Ehey, Baxçasaray…

Kırım, Baxçasaray – qədim türk eli
Baxıram bir xalqın daş kitabına
“Xan yurdu”, “Daş fontan”,”Gürcü gözəli”,
Yazıldı yadların yaş kitabına.

Burda məzarlar da boynu bükülü
Burda tənəklər də qara bitirlər
Bir vaxt bu daşlara dəyib, tökülüb
Puşkin söylədiyi qəmli sətirlər

Daşlar daş ürəkli, daşlar farağat
Bu kəniz, bu vəzir, bu qul, bu da xan
Baxıb göz yaşıma, mat qalıbdı, mat
Burda mənə baxan, fontana baxan.

İşləyir həsrətlər iliyimətən
O ulu ruhların vətənidir bu
Bir yad; – keçmişimi mənə tanıdan
Deyir Baxçasaray fontanıdır bu…

Yoxsa Girey xanın küskün ruhuna
Daş layla, daşlaşan ağıdır, fontan
Bütöv bir millətin pərən baxtına
Damla-damla qan-yaş axıdır fontan

Heyrətlər içində turistlər baxır
Başı “əmmamə”li məğrur daşlara
Baxdıqça içimdən leysanlar axır
Doğunu, batını tapdamışlara

Ey ruhu ruhuma bələdçi babam
Burdamı səyirtdin köhlən atını
Ehey, Baxçasaray, könül sarayım
Uçdu, dinlədikcə xatiratını…

Şerahil Laçın
24.08.1994
Kırım.Baxçasaray

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest