Genel

Müasir Azərbaycan AXC-nin siyasi və hüquqi varisidir

Subhan Talıblı Azerbaycan

“Bu gün fəxr və qürurla hissi ilə deyə bilərik ki, müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisidir. AXC Hökuməti 1918-ci il mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərib. 1919-cu ilin sonu və 1920-ci ilin əvvəllərində Azərbaycanda vəziyyətin çox gərgin olması, sovet müdaxiləsinin olma təhlükəsi, ictimai qüvvələrin, siyasi partiyaların qütbləşməsi, Azərbaycanın inkişaf istiqamətində baxış və mövqelərin barışmazlığı, iqtisadi və maliyyə böhranının yaranması, parlament və hökumətdə parçalanmanın, mövcud dövlət quruluşunu devirmək istəyən qrupların meydana gəlməsi, regional güclərin hərbi-siyasi və geostrateji planlarında Azərbaycanı işğal etmək planlarının olması, hətta onun adının “Azərbaycan” olmasını belə qısqanclıqla qarşılayanların olması və s. səbəblər AXC-nin süqutuna gətirib çıxardı. Moskva siyasətində Bakı Qafqazın inqilabi, Yaxın Şərq üçün siyasi mərkəzi hesab ediridi. Lenin isə deyirdi: “Bakını almaq bizə olduqca və olduqca zəruridir. Bütün səyinizi buna verin”. Dövlətçilik tariximizdə ilk dəfə demokratik prinsiplər əsasında fəaliyyət göstərən müstəqil AXC-nin yaranması ilə Azərbaycanın ilk parlamenti və höküməti, müstıqil daxili və xarici siyasət aparması, milli ordunun yaradılması, dövlət aparatı təşkil edildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, maarif və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk Universiteti təsis olunması və s. məsələlər dövlətliçilik tarinzimizdə əhəmiyyətli yer tutur”. Bu fikirləri SİA-ya açıqlamasında AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı deyib.

Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti zaman etibarilə böyük bir dövrü əhatə etməsə də XX əsr Azərbaycan tarixində xüsusi rol oynayıb: “Dövrün tələbi və milli mənafeyimiz naminə bərqərar olan respublika milli sərvətlərimiz üzərində ali hakimiyyət hüququ əldə etməklə xalqımızın beynəlxalq aləmdə tanınması yolunda da mühüm addımlar atdı. XIX əsrin ilk illərindən çarizmin zülm yükünü öz üzərində daşımağa məcbur olmuş bir xalq, 1918-ci ilin 28 mayında milli istiqlaliyyətini elan etdi, müstəqil daxili və xarici siyasət yeritmək imkanı əldə etmiş oldu. Məhəmməd Əmin Rəsulzadə və onun məsləkdaşları qısa bir vaxtda yurdumuzun müstəqil bir ölkə kimi beynəlxalq aləmdə tanınmasına heç də asan yolla nail olmadılar, qarşıya son dərəcə ciddi maneələr çıxırdı. Bu maneələrin yaranmasında müstəmləkəçi dövlətlərlə yanaşı xalqımıza düşmən kəsilmiş erməni daşnakları və onları dəstəkləyən qüvvələr də az rol oynamadılar”.

Tarixçi alim bildirib ki, AXC dövrünü yüksək qiymətlədirən ümummilli lider Heydər Əliyev deyirdi: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yayıb və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarıb”. “1997-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 79-cu ildönümünə həsr olunmuş təntənəli yığıncaqda Azərbaycan Prezidenti Heydər Əliyev 1918-ci ilin mayına qədər Cənubi Qafqazda, о cümlədən Azərbaycanda baş verən siyasi hadisələrə qiymət verərək qeyd edir: “Azərbaycan Xalq Cümhuriyyəti elan olunana qədər bu bölgədə mövcud vəziyyət son dərəcə mürəkkəb olub. Birinci Dünya Müharibəsi və onun nəticələri bu bölgəyə ağır təsir göstərib”. Azərbaycanın dövlət müstəqilliyinin 11-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə AXC-nin fəaliyyətinə xüsusi qiymət verən Azərbaycan Prezidenti Heydər Əliyev öz çıxışında deyib: “Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda çox işlər gördü. İlk dəfə olaraq müsəlman Şərqində demokratik bir respublika yaratdı. İlk dəfə olaraq Azərbaycan xalqı müstəqil yaşamaq şəraitinin nə olduğunu hiss etdi və gördü”. Azərbaycanın dövlət müstəqilliyinin 10-cu ildönümü ilə bağlı tədbirdə Heydər Əliyev AXC rəhbərlərinin siyasi fəaliyyətini xüsusi vurğulayaraq bildirib: “Onlar öz cəsarətli fəaliyyətləri ilə Azərbaycanda ilk müstəqil dövlətin qurulması üçün güclü addımlar atdılar. Xalqımıza müstəqillik ənənələri qoyub getdilər”.

S.Talıblı vurğulayıb ki, İstiqlal bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi hər il ölkəmizdə Respublika Günü kimi qeyd olunur: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 may 2017-ci il tarixdə AXC-nin 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında sərəncam imzalayıb. Eyni zamanda cənab Prezidentin digər sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmuş, ölkəmizdə və xarici ölkələrdə Cümhuriyyətin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilib. Prezident İlham Əliyevin imzaladığı Sərəncamda deyilir: “…Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb”. Bu zəmin 1991-ci ildə gerçəkləşdi, Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Fikrimcə, bu gün bizlər həmin müqəddəs amala sahib çıxmalı, Azərbaycan dövlət müstəqiliyini öz qanımız, canımız və milli mübarizəmiz sahəsində yaşatmalıyıq. Bu baxımdan da AXC-nin fəaliyyət göstərdiyi səfirlik və nümayəndəliklərin önlərində xatirə lövhələrinin vurulması milli tariximiz və dövlətçiliyimiz baxımdan əhəmiyyətli olardı”.

Cənab Prezident İlham Əliyev deyir: “Bizim gənc nəslimiz, əlbəttə ki, tarixi olduğu kimi bilməlidir. Mən oxuduğum dövrdə biz təhrif edilmiş tarixi öyrənirdik. Azərbaycan xalqının qanını axıdan daşnak-bolşevik bandalarının rəhbərləri qəhrəman kimi təqdim edilirdi. Mən məktəbdə və ali məktəbdə oxuyarkən bu kitablar, bu saxta tarix kitabları əsasında oxumuşam. Biz müstəqilliyə qovuşandan sonra real tarixi bildik. Qəhrəmanlar düşmən kimi göstərilirdi, düşmənlər qəhrəman kimi. Ona görə, biz – sovetlər birliyində yaşamış insanlar, – sovetlər birliyi dağılanda mənim 30 yaşım var idi, bütün təhsilimi bitirmişdim, – ondan sonra öyrəndim ki, bizə nə qədər ziyanlı və saxta tarix təqdim edilirmiş. Ona görə indiki şəraitdə biz həm qədim tariximizi, eyni zamanda, müasir tariximizi olduğu kimi təqdim etməliyik və bu sahədə bərabər çalışacağıq”- deyə, tarixçi alim cənab Prezidentin fikirləri ilə sözlərini yekunlaşdırıb.

Müəllif: Aysel Məmmədova

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest