Xuraman Hüseyn – Şeirler
Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Xuraman Hüseyn
Həsrət yağışı
Sevmək belə asanmı? Necə ayrıldın məndən?
Qaldı göz yaddaşımda sənin o lal baxışın.
Sevgini soruşummu indi çöldən, çəməndən,
Yanan qəlbə su səpir yenə həsrət yağışı.
***
Tənhalığın önündə boynum yenə büküldü,
Əzaba, iztiraba yenə də möhtac oldum.
Sevinən ürəyimdən sevinc göyə çəkildi,
Susuz qalan çiçəktək artıq saraldım, soldum.
***
Həsrət yağışı döyür pəncərəmi bu axşam,
Ayrılıq əzabını saf sevgiyə bağışla.
Selə dönür göz yaşım, yenə sənsiz qalmışam,
Mənim də gözlərimin payı var bu yağışda.
Sevgi çiçəyi
Yenə günəş sönür, hava qaralır,
Ulduzlar duz kimi səpilir göyə.
Günəşin yerini yenə ay alır,
Həyat qara günü görməsin deyə.
***
Ana təbiət də gedir yuxuya,
Yumulur sarmaşıq göz qapağıtək.
Həyat möhtac olur ulduza, aya,
Könül nur içində yaşasın gərək.
***
Qonur ürəklərə eşq kəpənəyi,
Heç vaxt görünməsin həsrətin yeri.
Açsın könüllərdə sevgi çiçəyi,
Ətri bihuş etsin daş ürəkləri.
Təsəlli
“Gedənin arxasınca danışmazlar”,-deyiblər,
Danışıram özümlə. Soruşuram: ”Bilmədin,
niyə tərk etdi səni? İllərin getdi hədər”.
Demə: “Elə ağladın, gülənlə də gülmədin.”
***
Ağladım e, nə olsun, qədrimi kim bildi ki?
Gedən qayıtmaz oldu, gələn yolunu azdı.
Elə bildim gələcək, hara gəlir, gəldi ki?
Qismətimə fələklər belə bir yazı yazdı.
***
İnan, elə yoruldum, getsin yolun soluyla,
Bəlkə səndən ayrılıb arzuya, kama çatdı.
Daha sil göz yaşını, qoy getsin, öz yoluyla,
Yenə üzmə qəlbimi, bir də gördün, qayıtdı.
Sevgi diyarım
Sənin sevgin yolunda mən canımdan da keçərəm,
Sənsən mənim ümid yerim, sənsən arzum, diləyim.
Sevgi yolu yormaz məni,ürəyinə köçərəm,
Sənsən mənim görən gözüm, sənsən duyan ürəyim.
***
Yaxşı ki, var gözəl həyat, yaxşı ki, sən də varsan,
Sənsən mənim sevən qəlbim, həm ruhum, həm nəfəsim.
Yaxşı ki, tanıdım səni, yaxşı ki, mənə yarsan,
Sənə sevgimdən danışsam tükənərmi həvəsim?
***
Kaş ki, göylər duya məni, səsim yetə Tanrıya,
Ey mənim qəlbimə hakim, həm həyatım, həm yarım.
Sənə sevgimdən danışım mən də günəşə. aya,
Sənsən mənim həyat eşqim, mənim sevgi diyarım.
Sabahım
Çək əlini əllərimdən get daha,
Əllərimi mən də çəkim əlindən.
Ümid etmə açılmayan sabaha,
Sonra da nə mən ağlayım, nə də sən…
***
Hər sabahım bir gecədə boğulur,
Hər tərəfi yara yeri, qan yeri.
Günəşi də qan içində doğulur
Yarasından boy göstərir dan yeri.
***
Yenə günüm göy əskiyə bükülür,
Şimşək mənim ürəyimdə çaxacaq.
Gözlərimdən sevinc göyə çəkilir,
Yaralansam, göydən duz da yağacaq.
***
Ölü doğub sabahımı göy üzü
Tanrı “qara kağız”a da bəxt yazır.
Qara geyib yas saxlayır göy özü,
Yeriyirəm, yeridiyim yol azır…
Şahin kimi
Vaxt
öz axarı ilə getmir ki…
Arzularımızı, ümidlərimizi
gerçəyə çevirmək,
sevinmək üçün
bizə imkan vermir.
Yavaş-yavaş keçmir vaxt,
şahin kimi uça-uça uzaqlaşır.
Uçan vaxtın qanadlarında
qonaq gələcəm ömrünə…
Günəşin dostu
Təbiətin
gecəyə möhtac olduğu vaxt
ulduzlar gecənin təmkini ilə
baş-başa qalan kimi
sükutla
baş-başa idim,
darıxırdım,
fikirlər yorurdu məni.
Uşağın yuxusunu gətirən nağıl kimi
düşdün yadıma.
Ulduzlar göylərdə
bizdən danışırdı.
Ay da qoşulurdu
onların söhbətinə.
Günəşlə
əbədi ayrılığın
qəm, qüssəsindən
söz açırdılar.
Lal sükut
bürümüşdü hər yeri…
Böcəklər gecənin mənzərəsinə
nəğmə oxuyurdular.
Ayrılıb qəmdən, kədərdən
sənə mesaj yazdım:
“Gecən xeyir, gecənin dostu.”
Nələr düşünürdün o xeyirli
zülmətdə,
aylı, ulduzlu gecədə?
İşıqlı sabah
yol gəlirdi,
ilmə-ilmə söküləcəkdi
təbiətin zülmət donu.
Yuxulu gözləri açılacaqdı,
günəş gözü gülümsəyəcəkdi.
Yenə
dünya kimi
ölməz dostun gələcəkdi,
gecənin dostu.
Sonra
sevib, seviləcək,
günəşin
dostu olacaqdın,
xoşbəxt günəşin…
Ana həyat
Qaranquş
dimdiyində yem gətirən kimi
günləri gətirir bizə həyat.
O yemdən hansı bala yeyəcək,
hansı yeməyəcək,
bilən yox.
Ac qoymayacaq qaranquş
balalarını.
Həyatın günlərindən
kimə xoşu, kimə bədi qismət olacaq,
onu da bilən yox.
Əsas günəşin doğması,
ayın çıxmasıdır.
Əsas həyatdır,
ana həyat…
Xəyanət
Kədərin
yorğun yolçusuna çevrildin.
Günün qaraldıqca
saçın ağardı.
Qara gün tərk etməəsə də səni
qara saçlar tərk etdi.
Üzündə qırışlar,
həsrətin yollarında
ayaqların iz açdı,
tənha qadın.
O izlərə
sevən bir ürəyin
sevgisinə layiq olmayan
xain ərin
xəyanəti səbəb oldu.
Sevgi sənə Leyli nənədən
mənəvi miras qalmışdı.
Sən o mirasa layiq oldun.
Ərin isə Məcnun babanın
sevgi mirasına
ləyaqətlə sahib çıxmadı.
Ruhunu incitdi
sevginin ədəbi və əbədi simvolu
Məcnunun.
Xəyanətə tuş gələn qadın,
baxma bu həyata,
görmə xainləri və onların xəyanətini.
Yum gözlərini, tənha qadın!
Gördün axı, gördün!
Onu da, onun xəyanətini də
unutmaq bəlkə də
çətin olacaq.
Söylə, həyat, söylə,
sevgi kimi gözəl hissi
belə xainlərin xəyanətinə
qurban verməyə dəyərmi?
***
Dünyanın yol ayrıcındayam,
Bütün yollar ürəyinə aparır…
Hara gedim?

