GenelGüncel

Rüstəm Sadiq Zəngəzurlu – Şeirlər

Nazım AHMEDLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Rüstəm Sadiq Zəngəzurlu

               Şeirlər

Rüstəm Sadiq Zəngəzurlu

Yönü Laçına sarı

Dərdimin kürəyini yerə vura bilmirəm,

Başımı girləməyə dəyə qura bilmirəm,

Neyləyirəm, özümü ovundura bilmirəm,

Qəlbim elə hey çəkir məni Laçına sarı.

***

Gözümüzün yaşına ağlayarsan, çox baxsan,

Biz Sənin qullarınıq, sən adilsən, sən haqsan.

Kömək elə ya Rəbbim, yatmamısan, oyaqsan,

Qayıdaq günlərin bir günü Laçına sarı.

***

Harda ölsəm, qəribəm, bir dərdimi min yazın,

Baş daşımın üstünə Rüstəm Didərgin yazın.

Yaradan əfv eləyər, zirvədə qəbir qazın,

Dəfn eləyin siz məni yönü Laçına sarı.

Qaldı

Gözlədim, yaman gün gəlib keçmədi,

Göz yaşım qurumaz, gözüm çeşmədi.

Qurudu, bağımız bara düşmədi,

Qapıda bostanlar əkili qaldı.

***

Çinar güvənmədi uca boyuna,

Sel qolunu saldı daşın boynuna,

Təpələr sığındı dağın qoynuna,

Duman dərələrə çökülü qaldı.

***

Qayalar qəmini çəkdi içinə,

Nənəm tab etmədi elin köçünə,

Əlimiz yatmadı əkin-biçinə,

İşimiz, gücümüz tökülü qaldı.

***

Çöl çiçək donunu geydi əyninə,

Ayrılıq gəlmirdi gülün eyninə.

Çiskin “Çalbayır”ın çökdü çiyninə,

Bənövşələr boynu bükülü qaldı.

***

Bayatı deməkdən dili yoruldu,

Anam gündə min yol yandı, qovruldu.

Evimizin külü göyə sovruldu,

Kəndimizin bircə şəkili qaldı.

Ağlayan heykəl

 Laçında ana abidəsi qoyuldu.

Sən kimsən, nəçisən, a heykəl nənə?

Niyə dayanmısan yolun üstündə?

Olmaya, bu şaxta kar etmir sənə?

Bəyəm, üşümürsən bu soyuq gündə?

***

Görürəm, həmişə qanı qarasan,

Ayrılıq ümidə kəsilib qənim.

Olmaya, qonşumuz Abtab qarısan.

Olmaya, Gülyetər nənəmsən mənim.

***

Sarı Qasım oğlu burdanmı keçdi?

Nə xəbər bilirsən Banu qarıdan?

Çiçək bu dünyadan nigaran köçdü,

Gəncalı sarıdan, Usuf sarıdan.

***

Sənin əvəzindən kim danışacaq?

Danışsan, ürəyin boşalar bir az.

İstəyin od tutub hər gün yanacaq,

Səbirli ol, belə dərd çəkmək olmaz.

***

O yol gələn kimdi, qayıdan kimdi?

Oyur ürəyini dərd löyün-löyün.

Neyləyək, yol gözlə, Allah kərimdi,

Bəlkə də, gedənlər qayıtdı bir gün.

***

Yaylığı sürüşüb, çiyninə düşüb,

Yorğun baxışları yollarda itib.

Bu çinar ananın dərdinə şərik,

Bu çinar ümiddir, göyərib, bitib

***

Bir itkin qayıtsa, bir itkin gəlsə,

Açar qollarını, açar, bu heykəl.

Danışmır, dərdini demir heç kəsə,

Qalıbdı yollarda naçar bu heykəl.

***

Bu ana ümmandır, çağlayır hər gün,

Fələyin qəlbini yumşalda bilmir.

Bu ana oğluna ağlayır hər gün,

Bu ana ürəyin boşalda bilmir.

***

Gümanı hər yeri gəzdi, dolaşdı,

Tapılmır, hardadı təsəlli verən.

Bunun qəlbi daşdı, ürəyi daşdı,

Bu heykəl nə təhər ağlayır görən?

***

Bir məzar tapılsa, gözləməz bir an,

Tələsər, yolların belini bükər.

Eşitsə bir əsgər köçüb dünyadan,

Dünyanın kədəri çiyninə çökər.

***

Donub dodağında layla, bayatı,

Dindirmə, onsuz da dinəsi deyil.

Oğlu gəlməyincə, qayıtmayınca,

Bu ana evinə dönəsi deyil.

1986

Dağ bülluru

Ad günün mübarək !

Yuxulu bənövşəm, yuxum azıbdı,

Yolun dağa düşsə, o yuxumu gəz.

Yozumun şimşəklər göyə yazıbdı,

Səndən özgə kimsə oxuya bilməz.

***

Üstünə gün düşən şehli çiçəksən,

Şaxtadan, borandan özünü qoru.

Sənə göz dəyəcək, yaman göyçəksən,

Gözlə, bədnəzərdən gözünü qoru.

***

Fidanlar torpağın pıçıltısıdı,

Çiçək gəlişidi sənin gəlişin.

Pıçıltın yarpağın pıçıltısıdı,

Şəlalə səsidi şirin gülüşün.

***

Yuxulu bənövşəm, qayıt, gəl belə,

Dağda nə işin var ilin bu vaxtı ?

Güneyin əliboş çağıdı hələ ,

Ləçəyi üşüyür gülün bu vaxtı.

***

Yanağın, dodağın çiçəyin tacı,

Ürəyin alovlu, əllərin bumbuz.

Yerə enə bilmir, yoxdu əlacı,

Göydən sənə sarı boylanır ulduz.

***

Yuxulu bənövşəm, sənə qıymıram,

Əlini uzatma tikanlı gülə.

Deyələr, gəlirsən, dəli qıy vuram,

Buluddan bulağa muştuluq gələ.

***

Bu çəmən güldən don geyinə gərək,

İnciçiçəyimsən, ayın nurusan.

Bülluru neynirsən? Nəyinə gərək ?

Sən özün ən gözəl dağ büllurusan.

2019-cu il

Burda qəbir var

Kimə nə faydası torpaq qucanın?

Təpəri təntiyib kövrəlmiş canın.

Yığvalı yeyinin, umru ucanın,

Qəbri ayaq altda, budu ey… burdadı.

***

Zirə yata bilmir, çəplənibdi çəm,

Dörd yanı dalıyır, qudurubdu qəm.

O biri dünyada nə var, bilmirəm

Həmdəm, simsar, doğma, ögey burdadı.

***

Heç nəyə boy vermir dərdimin boyu,

Ağ günümü uddu qırx arşın quyu.

Mənə lazım deyil dirilik suyu,

Əlim yetişəsi o göy burdadı.

***

Yüz ilin başını bağlayır bir an,

Olanım, olmazım bircə quru can.

Nəyi gətirdin ki, nə aparasan?

Bu torpaq paltardı, gəl, gey, burdadı.

***

Əməllər cücərən tuma dönübdü,

Ömür xışlanıbdı, şuma dönübdü.

Sərtliyi sınıbdı, muma dönübdü,

Hamı uzaqgəzən, kəntöy burdadı.

***

Çoxu çəngələdi, azaltdı azı,

“Yox” payı almaqdan doydu tamarzı.

Yordu, üzdü məni nizamı, nazı,

Ömrümə tutulan o toy burdadı.

***

Yoxdu bu dünyadan ta umacağım,

Əlimi isitmir odum, ocağım.

Qəbirim, sonuncu sığınacağım,,

Bu mənim məhləmdi, bu köy burdadı

Qönçə

Qönçəsən, birazdan açılacaqsan,

Çöl- çəmən daha da gözəlləşəcək.

Səni görən donub qalacaq bir an,

Gözəllər hamısı gözdən düşəcək .

***

Kimdən öyrənmisən bu şirinliyi ,

Yayda qəfil yağan yağış kimisən.

Xurmayı saçların ləpə biçimli,

Ağ çiçəkdə olan naxış kimisən.

***

Buluddan süzülən yaz şəfəqisən,

Məlhəmdi, güləmdi ilıq nəfəsin.

Qismət paylanıbdı, indi bildim mən

Bəxti gətirməyib səncən heç kəsin.

***

Çəhrayı çəpgənim çəhrayı çiçək,

Göyün qübbəsidi göy kəlağayın.

Hamıdan qəşəngsən, hamıdan göyçək,

Düyanın bəsidir gözəllik payın.

***

Əzabım çox olub, sayımmı bir-bir?

Qüssədən savayı pay düşmür mənə.

Düyünə düşübdür, bəxtim gətirmir,

Mərc gəldim, püşk atdım, uduzdum yenə.

***

Heç kimə xətəri dəyməsin, təki,

Dərdin ürəyimin başında imiş.

Elə uduzmaqdan gəlib mənimki,

Təsəlli gözümün yaşında imiş.

 1991

Bu çiçək yenə öləcək

Çalbayırdan gətirdiyim Novruzgülü hələ də qalır

Yoxdu bu çiçəyin rəngi,qoxusu,

Harayı çəmənə çatası deyil.

İtib kol dibində şirin yuxusu,

Layla deyilsə də yatası deyil.

***

Dərdini dağlarla bölübdü çoxdan,

Onu Çalbayırdan gətirmişəm mən.

Ləçəklər solubdu, ölübdü çoxdan,

Qəmini çiynimə götürmüşəm mən.

***

Nə ayrılmaq olmur, nə baxmaq olmur,

Bu qəm ortağıdır, bu göz dağıdır.

Saralıb, sozalıb ləçəyində nur,

İndi bu çiçəyin çətin çağıdır.

***

Yetimdi, tənhadır, qəmlidi, təkdi,

Dərdinə dayanmır bu ağır yükün.

Bu yaşamaq deyil, zülüm çəkməkdi,

O, yenə öləcək mən öldüyüm gün.

***

Mən öz əcəlimə demişəm tez gəl,

Bizim ikimizə bir qəbir qazın.

Baş daşına mənim adımdan əvvəl

Elə bu çiçəyin adını yazın.

Təsadüf

Elə vaxtımız olur fikirli dolaşırıq,

Çoxdan görmədiyimiz biriylə rastlaşırıq,

İnanmırıq, bir anlıq mat qalırıq, çaşırıq,

 Təsadüfdü deyirik.

***

Həyatda çox şey ilə adam üzbəüz gəlir,

Ürəyimə damanlar olanlarla düz gəlir.

Elə çətin iş olur bircə anda düzəlir,

Təsadüfdü deyirik.

***

Bünövrədir,özüldür gələcək işə keçmiş,

Hər şeyin məqamı var, havayı şeydi təşviş,

Qəfil tapır adamı ağıla gəlməyən iş,

Təsadüfdü deyirik.

***

Zəruriymiş, sən demə, təsadüf dediyimiz,

Bu bizi xəlq edənin məqamına məxsusdur.

Cavabsız sual çoxdu, baş aça bilmirik biz,

Necə təcəllə tapıb, hardan yaranıb bu nur?

***

Həyatın əsasıdır böyümələr, bölümlər,

Sadə mürəkkəbləşir, mürəkkəb sadələşir.

Heç vaxt təkrar olunmur yaşamalar, ölümlər,

Heç bir şey sabit deyil, hər nə varsa, dəyişir.

***

Gülün ətir saçması ilahi işarədir,

Təkamülün özəyi əbədi hərəkətdir.

Səhərlərin açması ilahi işarədir,

Bu ölçülmüş, biçilmiş danılmaz həqiqətdir.

***

İşıq niyə azalmır ötüb neçə milyon il?

Səyyarələr boşluqda nə təhər tutub qərar?

Mavi görünən səma əslində mavi deyil,

Yoxluğun özündə də nəsə bir madilik var.

***

Ulduz var yer üzünə işığı gəlib çatmır,

Gecə-gündüz su axır, dənizlər yenə dolmur.

Dağ yaranıb, dayanıb,sonsuzluğa boy atmır,

Oxşarlıq var çox şeydə, mütləq eynilik olmur.

***

Hər anda, hər zərrədə, hər şeydə bağlılıq var,

Bizə bəlli olmayan məqamlar xeyli çoxdur.

Düşüncəylə, idrakla dərk olur bu qanunlar,

Dünya elə yaranıb təsadüf heçnə yoxdur.

Yönümüz haqqa sarıdır

İlahi, ağlım kəsəndən yönümü sənə tutmuşam,

Dərk etmişəm həqiqəti, bu dünyanı unutmuşam.

Özün necə yaranmısan? Nə cisimsən, nə cövhərsən,

Əzəlisən, əbədisən, paksan, nursan, saf gövhərsən.

Varı yoxdan xəlq etmisən, dərk edilmir bu qüdrətin,

Aləmlərin sultanısan, sığmır sözə səxavətin.

Gələn gedər, gedən gəlməz, bunun böyük hikməti var,

Bu dünyanın qonağıyıq, hərənin öz qisməti var.

Yol gedirik yaranandan, yol gedirik gecə-gündüz,

Şükür olsun Yaradana, haqqa sarıdır yönümüz.

Gecə gedilən yol nağıla dönür

Bu gecə yol getmək necə də xoşdur,

Yaxşı ki, bu gecə yoldaşsan mənə.

Çoxalıb çiçəyin üzündəki nur,

Ay öz tellərini sərib çəmənə.

Sayrışan ulduzlar bizə göz vurur,

Hələ qarşımızda xeyli yol durur.

***

Uzaqdan qartala oxşayır bu kol,

Bura dar keçiddi, ehtiyatla gəl.

Gədiyin qaşına qayıdır bu yol,

Yəqin, yorulmusan, birazca dincəl.

Bu daşın üstündə otur bir hovur,

Hələ qarşımızda xeyli yol durur.

***

Yamyaşıl otları meh sığallayır,

Sarmaşıq dolanıb daşın boynuna.

Çiçək qoxusunu hər yana yayır,

Təpələr sığınıb dağın qoynuna.

Dağın görkəmində əzəmət, qürur,

Hələ qarşımızda xeyli yol durur.

***

Dan yeri sökülür, ulduzlar sönür,

Cənnətdən pay gəlib çiçək qoxusu.

Gecə gedilən yol nağıla dönür,

Baldan şirin olur səhər yuxusu,

Bəri gəl, üzünə bir ovuc su vur,

Hələ qarşımızda xeyli yol durur.

***

Div kimi yatıbdı daşürəklilər ,

Yatsın, oyanmasın, vecimə deyil.

Baş tutası deyil nə hiylə, nə şər,

On beş yaşındayam indi, elə bil.

Ürəyim sevinclə, fərəhlə vurur,

Hələ qarşımızda xeyli yol durur.

***

Qayanın döşündə ensiz yolaq var,

Yolun sol yanında novlu bulaq var.

Meşəyə gedən yol dərədən keçir,

Yol yerimək səni yorubdu,nədir?

***

Kəndimiz bu dağın o üzündədir.

Bura “Sərtgüney”di,ora “Aralıq”,

Sənə danışdığım “Çalbayır” budur.

Külək əsməyəndə yarpaqlar susur,

Hələ qarşımızda xeyli yol durur.

***

Qonaq gəldiyini çəmən duyacaq,

Səs-səsə verəcək yaylım quşları.

“Qızılqaya”səni ovsunlayacaq,

Təzəcə olubdu yolumuz yarı.

Yolçu yolda gərək, di ayağa dur,

Hələ qarşımızda xeyli yol durur.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest