GenelGüncelKültür Sanat

Göy üzünün Yerdəki Səması

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Səma Muğanna

 Azərbaycan Yazıçılar Birliyinin üzvü                                                           

               Göy üzünün Yerdəki Səması

Mən beşikdəmi, yaxud məzardamı doğulmuşam, xatırlamıram. Siz bilirsiniz məzar daşım neçə vaxtdır yuyulmur? Təbii ki, insanlar yuyulmur deyəcək, ancaq kənardan görün necə kobud səslənir? Bəs yaxşı, məzar daşımda uyumuramsa, kimdir məni o kor-koranə olan qaranlıq küçədən səsləyən?

   Zaman insanlar kimi qəddar deyil, amma dəyişkəndir. Ona toxunmayın ki, o da sizin keçmişinizə toxunmasın. İnsanın qaysaq bağlayan yaralarını qopardıqca ah-naləsi tükənmir, amma zamanı bu maraqlandırmır. Zaman həyatımızda baş verən hadisələrin parçaları kimidir, sanki karton kağızına bənzəyir. Büküb atmağa çalışırıq, amma o yenə bizə geri dönür. Zaman da elədir. Zamana toxunduğunuz vaxt onun da sizin dünyanızı alt-üst edəcəyini bilin, çünki gənc qızın dünyasını məhv etdi.

   2018-ci ildəyik, amma zaman bizi 2016-cı ilin qalın paltosunu çiyinlərinə alıb gözləyən yalqız payıza aparır:

    Bu gün hava  çox soyuq idi. Səmanın əlləri soyuqdan tir-tir əsirdi. Deyəsən, harasa gecikmişdi və çatmaq üçün tələsirdi. Səmanı “Ay kimi işıqlı qız” adlandırırlar. Nədənsə, heç kəs bilmirdi ki, Səma gecələri Ay ilə niyə söhbətləşir? Sanki öz balası, kiçik bacısı kimi onun gözlərimizi, hətta göz bəbəklərimizi kor edən simasına sığal çəkir. Səma gözəl rəssamdır. Onun rəsmlərində də həmişə Ay təsvir olunurdu. Biz deyəndə ki, “Ay Səma, bəsdi də. Axı o Ay parçasında nə görmüsən?”  özündən çıxar, möhkəm əsəbləşər, hətta bizdən küsərdi. Səma kitab kimidir. Onu çözmək, anlamaq çox çətindir. Ta ki, o günə kimi..

    Bərk yağış şiddətlə yağırdı. Bu gün yağışın göy üzündən küsüb hönkürtü çəkməsi də elə tam yerinə düşmüşdü. Axı  niyə? Bu vaxt Səmanın telefonuna zəng gəldi. Səma heç vaxt telefonu səssizə qoymazdı, ancaq bu gün nədənsə səssizdə idi. Ümumiyyətlə, neçə gün idi ki, Səma qəribə davranırdı. Sanki bütün duyğuları dəyişmiş, ya da başqasının duyğularıyla qarışmışdı.

    İnsanın duyğuları heç vaxt itmir. Əgər bir insan ki, sevgidən uzaqdır, baxın, o çaynikdə qalan çayın dəmi kimi köhnədir. Solun üstünə deyil, qaynar çayın qəfildən əlimizə tökülməsi kimi alovludur, hirslidir. Əslində, bu sadaladıqlarım məhz insan dünyasını və insan xarakterini təsvir edir…

     Telefonunu açmayan Səma yenə kağızın üzərində rəsm işləyir, lakin bu dəfəki rəsmi çox qarışıq və gizli görünürdü. Hiss olunurdu ki, o, çox həyəcanlı və gərgindir. Masasının üstü boya olsa da, diqqətini rəsmdən ayıra bilməyən Səma heç qapının döyüldüyünü də eşitməmişdi. Bir neçə dəfə qapı tıqqıldatdılar və qəfildən bərk yumruq kimi vuruldu, Səma o an rəsmindən ayrılıb qapıya tərəf yaxınlaşdı:

-Kimdir?

-Şükürlər olsun, Səma, sonunda gəlib çıxdın. Mənəm Ayşən.

-Ay,Ayşən, üzürlü hesab et. Gözlə, açıram qapını.

    Səma qapını açdığında da fikirli idi. Onun gözlərindən oxunurdu ki,daxili dünyasında nələrsə baş verib. Ancaq Səmada  belə bir xüsusiyyət var ki, onu analiz edəndə həmin insanlardan yalnız uzaqlaşır və həmişə də deyir ki, “mən bu dünyanın adamı deyiləm”

    Ayşən içəri keçdiyi an Səmanın daxili dünyasında baş verən təlatümü hiss etmişdi elə bil. Divana keçib əyləşəndə Səmaya işarə edərək yanında oturmasını söylədi.

    Səma keçib oturduğunda da, sanki tikan üstündə idi. Fikri masanın üzərindəki rəsmdə idiı. Baxır, ancaq gözləri Ayşəni izləyirdi

   Gözlər yalan deyil, insanı yalanlarla dolduran, yalançı edən onun göz bəbəkləridir. Göz bəbəklərindəki işıq yalanı, xəyanəti ifadə edir, çünki göz bəbəkləri hər şeyi görüb. Səma rəsmə tərəf çevrilsə də, gözləri Ayşəni görməyə çalışır. Özünü inandırır ki, o, Ayşənə baxır. Əslində, bu belə deyildi. İnsanlar parçalara bənzəməsə də, rəqəmlər kimi təkrarlana, ancaq gizli bir açar kimi də qorxulu ola bilərlər. Açar dedim, çünki onun açarı rəqəmləridir. Rəqəmlər də kodlarıdır. Bu kodların cavabını yalnız Səma bilirdi. Təəssüf ki, özünün də bundan xəbəri yox idi.

Səma, yaxşısan?

-Hə, Ayşən, həm də çox yaxşıyam.

-Heç nəsə onu görmürəm.

-Niyə?

-Güzgüdə qalx bir özünə bax.

   “Güzgüdə özünə bax” sözü Səmanın ürəyini dəlib-deşdi, çünki o, heç vaxt güzgüyə baxmazdı. Sanki baxarsa, bütün sehrli qüvvələr onun cəlladına çevrilib öldürəcəyini düşünərdi. Təəssüf ki, bu düşüncə tərzini yalnız özündə tapdığı üçün ən yaxınlarından belə gizlədirdi, amma bu gün gerçək duyğularını maskalanmış simasından gizlədə bilmədi. Divandan qəfil qalxıb təşvişlə Ayşənə dedi:

-Əgər güzgüyə baxarsam, cəlladım gələcək.

-Nə? Səma, nə danışdığın fərqindəsən?

    Ayşən Səmanın dediyinə xeyli güldü və zarafat etdiyini düşünüb dedi:

-Sən ən yaxşısı başını gecələri rəsm üzərində çalışmaqla yorma. Bəsdi, ay qız, ağlından niyə elə fikirlər keçirirsən?

-Ayşən, yox! Yox! Anlamırsan məni.

-Əzizim, mən səni anlayıram. Sən ən yaxşısı həkimə görün, belə olmaz axı. Gəl, Səma, elə bu həftə gedək. Mənim tanış həkimim var. Yaxşı, tanınmış psixoloqdur.

-Mən dəli deyiləm! -dedi və sıçrayışla yerindən qalxıb qaynar çayı üstünə tökdü. Bu zaman səsini belə çıxarmadan ayağından zərif barmaqlarıyla yapışıb ağrını hiss etməmək üçün dişlərini bir-birinə sıxdı

-Neylədin sən! Dəli olmusan?

– Heç nə. Ayşən, xahiş edirəm boş ver.

-Necə yəni boş ver? Sənin bütün əsəblərin korlanıb. Yox ee yox, Səma, getməliyik, ancaq əvvəlcə ayağına baxaq. Mən sabah həkimlə danışacam.

-Dedim axı sənə, istəmirəm! İs-tə-mi-rəm! Niyə anlamaq istəmirsən? Mən dəli deyiləm! Əsəblərim də yerindədir. Deyirəm sənə ki, cəllad gəlib məni aparacaq. O gün yenə gəlmişdi.

-Səma, mən sənin yaxşılığın üçün deyirəm.

-Demə! Və indi evimi tərk et!

  Ağrısı qüvvətli olsa da, Ayşənə o qədər hirsli idi ki, ağrını hiss etmirdi. Ayağa qalxıb Ayşəni çölə çıxartdı və qapını da birbaşa üzünə bağladı.

  Hönkürtü gəldiyini hiss etdiyində divarın bir küncünə qısılıb bərk ağladı. Başını qaldırıb göy üzünə baxdığında dedi:

-Göyün şahzadəsi Ay, hardasan axı? İnsanlar məni başa düşmür. Mən insanlardan qaçmaq istəyirəm. Nolar axı, al məni yanına…

    Dediyi an etibarilə göy guruldadı və şimşək çaxdı. Səmanın ağrıları getdikcə çoxaldığından bu ağrılara tab gətirə bilməyib yatağına uzanmağı qərara aldı. Güc-bəla ilə də olsa, yatağına uzandı və anında yuxuya daldı…

     İnsan bədənindəki ağrıları, yaxud ürəyindəki sızıltını hiss etdikdə tükənmir. İnsan milyonlarca insanın içində tənha olduğunu hiss etikdə ağlayır və bu ağrı-acı sadəcə tənhalığın lal dilinin söylədiklərinə çevrilir.

