Cəmil Cahid Toydəmir – Şuşanın ilk fatehi, Hitlerin ram edə bilmədiyi orgeneral 

Nazım Ahmetli – Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcici

Azər TURAN

Cəmil Cahid Toydəmir – Şuşanın ilk fatehi, Hitlerin ram edə bilmədiyi orgeneral 

Görəsən, Azərbaycan ədəbiyyatının Cəmil Cahid Toydəmir barədə romanı niyə yoxdur? Sovet dönəmində olması imkan xaricindəydi, bəs otuz illik müstəqillik dövrümüzün ədəbiyyatı? Yazıçılarımız Cəmil Cahidin  obrazını niyə ədəbiyyatlaşdırmır? Andraniki məyus edən və Qarabağda, özəlliklə Şuşada erməni məzaliminə son qoyan, 1918-ci ildə Qarabağ ermənilərini Azərbaycan hakimiyyətinə tabe edən miralay Cəmil Cahidi deyirəm. Cəmil Cahid Toydəmir – Şuşanın ilk fatehi Trablüsqərbdə, Balkanlarda, Qurtuluş savaşında qəhrəmanlıqlar göstərmişdi… 28 il sonra Türkiyə Cümhuriyyətinin müdafiə naziri oldu…

Azərbaycana Qafqaz İslam Ordusunun I diviziyasının komandanı kimi gələn Cəmil Cahid üstün hərbi zəkası ilə, Azərbaycanın, özəlliklə Bakının daşnak-bolşevik qüvvələrindən təmizlənməsində həlledici fədakarlıqlar göstərmiş, sonra Nuru Paşanın əmri ilə Bakıdan Qarabağa göndərilmişdi… 

1918-ci ilin 7 oktyabrında Şuşada film kimi hadisələr baş verib və bu hadisələr 100 ildir ki, nə ədəbiyyatımızın, nə rəssamlığımızın, nə kinomuzun mövzusuna çevrilir.

Mən roman dedim… Siz film kimi izləyin:

7 oktyabr, səhər saat 10.

Qafqaz İslam Ordusu Şuşaya daxil olur.

Ordunun sıralarında olan Mucip Kamalyerinin xatirələrində belə bir detal var: “Təbiət gözəlliklərinə sahib Şuşaqalaya şəhərin varoşlarında bizləri maraq və həyəcanla bəkləyən türklərin candan alqışları içində və pək çabuk hazırlanmış üç böyük Zəfər tağının altından keçərək girdik. Birincisində “Yaşasın Ənvər”, ikincisində “Yaşasın sultan”, üçüncüsündə “bir gün olacak şəmsi-həqiqi doğacaq, şərqin bu əsir valdeləri hür olacak” yazılmışdı”.

“Zəfər qapısının yanında əllərində Şuşanın açarını tutmuş ruhanilər Cəmil Cahidin pişvazındadır.

Qara çərkəzi geyimli şuşalı gənclərdən ibarət orkestr hərbi marş çalır…

Şuşanın tanınmış adamları Cəmil Cahidi duz-çörəklə, qadınlar gül-çiçəklə qarşılayır… Məktəblilərin əllərində türk bayrağı…

İzdihamın içində hətta Cəmil Cahidin Şuşaya daxil olmasına “sevinən” 300 erməni də var. 

Cəmil Cahid ön sıradadır. Yanında addımlayan (Cavad xanın nəticəsi, iki il sonra, 1920-ci ildə Qızıl Ordunun hərbi səhra məhkəməsinin Gəncədə güllələyəcəyi) İsmayıl bəy Ziyadxanovdur. Süvarilər… Topçular… Pulemyotçular. Qaladərə qəhrəmanları Sultan bəy və İldırım bəy… Qarabağ süvariləri…”.

Dövrün “Azərbaycan” qəzetində təsvir olunmuş bu hadisə heç şübhəsiz ki, yazıçı fantaziyasının, rəssam təxəyyülünün bəhrəsi deyil. 1918-ci ilin 7 oktyabrında Şuşa Türk Ordusunu belə qarşılayıb…

Hətta həmin gün şəhərdə ordunun rəsmi keçidi olub. Bu, Şuşada türk əsgərinin ilk rəsmi hərbi keçidi idi. Şuşada ilk dəfə mehtər marşı səslənirdi.

Şuşaya indi bizim Zəfər Yolu adlandırdığımız yoldan keçib gələn Cəmil Cahid əvvəlcə Ağdamdan Şuşa ermənilərinə ultimatum göndərmişdi: “Tərkisilah olun və Azərbaycan hökumətini tanıyın”. Ermənilər isə qurultay çağırıb, ultimatumu müzakirə edib sonra qarşılıq vermişdilər: “Tərkisilah olmuruq və Azərbaycan hökumətini tanımırıq”. Qarabağ Komitəsinin məktubunu Cəmil Cahidə beş erməni gətirmişdi. Cəmil Cahid isə erməni elçilərinin üçünü həbs edib, ikisini geri göndərmişdi: “Ermənilər 3 gün ərzində təslim olmasalar, Qafqaz İslam Ordusunun 1-ci diviziyası Şuşaya hücum edəcək”. Bu dəfə ermənilərin cavabı elə erməni üslubundadır: “Azərbaycan hökumətini tanıyırıq, amma siz bizi tərkisilah etməyin. Şuşada növbəti qurultay çağırılana qədər Qafqaz İslam Ordusu hücuma başlamasın” və s. Və ardıyca Cəmil Cahidin son ultimatumu: 24 saat ərzində türk ordusu Şuşaya hücum edəcək…

Dediyini etdi… 1-ci diviziyanın Şuşaya doğru axını başladı. Əsgəran istiqamətində mövqe tutan erməni hərbi birləşmələri darmadağın edildi… Oktyabrın 6-da Əsgəranla Şuşa arasındakı ərazidə qanlı döyüş oldu. Türk ordusu şəhidlər versə də, ermənilərin müqavimətini qırdı…

Və 1918-ci ilin 7 oktyabrında Şuşada Zəfər qapısının önündə həmin film kimi hadisələr baş verdi… Cəmil Cahid Şuşaya daxil oldu.

Elə həmin gün Cəmil Cahid bəy Şuşanın türk əhalisini Gövhər ağa məscidinə topladı. Çoxdan bəri erməni zülmündən əziyyət çəkən və indi məqam gəlmişkən, qisas hissi ilə körüklənən şuşalılara xitab etdi: “Sizlərin xeyrinə dediyim sözləri dərhal qəbul etməsəniz, əmrlərimə olduğu kimi itaət etməsəniz, bütün səlahiyyətlərimdən istifadə edib sizi ən ağır şəkildə cəzalandırmaqda tərəddüd etməm. Ermənilərə şimdi itaət etmələrini təklif edəcəyəm. Qəbul etməsələr, bir orduya itaətsizliyin cəzası nə isə, onlara o cəzanı verəcəyəm. İtaət edərlərsə, can, namus və malları bizim qorumamız altında olduğundan heç bir fərdin ufaq bir hərəkətinə müsaidə etməyəcəyəm. Ermənilər itaət etmədikləri halda haqlarında lazım olan hərəkəti etmək üçün yenə də siz deyil, yalnız türk əsgəri məmur olacaqdır. Xalqın tamamən seyrçi qalmasını və hər kəsin bu dəqiqədən etibarən öz işinə-gücünə başlamasını tələb və əmr ediyorum”.

Bundan sonra Cəmil Cahid bəy Qazançı kilsəsində ermənilərlə görüşdü: “Qarabağda Azərbaycan hökumətini tanısanız, türk ordusunun əmrlərinə itaət etsəniz, can və mallarınız təminat altına alınacaq. Əks halda müharibə şərtləri ilə cəzalandırılacaqsınız. İtaət etməyənlərin cəzası ağır olacaq…”.

Ermənilər təslim oldular. Azərbaycan hökumətini tanıdıqlarını bəyan etdilər. Şuşada asayiş bərpa olundu…

Hətta Mucip Kamalyerinin anılarından məlum olur ki, Şuşa erməniləri Qafqaz İslam Ordusunun şərəfinə bir axşam “Şuşakalenin parkını süsləyən klubda” ziyafət də verib.  Və həmin ziyafətdə “yemək sonlarına doğru ermənilər adından söz alan gur səsli bir üyə can və mallarının Osmanlı ordusunun təminatı altında bulunduğunu görməyin bəxtiyarlığı içində olduqlarını ifadə etdikdən sonra özətlə böylə konuşdu: “Biz Qafqaz erməniləri dünə qədər Rus çarlarının hökumətlərinə bağlı bulunuyorduq. Bundan böylə də Osmanlı Padişahlarına qulluqçu olmaqla heç bir şey kaybetmiş olmayacağız. Bizlərə inanmanızı, güvənmənizi rica ediyoruz” – deyərək şərab dolu qədəhini padişahın və külfətlərinin (ailəsi ərkanının) şərəfinə qaldırıb həpimizi ayaqda içməyə dəvət etmiş və alqışlanmışdı”.

İndi bu sətirləri yazdıqca düşünürəm, niyə Şuşada Şuşa uğrunda şəhid olmuş 33 türk əsgərinin anıtı olmasın… Məncə, Şuşanın yenidən bərpası prosesində bu fakt nəzərə alınmalı, Şuşada 1918-ci ildə şəhid olmuş 33 mehmetciyin anıtı yaradılmalı, hətta Cəmil Cahid bəyə abidə də qoyulmalıdır. Çünki bu mehmetciklər Şuşa uğrunda savaşın ilk şəhidləri və Cəmil Cahid bəy də Şuşanın ilk fatehidir.

Cəmil Cahid Toydəmirin bir fotosu var. İkinci Dünya müharibəsi günlərində Hitlerin dəvəti ilə Türkiyədən Almaniyaya getmiş hərbi nümayəndə heyətinin rəhbəri olaraq Berlindədir.

Ortada Cəmil Cahiddir, sağ tərəfində Adolf Hitler. Sol tərəfində addımlayan isə alman ordusunun komandanı, feldmarşal Vilhelm Keyteldir. Çay süfrəsinin arxasında uzun bir söhbət ediblər. Söhbətin stenoqramı da qalır. Hitler alman tərəfinin təşəbbüsü ilə cəbhə bölgələrini gəzən Cəmil Cahiddən alman ordusunun müharibədəki durumu barədə fikirlərini öyrənir… İstanbulla maraqlanır. Hətta kədərli olduğu hiss olunur. 1943-cü ildə Cəmil Cahid Ankaraya belə bir qənaətlə qayıdıb: “Hitler Türk ordusundan qorxur, məyusdur və müharibədə məğlub olacağı qaçılmazdır. Türkiyə bu adamdan uzaq durmalıdır”.

Bu, həmin Cəmil Cahid Toydəmirdir. 1918-ci ildə Azərbaycan bayrağını Şuşa qalasında dalğalandıran, ilk Şuşa fatehi miralay Cəmil Cahid. İkinci Dünya müharibəsində Türkiyənin Almaniya tərəfindən müharibəyə qatılmasını əngəlləyən və hətta Hitlerin də ram edə bilmədiyi türk ordusunun orgeneralı…

Pin It on Pinterest