GenelGüncelTürk Dünyası

İran Azərbaycan və Türkiyəyə qarşı münasibətini dəyişməlidir

“Yaxşı olardı ki, nə qədər gec deyil, İran KİV-lərində, ayrı-ayrı ölkələrdə, təcavüzkar Ermənistan da, Yaxın və Orta Şərq ölkələrindəki dini-ideoloji qruplaşmaları dəstəkləmək əvəzinə regionda sülh və təhlükəsizliyə xidmət edən əməkdaşlıq üçün addım atsın”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı deyib. Müsahibimiz vurğuladı ki, İran Azərbaycan və Türkiyə dövlətinə münasibətini, mövqeyini dəyişməli, qanun və hüquqla rəftar etməlidir.

Sübhan Talıblı

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İranın Prezidenti İbrahim Rəisi ilə telefon danışığı zamanı Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini, bu hadisəni şiddətlə qınadığını bildirərək qanlı terror aktının hərtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu qeyd edib. Dövlətimizin başçısı səfirliyin digər mühafizə əməkdaşının əliyalın şəkildə terrorçunun üzərinə atıldığını, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah etdiyini bildirib. Terrorçu tərk-silah olunmasaydı, səfirliyin digər əməkdaşlarını və onların səfirliyin binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağının istisna edilmədiyini deyib. Beynəlxalq hüquqi nöqteyi-nəzərdən isə İran İslam Respublikasının imzaladığı və öhdəlik götürdüyü beynəlxalq qanunlara, konvensiyalara bu ölkənin müvafiq qurumları tərəfindən əməl edilməmiş, nəticədə Azərbaycan səfirliyi silahlı hücuma, terrora məruz qalmış və səfirliyin 1 əməkdaşı öldürülmüş, 2 əməkdaşı yaralanmışdır. Hadisə ilə bağlı kadrlar, müşahidələr, xarici və yerli KİV-dəki, eləcə də İrandakı xəbərlər, məlumatlar, terroru törədənin İranın KİV-lərinə verdiyi müsahibə və qatilin davranışları bir daha onu göstərir ki, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin təhlükəsizliyi həm İranın hüquq-mühafizə orqanları tərəfindən hüquqi və lazımi şəkildə mühafizə olunmur, həm də bu əvvəlcədən hazırlanmış, planlaşdırılmış terror hadisəsidir”.

Sübhan Talıblı bildirdi ki, İranı yaxşı tanıyan mütəxəssislər və dünya diplomatları İran haqqında deyirlər ki, İran diplomatları bir cür deyir, bir cür yazır, amma əməldə isə bunun əksini edirlər.

S.Talıblı onu da xatırlatdı ki, vaxtilə İranın bir sıra dini, iqtisadi, ticari, sosial və s. idarə və obyektlərinin imzalanmış sənədlərə, Azərbaycan dövlətçiliyinə və milli maraqlarına zidd olduqları üçün fəaliyyətləri dayandırılıb.

“Hətta 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinə məxsus olan səfirliyimizin binası Azərbaycanın mülkiyyəti hesab olunsa da, həmin binanın önündə kiçik işarə, əlamət, barelyef belə vurulmamışdır. Bütün bunlar Azərbaycan dövlətinə haqq və hüquq verir ki, İranın Bakıdakı Səfirliyinin və digər obyektlərinin fəaliyyəti, onun əməkdaşlarının ştat tərkibinin azadılmasını tələb etsin. Ya da Tehranda Azərbaycan Respublikasına Səfirlik və Mədəniyyət Mərkəzi, Təbrizdə Konsulluq üçün ərazi və binalar verilsin, onların beynəlxalq hüquqa, Vyana Konvensiyasına uyğun olaraq fəaliyyət göstərmələrinə, Azərbaycanın səfirliyinin ştat tərkibinin artırılmasına şərait yaradılsın.

Azərbaycan Respublikasının Xarici işlər nazirinin müavini X.Xələfov da bildirib ki, Vyana Konvensiyasının müvafiq maddələrinə görə, səfirliyi qəbul edən ölkə onun təhlükəsizliyinə məsuliyyət daşıyır. Baş vermiş terror hadisəsi və onun ağır nəticələri ilə əlaqədar İranın bir dövlət kimi məsuliyyət daşıdığını vurğulayıb. Ümumiyyətlə İran Azərbaycan və Türkiyə dövlətinə münasibətini, mövqeyini dəyişməli, qanun və hüquqla rəftar etməlidir. Təbii ki, Türkiyə, Azərbaycan dövləti və xalqı ona qarşı olan hər bir hücumu, terroru, təcavüzü dəf etməyə qadirdir. Bu, Azərbaycan səfirliyinin əməkdaşının əliyalın, silahsız halda səfirliyimizə hücum edən terrorçunu zərərsizləşdirməsində açıq-aydın nümayiş olundu”.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest