Fuad Biləsuvarlının şeirləri

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı, “Hürriyyət” qəzetinin müxbiri Fuad Biləsuvarlının şeirləri.

Qaçır

Fürsətin kəndiri qısa,
Yıxılıram əldən qaçır.
Bəzən deyə bilmədiyim,
Söz də çıxır dildən, qaçır.

Torpaq küsür – əkən yoxdu,
Ev ucaldıb tikən yoxdu.
Güldən şirə çəkən yoxdu,
Arılar da güldən qaçır.

Sayan yoxdu səni, məni,
Belə olmaz deyim yəni.
Kim dəyişdi zəmanəni,
Sonalar da göldən qaçır.

Ha gözlərik xoş baharı,
Bizə düşən – qışın qarı,
Sellər qaçır çaya sarı,
Çaylarımız seldən qaçır.

Belə doğub məni anam –
Ölən deyil arzu, inam.
Mən ki, alışan adamam!
Şair Fuad, küldən qaçır!

Müəllif: Fuad Biləsuvarlı

Qalırsan

Nəyə əl atırsan quruya çıxır,
Hər şeyin sonucu paraya çıxır.
Bilmirsən ki, yolun haraya çıxır –
Getdiyin yerlərdə azıb qalırsan.

Nizam-intizamla qurduğun işi,
Bənnatək daşlara yonduğun işi,
Elə təzə başa vurduğun işi
Özün öz əlinlə pozub qalırsan.

Baş aça bilmirsən bəzən özündən,
Çoxu rişxənd edir, baxaraq gendən.
Elə bezikirsən ömürdən-gündən
Özün öz qəbrini qazıb qalırsan.

Fuad, bədxahların uyma felinə,
Salma öz eşqini elin dilinə.
Deyirlər, yetmirsən yarın əlinə
Şəklini divardan asıb qalırsan?!

Müəllif: Fuad Biləsuvarlı

Asan olmuşam…

Mənim kövrəkliyim sıxır özümü,
Ən xırda bir sözdən küsən olmuşam.
Hər dosta, qardaşa səmimi insan,
Hər kəsin üstündə əsən olmuşam.

İçimdə od tutub yanmışam daha…
Beləcə kül olub sönmüşəm daha.
Vaxtında susmayıb dinmişəm, daha,
Gördüyüm çox şeyə susan olmuşam.

Yoluma qayalar salanlar olub,
Qarşımda nə qədər ilanlar olub…
Gözümün odunu alanlar alıb,
Özümü bir küncə qısan olmuşam.

Fuadam, yaşaram ömrü birtəhər,
Sıxır boğazımı əl kimi qəhər.
Düzümə şər qatan, balıma zəhər –
Çətin insanlara asan olmuşam…

Müəllif: Fuad Biləsuvarlı

Dözüm

Yenə də həsrətlə qol-boyunam mən,
Dözüm ürəyimin qəminə, dözüm.
Həyat dedikləri elə budursa,
Dözüm dünyanın bu gününə, dözüm.

Salıb sinəm üstə ağır daşını,
Mənə yaşadırlar ömrün qışını,
İblislər alıbdı böyür-başımı,
Gərək şeytanına, cininə dözüm.

İblisə, xainə, xəsis, paxıla,
Özünü çox sevən, səfeh ağıla.
Dözəcəm lap belə dünya dağıla,
Yüzünə dözmüşəm, mininə dözüm.

Qədəhim boş olur, amma dolu yox,
Eşqimin qanadı, nə də qolu yox.
İynə ucu boyda çıxış yolu yox,
Ömrün dumanına, çəninə dözüm.

Mənimlə aylarla danışmayanın,
Səbəbsiz inciyib barışmayanın,
Yanımda olmağa çalışmayanın –
Fuadam, bir qızın kininə dözüm!

Müəllif: Fuad Biləsuvarlı

Yadına düşmür

Məni lap tarıma çəkir bu həyat,
Bilinmir ömrümdə nə şadlıq, büsat.
Tükənib ümidlər, sınıb qol-qanad,
Varlığım heç kimin yadına düşmür.

Ümid puça çıxır, arzular sönür,
Başına döndüyüm adamlar – dönür.
İnsanlar gözümə süni görünür,
Varlığım heç kimin yadına düşmür.

Mən axı neylədim, Allahım, görən?
Etdin günlərimi sən pərən-pərən.
Az deyil könlümə acılar verən…
Varlığım heç kimin yadına düşmür.

Gəlmək istəsə də vüsal gecikir,
Ürəyim hər şeydən vallah, bezikir.
Fuadam, öldürür məni bu fikir:
Varlığım heç kimin yadına düşmür?!

Müəllif: Fuad Biləsuvarlı

Ögey

İstedadlı kəsə quyular qazan,
İlk dəfə deyil ki, olub hər zaman.
Çox yerdən adını silirlər asan,
Adların içində adın da ögey.

Bəlkə də bu sənə gəlir zarafat,
Çox darıxdırıcı olubdu həyat.
Qızına bilmirsən evində rahat,
Ocağın da ögey, odun da ögey.

Bəraət qazandır hər vaxt sözümə,
Don geydir həmişə doğru, düzümə.
Mənə elə gəlir sənin özünə,
Vallah, elə nəslin, zatın da ögey.

Kimsə səni evə buraxmaz ki, ac,
Odur ki, bax, çalış olma yalavac.
Necə ki, doğmaya sən qaldın möhtac,
Görərsən dosdoğma bacın da ögey.

Acı qismətinin görəndə sonun,
Qırılır qanadım, qırılır qolum.
Sanki çıxmamısan bətnindən onun,
Ana söylədiyin qadın da ögey.

Müəllif: Fuad Biləsuvarlı

Xəbəri yoxdur

Sağalmaz mərəzə olubdu düçar,
Fikirli-fikirli qalıbdı naçar.
Hərdən qapısını özgələr açar,
Övladın atadan xəbəri yoxdur.

Oğullar qurşanıb kefə, damağa,
Ata da yorğanda dönüb yumağa.
Gəlmirlər xəstəni heç yoluxmağa…
Övladın atadan xəbəri yoxdur.

Bir kəs xatırlamır xeyirdə, şərdə,
Pis övlad bənzərdir elə namərdə!
Salır biganəlik atanı dərdə…
Övladın atadan xəbəri yoxdur.

Yoxdur zalımların din-imanları,
Daşdır ürəkləri, dondur qanları!
Yazdıqca doluram bu cür anları –
Övladın atadan xəbəri yoxdur?!

Müəllif: Fuad Biləsuvarlı

Bir səndən başqa

Zaman – həmin zaman, vaxt həmin vaxtdı,
Tanrının yazdığı baxt həmin baxtdı.
Eşqin sarayında taxt həmin taxtdı,
Heç nə dəyişməyib bir səndən başqa.

Hava həmin hava, su həmin sudu,
Bülbüllər yerində, qu həmin qudu.
Qoyub getdiklərin elə bax, budur,
Heç nə dəyişməyib bir səndən başqa.

Necə qəmliidik eləyik yenə,
Gözləri yaşlıyıq köləyik yenə.
Sən – xoşbəxt, mən – bədbəxt, beləyik yenə,
Heç nə dəyişməyib bir səndən başqa.

Müəllif: Fuad Biləsuvarlı

Məni kəndə bağlayan,
Heç bilmirsən bu nədir.
Bilmirsənsə deyim bil,
Orda mənim atamın,
Əziz, dərdli qəbri var.
Yataqda xəstə olan,
Ağsaqqalım, babam var.
Gözləri yolda qalan tənha, yalqız obam var,
Həm nənəmin, anamın, can əziz qardaşımın,
Cəfası var, cəbri var.
Təravətli, ətirli, gül- çiçəkli bağım var,
O yerlərdə adım var.
Qartal kimi səmada
Qıy vurmağa bilin ki,
Mələklərdən aldığım
Süzməyə qanadım var.
Ölümə doğru gedir mən bilirəm ayağım,
Heç narahat deyiləm
Bilirsiz nəyə görə?
Çünki məndən yadigar,
Nəğməm, sözüm qalacaq.
Övladlarım yurdumda,
Sönməyən od-ocağım, pozulmayan nizamım,
Gələcəyə nişanım, həm də izim olacaq.
Allaha şükür olsun,
Məni məndən sonra da yaşadacaq sözlərim.
Mənim varım-dövlətim, ən qiymətli, sərvətim,
Ən uğurlu işimdi.
Ən gözəl cəhətim də
Şer yazmaq vərdişimdi.
Elə böyük suçum yox,
Sevinirəm buna çox
Allah məni çox sevir.
Dərdlərimi əzməyə qüvvətli bilək verib.
Sevinməyə, sevməyə qəlb verib, ürək verib.
Gələcəyə işıqlı,
Baxmaq üçün göz verib.
Ürəyimə cəsarət,
Təmiz məhəbbət verib.

Müəllif: Fuad Biləsuvarlı

Yad nəfəs

Fələyin amansız bir işi kimi,
Sibirin şaxtalı sərt qışı kimi.
Dolusu, boranı, yağışı kimi,
Üşüdür doğmada yad nəfəs məni.

Hamıyla dil tapmaq heç deyil asan,
Gəzdirdim üstümdə vicdan, din-iman.
Mənəm soy-kökümə əvəzsiz insan,
Kimsə edə bilməz heç əvəz məni.

İstər dünən olsun, istərsə bu gün,
Həmişə doğruyam, həmişə düzgün.
Dilimdə haqq sözün gəzdirdiyimçün,
Elə bil çalxayır bir qəfəs məni.

El-aləm qadamı içə alsa da,
Başıma and içib, qeydə qalsa da.
Dünyanın gözləri məndə olsa da,
Əziz sandıqlarım heç görməz məni.

Müəllif: Fuad Biləsuvarlı

Bu səhər

Lənət ayrılığa, hicrana, qəmə!

Sənsizlik dönübdü bir cəhənnəmə.

Yadıma düşmüsən bu səhər yenə…

Mən səni de hardan tapım bu səhər?

Günəşdən şəfəqli camalına bax,

Məni Məcnun edən amalına bax.

İlahi, sən bunun xəyalına bax!

Xəyaldan nə sayaq qopum bu səhər?

Bilmədim hayandan əsdi bu külək…

Həqiqət dinləmək istəmir ürək.

Nakam arzuları bir-bir, çiçəktək

İzsiz yollarına səpim bu səhər…

Gözlərin yanardı – ocağın kimi,

Rahat yer qaldımı – qucağın kimi.

Həsrətin də şirin dodağın kimi,

Öpüm həsrətindən, öpüm bu səhər!

Müəllif: Fuad Biləsuvarlı

Evimdəsən, bizimləsən

Gül çöhrəli dan ulduzu,
Çalış dərdə olma quzu.
Unudulsun umu-küsü,
Yaşa mənim özümdə sən.

Qapımı döy evimə gəl,
Qorxma kimsə olmaz əngəl.
Nahara da yeyək xingəl,
Qalma çölün düzündə sən.

Dərdləşməyə anan, bacın,
Yoxdu, hamı olub yadın.
Dilim üstə qonub adın,
Söhbətimdə, sözümdəsən.

Bir söz deyim çox mədəni,
Bəxt yoluma qoy qədəmi.
Kirpiyim qorusun səni,
Ev-eşik qur gözümdə sən.

Göylərdən en yerdə görüm,
Səni məndə ərdə görüm.
O gün çatsın bir də görüm,
Evimdəsən, bizimləsən.

Müəllif: Fuad Biləsuvarlı

Biz qorxmuruq Vətən üçün ölməkdən

(Qazilərə)

Qarabağı azad etdik yağıdan,
Düşmənlərə vermədik ki, bir aman.
Yaralanıb biz olsaq da yarımcan,
Biz qorxmuruq Vətən üçün ölməkdən!

Mübarizik, Poladlarıq, ərənik,
El yolunda canı qurban verənik.
Ölümləri gözümüzlə görənik,
Biz qorxmuruq Vətən üçün ölməkdən!

Gözəl, göyçək, uca dağı, çəməni,
Xilas etdik ana yurdum biz səni.
Anamızdan ayırmırıq Vətəni,
Biz qorxmuruq Vətən üçün ölməkdən!

Düşmənlərin gözlərinin odunu,
Biz alaraq, zəhər etdik aşını.
Daşısaq da indi qazi adını,
Biz qorxmuruq Vətən üçün ölməkdən!

İndi azad gəzirik biz dağında,
Özümüzük həm solunda, sağında.
Vətən, Şuşa kimi tacın başında,
Biz qorxmuruq Vətən üçün ölməkdən!

Müəllif: Fuad Biləsuvarlı

Yalandan bəxtəvər görünmək olmur

Özünü aldada bilərsən yəni,
Amma ki, aldada bilməzsən məni.
Kimi aldadırsan, ay insan, kimi,
Yalandan bəxtəvər görünmək olmur.

Həyatda hər şeyin zayı çıxandan,
Dostun da qəlbini əzib, sıxandan.
Qarşına şeytanlar tez-tez çıxanda,
Yalandan bəxtəvər görünmək olmur.

Şərəflər alçalıb endikcə, endi,
Alovlu gəncliyin odu da söndü.
Çox qərib haldayam bu saat, indi,
Yalandan bəxtəvər görünmək olmur.

Əgər taleyində düyün çoxdusa,
Yolunda tələlər, oyun çoxdusa.
Qarşında dilbilməz qoyun çoxdusa,
Yalandan bəxtəvər görünmək olmur.

Can söylədiklərin yad olan gündən,
Könlünü yandıran od olan gündən.
Adam sandıqların it olan gündən,
Yalandan bəxtəvər görünmək olmur.

Müəllif: Fuad Biləsuvarlı

Ayrılıq göstərən bir güzgüyəm ki…

Ayrılıq göstərən bir güzgüyəm ki,
Sən məndə xoşbəxtlik görə bilməzsən.
Mən burda hamıya yad, özgəyəm ki,
Məni xoşbəxt kimi xoşbəxt görməzsən.

Ayrılıq göstərən bir güzgüyəm ki,
Vüsal məndən uzaq, qəm mənə yaxın.
Düşüb həyatımdan hər bir şey qaçaq,
Kədərim dünyamdı, həsrət var-yoxum.

Ayrılıq göstərən bir güzgüyəm ki,
Hissim pərən-pərən, yolum dolaşıq.
Bəlkə də o qədər mən düzgünəm ki,
Şadlıqdan mənimçün yoxdu bir qaşıq.

Ayrılıq göstərən bir güzgüyəm ki,
Könlüm yetmiş yaşlı kişi ürəyi.
Məni qamçılayır yerdə bəndələr,
Saxla göydə məni Allah köməyi.

Ayrılıq göstərən bir güzgüyəm ki,
Bəxt güzgüm də sınıq taleyim kimi.
Sağlığım kimsəni düşündürmürsə, 

Kimi üzəcəkdir ölməyim, kimi?

Ayrılıq göstərən bir güzgüyəm ki,
Tilsimli, cadulu gündü həyatım.
Tüpürüm o ilə, aya, günə ki,
O gündə, o ayda yox toy- büsatım.

Müəllif: Fuad Biləsuvarlı

Məndə qal

Can evimi ən isti otağın bil, evin bil,
Bu həyatın ləzzətin, dadın, həm də kefin bil.
Bundan sonra qəmlənmə, şadlanaraq, sevin, gül,
Bu gün çıxıb özündən, gülüm elə məndə qal.

Özgəsində var görüb, sən aldansan şöhrətə,
Sahib ola bilməzsən onda nüfuz, hörmətə.
Ağız büzmə, bəxtində mənim kimi qismətə,
Məndən getmə uzağa, gülüm elə məndə qal.

Siz tərəfə gələsi yoluma daş tökmə ha,
Ağlayaraq dilindən mənə qarğış tökmə ha.
Korlayarsan, evinə ayrı naxış çəkmə ha,
Məndən getmə uzağa, gülüm elə məndə qal.

Ocağınam, pirinəm, inan ki, hər şeyinəm,
Çox sevdiyim yarımsan. Bəs mən sənin nəyinəm?!
Demirsənsə, mən deyim, sənin ağan, bəyinəm,
Məndən getmə uzağa, gülüm elə məndə qal.

Sədaqətli ürəyəm, hər qıza yar demərəm,
Bax, düz oğlu, düzəm ki, haram tikə yemərəm.
Mən Fuadam, fələyə qürbətdə can vermərəm,
Məndən getmə uzağa, gülüm elə məndə qal.

Müəllif: Fuad Biləsuvarlı

Kədərim anamın payları qədər

Dərd bitməz Kür, Araz çayları qədər,
Kədərim anamın payları qədər.
Göydə ulduzların sayları qədər,
Saçıma düzülən dənlərin sayı.

Sevincli aylarım, ilim gələcək,
Zillətim, əzabım solub, öləcək.
Gözlərim bir sevgi üzü görəcək,
Bitər qəm-kədərli günlərin sayı.

Bilsəm ki, ahların sonu olacaq,
Bilsəm ki, çıxılan canı olacaq.
Bilsəm ki, boğulan anı olacaq,
Hicrana qazardım bir dərin quyu.

Ürəyim ah çəkib üzülməz bir də,
Sevgimin ahəngi pozulmaz bir də.
Taleyimə dərdlər yazılmaz bir də,
Hələlik qoy tutsun dərd mənə toyu.

Müəllif: Fuad Biləsuvarlı

Gör

Əğyarla meydanda çox savaşım var,
Başını əzməyə yekə daşım var.
Sanki otuz deyil, əlli yaşım var,
Yaşımın çoxluğun sən sözümdə gör.

Ay mənim gözümdə tir arayan kəs,
Əmidən, dayıdan hey yarıyan kəs.
Özünün kölgəsin tək qoruyan kəs,
Bir dəfə də suçu sən özündə gör.

Dağlardan, daşlardan ağır dərdimi,
Özümdən çox yaşlı, ahıl dərdimi.
Mənə gün verməyən paxıl dərdimi,
Gəl oxu, qayğını bu gözümdə gör.

Ayrılıqlar məni taxtımdan salıb,
Hər bir tərəfimi ilanlar alıb.
Həsrətdən içimdə qara xal qalıb,
Ləkəsin simamda, gəl üzümdə gör.

Müəllif: Fuad Biləsuvarlı

Baxım sənə sonra ölüm

Yaraşıqlı göldə sona,
Bir bəzəksən asimana.
Gözlərindi təmiz ayna,
Baxım sənə sonra ölüm.

Çıxaq nurlu gündüzə bir,
Qoşa gedək dənizə bir.
Gəl oturaq üz-üzə bir,
Baxım sənə sonra ölüm.

O qəhvəyi nur gözünə,
Sevdiciyim, yar gözünə.
Günəş kimi par gözünə,
Baxım sənə sonra ölüm.

Məni Məcnun edən dilbər,
Sevgimizdi dildə əzbər.
Sənsiz halım lap birtəhər,
Baxım sənə sonra ölüm.

Fələk alma tez canımı,
Uzat ölüm zamanını.
Son nəfəsdə cananımı,
Görüm sonra rahat ölüm.

Müəllif: Fuad Biləsuvarlı

Pin It on Pinterest