Genel

Tarixçi alim: Dövlət müstəqilliyimizi əbədi yaşatmalıyıq


“Bu gün fəxr və qürur hissi ilə deyə bilərik ki, müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisidir. AXC Hökuməti 1918-ci il mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərib. 1919-cu ilin sonu və 1920-ci ilin əvvəllərində Azərbaycanda vəziyyətin çox gərgin olması, sovet müdaxiləsinin olma təhlükəsi, ictimai qüvvələrin, siyasi partiyaların qütbləşməsi, Azərbaycanın inkişaf istiqamətində baxış və mövqelərin barışmazlığı, iqtisadi və maliyyə böhranının yaranması, parlament və hökumətdə parçalanmanın, mövcud dövlət quruluşunu devirmək istəyən qrupların meydana gəlməsi, regional güclərin hərbi-siyasi və geostrateji planlarında Azərbaycanı işğal etmək planlarının mövcudluğu, hətta onun adının “Azərbaycan” olmasını belə qısqanclıqla qarşılayanların olması kimi səbəblər AXC-nin süqutuna gətirib çıxardı. Moskva siyasətində Bakını Qafqazın inqilabi, Yaxın Şərqin siyasi mərkəzi hesab ediridi. Lenin isə deyirdi: “Bakını almaq bizə olduqca və olduqca zəruridir. Bütün səyinizi buna verin”.

Bu sözləri “İki sahil”ə açıqlamasında AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı deyib

S.Talıblı bildirib ki, dövlətçilik tariximizdə ilk dəfə demokratik prinsiplər əsasında fəaliyyət göstərən müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yaranması son dərəcə mühüm hadisə idi: “Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti zaman etibarilə böyük bir dövrü əhatə etməsə də XX əsr Azərbaycan tarixində xüsusi rol oynayıb. Dövrün tələbi və milli mənafeyimiz naminə bərqərar olan respublika milli sərvətlərimiz üzərində ali hakimiyyət hüququ əldə etməklə xalqımızın beynəlxalq aləmdə tanınması yolunda da mühüm addımlar atdı. Məhəmmədəmin Rəsulzadə və onun məsləkdaşları qısa bir vaxtda yurdumuzun müstəqil bir ölkə kimi beynəlxalq aləmdə tanınmasına heç də asan yolla nail olmadılar, qarşıya son dərəcə ciddi maneələr çıxırdı. Bu maneələrin yaranmasında müstəmləkəçi dövlətlərlə yanaşı, xalqımıza düşmən kəsilmiş erməni daşnakları və onları dəstəkləyən qüvvələr də az rol oynamadılar.”

Alim qeyd edib ki, dövlət müstəqiliyimizin elan edilməsindən sonra Azərbaycan hökumətinin qarşısında duran mühüm vəzifələrdən biri də milli ordunun formalaşdırılması və bu ordunun respublikanın suverenliyini qorumağa qadir olan bir qüvvəyə çevrilməsi başlıca vəzifələrdən biri idi: “1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. AXC ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-dək ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Bu müddət ərzində üç polkdan ibarət iki piyada diviziyası, artilleriya diviziyası, xüsusi hissələrin daxil olduğu teleqraf, atlı, pulemyotçu dəstələri, tərkibində üç polk olan süvari diviziyası, hava dəstəsi, dəmiryol batalyonu təşkil edilməli idi. Oktyabrın 23-də Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul edildi, qərar noyabr ayının 7-də rəsmiləşdirildi və hərbi nazir vəzifəsi Fətəli xan Xoyskiyə həvalə edildi.

1918-ci ilin dekabr ayının 26-da Rusiya ordusunda xidmət etmiş artilleriya general-leytenantı Səməd bəy Mehmandarov hərbi nazir, həmin ayın 29-da general-leytenant Əliağa Şıxlinski onun müavini, general-leytenant Suleyman Sulkeviç isə baş qərargah rəisi təyin olundu. 1918-ci ildə yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti iyun ayının 26-da ölkənin Milli Ordusunun, Silahlı Qüvvələrinin yaradılması haqqında qərar qəbul etmiş, silahlı qüvvələr yaranmış və Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə Azərbaycanı hərbi təcavüzlərdən qoruma istiqamətində fəaliyyət göstərmişdir. AXC-nin süqutundan sonra Azərbaycanın Milli Ordusu Sovet İttifaqının tərkibində olub.

1919-cu ilin yayında Denikin ordusunun Azərbaycana hərbi müdaxiləsi təhlükəsinin artdığı bir dövrdə Cümhuriyyət ordusunun döyüş qabiliyyətinə arxalanmaqla bütöv müdafiə sisteminin yaradılmasına nail olundu, Şimal sərhədlərinin, Abşeronun və Bakının müdafiə sistemləri quruldu. Bu müdafiə sistemlərinin möhkəmləndirilməsi üçün kifayət qədər qüvvə və vəsait ayrıldı. 1919-cu ilin iyununda Dövlət Müdafiə Komitəsi yaradıldı və bununla da ölkənin müdafiəsinin təşkili konkret bir orqanda mərkəzləşdirildi.”

S.Talıblı bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzindəki fəaliyyətini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev demişdir: “Bu respublikanın yaranması və az müddətdə də olsa yaşaması Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, Azərbaycanın dövlət müstəqilliyini əldə etmək yolunda, demokratik quruluş yarat- maq istiqamətində tarixi rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyəti bir çox dəyərli işlər görmüş və Azərbaycanı bir müstəqil demokratik respublika kimi yaşatmağa çalışmışdır.”

“Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini elan etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı bütün qadağalara son qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri və himni bərpa olundu”- deyən həmsöhbətimiz bildirib ki, İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi hər il ölkəmizdə Respublika Günü kimi qeyd olunur: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 may 2017-ci il tarixində AXC-nin 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında Sərəncam imzalamışdı. Eyni zamanda, cənab Prezidentin digər Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmuş, ölkəmizdə və xarici ölkələrdə Cümhuriyyətin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.”

Həmsöhbətimizin fikrincə, bu gün bizlər həmin müqəddəs amala sahib çıxmalı, Azərbaycanın dövlət müstəqiliyini əbədi yaşatmalıyıq.

Röya Rasimqızı, “İki sahil”

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest