Genel

Nübar Eldarqızı – Şeerler

Nazım Ahmedli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Nübar Eldarqızı

Meqapolis

Sonuncu ümidi taksiyə verib,

Boşumu götürüb çıxdım şəhərdən.

Burda məzar yeri insandan baha, –

Nəşimi götürüb çıxdım şəhərdən.

                     ***

Bir vaxt kənddi, -çatıb şəhər yaşına,

Aksiyonu çoxdu, nəfər başına,

Özün damdan atan düşər başına, –

Başımı götürüb çıxdım şəhərdən…

                 ***

Gəl-gəl deməyinə baxma, yalandı,

BANK-dı, AVM-di, -soyğun, talandı,

Xoşu gəlməyənə əfi ilandı, –

Xoşumu götürüb çıxdım şəhərdən.

                   ***

İlləri yaş oldu yaşımın üstə,

Qaranı ağartdı başımın üstə.

Qoymadı daş qoyam daşının üstə, –

Daşımı götürüb çıxdım şəhərdən.

                     ***

Həm aşiq oldum, həm sıxıldım ondan,

Elə hey bölündük, çıxıldıq, -ondan,

Durna qatarıydıq, dağıldıq, -ondan,

Qoşunu götürüb çıxdım şəhərdən!

                  ***

O-Meqapolis, bu-mən, durduq üzbəüz,

Yazdı sətir-sətir, pozdu sözbəsöz,

Vergisin, rüsumun ödəyib, bir göz

Yaşımı götürüb çıxdım şəhərdən!

Unudulmuş gündəlik

(Novella)

Köhnə əşyalar saxlanan damı təmizlərkən

Sapsarı qəzetlərin arasından

unudulmuş bir gündəlik tapıldı…

-Bu gündəlik letargiya yuxusundaymış,

Ayılıb,

bomba kimi düşdü həyatımıza.

Yaşlı ürəklərin qapısı zərblə açıldı.

Gözəlim saraylar uçdu…

O saraydakı adamlar 

səpələnmişdi dünyanın hər yerinə.

-Biri Sibirə,

biri Saxara çölünə,

biri lap dərinə,

o dünyaya getmişdi…

O adamların ortaq nöqtəsi

bu gündəlikdi.

Hər şey elə dağıldı ki,

tavan altında heç nə qalmadı.

-Ən salamatı,

Yazanın ürəyi idi;

…Ölərkən,

orqanlarını bağışlamışdı…

“Müharibə şeirləri” silsiləsindən

Müharibə vakansiya elan edib:

Şəhid olmaq istəyənlər qəbul olunur…

Yaş məhdudiyyəti var…

                 ***

Çal,aşıq,çal!

Biz uşaq olanda

Qara rəng-matəm rəngiydi…

Qara geyinərdi adamlar yasa…

Qırmızı geyərdilər toy,bayram olsa…

Qaralı libasdan qocaların acığı gəlirdi…

Qara yaylıqlı qadınlara hamının yazığı gəlirdi…

İndi qızlar,gəlinlər qara,

qəbirlər qırmızı “geyinir…”

-Çal,aşıq,çal!

Ordan bir “Şəhid havası!”

Qırmızı geyən oğlanlar,

Qara geyən qızlar oynasın!

Rusiya-Ukrayna

Müharibə…

Bomba atıldı,

Doğum evi dağıldı…

Elə o anda sığınacaqda

Bir körpə doğuldu.

Sonra daha bir,

Daha bir,daha bir…

Xəbəri göndərdi öz ölkəsinə

xarici müxbir.

Bir kadr da paylaşdı:

-Bu,xaraba doğum evi,

Və bu da doğulan körpə!

Rəsmin adı-Müharibə!

İnsanlar qonşu ölkələrə, üzlərinə açılan

qapılara qaçır,

Qoca,qadın,uşaq…

Yorulmuş,yaralı, üzü-gözü

Qara-qançır…

Neytral zonada yenə bir uşaq doğulur,

Yenə bir körpə!..

Nə yazılacaq “Doğum yeri”qrafasına-

Müharibə?!

                  ***

Müharibə gedən şəhər

Ağrı hissini itirib;

Evləri,binaları,ən gözəl xatirələri

yıxılır,

-Amma ağlamır;

Çünki ağlamağa vaxtı yoxdur,

Hələ ki,

Dağılmağa davam etməlidir…

Vladimir Vısotskini andıran səsiylə,

Oxuya-oxuya gedən əsgər

maşını düz ölümün üstünə sürur!..

Bu ölümün də baxtı yoxdur!

Söz bazarı

Bu gün söz bazarına getdim.

Bir tərəf qələbəlikdi.

Ucuz söz qalmamışdı;

O cümlədən,pislər belə…

Məsələn :-yaltaq”,”qorxaq”…

“Binamus”, “biqeyrət”,

“Vicdansız”tək sözlər hamsı

alınmışdı.

Bir ucdan alıcı gəlirdi,

Hər zümrədən…

Hara getdim,-

hər yerdə növbə…

Bir söz vardı,

Almaq istəyən ən çox qocalardı:

-“Tövbə!”

“Qəddarlığ”ı alan çox,

“Nankorluğ”u alan “N” qədər!..

Bəzi sözlər vardı ki,

Tələb təklifdən çox geriydi.

“Təmənnasız”,”minnətsiz”…

“Yaxşılıq”da onlardan biriydi…

Burdakı satıcıdan soruşdum:

Sizdə vəziyyət

necədi?

-Kasadlıqdı,-dedi.

-Burda ən ucuz söz “insan”

Ən baha söz,

“Azadlıq”dı…

Alma xanım

 Yaşı 70-ə çatmış qız idi Alma.

Simləri qırıq-qırıq saz idi Alma.

Camaatın dilində söz idi Alma;

-Anan ölsün,- deyirdilər,-Alma xanım!..

Anası çoxdan ölmüşdü,

-Alma xalası oğlunun üzüyün qaytaranda.

Bacısıyla üz-göz oldu yazıq qadın,

Dərd,qınaqdan öldü getdi…

-Anasından qarğış aldı Alma xanım.

-Səni görüm tək qalasan!

Ömrü boyu yalnız qaldı Alma xanım.

Sevdiyi də vardı, amma,

-Gəlmədilər,almadılar…

Etibarlı oğlan idi,subay öldü yazıq,o da…

Qara, qara qəlbli,qaratikan adamlar,-

“Öldürdülər”,ölmədilər,-

Ki,sevənlər bir gün görsün dünyada…

-Alma xanım,savadlıydı,ziyalıydı,

Abırlıydı,həyalıydı.

Özü haqda çox hörmətlə düşünürdü.

“O!”-deyirdi ürəyində özünə.

Bəzən güzgüdə baxanda

Üzünə,

“Ona”yazığı gəlirdi…

Daha aşiq olmadı “O!!!”

Ev aldı,evində işıq olmadı…

Of!..of!..

Axşamüstü pəncərənin qabağında dayanıb

qollarını qucayardı,-

Qollarının arasına almağa

Bir dənə uşaq olmadı…

Ox!..oxx!..

-Anan ölsün,Alma xanım!

Kim gördüsə Almanı,

-Üzgün gördük,dedilər.

-Deyən gərək,nəyin çatmır?!

-küskün gördük,dedilər.

-Ətrafında bacı-qardaş,

qonum-qonşu çoxdu, çox;

Bir-birinə oxşardılar

Adları fərqli idi.

-Oğul-uşaqdan gileyli,

Gün-güzəran da ki,yox…

Hamsı,hamsı dərdli idi.

-Vallah,deyirdilər,sənin,

fikrin-zikrin

bizdən azdı…

Alma xanım fikirləşdi;

“Kaş bir uşaq olaydı!..

“Ondan” sonra,-

miras davası olmazdı…”

Tale varmış…

Anam öləndən sonra

evlənmək istədi atam.

-Neyləsin yazıq adam,

7 il iflic qadını üçün

dua eləmişdi Allaha…

Cavanlardan kim eşitdi,

dedi,nahaq,

Neynir o yaşda kişi evlənməyi?

Ən çox evdəki bacım

üsyan edirdi bu qərara.

Anamın axirətliyi qonşu qadın,

Bir kəlmə demişdi ki,

Kişi arvadsız qala bilməz,-

Bacım az qalmışdı onu

evdən qovub çıxara…

Sonra…

Daha heç kəs qarışmadı…

-Anam nə qədər ki,sağdı,

Ruzidi,oddu,ocağdı,-

Evdə hər şey yolundaydı.

Yaxşı da olmasa,babatdı…

Yaşını bəhanə eləyib iş yeri

atamı işdən çıxartdı,-

Anamdan sonra…

Atam,onsuz az danışandı,

Daha da dinməz oldu,

Süstləşdi…

Arıqladı,

Səhhəti pisləşdi…

Atamızın ən ağır vaxtlarını

ən çox o bacım görmüşdü.

Danışır ki,bir dəfə həyətimizin iti

adamı tanımayıb hürmüşdü…

O zaman mən, qonşu kənddə,

“Sürgündə” yaşayirdım.

Çətin şəraitdə,dar gündə yaşayırdım…

Bir çətən külfət vardı o evdə…

Sevgidən çox nifrət vardı o evdə…

Müharibə,yoxluq,qıtlıq…

Söz-söhbətdən bezirdik…

-Nə qədər uzatsam da “iki addımlıqdan

“əlim çatmırdı atam evinə…

Adam ata evinə gedəndə sevinər,

Anasız evdə sevinc nə gəzirdi?!

-Bu gün hamı siyasətdən danışır.

Sizlərdən kim bilir,-ən böyük siyasətçi fələkdi!?

-Bacım illər sonra iki uşaqlı dul kişiyə ərə gedəcəkdi…

Xəbərin yoxdur…

Bu otağa günəş düşmür,

Qaranlıq və soyuqdur,-

Səhər burda açılmağı unudub…

Divardan asmışam gəncliyimi;

Məsum-məsum uzaqlara baxır…

Elə gözəldir,bəlkə elə şeirim yoxdur!

Zaman məvhumunu unutduğundandır ki,

Qocalmağı unudub…

Edip Akbayram oxuyur:

-“Səni sevən öldü,zalım,

Xəbərin yoxdur!..”

Bilmirəm,

baxdığın o uzaqlarda nəyi,necə görürsən,-

Baxma!

Gördüyün heç nəyin

zərrə dəyəri yoxdur…

Çünki,-

“Səni sevən öldü,zalım,

Xəbərin yoxdur…”

Doqquz yoxsa  altı

          (Pis şeir)

Mən göylərə yenə dava açmışam,

Sən ordasan, məsləhət ver,ay Dədə,

Yaz,-dedilər, yazdım, hanı oxuyan?

Şikayətə baxan yoxdu göydə də?!

                   ***

Bir vəsiyyət qoymadınız gedəndə,

“Anam laldı”, nəydi sənin bə dərdin?

Uman yerim, küsən yerim, -atamdın,-

Deməsən də öldün, -desən ölərdin?!

                       ***

Gedişiniz belə vacib idisə,

Yaşamağı öyrədib köçərdiniz.

“Həyat dərsi” boş keçmədi, gərək siz

Bizə övlad deyib dərs keçərdiniz…

                    ***

Böyük yoxdu üstümüzdə, neyləyək,

Təzə-təzə öyrənirdik yol-yolaq.

Başımıza sığal çəkib,oxşayıb

“Sağ ol!”-deyən olmadı ki, sağ olaq…

                      ***

İllər boyu ha aradıq,tapmadıq,

Doğruluqdu,ədalətdi…haqq hanı?!

Harda yağlı yemək varsa, bir harın,

Boynuyoğun arxasında yayxanıb..

                      ***

Haram yeyən, müftə yeyən başdadı,

Halaldırsa, sürüm-sürüm sürünür.

Bəlkə orda qayda-qanun başqadı?!

Doqquz bəlkə,ordan altı görünür?

                        ***

Hamı yazır;

Allah-tale,-biz şeir!

Son nöqtəni qoyan yenə göydədir!

Mən yazdığım,- uzaq başı, pis şeir…

-Sən yazdığın nədir,- belə göynədir?!

 Sonra…

İnsan hər şeyi sonra başa düşür;
Gündə bir iş,
anda bir fikir gəlir başına…
Dəqiqə bir,qol- bir,
Köhnə fikirdən daşınırsan təzə fikrə…
İnsan hər şeyi sonra başa düşür…
-Nərdtaxtada oyun gedir;
Zər atırsan…
Sevdiyın rəfiqənlə qoşa düşür!..
Nə uda bilirsən,nə də tüpürə…
Düşünürsən acı-acı:
-Niyə bizə sevilməkdən öncə
qorxmağı öyrətdilər?
-Yıxılmaqdan,əzilməkdən,
yanmaqdan…
Sonra…göyə baxmağı…
Anamızı-atamızı itirdikdən sonra
Özümüz öyrəndik itirməkdən qorxmağı…
-Dostları bir-bir dişimizə vurduq,
Ya dişimiz qırıldı,ya dostluğumuz…
Təsəlli verir yanımdakı arsız:
-Fikir etmə,vallah keçəcək!
Heç izi-tozu da qalmayacaq.
-Uşaqkən yanmışdın,gör heç yeri bilinir?
Acım üzümdən oxunur…
Sən onu bir də qəlbimə sor!!!
Görənlərin ya yazığı gəlir,
Ya da fağırı…
Hamı eyni şeyi deyir;
Darıxma,keçəcək axırı…
Əlbət,keçəcək!
-Uşaqlığımız keçmədimi?
-Gəncliyimiz keçmədimi?!
-Ömrümüz keçmədimi?!.

Pin It on Pinterest