Xasay Cahangirov haqqında

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Xasay  Cahangirov haqqında

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü mərhum şair-jurnalist Xasay Məmmədqulu oğlu Cahangirov Azərbaycanın Qubadlı bölgəsinin Məzrə kəndində 21 mart 1930-cu ildə doğulmuşdur.Ağdam Kənd Təsərrüfatı kollecini və Bakı Dövlət Universitetinin  jurnalistika fakültəsini bitirmişdir.

2017-ci ildə haqın rəhmətinə qovuşmuşdur.

       1957-ci ildə Sumqayıt şəhərinə köçmüş, bircə məqaləsi ilə “Sosialist Sumqayıtı”- indiki “Sumqayıt” qəzetinə şöbə müdiri vəzifəsinə qəbul edilmiş, 33 il bu vəzifədə peşəkar  və vicdanlı bir jurnalist kimi çalışmışdır.

        Eyni zamanda 1958-ci ildə “Sumqayıtdan gələn səslər” Ədəbi Birliyini yaratmış və 30 ildən yuxarı həmin birliyin sədri olmuşdur. Sumqayıtda ədəbi və jurnalistika mühitinin formalaşmasında müstəsna xidmət göstərmişdir.

        “Bu bahar idi”, “Çıraq”, “Şəlalə nəğməsi”, “Arzu karvanı”, “Seçilmiş əsərlərinin  1,2,3-cü cildlikləri nəşr edilmişdir.

Əsərlərində Vətən, Qarabağ, Zəngəzur mövzuları ana xətt kimi keçir.”Sumqayıt”, “Yetim İbrahimlə Gülənbərin dastanı”, “Sehirli xalça” əsərləri , hekayələri, mənzum nağılları, poemaları, mənzum oçerkləri, satirik şeirləri, təcnisləri, qoşmaları, bayatı və gəraylıları  özünəməxsusluğu və təkrarsızlığı ilə oxucuların diqqət və marağının cəlb etməkdədir.

         Azərbaycan Yazıçılar Birliyinin Qubadlı Regional bölməsinin tərkibində Xasay Cahangirov adına Ədəbi Məclis yaradılmış və şairin həyat yoldaşı şair Solmaz Laçınlı  Cahangirova həmin məclisin rəhbəri təyin edilmişdir.

Xasay Cahangirov

AZ QALA

Can verirdi dünən ana dilimiz,

Ölməyinə az qalırdı az qala.

Öz dilindən dönməyəndə elimiz

Bükülməyən diz qalmırdı az qala.

               ***

Doğma dilim şəhərlərdə bayağı,

Ucqarlardır yalnız onun dayağı.

Üstümüzdə Oktyabr bayrağı,

Kökümüzdən iz qalmırdı az qala.

              ***

Dəyişməkçün bu millətin dölünü,

Kürən İblis işlədirdi felini.

Göndərirdi sarı-sarı gəlini,

Ərsiz qarı, qız qalmırdı az qala.

  ***

Ulu bir xalq əcnəbiyə dönürdü,

Əl çatmayan zirvəsindən enirdi.

Gur alışan tonqalları sönürdü,

Ocağında köz qalmırdı az qala.

            ***

Kütlər idi yad dilini banladan,

Bütlər idi üzümüzü danladan.

Kimliyimi təsdiq edən, anladan

Öz dilimdə söz qalmırdı az qala.

            ***

Ölüm hökmü verilmişdi dilimə,

Asırdılar, can vermirdi ölümə.

Hakim dilin gətirdiyi zülümə

Ağlamayan göz qalmırdı az qala.

             ***

Bıçaq gəlib lap sümüyə dayandı,

Haqq deyənlər al qanına boyandı.

Çoxdan yatan qeyrətimiz oyandı,

Əsarətdən toz qalmadı az qala.

            ***

Dövran döndü, gözəlləşdi güzaran,

O azadlıq bayrağımdır qızaran.

Xasay, dünən haqq deyəndə qızaran

Tüpürdüyüm üz qalmadı az qala.  2006.

      BƏXTİYAR

Xalq şairi Bəxtiyar Vahabzadə

Qarabağ müsibətindən

danışanda mavi ekranda ağladı.

***

Öz sözünü dövran yaman sərt dedi,

Bir ölkəyə yadlar iki yurd dedi.

Meşəmizi öz içindən qurd yedi,

Palıd sındı, çinar aşdı, Bəxtiyar.

               ***

Evimizdə seçilmədik qonaqdan,

Gileyliyik tale yazan bu baxtdan.

Ürəyində ağlayırdın nə vaxtdan,

Gözlərində bu nə yaşdır, Bəxtiyar?

            ***

 Gah İrandan, gah Turandan qovulan

Bu torpaqda doğru oldu, biz yalan.

Pozularmı alnımıza yazılan?

Tale bizə pis sataşdı, Bəxtiyar.

  ***

Damarımız hardan boşdur, tapdılar,

Xoş üz görüb üstümüzə çapdılar.

Haqqımızı əlimizdən qapdılar,

Gördülər ki, müftə aşdır, Bəxtiyar.

           ***

İlk yuvamız Qobustanmı, Azıxmı?

O tay, bu tay əlli milyon azıqmı?

Koroğlusu olan bir xalq azıbmı,

Öz kökündən uzaqlaşdı, Bəxtiyar?

             ***

Bildiyimiz bayatılar boyatdı,

Yatmağımız yatanları oyatdı.

Zirvəmizə boylananlar boy atdı,

Üstümüzdən dağlar aşdı, Bəxtiyar.

            ***

Yağılara qan uddurub əzəlim,

Ha çalışdım o kök üstdə düzəlim.

Öz ağzıma şillə çəkdi öz əlim,

Öz başıma oyun açdı, Bəxtiyar.

            ***

Kişiliyi hara atdıq, görəsən?

Ata-ata hara çatdıq, görəsən?

Nəyi aldıq, nəyi satdıq, görəsən?

Alverimiz daşhadaşdır, Bəxtiyar.

             ***

Öz içimiz çölümüzü yandırır,

Dirimizi, ölümüzü yandırır.

Nəyə vursaq, əlimizi yandırır,

 Bu nə dərddir, nə qarğışdır, Bəxtiyar?

              ***

Səhl-Sumbat hər pərdəyə bürünür,

Min illərdir, arxamızca sürünür.

O zamanla bu günümüz, görünür,

Bərabərdir, başabaşdır, Bəxtiyar.

 ***

Tamahının marığında yatanlar,

Aralığı qarışdırıb qatanlar,

Babək kimi oğulları satanlar

Məgər birdi, məgər beşdi, Bəxtiyar?

                  ***

Nə qədər ki aramızda kürən var,

Bəndimizə, bərəmizə girən var.

Ta qədimdən bu günəcən görən var,

Kim fit verdi, kim savaşdı, Bəxtiyar.

               ***

Yatanımız oyaqlardan az deyil,

Çaldığımız, vallah, hələ saz deyil.

Bu dünyanın heç yazı da yaz deyil,

Bizim üçün hələ qışdı, Bəxtiyar.

                     ***

Gözlərinin qəm selində islandım,

Qətrəsini Araz bildim, Kür sandım.

Mən Xasayam, sel qəzəbim, kür andım

Ürəyimdə aşıb-daşdı, Bəxtiyar,

Gözlərində bu nə yaaşdı, Bəxtiyar?

AĞLASIN

Nə ağlarsan, ölən xəstə,

Halına gülən ağlasın.

Dərdini de son nəfəsdə,

Dərdini bölən ağlasın.

          ***

Nə gözləyir sabah bizi,

Dünya etməz agah bizi.

Özü boyda sirdi özü,

Sirrini bilən ağlasın.

  ***

Bir qarın ac, bir qarın tox,

Dərd yaşadın ömürdən çox.

Ağlamalı günahın yox,

Günahı olan ağlasın.

   ***

Dünya cənnət, dünya tələ,

Yaşayırıq ölə-ölə.

Ölənlər var, sağdı hələ,

Sağ ikən ölən ağlasın.

             ***

Bu ağıllı, gic dünyadan,

Barındınmı heç dünyadan?

Gülə-gülə köç dünyadan,

Dünyaya gələn ağlasın.

ƏZRAYILIN ETİRAFI

Əzarayıla  dedilər:

Öldürüsən hamını,

Can almaqdan almısan

Bəs deyincə kamını.

          ***

Zağ-zağ əsir qorxudan

Adını eşidənlər.

Sənin qurbanlarındır

Bu dünyadan gedənlər.

          ***

Hələ yoxdur cahanda

Səndən qorxmayan insan.

Elə qüvvə varmı ki

Sən də ondan qorxasan?

             ***

Əzrayıl gülüb dedi:

–Yatmısınız qəflətdə,

Mənim də çəkindiyim,

Qorxduğum var, əlbəttə.

   ***

Etiraf eyləyim ki,

Əzəl başdan, binadan

Heç kəsdən qorxmasam da,

Qorxmuşam pullulardan.

***

Pullular məğlub edib

Ən qüdrətli şahları.

Hər vaxt bəraət alıb

Onların günahları.

         ***

Əgər baxsa pullular

Gözlərinin ucuyla,

Allah da dönər qula

Pullarının gücüylə.

         ***

Pulluları görəndə

Məni alır qəm, kədər.

Heç Allahdan qorxmuram

Onlardan qorxan qəədər.

           ***

Mən adam öldürmüşəm,

Adım günahkar qalıb.

Onlar adam öldürüb,

Günahkar ölən olub.

          ***

Dünyanın gərdişlinə

Mən ki belə baxıram,

Yaransam da ölümsüz,

Pullulardan qorxuram.

          ***

Baş verir hər vurhavur

Varlıların üzündən.

Allah özü də qorxur

Pulluların özündən.

     ***

İstəsələr, dünyanı

Üstümə güldürərlər,

Allaha rüşvət verib

Məni də öldürərlər.

DEYİRLƏR

Hərənin üzünə bir cürə gülür,

Odur ki, həyata minüz deyirlər.

Birinin vədəsiz qəddi bükülür,

Birinə həmişə qəmsiz deyirlər.

           ***

Ayağı yer tutan başa can atır,

Köhlən yerişini yeriyir qatır.

Əyrilər, oğrular şöhrətə çatır,

Doğruya dünyadan əl üz deyirlər.

           ***

Maymaqlar yuxudan çətin oyanır,

Yaltağın şöhrəti elə yayılır.

Adını güdənlər dayaz sayılır,

Qanını güdənə dəniz deyirlər.

        ***

Yamanlıq daşını atıb bir yana,

Bəzən yer verirsən başda nadana.

Haqqını, sayını almırlar sana,

Hələ üstəlik də yersiz deyirlər.

         ****

Comərd atdan düşür, namərd atlanır,

Oğrular qazanccıl oğlu adlanır.

Halal zəhmətinə kim ki qatlanır,

Ona dodaq büzüb fərsiz deyirlər.

***

Bizi azdırmasın bu qeyli-qallar,

Ötəri olubdur çox belə hallar.

Qanun azğınları at kimi nallar,  

Haqqın yollarını dümdüz deyirlər.

            ***

Hünərdir insana ən böyük sirdaş,

Çalış, hünərinlə zirvələr dolaş.

Qarın doldurmağa nə var, a qardaş,

Qarnını güdənə öküz deyirlər.

  ***

Bizdən bu dünyaya yaxşılıq qalar,

Yaxşını yaxşılar yadına salar.

Zülmət gecələri taxtından salar

Bayrağı günəşli gündüz deyirlər.

         ***

Xasay, ömür keçib, yaşa dolmusan,

Dünyada bir şeyə çox şad olmusan,

Yaxşı ki tamahdan kasad olomusan,

Odur ki, adına təmiz deyirlər.

BU GECƏ SƏN HARDAN YUXUMA GƏLDİN

Ümidi üzülüb qırılan eşqim

Taleyin hökmünə boyun əyirdi.

Arxanca sürünüb yorulan eşqim

Təzəcə-təzəcə mürgüləyirdi,

Bu gecə sən hardan yuxuma gəldin?

          *** 

Yenə alovlandı dəli nistəyim,

Sönmüş xatirələr közərdi bir-bir.

Quş kimi çırpındı təşnə ürəyim,

Qaçdı gözlərimi ovudan çimir,

Bu gecə sən hardan yuxuma gəldin?

   ***

Əhdinə, andına arxa çevirib,

Aciz qul etmişdin qula özünü.

Zirvədən bir alçaq təpəyə enib,

Yuxu duman kimi tutub gözünü,

Bu gecə sən hardan yuxuma gəldin?

  ***

İtkin xatirələr ayaz ömrümə

Düşdü şaxta kimi, yağdı qar kimi.

Yaz təki gəlmişdin payız ömrümə,

Getdin taleyimdən son bahar kimi,

Bu gecə sən hardan yuxuma gəldin?

  ***

Həsrətin göyərib nə vaxtdan bəri,

Gözümdə, könlümdə qol-qanad açıb.

Yığıb qabağına xatirələri,

Gözümdən yayınıb, könlümdən qaçıb,

Bu gecə sən hardan yuxuma gəldin?

  ***

Soyuq baxışların donub üzümdə,

Eh, nəyim qalıbdır daha sevməli?!

Əllərim əlində, gözün gözümdə,

Sən ki itirmisən məni, ay dəli,

Bu gecə sən hardan yuzuma gəldin?

  ***

Öyüdün qəlbimin indi əzabı,

Ziyası ömrümə saçılmaz daha.

Taleyin əlilə bağlanan qapı

Vüsalın əliylə açılmaz daha,

Bu gecə sən hardan yuxuma gəldin?

QƏBİR YAMAN BAHADIR

Həyat ömür şahmatı,

Haqq haqsıza uduzdu.

Yaşamaq od qiyməti,

Ölüm yaman ucuzdu.

Ölən ölmək istəmir,

Qəbir yaman bahadır.

 ***

Acıdım bir alimə,

Dərdi yaşamaq dərdi.

Yarış olsa ölümə,

Hamıdan tez gedərdi,

Gedə bilmir, neyləsin,

Qəbir yaman bahadır.

       ***

Şair gördüm, dərdi nə?

Elə yazır ölümdən.

Bu dünyanın dərdinə

Əlac gəlmir əlindən,

Ucuz ölüm axtarır,

Qəbir yaman bahadpır.

       ***

Daşa dəyib qisməti

Öz ağlının ucundan.

Ləkələnib isməti,

Özün asıb saçından

Bir qız ölmək istəyir,

Qəbir yaman bahadır.

        ***

Haqsız ölüm gəzənlər

Haqqı boğur aləmdə.

Bu dünyadan bezənlər

Əlac gəzir ölümdə.

Ölüm ömürdən ucuz,

Qəbir yaman bahadır.

        ***

Yaxşı bilir bilənlər,

Bizdən əvvəl ölənlər

Sakit-sakit yatırlar.

İndi ölmək çətindir,

Bir qəbirlik daşı da,

Torpağı da satırlar,

Qəbir yaman bahadır.

  ***

Tükənirəm büsbütün,

Üfürsələr, keçərəm.

Haqqa qovuşmaq üçün

Haqq dünyaya köçərəm.

Necə köçüm, ay Allah,

Qəbir yaman bahadır.

DƏYMƏZ BU DÜNYADAN GİLEYLƏNMƏYƏ

Yaxşının yolunu saxlaya bilmir,

Yamanın yolunu bağlaya bilmir,

Özü öz halına ağlaya bilmir,

Dəyməz bu dünyadan gileylənməyə.

         ***

Yurdunu talayır yurd vətəndaşı,

Qanına bələyir qardaş qardaşı.

Qəflət yuxusundan ayılmır başı,

Dəyməz bu dünyadan gileylənməyə.

         ***

Hələ də bəşərin dərdi azalmır,

Şərin namərdliyi mərdə azalmır,

Dərdlinin dərdini vecinə almır,

Dəyməz bu dünyadan gileylənməyə.

          ***

Comərd şərdən qaçır, namərd sözündən,

Yaxşılar pis olur yaman üzündən.

Baş aça bilmirsə özü özündən,

Dəyməz bu dünyadan gileylənməyə.

 ***

Ayaqda sürünən başa çıxırsa,

Başda oturanlar rüşvət yığırsa,

Kənarda dayanıb sakit baxırsa,

Dəyməz bu dünyadan gileylənməyə.

   ***

Anlamır ağlının boyatlığını,

Şərin, yamanlığın boy atdığını.

 Üstünə qaldırır yaratdığını,

Dəyməz bu dünyadan gileylənməyə.

  ***

Gələnin üstünə kölgə salandı,

Gedənin dalınca zurna çalandı.

Yoxdan yaranıbsa, yoxdu, yalandı,

Dəyməz bu dünyadan gileylənməyə.

 ***

Dəllal bazarında hey satasatdı,

Alınan eşşəkdi, satılan atdı.

Aslan yatağında tülkülər yatdı,

Dəyməz bu dünyadan gileylənməyə.

 ***

Bəzən şər xeyirlə qolboyun olur,

Bəşər taleyindən arxayın olur.

Özü həm canavar, həm qoyun olur,

Dəyməz bu dünyadan gileylənməyə.

 ***

Çaqqalı qaldırır şirin üstünə,

Min bəla göndərir Yerin üstünə,

Yeriyə bilmirsə şərin üstünə,

Dəyməz bu dünyadan gileylənməyə.

 ***

Sağ ikən bilinmir qədrimiz bizim,

Öləndə şöhrətdi qəbrimiz bizim.

Bu dünya əzəldən cəbrimiz bizim,

Dəyməz bu dünyadan gileylənməyə.

  ***

Xasay, bir buxovdu, tələdi dünya,

Ağadı, nökərdi, kölədi dünya.

Gedibdi, gedəcək belə də dünya,

Dəyməz bu dünyadan gileylənməyə.

NAHAQ GƏLMİSƏN

Üzdə yaxın idin, qəlbdə gen oldun,

Axtarıb tapmadım könlümdə səni.

Pulsuz balıq kimi sürüşkən oldun,

Saxlaya bilmədim əlimdə səni.

***

Çağırdım, hayladım, dönmədin geri,

Arxanca dünyanı saldım ayaqdan.

Könlüm unudulmuş dəyirman yeri,

Gələni, gedəni yoxdu o vaxtdan.

 ***

Deyirlər, bu yerə dönmüsən bir də,

Dönmüsən, de, kimi tovlamaq üçün?

Bəlkə, ov tapmayıb getdiyin yerdə,

Gəlmisən qəlbimi ovlamaq üçün.

  ***

Getdin, gedişinlə öldü sevgimiz,

Gəldin, gəlişinlə dirilməz daha.

Qəlbim tufanlarda çalxanan dəniz,

Elə bulanıb ki, durulmaz daha.

                ***

Sinəm əllərindən yaman dağlıdır,

Bu tərlan könlümün uçarı itib,

Döymə bu qapını, çoxdan bağlıdır,

Qıfılı paslanıb, açarı itib.

            ***

Bu qapı açılmaz üzünə, yəqin,

Açılsa, açılar dərdin üzünə.

Qara bir örtüyə bənzədi eşqin,

Ölən istəyimin sərdin üzünə.

  ***

Nahaq bu yerlərə gəlib gümanın,

Ölən ki dirilmir, boşalan dolmur.

Kəsmə qapısını bu qəbristanın,

Bağlı məzarların qapısı olmur.

GOR OL MƏNƏ

Dünyaya düz baxammadım,

Düşmənimi yıxammadım.

Qabağına çıxammadım,

A qeyrətim, ar ol mənə.

  ***

Qəm qəlbimdə daşım-daşım,

Əyilibdir dərdə başım.

Bu günümdə, a qardaşım,

Ay soydaşım, kor ol mənə.

  ***

Çox sınadın, həyat, məni,

Buraxmadın rahat məni.

Yaşadırsan, yaşat məni, Yaşatmırsan, gor ol mənə.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest