GenelGüncelKültür Sanat

Bilinməsi gərəkən bir imza: Mir Sədi Mirlər

Nazım Ahmeti

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Bilinməsi gərəkən bir imza: Mir Sədi Mirlər

Mir Sədi Mirlər imzası ədəbiyyatımızda olduqca önəmli bir isimdir. Onun yaradıcılığı çağdaş şeirimizin moderin sufi təmayüllü poetik incəliyini çox həssaslıqla daxili dinamikasında bəsləyən bir özəlliyə sahibdir. Bu günlərdə, Mir Sədi Mirlərin şeirlərini Holandiyalı və orda yaşayan əziz dostumuz, Azərbaycan sevdalı, Qarabağ problemini öz dərdi bilmiş qələm sahibi Henriyə göndərdim. Henri, Mir Sədi Mirlərin şeirləri haqqında belə bir səmimiyyətdə bulundu. Mən də Bu  sevimli insanın, əziz dostumuzun ürək sözlərini gerçəkdən xoş bulduğumdan, istədim ki, Mir Sədi sevənlər də tanış olsunlar.  Henri yazır:

“Əziz dostum Xan,

Ümid edirəm ki, bu qeydlərim sənə əhvalın yaxşı olduğu bir vaxtda çatar və rahatlıqla oxuyarsan.

Sənin göndərdiyin Mir Sədi Mirlərin şeirlərini diqqətlə oxudum. Mən onu şəxsən tanımıram, amma şeirləri ilə tanış olduqdan sonra səmimi deyə bilərəm ki, onlar məni dərindən təsirləndirdi. Bu proses mənim üçün asan olmadı, çünki əvvəlcə onun mətnlərini şeiri anlayan və çox dəyər verdiyim azərbaycanlı bir dostumun köməyi ilə tərcümə etdirməli oldum.

Tezliklə mənə aydın oldu ki, Holland və Azərbaycan poeziyası duyğu, ritm və ifadə baxımından fərqlidir. Bu fərq onun əsərlərini oxumağı mənim üçün xüsusi və yadda qalan bir təcrübəyə çevirdi. Mənim düşüncəmə görə, onun poeziyası səmimi, təsirli və dəyərli bir sənət nümunələrdir.

Cənab Mir Sədi Mirlərin əsərləri haqqında şəxsi fikirlərimi bilmək istəyirsənsə, deyim ki,

Mən onun şeirlərinə diqqətlə yanaşdım və bu nümunələrin heç biri məni məyus etmədi. Onun şeirlərini oxuyarkən elə bil onları uzun müddət yadda qalmaq üçün yazıblar. Üslubu yumşaqdır, amma daxilində dərin və qalıcı bir ağırlıq var. Həyat, sevgi və ölüm onun poeziyasında sadəcə abstrakt anlayışlar deyil; onlar nəfəs, sükut və insanın içində daşıdığı hisslər kimidir.

Məni ən çox təsirləndirən cəhət odur ki, onun şeirlərində sevgi heç vaxt sadə bir vəd kimi təqdim olunmur – sevgi bir sınaqdır. Sevilən insan bu sevgi ilə birlikdə yükü, məsuliyyəti və taleyi də üzərinə götürür. Onun poeziyasında ölüm dramatik şəkildə göstərilmir; ölüm sadəcə mövcuddur. İnsanın bu faniliyi qəbul etməsi isə həyata məna və məqsəd qazandırır.

Onun poetik səsi səmimidir, insana ata qayğısını xatırladır. O, şeirlərində çoxlarına yox, bir nəfərə müraciət edirmiş kimi danışır. Sözləri diqqətlə seçir, amma demədikləri də dedikləri qədər önəmlidir. İlahi mövzulara da ucadan yox, hörmət və ehtiyatla toxunur.

Oxuduqca daha aydın hiss olunur ki, onun poeziyası sadə, ciddi və ardıcıl bir ritmə malikdir. Bu poeziya Azərbaycan ədəbi ənənəsinə söykənir və duyğunu, zamanı, faniliyi Qərbi Avropa poeziyasından fərqli şəkildə ifadə edir. Məhz bu özünəməxsus ritm və incə ahəng onun yaradıcılığını mənim üçün təsirli və dəyərli edir.

Mən Mir Sədi Mirlərə yaradıcılıq yolunda uğurlar arzulayıram. Zəhmət olmasa, ona ən səmimi salamlarımı çatdır. Ümid edirəm ki, 2026-cı il həm sənin, həm də Mir Sədi Mirlər üçün sağlamlıq, ilham və xoşbəxt anlar gətirəcək.

Hörmətlə,

Henri G.H. van Rens “

Xatırladım ki, Henrinin“Karabağ üzərində Qaranlıq Buludlar” adlı monumental kitabı BAMF-ın dəyərli başqanı Umud Rəhimoğlu tərfindən Azərbaycan dilində işlənib çapa hazırlanır.

Təqdim edən: Xanəmir Telmanoğlu

Mir Sədi Mirlərin şeirləri

Bəyazdan bəyaz

Uçuram,uçuram,uçqun dağları,

Qar yağır,qar yağır,bəyazdır,bəyaz.

İçimdə  bir qışın sırsırası var,

Haçan gələcəksən könlümə a yaz.

Göylərdir,göylərdir,dibsiz dərinlik,

Ulduzlar ayaqlar altında gülür.

Sevgi qanadının parıltısında,

Uca məhəbbətim adınla ölür.

Bir zərrə,bir zərrə bəs eylər mənə,

Sənə uzanıram kainat boyu.

 Səhra məhəbbətin ilğım yazısı,

Fələklər hələ də çalır öz toyun.

Şəklini görürəm,dəli xəyallar,

Haraya aparır mənim ipimi.

Əsir səba yeli dan ulduzuna,

Kim kəsər talemə hürən itimi.

Ulayır,ulayır şər qovuşana,

Deyəsən, ulduzlar sönüb gecəyə.

Saatın əqrəbi düşüb başıma,

Addımlar sürünür sənsiz küçəyə.

Alnımın qırışı sıxır canımı,

Tökülür dünyaya qara sevgilər.

Aynaya baxıram,səni görürəm,

Sevgindən sevinir yadlar,özgələr.

Bəs,mənim talemi kim yazacaq,kim,

 Açıram qəlbimin gül pəncərəsin.

Yayılıb aləmə kül qoxuları,

Mənə nəfəs verər sevgili səsin.

Dayan,ayaq saxla,bir qıyqacı bax,

Qoy,məni öldürsün nazlı baxışlar.

Açılsın könlümə eşqdən təmtəraq,

Uğurlar ömrümü mələk yağışlar.

Qədərin ayrılıqdır

Sənin qıvrım saçların mələklər nəfəsində,

Kim anlayar,kim bilər bu nə işdir,nə haldır.

Uçar ruhum göylərə sevginin həvəsində,

Hər kəs elə bilər ki möcüzəli xəyaldır.

Uçurum-uçurum gözlərin qəlbimin dalğasında,

Məni alıb aparar bu sevdanın yoluna.

Başın yastığa qoyub hər zaman ağlasan da,

Kimsə girməz heç zaman açıq qalmış qoluna.

Bu taledir,əzizim,Göylər yazmış alnına,

Boylanarsan,baxarsan ulduzların içinə.

Bir də görərsən ki sən ağlar düşüb saçına,

Durna qatarı düşər sevgilərin köçünə.

Utanc verər könlünə,saçın yolar fələklər,

 Üzünə də baxmayar,deyər,- Allah, nə işdir.

Yusifin qədəridir,enər-enər mələklər,

Dua edər,-İlahi,bu taleni dəyişdir.

Zaman Haqqın zamanı,qeybə gedər bəndəsi,

Alışsan da,yansan da iztirabdır,darlıqdır.

Mir Sədi,doğru yürü,haqdır Haqq divanəsi,

Sevgi təsadüf sevər,qədərin ayrılıqdır.

Boylana boylana

Boylandım, boylandım əlim qaşımda,

Boylandım, boylandım sevda başımda.

Turan çöllərinin yovşan qoxusu,

Zülmət gecələrin sürgün qorxusu.

Bütün sevdalarım uçur sonsuza,

Bütün xəyalların sonu nağıldır.

Zaman qamçısını fələklə vurar,

Bir də görərsən ki həyat dağıldı.

Kim bilir harada dayanar zaman,

Kim bilir zamanın məkanı kimdir.

Gülünc bir arzudur bütün qədərin,

Yenə də baxarsan zaman hakimdir.

Döymə qapımı qızım

Qızım,döymə qapını,

Usdufca içəri keç.

Çox da babanam demə,

Bil,yolçu köçəri,keç.

Bu necə poçtalyon,

Xəbər üstə xəbər var.

Hər xəbərin içində,

Ölüm adlı əsər var.

Döy başıma-başıma,

Başımın içi səsdir.

Hər səsin son nəğməsi,

Ölüm adlı nəfəsdir.

Qapını heç bağlama,

Hardan gələr,bilinməz.

Qəlbini də dağlama,

Gələn zaman görünməz.

Sevdiklərin imtahan,

Sevənlərin qədərdir.

Yaşa,yaşaya bilsən,

Daşı,daşı bu dərdi.

Dərddə ki batman-batman,

Cana hopar sis kimi.

Ölüm ruhun qoxusu,

Gələr qəlbə hiss kimi.

Bu dünyaya bir nəfəs,

Min cür həvəs eyləmə.

Döymə qapını,qızım,

Sən Allah səs eyləmə.

Göylərin yükü

Tüpürsən dünyanın qara üzünə,

Ağ üzü qaralar xəcalətindən.

Yaşamın təməli belə qurulub,

Üzü qiyamətə cəhalətindən.

Kimisi şərəfin pulda axtarır,

Kimisi mərd gəlir,mərdə söykənir.

Bizim kökümüzün  taleyi bəlli,

Dərd çəkir,dərd yığır,dərdə söykənir.

Küsən nə qazanıb,küsüb,gedəsən,

Bir yoldur sonsuza qəlbi bıçaqlı.

Dəyirman daşıdır,üyüdür hər vaxt,

Yenə də qurtarmır  namərd alçaqlıq.

Kişilik deyirsən,göylərin yükü,

Yerin xəyanəti sevmir qeyrəti.

Tanrının əlindən süzülüb gəlir,

Savaşır hər zaman iblis xisləti.

Hər kəsin kimliyi alın yazısı,

Hər kəs başın əyər mərdin səbrinə.

Əsil sədaqətin simvolu böyük,

Mələklər nur tökər sevgi qəbrinə.

Mir Sədi sözünün gizli hikməti,

Açar zəmanənin varaqlarını.

Sevən ürəklərin telində gəzər,

Oynadar fələyin daraqlarını.

İnlər ruhun yarası

Boylandım,boylandım üzü Tanrıya,

Əlimin altında qaşı boylandım.

Çəkdim dərdlərimi qəlbin dibinə,

Sızladı könlümün başı boylandım.

Ay dədəm,vay dədəm,ay nənəm oy-oy,

Həsrətin gülləri soldu,nə soldu.

Eşqin piyaləsi düşdü ayağa,

Sevdası başıma doldu,nə doldu.

Gəlmədi,gəlmədi üzü sabaha,

İlğım xəyalların səhra pərisi.

Kimdir harayıma səs-səda verən,

Mənəm leylaların məcnun dəlisi.

İnlədi,inlədi ruhun yarası,

Mənim ağrılarım canı can eylər.

Ağardı həsrətdən gözün qarası,

Yarına qovuşar,ta candan eylər.

Yenə boylanıram üzü qibləyə,

Dərgahın yolları bitməz,tükənməz.

Aşiq sevdasına qurban getməsə,

Haqqı tuta bilməz,Haqqı sevəmməz.

Gedər

Kim tutar  Yar ətəgin,hər bir zaman başa gedər,

Haqdan üz döndərənin başı dəyər daşa,gedər.

Göstərər Yar üzünü sübhü-məsa qəlbi-cila,

Eyləyər aşiqi-can hüsnünə tamaşa,gedər.

Rahi-məscidə girən vaizi-bəd-dinə sığar,

Aşiqi-qəmzədələr  mənimtək əyyaşa gedər.

Qul olan qulluq edər,qulluğunu qul bilərək,

Ucalar Haqq məqama,paşa gələr,paşa gedər.

Dolanar əhli-vəfa, çahi-zənəxdanda batar,

Küfrü-zülfdən tutaraq,düşər çox təlaşa,gedər.

Təriqi-meykədədə çox da füzulluq eləmə,

Mir Sədi,küfr ilə iman yaranar, haşa,gedər.

Məni

Yetirin əhli-səma eşq ilə ol Yara məni,

Ölürəm,çünki salıb böylə bir əfkara məni.

Atəşi-hicrinə dözmək nə qədər zor görünür,

Dözmərəm həsrətinə gər atsalar nara məni.

Söz verib unudanın cəzası Haqdan doğulur,

Necə xoşbəxtlik olar çəksələr ol dara məni.

Cənnəti-əladı eşq,rəhməti-Rəhman sifəti,

Bağlayıb qəlb evini,qul edib xunkara məni.

Nə deyim, bəs nə edim,ahu-büləndin səsidir,

Yarı-əğyardı salan nalə ilə zara məni.

Qan içər mərdümü-çeşmim gecə-gündüz yerinə,

Yazıb eşqin sühufun,döndərib xunxara məni.

Mir Sədi,Haqqa bürün,haqla görün,haqq işidir,

Taciri-eşqidir Haqq,çəkib haqq bazara məni.

Mir Sədi Mirlər
Mir Sədi Mirlər

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

One thought on “Bilinməsi gərəkən bir imza: Mir Sədi Mirlər

  • xanəmir

    zəhməti keçən hər kəsə təşəkkür edirəm. Nazim Əhmədliyə isə xüsusən…. Mir Sədi Mirlərin şeirləri onun maraqlı bir dünyasından xəbər verir…

Yorumlar kapatıldı.

Pin It on Pinterest