GenelGüncel

Müşviq və Dilbər  – Fuad Biləsuvarlı

Nazım AHMEDLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Fuad Biləsuvarlı

 Müşviq və Dilbər 

 Dahi, ölməz şairimizin Mikayıl Müşfiqin 115 illiyinə 

Bir pərdəli, üç şəkilli mənzum dram.

Mikayıl Müşfiqin
Mikayıl Müşfiqin – Dilbər Axundzadə

  İştirak edirlər:

1. Mikayıl Müşfiq – şair, 28 – 30 yaşında.

2. Dilbər Axundzadə – onun arvadı, 25 -26 yaşında.

3. Qurban Pirimov – tarzən, 45 – 50 yaşında.

                    I şəkil

Bakı şəhəri. Müşfiqin mənzili. Ortalıqda stol və dörd  stul qoyulub. Divardan xalı asılıb. Onun sol küncündən tar asılıb. Müşfiq siqaret çəkir,  xəyaldadır. Bu zaman qapı açılır, Dilbər gəlir.

Dilbər:

Şairə salamlar! Necədi halın?

Deyəsən dəyişib mənsiz əhvalın.

Müşfiq: 

Sənsiz ilham pərim qanad açmayır,

Kədər də bəxtimdən uzaq qaçmayır.

Dilbər: 

Di yaxşı, sən allah çox tərifləmə,

Xoş sözlərlə məni gəl hərifləmə.

Yəqin ürəyindən pürrəng çay keçir.

Müşfiq:

İnan susuzluqdan ürəyim keçir.

Dilbər:

Bu saat pürrəngi çay dəmləyim iç,

Gecikdiyim üçün günahımdan keç.

Baxışın qəlbimi yandırıb yaxır,

Güman ki, acından ürəyin axır.

Müşfiq:

Gümrah hiss edirəm özümü , ay qız,

Fəqət, qəmlənirəm olanda yalqız.

Dilbər:

Yox düzünü söylə, nə olub yenə,

Niyə kədərlisən, açıb desənə?

Allah eləməmiş xəstə olarsan,

Xəstələnib məni dərdə salarsan.

Müşfiq: 

Xəstələnmək nədir polad kimiyəm,

İnan ki, dağ çapan Fərhad kimiyəm.

Məhlədə rastlaşdım Səməd qağamla, 

Söz qibləgahımla, böyük ağamla.

/Səməd Vurğun nəzərdə tutulur.\

Dilbər:

Bəlkə, az yazırsan söyləyib sənə,

Di susma, qəlbini açsana mənə.

Müşfiq:

Aclıq tüğyan edir, dur çörək yeyək,

Sonra dərdimizi saf-çürük edək.

( Müşfiq və Dilbər çıxırlar)

             II şəkil

( Yenə həmin otaq. Müşfiq və Dilbər gəlirlər.)

Dilbər: 

Yaxşı, sözlərimiz yarımçıq qaldı,

Məni dinməməyin şübhəyə saldı.

Müşfiq: 

Gözlərim dikilib divarda tara,

Həsrətəm çaldığın ” Rasta”, ” Qatara”.

Deyirəm, tarını çalsana yenə,

Tar çalıb xoş əhval bəxş elə mənə.

Dilbər: 

Vallah, açılmayır son günlər başım,

Dincəl,  mən axşama bir bozbaş asım.

    ( Dilbər gedir. Müşfiq yenə xəyala dalır. Fikirli-fikirli  otaqda gəzinir. Ucadan Dilbəri səsləyir.)

Müşfiq: 

Dilbər! Güzarını bura salsansa,

Yazdığım şeirə qulaq assana.

( Dilbər gəlir. Müşfiq yenicə tamamladığı şeirini oxuyur.)

Çoxdandır çalınmayır, divardan asılı tarın,

Tutqun bir ürək kimi telləri paslı tarın.

Ey mehriban sevgilim, gurlayacaq, yoxsa yox?!

                      ***

Mən bilirəm sənin ki, bir qəlbin var sədəfdən,

İçindəki incilər sancılıb hər tərəfdən.

Dodağında şərqilər çağlayacaq, yoxsa yox?!

                    ***

Sən iclasdan gəlirsən məni də yormuş kitab,

Nə dayanmaq vaxtıdır, iştə tar, iştə mizrab!

Nə gözəldir nəğmələr qanadında ucalmaq!..

                    ***

Həyat işdir, döyüşdür, səadətdir, əməkdir,

Bilə-bilə bunları dayanmaq nə deməkdir?!

Nə deməkdir həyatda tez qarıyıb qocalmaq?!

Dilbər:

Belə de, divardan asılı tarım,

Sənə ilham verib,  sevgili yarım?

Yoxsa, tay tutursan məni Qurbana?

Yüz tar çalan ola bənzəməz ona.

Müşfiq:

Bilirsən ki, Qurban yaxın sirdaşım,

Həm ürək dostumdu,  həm də qardaşım.

Bizə gələn günü əzizim Qurban,

Sənə muğamlardan öyrədər inan.

Dilbər:

Ondan çəkinirəm ey sevgili yar,

Zəhmindən əlimdən düşə bilər tar.

Müşfiq:

Əzizim, yaxından görərsən onu,

Sən bir ata kimi sevərsən onu.

Mizrabı əlinə o alan zaman,

Naləsindən sızlar səma, asiman.

Hələ şərq görməyib belə sənətkar,

Onun sənətindən çox öyrənən var…

Dilbər:

Yaman çox danışdıq, vaxtdır dur yataq,

Yoxsa, çıxacağıq sübhə bu sayaq.

( Durub yataq otağına keçirlər.)

              III şəkil

( Yenə həmin otaq. Axşam üstüdür. 

Müşfiq və Dilbər  qarşı-qarşıya oturub kitab oxuyurlar. Qapı döyülür. Müşfiq qapını açır və uca səslə)

Müşfiq:

Salam, xoş gəlmisən, qardaşım Qurban,

Sənin qədəminə ev-eşik qurban!

Dilbər:

Əyləşin, qardaşım, xoş gəlmişsiniz,

Məni sevindirdi bu gəlişiniz.

Müşfiq:

Belə gerçəkləşsin hər diləyimiz,

Həmişə sevinsin qoy ürəyimiz.

Dilbər:

Müşfiq, siz oturun söhbət eləyin,

Mən də gedim sizə bir çay dəmləyim.

Qurban:

Qardaşım, ədəbi mühitdə  nələr?!

Baş verir, bir mənə versənə xəbər.

Müşfiq: 

Belə də nə deyim, şair babayam,

İlham pərisinə sadiq təbəyəm!

Qurban:

Eşidibsən? Tarı bir alət kimi,

İnkar eləyirlər pis adət kimi.

( Dilbər çay gətirir. Söhbəti eşidərək təəccüb və qəzəblə)

Dilbər:

Bıy, başıma xeyir, belə dağ olar?

Adam keçmişinə belə ağ olar?

Müşfiq:

Qardaşım, narahat olmağa dəyməz,

Böyük bir keçmişi unutmaq olmaz.

Buna imkan verməz müdrik el-obam,

Tardı təskinliyim dərdimə dəvam.

Qurban:

Mən də sənin kimi düşünürəm dost!

Zalımlar edirlər tarımıza qəsd.

( Müşfiq divardakı tarı götürüb Qurbana verir.)

Müşfiq:

Qurban qardaş, bəlkə,  bir şey  çalasan,

Pərişan qəlbimə sevinc qatasan.

( Qurban tarı əlinə alıb, dərindən köksünü ötürür)

Qurban:

Nə deyim, qardaşım,  deyirsən çalım,

” Yetim segah”ımla bir nəfəs alım.

(Qurban tar çalır. Dilbər həsrətlə gözlərini onun pərdələrdə quş kimi səkən barmaqlarına baxır. Müşfiq isə yenə xəyala dalıb)

Müşfiq:

Qurban tarı yaradıbdır, tar onu,

Görən nə olacaq bu işin sonu?!

( Müşfiq yenə  fikrə gedir. Tarın qopardığı  səda altında  çəkdiyi siqaretin tüstüsü içində görünməz olub. 

O, sanki birdən yuxudan ayılır.

Müşfiqin səsi tarın naləsinə qarışır. Müşfiq təzəcə tamamladığı şeiri oxuyur.)

Müşfiq:

Oxu, tar, oxu tar!

Səsindən ən lətif şeir dinləyim.

Oxu, tar, bir qadar…

Nəğməni su kimi alışan ruhuma çiləyim.

Oxu tar!

Səni kim unudar?..

( Elə bu vaxt radio səslənir. Müğənni məlahətli səslə muğam oxuyur.)

Min ildir ki,  xalqa xidmət edir tar,

Bir gün azad olar olmaz qəmdə tar.

Hər pərdə sehirli, hər pərdə sirli,

Min səda qoparır zildə, bəmdə tar.

Oxşayır qəlbləri ” Yetim segah”ı,

Ovsunlayıb məni, qalıb məndə tar.

“Şur”la, ” Çahargah”la şövqə gələrək,

Sevənin çoxaldır lap bu gün də tar.

Şair, ruhdan düşmə, muğamlarıyla,

Hopub ürəklərə könül, canda tar.

( Pərdə yavaş-yavaş enir.)

               Son.

Fuad Biləsuvarlı
Fuad Biləsuvarlı

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest