Məndən bir kimsəyə salam söyləmə
Nazın Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan temsilcisi
Xosrov NATİL
Məndən bir kimsəyə salam söyləmə
Ərtoğrul Cavid
Məndən bir kimsəyə “salam” söyləmə,
Anam, qıyma azar qəddimi əyə.
De ki həkim ona “olmaz” deyibdi,
danışmaq qadağan olub xəstəyə.
***
Məndən bir kimsəyə “salam” söyləmə,
Demə ki yuxusu çəkilib ərşə.
Demə ciyərparam yarımcan olub,
De ki şəkil çəkir, yazır həmişə.
***
Demə çiçəklərin bənizi qaçıb,
limon sarısıdı yaşıl ləçəyi.
demə, bir yataqdı, bir alçaq tavan,
Demə elə budu ta görəcəyi.
***
De ki üzülməsin Turan -bacım da,
De ki baxmasınlar bu haya küyə.
Tiflisin yolları vərəmliyibdi,
De ki gələ bilməz indi Bakıya.
***
Demə halı pisdi , hərbi həkimlər,
Yaxşı dolanmırlar 24 yaşla.
Acı dərmanları – acı həbləri,
Ona içirirlər dava, dalaşla.
***
Məndən “Salam” demə nar ağacına,
Demə qan rəngində qanı qaradı.
Nalbənd ağacıyam indi bu saat,
Ümidsiz yollarım Naxçıvanadı.
***
Gecəsi gündüzü qarışıb daha,
Demə ümidi yox dura ayağa.
Nə ay-aylığında öz yerindədi,
Nə də günəş düşür soyuq yatağa.
***
Məndən salam demə yada, yaxına,
Onsuz xeyiri yox mində birinin.
Ağızdan çıxanı yellər aparır,
Salamın almırlar “xalq düşməni”nin.
* **
Ata “xalq düşməni” oğul vərəmlı-
Ana, and verirəm atam Hüseynə.
Eşit, qurban olum, son xahişimi,
Məndən bir kimsəyə “salam” söyləmə.
Məndən böyük şair olarmı…
Eldar Baxış
Sən böyük şairsən dostum, qardaşım,
Sən böyük şairsən sənə min alqış.
Allah qəni-qəni rəhmət eləsin,
allah rəhmət eləsin sənə ay Eldar Baxış.
***
Allah rəhmət eləsin Sarı aşığa,
Allah rəhmət eləsin Nazim Hikmətə.
o biri dünyanı qoy Allah versin,
Valexo Sessar da gedib rəhmətə.
***
Məndən böyük şair olarmı dedin,
Sən azadlıq dedin, yalanmı dedin.
Dediyin hər sözü düzünə dedin,
Gözünün içinə – üzünə dedin.
***
Niyə getmək olmur vyetnama dedin,
Niyə getmək olmur parisə dedin.
Niyə getmək olmur Təbrizə dedin,
***
Yarpaq yaşılını tanıyır indi,
Tanıyır zairli , tanıyır çinli.
Yazıq fələstinli, suriyalı da,
Yaxşı tanıyırlar səni ay qardaş.
***
Sən umudun oğlu Baxışın oğlu,
Bir uzaq kəndlinin sarışın oğlu,
Dinclik tərəfkeşi – barışın oğlu.
***
Cılız şairlərin quluncu qırığ,
Səni sevə bilməz ha bu şairlər.
Bu xala şairlər, bibi şairlər,
Naftalin şairlər – zibil şairlər.
***
Səni sevə bilməz qoyun şairlər,
Adı qulağına dəyən şairlər,
Aşsüzən şairlər, ləyən şairlər.
***
Hər həftə qəzetdə üzən şairlər,
Ucuz yeməkxana, cay evlərində.
Dartına dartına gəzən şairlər,
Sənin yerişini yeriyə bilməz
***
Sən byük şairsən ay Eldar Baxış,
Sən böyük şairsən dostum, qardaşım,
Sən böyük şairsən sənə min alqış.
Təbriz küçəsi
Təqaüdə çıxdı “yorğun” küçəmiz,
Uşaqdan böyüyə susduq hərəmiz.
Bir az qələbəlik yaşandı, düzü,
Uçqunlar altında itdi izimiz.
***
Gözü götürmədi şəhrin meri,
Söyüb- söyləndilər hər addım başı.
Dedilər hökmünü verib Baksavet,
Dedilər çatıbdı pensiya yaşı.
***
Hələ yaşıl idi bar ağacları,
Hələ mehribandı məhlə adamı.
Hələ təzə idi işıqforları,
Canısulu idi doqqazı, damı.
***
Neçə qapı çıxdı, neçə pəncərə,
Söküldü, dağıldı kitab rəfləri.
Neçə “tabut” çıxdı bizim küçədən,
Dəfn etdik nə qədər xatirələri.
***
Toz duman içində nəfəs kəsildi,
Sabahsız, havasız deyib boğulduq.
Açıb kitab kimi ötən günləri,
Xatirə dalınca qaçıb yorulduq.
***
Sökdülər, tökdülər daş divarını,
Sökdülər, sökdülər hər bir zadını.
Daşının üstünə daş qoymadılar-
Sökdülər küçənin “Təbriz” adını.
***
Qırıldı-çatıldı tut ağacları,
Üzüldü eyvandan üzüm tənəyi.
Torların içində qurd qaynaşırdı –
töküldü “amerika ağ kəpənəyi”.
***
Çəkildi küçədən ayaq izləri,
uçuldu dağıldı qırı,damın da.
Boynunda yüzillik minnəti qaldı,
Göydə ulduzların, göydə ayın da…
Oxuya bilmirəm özgə dilində
Oxuya bilmirəm özgə dilində,
Oxuya bilmirəm ərəbi, farsı.
Onsuz da bilirəm Gün hardan çıxır,
Gün necə fırladır bu Yeri, Marsı…
***
Oxuya bilmirəm özgə dilində,
Oxuyub yazmağı bilmirəm düzü.
Sovetlər dövründə oxuduğumdan,
Anlaya bilirəm bir azca rusu.
***
Oxuya bilmirəm özgə dilində,
Nə latış, nə alman, nə də yaponu.
Anlaya bilirəm çiçəyi, gülü,
Bir də vətənsevər Adəm oğlunu.
***
Oxuya bilmirəm özgə dilində,
Gəl məni qınama bu lafdan bir az.
Söyləyə bilərmi bir yad əcnəbi
Öz Ana dilimdə Vaqifdən bir az?
***
Oxuya bilmirəm özgə dilində,
Orjinal, əlifba eynimə gəlməz.
Bilirəm botanik terminlərini,
Bilirəm latınca yazırdı Markez.
***
Oxuya bilmirsə Ana dilində,
Dəyməz bir nadandan umub küsməyə.
Nə bir tərcümana, nə bələdçiyə,
Nə də bir ehtiyac duydum kimsəyə.
Adını içimdə çəkirəm
Adına Leyla dedim öz adın dura-dura,
adını da qısqandım kimsə bilməsin guya,
bir il də gəldi keçdi, soyudu kolgəmiz də,
gecələri gözümdə acı-şirin laylalar-
yastığında göz yaşı,
döşəyində qrov, qar.
***
Adınla çağırmadım sənin çiçək adını,
Adını gizlətdim bu sarımtıl payızdan.
Adını gizlətdim oğuldan , qızdan
Adını gizlətdim, bacımdan, qardaşımdan,
Ötüb keçən ilimdən, yaşımdan- altımışımdan.
***
Ocaq ayı da bitdi, gəldi qısa – uzun ay,
kiçik çillənin qarı – bu qışın ilk nübarı
üşütdü təkliyimi.
– gör nə vaxtdı getmisən
hamı da elə bilir…
Hamı sənin adını hələ də Leyla bilir.
Ən uzun küçədi Təbriz küçəsi …
Bir yanı “Qarabağ”,
Şəhid küçəsi.
Bir yanı Şuşa pavliyonu – restoranları və
Bir yanı Yaşıl bazar – örtülü bazar
od tutub yanar
bir yanı vağzala yavıq dükanlar.
***
Bu gecə oğlumun,
evdən küsən gecəsi,
sökülən evimizin
qız küçəsi-
gəlin köçəsiydi,
bu küçə bir igid, bəy küçəsiydi.
***
sökülən evimizin
yalqız küçəsidi –Təbriz küçəsi,
bir ömrün xatirə külçəsidi -Təbriz küçəsi.
***
bu küçə oğlumun,
evdən gedən küçəsidi
vətənsiz neçə ömrün –
ili otuz küçəsi-
Ən uzun küçədi Təbriz küçəsi.
Hərdən bu şəhərdə ağac kəsilir…
Mərkəzi Nəbatat bağında,Kəsirlər iliyinə kimi ekzotik bitkiləri,
Sökürlər könə əyri tikililəri.
***
Hovuzlar sökülür balıqların məhbəs yeriymiş,
İstixana, parniklər güllərə qəfəs imiş.
***
sökürlər istismar müddəti bitmiş alimlərin beynini,
dəfn edirlər Linneyin, Lamarkın, Qrossqeymin elmini.
***
nadir nəsli kəsilmiş soğanaqlar kəsilir,
neçə qələm vurulmuş qızılgüllər, kəsilir.
neçə Kağız ağacı,
Neçə Lələk ağacı
Çiyələk ağacı –
Maritim çiçəklərin susuzluq əlacı
Neçə dəmirağacı,
sökülür.
***
Qapanır “yaşıl kitab”
Qapanır “qırmızı kitab”
Qapanır ilmə-ilmə herbari tənəkələr.
***
Kəsilir Hələb şamı,
Kəsilir Eldar şamı
Kəsilir ağacları, kolları,
Kəsilir bu şəhərin mərsinləri , zirincləri
Kəsilir Bakının “ağ ciyərləri”.
***
dan yeri sökülür, gün işığı yox …

,
