DƏYANƏT OSMANLI – ŞEERLER
Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Dəyanət Osmanlı
1965-ci ildə Gürcüstanda qədim türk yurdu Borçalıda doğuddu. 1991-ci ildə Bakı Dövlət Üniversitetinin jurnalistika xakültəsini bitirdi. Bir çox illər qəzetlərdə reportyor olaraq çalışdı. Azərbaycan ədəbiyatında özünəməxsus üslubu olan yenilikçi şair olaraq tanınmaqdadır. “Ağ kitab” (1997), “İlk… Və… Son…” (2009), “Nəfəsimin qatili” (2015), “The Sound of Blood” (İngilis dilində), (2015), “Həsrətin həzzi” (2020), “В тени слов” (rus dilində), (2024). “Seçilmiş şeirlər. I cild”(2025,) şeir və “Anlar… Və… Anılar…” (ədəbi, ictimai düşüncələr) (2024), “Sözdən yazıya və yaddaşa” (ədəbi tənqid) (2024), adlı ədəbi-tənqidi, düşüncə və 10-dan çox publisistik kitabı nəşr edilib. Onun müəllifliyi və təbbüsü ilə ardıcıl şəkildə Azərbaycanda, Gürcüstanda, Türkiyədə, ölkəmizin regionlarında ədəbi-mədəni irsin, milli-mənəvi dəyərlərimizin, müasir ədəbiyyatımızın təbliği ilə bağlı layihələr həyata keçirilmiş, bir neçə dildə poeziya antologiyaları nəşr olunub. 2008-ci ildə Azərbaycan Prezidentinin təqaüdünə layiq görülüb. Əsərlərindən seçmələr bir neçə xarici dilə tərcümə olunaraq Gürcüstanda Türkiyədə, Amerikada, Bolqqrıstanda, Rusiyada, İranda dərgi və almanaxlarda çap olunub. Haqqında bir çox məqalələr yazılıb.
DƏYANƏT OSMANLI
UCALIQLAR SƏRDARI
Çarəsizliyin başı üstə
qosqoca türk bayrağı,
surətini görüncə
adamın sözü dilində,
dili ağzında titrər al-qumaş kimi.
***
Düşmənin qəsbkar xislətində
əsir-yesir qalan vətən torpağı
sərdarını bular-bulmaz
üstünə yeriyər
basılmaz ölümün
ardıyca o bayrağın…
***
Qosqoca türk bayrağı,
qızıl-qırmızı sinə dağı,
fələyin ünü yetməz yeniltməyə
qosqoca ucalıqlar sərdarını…
QAZİ MARŞI
Takt 1
Vətənin nəbzi vurur
əsgər məzarlığında.
Zəfər himni duyulur
yurdun hər sabahında.
Qanım tökülən hər yer
mənə kutsal vətəndir!
Hər şəhidlik ünvanı
bir qanlı and yeridi.
Qoruyan yurd-yuvanı
ulu bayraq sehridi.
Qanım tökülən hər yer
mənə kutsal vətəndir!
Takt 2
Bu torpağın bağrında
közdü düşmən yarası.
Bu ulusun alnında
paslanıb haqq davası.
Qanım tökülən hər yer
mənə kutsal vətəndir!
Sözü dualı dilim
azadlıq sorağında.
Gözəl taledi ölüm
gözəl ölüm uğrunda.
Qanım tökülən hər yer
mənə kutsal vətəndir!
ULU YOLUN SÜKUTUYAM
Mən Tanrının lal diliyəm,
hərə bildiyin anlayır.
Ağzımda sözüm quruyub,
hərə bir dildə oxuyur.
***
Səhranın kor bulağıyam,
dəvələr üfürüb içir.
Türkün vahim sorağıyam,
səsimdə yovşanlar bitir.
***
Ulu yolun sükutuyam,
izimdən fəryad boylanır.
İtmiş ruhumun quluyam,
kölgəmin könlü atlanır.
***
Məzarımın daşı diri,
yaramı gendən tanıram.
Hərdənbir boylanıb geri
dostumu düşmən buluram.
BƏLKƏ XATIRLAMAĞA…
Heç bilmirəm dünyanın
harasında çaşmısan
gəlib bağlı qapımın
yanından addamısan.
***
Bəlkə də yol uzunu
qaramca deyinmisən
tanımadan üzümü
min lənət söyləmisən.
***
Bəlkə xatırlamağa
nə bir söz var
nə adam
bəs niyə ağlamağa
dərd istədin
ay adam.
***
Bir iz yoxsa önündə
fürsət düşməz getməyə
mənəm itin günündə
adam tapdın hürməyə.
***
Yenə aldatdım səni
bir sevginin adına.
Çöldənmi tapdım səni
qoyum öz insafına.
***
Aramızda toz-duman
gözüm önümü seçməz.
Nə tuhafsan
ay aman
ruhun özünə dönməz.
***
Əgər ölməyəcəkdin
bəs niyə ürəyin var.
əgər getməyəcəkdin
nəyə gərəkmiş yollar.
DOSTLAR YERİNİ GEN İSTƏR
Nə varmış söz yandırmağa
bir dil bilməzin başında
hər kəsin yalan çağında
nə var haqdan can almağa.
***
Nə var ölümdən qaçmağa
göz qəzanı görə-görə.
Bir ürəyə yürə-yürə
nə var bir könül qırmağa.
***
Ürəyimi açan kimi
qan tək içəri dolursan.
Bir sözünü tapdadımmı
qızıl qanımdan çalırsan.
***
Dostlar yerini gen istər
dost qursağı dar olduysa.
Sevdim şükür deyə-deyə
Tanrı bəla buyurduysa.
***
Getmək üçün mənzil yaxın
yol qəbirdən dar gəlir.
Hər addımı bir haqq yenir
hər yol bir addımda bitir
sinəm üstə qara dağın
başının qarı seyrəlir.
ÖZ CANIMI OXUYURAM
İçib haqqın şərabını,
bir daha oyanamasam,
oyanıb ruhumu sadiq,
özümü sağ bulamasam…
***
Ömrüm arı dodağında
ətri qalmış qar çiçəyi.
Evimizin qabağında,
tək ağacın budağıdı
son mənzilimin dirəyi.
***
Yaralı yerimə baxıb,
sağ yerimi qanadıram.
Tale kitabın qapayıb,
öz canımı oxuyuram.
***
Bağlı yolum da açıldı,
gedəsi halım qalmadı.
Uçmağın anı yetişdi,
amma qanadım çıxmadı.
***
Mən gedərəm,
dərdim qalar,
çəkərsənsə,
halal olsun.
Baş daşım yox,
başım üstə
bitərsənsə,
halal olsun.