     Tənhalıq nədir? Bu sualın cavabını bilirsiniz? Necə ola bilər ki, onun dili olmasın? Əlbəttə, var. Sadəcə siz görmürsünüz. Onun dili var, ancaq danışmır. Danışmadığı üçün də Səma bu ağrını bədənində hiss etdikcə daha da taqətdən düşürdü…

    Səma dərin yuxudan oyandığında telefonu açıb dəfələrlə ona zəng olunduğunu gördü. Dostları, iş yoldaşları. Qəribədir ki, Səma bizim üçün bir neçə saatlıq yuxuya dalsa da, onun kainatında bu belə deyildi. Məhz o gün çarpayısından qalxıb pəncərəyə yaxınlaşdığında gecə olduğunu görən Səma yenə adəti üzrə Ay’ın simasına sığal çəkmək üçün barmaqlarını rəqs etdirdi. Zaman elə bil nə geridə, nə də irəlidə idi. Məhz bu günü yaşayırdı!

     Səma masanın üzərinə yarımçıq qoyduğu rəsmə diqqətlə baxdıqdan sonra onu əlinə aldı və gözləri ilə izlədi. Rəsmdə bir gənc qız və göy üzündəki Ay təsvir olunmuşdu. Ancaq “Ay” zülməti işıqlandırmırdı. Onun işığı Günəşdə idi. Bəlkə də bu düşüncə tərzinə görə Səmanı “dəli” adlandırırdılar!

     Diqqətlə Ay’a baxan Səmanı dünyasından bir neçə dəqiqəlik qapının zəngi ayırdı. Qapıya yaxınlaşıb: -“Hələ zülmətdir, padişah, sübhün kraliçası Günəş doğulmayıb. Ay ilə söhbətləşirəm. Mənə mane olmayın!” -deyən Səma yenə pəncərəyə yaxınlaşıb divarın bir küncünə kiçik körpə kimi qısılıb göy üzünü izlədi..

      Bu zaman göy üzündə görünən Ay’ın simasında iki göz peyda oldu. Heyrətlənən Səma qorxudan divarın lap küncünə qısılsa da, amma bu möcüzənin necə baş verdiyini anlamaq istəyirdi.

      Masasının üzərində yarımçıq qalan rəsminə xeyli baxdı. Ətrafda hər yer səhər olsa da, onun gözləri hər tərəfi yalnız zülmətin şahzadəsi Ay’da görürdü. Rəsmini yavaşca əlinə alıb Ay ilə sanki söhbətləşməyə başladı.

   Qəribədir ki, Səma danışmasa da, əlləri ilə izah edirdi. Demək, tənhalığın dili olmasa da, ağrıyla, sızıltıyla danışdığı kimi, Səma da göz yaşlarını danışdırırdı…

    Gözlərindən damla-damla axan damcıları belə görən Ay yağışı elə şiddətlə ağladırdı ki, hətta Səma heyrət içində idi. Əlindəki rəsm birdən-birə toz oldu. Səma hələ də bu duyğulardan çıxa bilmədiyi üçün qorxmadı, amma təəccübləndi. Ovuclarında kiçik bir kağız parçası peyda oldu və Ay göy üzündəki yağışın hönkürtüsünü kəsib ona işarə etdi.

    Qızcığaz məktubu açıb oxumağa başladı:

  Əzizim Səma, sən məzar daşında, yaxud beşikdə doğulduğunun cavabını axtarırsan. Onun cavabı sənin özündədir. Bu məktubu yazan Ay’ın elçisidir. Bayaqdan Ay ilə söhbətləşirəm və mənə deyir ki, bu qız çox istedadlıdır və ürəyinin fırçası o qədər gözəl çəkir ki, məni belə valeh edir. Sən nə beşikdə, nə də məzar daşında dünyaya gəlmisən. Bəli, Səma, sənin dəhşətli, hətta acımasız bir cəlladın vardı. Onu deməkdə doğru etmisən, amma sən ondan qurtuldun! Sənin cəlladın yuxu idi. İndi sənə hər tərəf qaranlıq görünə bilər, amma qaranlıq deyil.

   Səni təbrik edirəm, əziz Səma,  Ay’a yazılan və illər boyunca cavabı tapılmayan kodun cavabını tapdın! “Ay” parıldasa da, daima yalnızlıq onu tükədirdi. Kodları birlikdə topladıqda bu cavabı aldıq: “Ay Tənha deyil, onu aydınladan Səması var!”  göy üzünün Səması da sənsən, əziz Səma!  Sən cəlladını öldürməyi bacardın və bununla birgə insanların basqısı altında olmaqdan da qurtuldun!

    İnsan ağrı-acı hiss etdiyində təkrarlanan keçmişinə baxmalıdır. Səma keçmişini unutmadı, amma yalan üzərində yaradıldığı həyatının parçalarını tapdı. Onları tapıb birləşdirdikdə də cavabı aldı: “Ay tənha deyil, çünki Göy üzünün Səması var”

     O, keçmişlə indinin arasında qaldığını zənn etsə də, əslində, zaman da həyat kimi ona kiçik oyun oynadı. Bu oyunun qalibi olmadı. Bu oyunun dürüstlüyü bəlli oldu!

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest