XOCALININ QİSASI – Mina Rəşid

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Mina Rəşid

XOCALININ QİSASI

Çoxdandı atam evə gəlmirdi, o cəbhədə, döyüşdə idi. O gün qarlı-çovğunlu
bir gündü. Anam axşama əriştə bişirmişdi. Elə yenicə yeməyə başlamışdıq ki,
həyətdən qonşuların səs-küyü eşidildi. Anam cəld qapıya çıxdı və tez geri qayıtdı.
-Tez olun, durun, indi çıxmalıyıq…
Əriştə çox dadlıydı, boşqabdan gözümüzü çəkə bimirdik. Anam tez bir boğça
düzəltdi. Bizi geyindirdi və qaçıb adamlara qoşulduq.
-Tez olun, tez…, deyə yaşlı bir kişi bizi tələsdirirdi.
-Ermənilər rusun qoltuğunda gəlir, tez meşəyə qaçın!
Hamı özünü meşəyə atdı, anam balaca bacımı kürəyinə şəlləmişdi. Bir
yandan qorxu, bir yandan da şaxta, qar nəfəsimizi kəsirdi. Beləcə bir xeyli qaçdıq.
Birdən güllə yağış kimi yağmağa başladı. Adamların çoxuna güllə dəydi. Bacım
Nərmin də qolundan yaralandı. Biz ölənlərin arasında gizləndik. Anam Sevincin
ağzını tutmuşdu ki, səs salmasın. Deyəsən, bizi ölmüş bildilər. Ermənilər çıxıb
getdilər. Bir xeyli bu vəziyyətdə qaldıq, sonra sürünə-sürünə getməyə başladıq.
Anam köynəyinin qolunu cırıb bacımın yarasını sarıdı. Bacımın qolu tamam qan
içində idi. Cəmi on-on beş nəfər qalmışdıq. Bizimlə gələn qonşularımızdan
kiminin nənəsi, anası, balası gözləri önündə can verdiyindən özlərinə gələ
bilmirdilər. Amma qaçmağa məcbur idik. Meşədə çox qanlı səhnələrlə rastlaşdıq.
Parçalanmış meyitlər, ağacdan asılmış qadın, kişi cəsədləri, gözləri tökülmüş,
eybəcər hala salınmış uşaqlar, qanlı oyuncaqlar, qıpqırmızı qar… Anam bizə mane
olsa da, görürdüm hər şeyi və düşmənə nifrətim böyüyürdü…
Biz nə olursa-olsun qaçmalı idik. Artıq səhər açılmaq üzrəydi, daha taqətimiz
qalmamışdı. Əl-ayağımız şaxtadan keyimiş, güclə, sürünə-sürünə gedirdik. Birdən
üzümüzə işıq düşdü. Əvvəlcə qorxduq, sonra – “Can, can, yazıq körpələr!”, – deyə,
əmilər gəlib bizi qucağına alıb maşına mindirdilər. Ağdama, evlərinə gətirdilər.
Gözlərimi açanda özümü isti bir evdə, qayğıkeş adamların arasında gördüm.
Əlim-ayağım hələ də, göynəyirdi. Nərmini xəstəxanaya aparmışdılar. Günelin
qorxudan dili tutulmuşdu, anam bir gecədə elə bil on il qocalmışdı…

-Kapitan, nə düşünürsən belə?
Komandirimin səsi məni acı xatirələrdən ayırdı.
-Bağışlayın, komandir, düşünürəm bu alçaqların kökünü Qarabağdan kəsmək
lazımdı. Şəhidlərimizin qanı tökülən, körpələrimizə zülm edilən bu müqəddəs
torpaq o murdarlara yaraşmır. Onlara dağ çəkməyi, ömürlük dərs verməyi
düşünürəm. Xocalının intiqamını almaq ən böyük arzumdu…
Uşaq vaxtı öyrəndiyi və hər il Xocalının işğal günündə məktəbdə ürəkdən
səsləndirdiyi

Xocalıyam, dağam mən,
Ürəyi dağ-dağam mən.
Gərək düşmən üstünə
İldırımtək çaxam mən!

Deyə, bu bayatını indi döyüşə hazırlaşdığı bir vaxtda komandirinə söylədi:
-Sən, lap şairsənmiş ki… Heç darıxma, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı
kimi sənin doğulduğun Xocalını və bütün torpaqlarımızı o nankorlardan tezliklə
geri alacağıq. Onları, yurdumuzdan, Ali Baş Komandanımız demiş, iti qovan kimi
qovacağıq.
İbrahim əsl snayperçi idi, yoldaşları deyirdi ki, o quşu gözündən vurur. Elə
o qarlı gecədə Xocalıdan min bir zülmlə çıxandan sonra gələcəkdə hərbçi olmağı
düşünmüşdü. Anası, müəllimləri onu istedadlı bir şagird kimi tanıyırdı, ədəbiyyatı,
incəsənəti çox sevirdi. Amma onun atasını düşmən öldürmüşdü, bacısını
yaralamışdı, Xocalıda işgəncə ilə öldürülən körpələrin qisasını almalı idi. O kişi
kimi vuruşacaqdı, Xocalı əsirlikdə ola-ola onun ayrı sənətlə nə işi ola bilərdi ki…
“Qoy bacılarım müəllim, həkim olsun, amma mən hərbçi olmalıyam, başqa yolum
yoxdu”, – demişdi…
Döyüş zamanı snayperlər çox iş görürlər. Qarabağın da relyefi elədir ki,
burada snayperlər olduqca vacibdir. İbrahim də snayperçi kimi dəfələrlə düşmənin
ocağını məhv eləmişdi…

İbrahimin atası da hərbçi olmuşdu. Birinci Qarabağ Savaşında
qəhrəmanlıqla şəhid olmuş atası onun ilk müəllimiydi. Atası onu elə beş yaşından
idman kurslarına aparmış, uşaqlıqdan silahla davranmağı, güllə atmağı öyrətmişdi.

  • “Mən cəbhədəyəm, sən indi evin kişisi hesab olunursan, ananı, bacılarını
    qorumalısan”, demişdi…
    O vaxtdan otuz ilə yaxın vaxt keçib. O vaxtdan bu günədək İbrahim hər gün
    Xocalıdan Ağdama qanlı qarın içində necə gəlib çıxdığımız gecəni düşünür, bax
    bu qisas günlərini gözləyirdi…

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest