GenelGüncelKültür Sanat

SİYAH VE BEYAZ

Nazım Ahmetli – Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Səma Muğanna

             Azərbaycan yazıçılar Birliyinin üzvü

                 Siyah və Bəyaz

   Hava soyuq deyildi,ancaq mən üşüyürdüm.Niyə? Bəlkə çiynimə aldığım yüklər məni taqətdən salmışdı? Mən niyə üşüyürdüm,Tanrım?

   Tanrıma səsləndiyim zaman kiminsə çiynimə palto atdığını hiss etdim.Arxama dönüb baxdıqda heç kəsi görmədim.Tək məktub vardı.Məktubu açıb oxumaq istədikdə üzərində yazılan yazını görüb dayandım,sanki mən deyil,əllərim bu məktubu açmağa izn vermədi:

– Yar deyə qollarına alma kimsəni.Ruhun qürbətdədir,səninlə deyil,ondan çox üşüyürsən.Yarına qovuşduqda bu məktubu açıb oxuyarsan”

   Kim yaza bilərdi axı?Mən arxama dönüb baxmadıqda 1,2 dəqiqə öncə nə baş vermişdi? Yoxsa sirrlərimi bilən başqa biri yenə vardı?

    Həmişə qaçıb gizlənərdim bu uçurumun təpəsində.Axı burada heç kəs olmazdı.Lap əvvəllər bu uçuruma neçə-neçə insan tövbə etmişdi ki,yaxınlaşmayacaqlar.Səbəbi isə çox dərindir.Sən də dərdimə çarə olmayacaqsan,ancaq dinləmək istəyirsənsə,yaxın əyləş…

   Bu qürbət ellərdə Siyah və Bəyaz adlı iki dəli-dolu gənc varmış.Onlar bir-birini sevməzmiş,bir-birinin dəlisiymiş.Bunun adı sevgi deyil,sevdaymış! Bu dəli-dolu iki gənc heç vaxt bir-birlərinin gözlərinə baxıb etiraf etməyiblər.Biz ta qədimdən görmüşük ki,oğlan etiraf edər,qız da ona cavab verər.Ya hə deyər,ya da yox.Beləliklə,sevgi də yarına qovuşar.Sual yaranır ki,bəs niyə bu gənclər bir-birlərini bu cür sevə-sevə ayrılıq yaşayıblar? Siyahın bir sözü vardı: “Mən vücudumda Bəyazın sevdasını daşıyıram.Əcəl gəlsə belə,bizi ayıra bilməz.Bizim bir-birimizə etiraf etməyimizə ehtiyac yoxdu.Biz elə bir canda bütövük!”- deyərmiş.

   Günlərin bir günü Bəyaz bu uçuruma gəldi.Siyahı da çağırıb onunla danışacağını söylədi.Bəyazın ağır xəstəliyi vardı.Nə xəstəliyi olduğunu heç kəs bilməzdi.Bəyaz düşünürdü ki,Siyah da bilməz,hətta bilməsin.Bu vicdan əzabını ona yaşatmasın.Onların görüşdüyü yer bu uçurumun kənarı imiş.İlk dəfə bu uçurumun kənarında yelləncəkdə sallanarkən Bəyazı görübmüş Siyah.Onlar gözlərinə baxdıqca qəlbinin döyüntülərini hiss edib bir-birləri ilə elə danışıblar.

   O gün isə tam fərqli idi.Bu gün Bəyaz intihar edəcəkdi,həm də Siyahın qollarında! Bəs bu necə ola bilər? Bəyaz Siyahı bu uçurumun kənarına çağırıb ondan bu yelləncəkdə əyləşməsini rica edib.Siyah isə “Bəyaz,bu yelləncək sənin haqqındır,həm də sən əyləş,mən səni göylərə uçurum”-demiş.Bəyaz da cavabında: -“Mən zatən göylərə uçacam bir azdan” ürəyindən pıçıldamış,ancaq Siyah bunu duymamışdı.Bəyaz Siyaha sarılıb ondan xahiş edib ki,ona bir layla söyləsin.Gəlin bir az da onların dillərindən dinləyək:

-Siyah,mənə bir layla söyləsən..

-Söyləyim,gülüm,ancaq niyə məhz layla?

-Uşaqkən anamın başımın ucunda olan laylasına həsrətəm.Mənə yetişməyən baharım o gün anama məzar daşını verdi.Mən heç vaxt anamın səsini duymadım.Söyləsən?

-Söylərəm,gülüm,təki sən istə…

   Sizi bir az yaxın keçmişə səyahət etdirdim.Siyah Bəyazın saçlarına sığal çəkərkən laylanı deyərmiş.Bəyazın gözlərindən uzun illər göz yaşı axmazmış.Məhz o gün göz yaşları Siyahın dizlərinə axdıqdan sonra Tanrının hüzuruna qovuşubmuş.İlk başlarda Siyah anlamayıb.Elə bilib ki,Bəyaz yuxudadır.Daha sonra əllərinin,ayaqlarının buz kəsildiyini görüb.Bu anda nə edə bilər? Saatlarla onun saçlarına sığal çəkib.Hər sığal çəkdikcə soyumuş cəsədin simasına Siyahın qaranlıq göz yaşları axıdılıbmış.Son göz yaşı töküldükdə söyləyir ki, “Mən siyaham,sevgilimi də öz qaranlığımla kirlədə bilmərəm!”-deyib uçurumdan atlayıb.

  Bu ömürü çalan əzrailmidir,yoxsa Tanrıdır? Niyə Siyah və Bəyaz bir-birinə qovuşa bilməyib?

   O gündən bu uçuruma gələn insanlar tövbə ediblər ki,bir daha gəlməyəcəklər,hətta bu uçurum haqqında deyərdilər ki, “bu uçurumda ölən sevdalıların ürəyi itib-batıb! Bizə haramdır yaxınlaşmaq!” Ancaq mən tövbəmi pozub yenə gəldim.Nə olacaqsa olsun artıq!-deyib gəldim!

   Çox üşüyürəm,Tanrım! Çiyinlərimdə olan palto belə məni isitmir.İndi yanımda yanğın başlasa da,yenə üşüyərəm.Niyə qaranlıq bu qədər tənhadır,Tanrım? Niyə payızda yarpaqlar ağaclardan qaçır? Niyə hər dəfə qar yağarkən insanlar isti çayını ovuclarının arasına alıb isinməyə çalışır? Başqası bu söylədiklərimi eşitsə,sən naşükürsən söyləyər bəlkə.Bəlkə yox,həqiqətən də elə söyləyər! Bəlkə sən də elə düşünürsən.Bilmirəm…Bax,hər cümlənin başında bir “bəlkə” var! İnsanlar o qədər alışıb ki, “bəlkələrlə”  və “kaşkilərlə”  yaşamağa.Ancaq mən alışa bilmirəm! Mən xoşbəxtliyimi nə itirdim,nə də tapa bilirəm…

  Diz çöküb qəlbimi dinləyərək dərindən hönkürtü çəkdim.Bir insan divardan yapışıb barmaqlarıyla qan çıxana qədər özünə əzab verər elə deyilmi? Baxın,mənim barmaqlarım indi ağrını belə hiss etmir! Həqiqətən də ağrı nədir? Göz yaşı nədir? Sənə söyləyirəm,Tanrım,Siyah və Bəyazın göz yaşlarının yanında mənim göz yaşlarım nədir axı?

   Bilirsinizmi insan nə zaman ağlayar? Mən söyləyim.Bu sualın cavabı nə tərk edilmək,nə ağrı hiss etmək,nə də acı yaşamaqdır.İnsan çarəsiz qaldıqda ağlayarmış.Bəyaz əzrailin gəldiyini hiss etmişdi.O çox çarəsizdi.Bəli,çarəsiz! Ondan da göz yaşları axırdı.Mən də qaranlıq taleyimdə boğulub,hətta itib-batmaqdan ağlayıram! Mən nə qədər də bu kainatda var olsam da,tənhayam! Mən yaşayarkən əzrailə təsliməm! Ağacdan düşən yarpaqtək çarəsizəm..Çarəsiz…

-Sən çarəsiz deyilsən,gülüm!

   Bu kim idi? Göz yaşlarımı əllərimlə silməyə çalışdıqda kiminsə arxadan qaça-qaçla gəlib əllərimdən tutduğunu hiss etdim.

-Siz kimsiniz?

-Aç məktubu.

-Nə? Məktub?

-Artıq zamanı gəlib.Aç məktubu! Sən də Bəyazın Siyaha etdiyi zülmü mənə etmə!

-Sən? Sən kimsən?

   Dedikdən sonra dönüb arxama baxdıqda təəccüləndim.O an dilim lal oldu.İllər sonra yenə qarşı-qarşıya idik.Bu vaxt,deyəsən,Tanrım tamaşa edirdi.O Siyah idi.Necə yəni? Siyah ölməmişdi? Bəs? Bəs mən?

-Üşüyən çiyinlərini paltoyla örtən mən idim,Bəyaz.Sən ölməmisən.Sən yenə mənimləsən!

-Necə? Bu necə ola bilər,Siyah? Axı..Axı mən..

-Tanrım bizi ayırmadı! Mən bilirdim! Bilirdim ki,sən bu uçurumun kənarına yenə gələcəksən!

   Bəli,bu dəfə zaman deyil,Tanrı bizə bir oyun oynamışdı.Əslində,oyun deyildi.Tanrı bizi imtahana çəkmişdi..Tanrının göy üzündə göründüyünü görüb ikimiz də gülümsəyib:

-Bəli,əzizim,Bəyaz.Mən Siyahın sənə etiraf etməyini gözləyirdim.Siz iki sevdalını ayrı-ayrı şəhərlərə salmadım,çünki sevgi elə bir varlıq ki,onu yalnız iki bir-birini sevən insan öldürə bilər…İndi cavabın nədir,qızım? Siyaha hə,yoxsa yox deyirsən?

   Siyahın gözlərinin dərinliyində sevdasının vüsala çatan həsrətli,yanğılı baxışları gördüm.Bu sevda bütün vücuduna hopmuşdu.

-Əlbəttə ki,hə!

   Siyah qəfildən mənə sarılıb hönkürtü çəkdi və saçlarıma həmişə olduğu kimi sığal çəkərək dedi:

-O zaman sən qollarımda kabus yaşayırdın,ondan göz yaşlarım qaranlığa bürünmüşdü.Mənim qaranlığımın yanan çırağı sənsən,gülüm!

    Bir-birimizə sarılıb hönkürtü çəkdik.Elə bir hönkürtü çəkdik ki,insanlar bu hayqırtının ətrafına toplaşdı.Bəli.Bu uçurum “ölü sevdalıların məskəni” deyil, “sevdanın vüsal qoxan həsrət” məskəni oldu…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest