! Heç cür, heç vaxt! O vaxtdan sonra Aysunu itirib məhz bu peşəyə başladım. İndi Aysun öz kefindədir, ancaq sən əziyyət çəkirsən. Sən illərcə əziyyət çəkmisən! Mən… Mən təsadüflərə heç vaxt inanmırdım, hətta indi də inanmıram! Bizim qarşılaşmağımızda səbəb var və o səbəbi mən bilirəm!

   Bu gün sənə sevgimi etiraf edə bilmədim, ancaq xəyallarını öz əllərimlə sənə təslim etdim. Səni uzaqdan da olsa,izləmək özü böyük bir xoşbəxtlikdir! Sənə son sözüm: “Sən yanmayan çıraq idin. Bu gün evimin çırağını sən yandırdın,günəş kimi parladın!”

   Artıq o evin işıqları yanmayacaq. Buz kəsən divarlara sənə olan sevgimi hayqırmışam. Əgər bir gün yolun ora düşərsə, get dinlə, ancaq məni bağışla… Məni bağışla…

                                                  İmza: Kamil…

  Günay məktubu oxuduğu an Aysunun evinə yollandı o gün. Çətinliklə də olsa, Kamilin adresini alıb evinə getdi. Qapı bağlı olsa da, işıqlar yanırdı. Günay xatırladı ki, Kamil işıq sevmir, amma işıqlar yanılıdır. Qonşulara haray salıb qapının qırılmasını-dedi. Qapı qırıldıqda qarşılaşdığı mənzərənin şokundan hələ də çıxa bilmirdi:

   Kamil boğazına ipi bağlayıb özünü boğmağa çalışırdı. Göz yaşları sel-su olan bu dəli-dolu oğlanın heç həkim olduğunu deyə bilərsiniz? Demək, qaranlıq və sevgi bir insan ömrünün əcəlinə çevrilə bilərmiş…

   “Kamiiil!!!!”-deyə qışqıraraq boynundakı ipləri açıb təcili yardım çağırdı. Bu Günayın yaşadığı ikinci kabus idi. “Yuxu olsun, Tanrım”-deyə yalvararkən, əslində, zaman dilimi onun xəyalları və kabuslarını bir araya gətirmişdi. Kamil yaşayırdı, lakin bu Günayın ən dəhşətli və sonuncu imtahanı idi…

   İnsan kabuslarını yaşadığı durumlarda yuxuda olduğunu zənn edir, əslində, bu yuxu deyil.Yaşanan hadisələrin yenidən təkrarlanmasıdır. İnsan xəyallarını yuxuda yaşayır, lakin onların gerçəkləşməsi üçün kabuslarla savaşır ki,xəyalların qapısı da ona güvənini qazansın və qapıları açsın.

  Bəli, Günay xəyallarını təslim etməmişdi, lakin acı həqiqətdir ki, xəyalları oğurlanmışdı. Necə ki, Kamilin həyatı qaranlığa boyandığı kimi. Bu qaranlıqdan doğan Günəş məhz Kamil və Günay oldu. Kamil oyandığı an Günaya yenə “Günəşim”  -deyə səsləndi. Onların bir-birinə sarılması məhz göy üzündə çırağın yanmasına səbəb oldu. O yanan çıraq ulduzlar idi…

   Xəyallarsa ulduzların sayı qədər sonsuzdur kainatın yaşadığı dünyada…

   Günay Kamilin yanına yaxınlaşıb xəfifcə onun saçlarına sığal çəkdi. Göz yaşlarına boğulmamaq üçün çətinliklə dayanırdı. Bu yaşadığı və unuda bilmədiyi stressdən sonra hələ Günayı nələr gözləyirdi?

   Doktor içəri keçib analizin cavablarını Günaya verib, daha sonra otağına yaxınlaşmasını söylədi. Artıq Günayı növbəti ağır imtahan gözləyirdi…

-Doktor, Kamilin vəziyyəti necədir? Nə baş verir?

-Günay xanım, zəhmət olmasa analizin cavablarına baxın, ancaq qətiyyən həyəcanlanmayın.Sizdən xahişim sakit yanaşın bu duruma.

    Günay analizin cavabını açıb oxuduqda gözləri ağ kağıza zillənsə də, ürəyi hələ də Kamilin yanında idi. Ürəyindəki gözləri çıxarıb Kamilə vermək, ona nəfəs, can olmaq üçün əlindən gəldiyi qədər çabalayırdı. Göyərçinlər qürub edəndə tərk etmir, lakin Kamil ikinci dəfə Günayı tərk edəcəkdi…

-Günay xanım, Kamil bəydə ağır xəstəlik aşkarlanıb. Beynində şiş var. Onu əməliyyat etməsək, Kamil bəyi itirə bilərik.

-Siz nə danışırsınız? Nə lazımdırsa edin, doktor! Elə bu dəqiqə!

-Bu əməliyyat o qədər də asan deyil, hətta çox çətindir.Kamil bəyin əməliyyatının uğurlu keçəcəyinə qarantiyamız yoxdur. Biz heç nədən siğortalanmamışıq. Əməliyyatı gələn ayın bugünki tarixinə qeydə ala bilərik, lakin o vaxta kimi edilən müalicələrə baxmalıyıq.

    Günayın yanında yalnız doktor olsa da, o milyonlarca insanın içində yadlaşdığını və bütün səslərin içində Kamili itirəcəyini düşürdü. Dodaqaltı təkrarlayaraq:  “Xəyallarım puç olmadı, çünki mən bu dünyaya gələrkən günahlarım bağışlanmamışdı”-dedi.

    “Günahlarım bağışlanmamışdı” dedikdə Günay ata və anasını nəzərdə tuturdu. Günay dünyaya gəldikdən sonra anası dünyasını dəyişmiş, atası isə həyat yoldaşının yoxluğuna dözə bilməyib vəfat etmişdi. Bu dərin,qaysaq bağlamayan acının üstünə Günayı böyüdüb, boya-başa çatdıran xalası da avtomobil qəzasında qurtula bilməmişdi. Bəli, Günay 18 yaşından bəri tənhalığına sarılaraq xəyallarından tutunmağa çalışırdı. Bu puç olan xəyalları isə artıq bəxtsizlik adlandırıb, həyatı ilə barışmışdı…

    Doktor Günayın dərin sükutdan çıxarmaq üçün yenidən səsləndi:

-Günay xanım, yaxşısınız? Məni eşidirsiniz?

-Bəli, doktor, dinləyirəm.Nə lazımdırsa, mən hazıram.

-Günay xanım, qarşıda bizi uzun, ağır bir yol gözləyir. Mən sizə alınacaq dərmanların siyahısını yazacam. Daha tez nəticə əldə etməyimiz üçün terapiyalara da yazdıracam. Həftədə üç dəfə.

-Mən həmişə Kamilləyəm! Onun yaxşı olması üçün canımı da qurban verərəm! Yetər ki,siz də kömək edin!

-Mən də əlimdən gəldiyindən daha çoxunu etməyə çalışacam. Baxaq, əgər müalicə vaxtında hər şey qaydasında olarsa, əməliyyatı ayın əvvəlinə də çəkə bilərik.

   “Mənim qaranlığımın günəşi Kamil oldu. O işığı yandırdı! Mən də yandıracam! Bizim ocağımız heç vaxt sönməyəcək”-deyə əlini qəlbinin üzərinə qoyub dərindən nəfəs aldı.

-Mən indi dərmanların siyahısını yazıb sizə verəcəyəm, Günay xanım. Özünüzü darıxdırmayın. Sadəcə onu deyim ki, arada unutqanlıq ola bilər, bəzən sizi tanımaya bilər. Bu müddət ərzində səbr edin. O sizi tanımayanda üstünə getməyin, çünki yavaş-yavaş özü xatırlayacaq.

-Narahat olmayın, doktor.Hər  şey üçün təşəkkürlər! İnanıram ki,yaxşı olacaq! Sağ olun.

-Sağ olun, Günay xanım!

  Otaqdan çıxıb Kamilin otağına keçdi. Yuxudan oyandırmağa qıymadığı sevdalısının bu halına necə dözəcəkdi? Ancaq dözməli idi. Kamilin yaxşı olması üçün dözməli və çabalamalı idi.

    İnsanın bədənindən qopub düşən ürəyi ki, var, baxın,o qopdusa, demək, payız gəlib. İndi soyuq qışın sərtliyində donan kimsəsiz uşaqlar insanlardan kiçik sevgi qırıntısı  dilənir. Bu gün bütün xəyalları suya düşüb boğulan Günayın da kiçik sevgi qırıntısına çox ehtiyacı vardı…

   Günaya ağır,əzablı da olsa, Kamil üçün əlindən gələni edirdi. Həftədə 3 dəfə terapiyaya gətirir, dərmanlarına xüsusi diqqət yetirir və hər gün Kamilin daha yaxşı olması üçün daha çox çalışırdı.

   Bir neçə həftə sonra…

 -Kamil, yaxşısan?

-Yaxşıyam, Günayım, narahat olma.

-Ağrın yoxdur ki? Bax, gizlətmə.

-Yox, əzizim, yox. Gəl, gecikmədən gedək. Doktor bizi gözləyir.

  Bu gün ikisi də çox həyəcanlı idi. Kamilə qoyulan diaqnozun cavabları çıxmışdı. Hay-həşirlə telefonu açan Günay qorxudan tir-tir əsirdi, lakin həkim telefonda onunla çox yaxşı danışmışdı. Yenə də qorxu, təşviş içində gözləyirdi, hətta şübhələr keçirirdi.

-Əzizim, maşını sən sürə bilməzsən, ver, mən sürüm. Bax, əllərin tir-tir əsir. Niyə bu qədər qorxursan?

-Yox, yox qorxmuram, Kamil.Sadəcə bir az həyəcanlıyam.

-Axı biz nə danışmışdıq? Həyəcanlanmaq olmaz.

-Yaxşı, ancaq sənə heç nə olmaz. Sən keç, maşını mən sürəcəyəm.

   İkisi də maşına əyləşib klinikaya yollandılar. Bu klinika Kamilin işlədiyi iş yeri idi. Xəstəliyindən sonra təəssüf ki, işi dayandırmışdı.

   Günay otağa yaxınlaşana kimi ürək döyütüsünü qulağında eşidirdi. Nəhayət, içəri daxil olduqlarında doktorun fərəh hissi ilə dolan simasını görən Günay rahatlıq tapdı.

   Həkim cavabların yaxşı olduğunu deyib, hətta əməliyyatın iki gün sonra belə olmasını-dedi. Əməliyyat iki saat çəkəcəkdi. Qəbuldan keçib, sənədləri verib evə yollandılar. O iki gecəni Günay gözünü belə qırpmadı. Kamilin başında gözləyib dualar etdi. Qorxudan tir-tir əsən zərif bədəni Günayı əvvəlki halından da soldurmuşdu, ancaq, deyəsən, qönçə kimi açan çiçək Günay yenidən doğulacaqdı…

   Əməliyyat günü gəlib çatdı. Palataya keçməyə icazə vermədiklərindən Günay dəhlizdə gözləyirdi. Doktor əməliyyatdan öncə Günayı nə qədər sakitləşdirsə də,Günay çox qorxu və stress keçirirdi. Kamilə stress olmasın deyə onun yanında gülümsəsə də, daxili dünyasındakı fırtına dolmuşdu, hətta partlamaq üzərə idi.

   Əməliyyat bitdikdən dərhal sonra otaqdan çıxan həkim şad xəbəri Günaya söylədi. Göz yaşlarına boğulan Günay yerində durmayacaq qədər xoşbəxt idi. Həkimə yaxınlaşıb:

-Doktor, mənim xoşbəxtliyim və sonum Kamildir. Məni xoşbəxtliyimə bəxş etdiyiniz üçün sizə minnətdaram!

-Bizim işimiz budur, Günay xanım. Görünür, Kamil bəy də çox güclü, əzmkar biridir. Sevdiyini qoyub getməyi düşünmədi. Bu da bizim üçün ən böyük sevincdir!

-Bəs Kamili görə bilərəm?

-Hələki otağa almamışıq. Otağa aldıqdan sonra xəbər edəcəyəm.

    Doktor Günayla sağollaşıb yenidən palataya keçdi. Günay nəfəs ala bilmədiyini hiss etdiyi an küçəyə qaçdı. Dərindən nəfəs alıb, əlini qəlbinin üzərinə qoyub dedi:

-Çox şükür, Tanrım! Sənki Kamili mənə bağışladın, mənim bütün xəyallarım gerçək oldu! Mənim xəyallarım, arzularım, bir sözlə, hamısı Kamildir! Hamısı! Çox şükür! Çox şükür, çox!

   Əllərimi göy üzünə toxundursam, elə bil buludlar qaçacaq. Buludların arasında evimiz olsun. Kamillə mənə başqa nə lazımdır? Buludların arasından bu fani dünyanın keçmişini, dünənini, bu gününü, hətta gələcəyini izləyək. Gəlib-keçən qatarlar, ötəri quşlar, insanlar. Torpağın qoxusu çiçəklərin dərmanı, bir ulduzun parıltısı isə evimizi aydınlatan işıq olsun. Yaşamaq bu deyilmi? Mənim yaşadığım dünyanın gözəlliyi nədir bilirsiniz? Kamil! Nə hava, nə su, nə də torpaq.Torpaqları çiçəklərə, havanı buludlara, suyu Günəşə əmanət edirəm! Mənim günəşim doğulub və yanımdadır…

   Günay kiçik kağız parçasına yazandan sonra Kamilin otağına keçdi. Doktor artıq görə biləcəyini söyləmişdi. Kamilin baş ucunda gözləyən Günay sakitcə onunla söhbətləşdi:

-Bilmirəm. Bilmirəm ki, məni eşidirsən? Sənə məktub yazmışam, əzizim. Oyandığında oxuyacaqsan. Səninlə çox ağır imtahanlardan keçdik. Sən bir gün bu imtahanda məni yalnız qoymadın, lakin son gedişində söylədiyin sözlər hələ də qulağımda cingildəyir! Bu ağır imtahandan  da keçdik. Çox şükür! Bayaq göy üzünə baxıb bilirsənmi nə dedim? Mənə nə hava, nə su, nə də torpaq lazımdır.Onların öz yarı var. Mənim yarım olmayandan sonra onlar nəyimə lazım?! Kamil, eşidirsənsə, əlimi sıx.

   Günay sözlərini dedikdən sonra yavaşca başını Kamilin ürəyinin üstünə qoydu. Elə o an dərindən yuxuya getdi..

   Oyandığında Kamilin əlini sıxıb buraxmadığını hiss etdi. Sevinclə yerindən qalxıb doktorun yanına getdi:

-Kamil oyandı, doktor! Əlimi sıxdı!

  Doktor otağa gəldikdə Kamilin simasında yaranan təbəssümü görüb gülümsədi.

-Bəli, Günay xanım, Kamil bəy hər şeyi duyur, eşidir. Tamamilə oyanması üçün gözləyək.

-Nə zamana axı?

-Həyəcanlanmayın, Günay xanım, hər şey qaydasındadır. Zamanını deyə bilmərəm, amma hər an oyana bilər.

  Günay yatağın yanındakı divanda əyləşib səbirsizliklə Kamilin oyanmasını gözlədi. Bir neçə saat keçdikdən sonra Kamil barmaq uclarını tərpədib “Günay”-deyə pıçıldadı..

-Hə, əzizim, burdayam

-Günay…

-Kamil!!

   Kamil yavaşca gözlərini açıb Günayın saçlarına sığal çəkdi.

-Sanki neçə ilərdən sonra yuxudan oyanmış kimiyəm. Saatın əqrəbləri donub, hətta hər tərəf qaranlıqdır. İndi isə işıq! İşığın yandığını görürəm!

-Çox şükür, Kamil! Tanrım səni mənə bağışladı!

    Kamil yatağında dirçəlməyə çalışarkən Günay təlaşla:

-Yox axı, Kamil, hara qalxırsan? Hələ sənə qalxmaq olmaz!

-Gəl, gəl yanıma otur.

-Kamil, yaxşısan?

-Həm də çox yaxşıyam, əzizim.Sadəcə çox utanıram.Hər şey üçün utanıram.

-Belə danışma, Kamil!

-Əgər mən səni orada yalnız qoymasaydım, bu hadisələr başımıza gəlməyəcəkdi…

-Kamil, xahiş edirəm, bunları unudaq! İndiki ikimizdə həyatdayıq. Unudaq!

-Düzdü, Günayım, elə məhz bu günümüzdə yaşayaq!

    İnsan keçmişini unuda bilmədiyindən kiçik sandıqçasında gizlədir. O sandıqçanı kilidləyib açarını xoşbəxtlik qapısından keçirməmək lazımdır.

-Gəl, indi hazırlaşıb evə gedək!

      1 ay sonra…

 Günay evdə idi. Qəflətən telefonuna zəng gəldi. Telefonu açmaq istədikdə telefonda zəng səsi kəsildi. Naməlum nömrədən zəng idi. Nömrəyə zəng etdikdə zəng çatmadı. 1-2 dəqiqə keçmədi ki, mesaj gəldi:

 -Günay xanım, sizi dənizkənarında açıq havadakı tamaşamıza dəvət edirik! Rəsmi hesabdan zəng edilib, ancaq şəxsin kimliyinin ortaya çıxmasını istəmir.

   Günay təlaşlanıb Kamilə zəng etdi.Dəfələrlə zəng etsə də, Kamilə zəng çatmırdı. Təlaşlanıb evdəm hazırlaşıb tez çıxdı. Taksi sifariş etdi və sürücüyə dənizkənarına gedirik-dedi.

   Ətrafda insan yox idi. Bu artıq Günayı qorxuya salmışdı. Yenə adəti üzrə saçlarını əlləri ilə oynadır və hər dəqiqə telefona baxırdı. Kamildən hələ də zəng yox idi.

-Kimsə yoxdurmu?

   Səs gəlmədi. Bir neçə dəqiqə keçdikdən sonra gənc qız və oğlan Günaya yaxınlaşıb tamaşanın digər tərəfdə olduğunu söylədilər:

-Gəlin, Günay xanım, biz sizinlə gələcəyik. Heç nədən narahat olmayın.

-Axı bu nə deməkdir? Siz nə cür bir iş planlamısınız?

-Narahat olmayın, bizimlə gəlin.

   Dərindən nəfəs alıb onların addımı ilə dənizkənarındakı açıq havaya gəldiyində gördüklərinə inana bilmədi. Kamilin bunu edəcəyini heç vaxt düşünməmişdi.

   Həzin musiqi sədaları altında səhnədə əlində gül buketi ilə gözləyən Kamil Günaya tərəf yaxınlaşıb:

-Sən “qaranlıqda doğulan günəş” olduğun üçün ətrafdakı bütün işıqları söndürdüm. Həyatıma həyat qatan qadınım, mənimlə evlənərsən?

   Günay yaşadıqlarından sonra bu gözəl hadisənin yuxu olduğunu zənn edirdi.

-Kamil? Kamil, mən yuxuda deyiləm ki? Əgər yuxudayamsa, məni oyandır, xahiş edirəm!

-Yox, əzizim, nə yuxu? Bu reallıqdır! Bizim gerçəkləşən xəyallarımızın reallığı!

-Kamil, səncə, cavabım nə ola bilər?! Əlbəttə ki, hə! Sonsuza qədər!

    Günay Kamilin boynuna atladıqda hönkürtü ilə ağladı. Ətrafdakı işıqlar yandıqda milyonlarca insanın alqış atəşinə şahid oldular.

    Demək, insan sevdiyinin yanında olarkən milyonlarca insanın yanında olsa belə, səsləri duymur….

     Bu sonsuz xoşbəxtliyin adı da qoyulduğundan sonra Kamil Günayın, Günay isə Kamilin günəşini heç vaxt sönməyə qoymadı…

   Ertəsi gün Kamil Günayı böyük mənzərəsi olan və heç kimin bilmədiyi, görmədiyi bir yerə apardı. Günayın gözlərini qapatmışdı ki, görəcəyi yer surpriz olacaq. Günay səbirsizlənib:

-Kamil, gözlərimi nə zaman açacaqsan?

-Az qaldı, əzizim, lap az. Bir az da gözlə, indi maşından düşəyəcəyik.

-Heç olmazsa yolu bir az görərdim.  1 saatdan çoxdur ki, gözlərim qapalıdır. Axı narahat oluram.

-Narahat olma, Günayım, indi qarşılacağın surpriz sənə hər şeyi unutdaracaq. Hə,bax gəlib çatdıq! Gözlə, indi səni maşından düşürdəcəyəm.

  Kamil tələsik maşından düşüb Günayın qapısını açdı. Qolundan tutub: -“mənimlə gəl” -dedi.

   Günəşin göz qamaşdıran işığı, quşların civiltisi o qədər gözəl idi… Həzin musiqi notlarının üzərində addımlayırdılar elə bil.

-Artıq gözlərini açmaq zamanıdır!

-Daha da həyəcanlandım, Kamil, aç artıq!

   Kamil Günayın gözlərini açdıqda siz kənardan onların xoşbəxtliyini izləməli idiniz. Tanrının evində doğulan günəştək parıldayırdılar! Günay göz yaşlarına boğulmuşdu. Kamilə tərəf dönüb:

-Kamil, mənim xoşbəxtliyim sən olduğun görə yanılmamışam!

-Bu tək sənin yox, bizim xoşbəxtliyimizdir!

-Bəs o yellənçək?

-O da bizi lap uzaqlara

                      Epiloq

   Yellənçək tək idi. Bu yellənçək illər boyu bu soyuq, şaxtalı qış fəslində buz bağlayar, yayın qızmar istisində günəşin altında yanardı. Kamilin Günayı gətirdiyi yer illər öncə uçurum təpəsi idi. Bakının tozlu küçələrindən qaçan insanlar bu uçurumdan atlayıb canını qurtarmaq istəyiblər. Bu uçurumun təpəsindən atlamaq istəyən neçə-neçə insan atlaya bilmədiyindən geri çəkilib. Sadəcə bütün hayqırışlarını,üsyanlar deyib və gediblər. Məhz bu gün bu yellənçək hayqırış, üsyan səslərini deyil, iki gənc sevdalının xoşbəxtliyinə şahid oldu. Bəlkə gözləri,dili əli, qolu yox, bəlkə də çoxları onu adi bir yellənçək kimi qəbul edir, ancaq biz insanlardan çox hər şeyin şahidi olan məhz bu yellənçəkdir! Bu yellənçəkdən lap uzaqlara səyahət edən bu iki gənc xəyallarını da alıb getdilər…

     Yellənçəyimizin oxucularına son deyəcəkləri var:

-İnsan bütün rəngləri sevməlidir. Tək göyqurşağındakı rəngarəng rəngləri deyil, siyah-bəyazı da sevin!  İnsanların həyatları siyah-bəyazdan ibarət olmasa da, yalnız rəngarəngliyə qaçsalar da siz sevin. Sevin ki, dünya da sizi sevsin! Göy üzündəki  ulduzlar evinizə işıq saçarkən, yağışın damlaları torpağa nəfəs olarkən, siz də dünyamızı sevin! Dünyanı sevdiyiniz müddətcə xəyallarınız da real nağıllara çevriləcək! Günay kimi siz də xəyallarınızı sevin!

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest