Cümhuriyyət dövrü ədəbiyyatına bir baxış

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Gülnar Səma

Cümhuriyyət dövrü ədəbiyyatına bir baxış

100 il öncəyə boylanıb baxanda XXI əsrin insanı olaraq Cümhuriyyətli keçmişimizlə qürur duymaqdan həzz alırıq. Səbəblər barədə kifayət qədər deyilsə də, hələ deyiləcək çox şeylər olsa da, faktlar danılmazdır. Nazirlər Şurasının 27 iyun 1918-ci il tarixli fərmanı ilə respublikada türk dilinindövlət dili elan edilməsi öz dövrü üçün müstəmləkəçiliyə qarşı bir qələbə idi. Hətta ölkədə təsis olunan ilk universitetdə M.Ə.Rəsulzadənin tarix-filologiya fakultəsində Osmanlı ədəbiyyatı tarixini tədris etməsi ümümtürk mövqeyi nəzərindən çox özəl hadisə idi. 1918-ci ilin 28 Mayında Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və bütün mövcud problemlərin qarşılığında 23 ay yaşaya bilməsi də Rəsulzadə ucalığı ilə sıx bağlıdır. Onun həmin dövlət haqqında yazdığı“Azərbaycan Cümhuriyyəti”  kitabını geniş oxucu kütləsinə ilk dəfə Asif Rüstəmli1990-cı ildə təqdim etmişdir. M.Ə.Rəsulzadənin həmin kitabda yer alan məşhur; “Azərbaycanın bu qədər fəlakətlər nəticəsində əldə etdiyi bir qazanc varsa, o da bu istiqlal fikrinin rüsuxidir. Şimdi istiqlal və hakimiyyəti-milliyyə sevdasilə yaşayan bir Azərbaycan gəncliyi vardır ki, ÇK-nın amansız edamlarına rəğmən, gecə-gündüz çalışıyor, ilk fürsət və imkanı bəkləyib duruyor. Bu fürsət gəlincə o, meydana çıxacaq və o zaman yanıq könlündə atəşin cizgilərlə mənən mənquş bulunan bayrağı maddətən yüksəldərək deyəcək ki:

– Əvət, bir kərə yüksələn bayraq bir daha enməz!” (səh. 96)- fikirlərini tarix reallaşdırmaq məcburiyyətində qaldı.

İkinici dəfə bayrağını ucaltmağın şərəfini yaşayan Azərbaycanın ümummilli lideri Heydər Əliyevin30 yanvar 1998-ci ildə Cümhuriyyətin 80 illiyi ilə əlaqədar imzaladığı sərəncamda yazılır: “1991-ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmiş və bu tarixi varislik üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır”. Deməli, XX əsr hələ sona yetməmiş M.Ə.Rəsulzadənin ideyaları özünə davamçılar qazanmışdır. Onun ideyaları və dövrün tarixi həqiqətləri müstəqillik dövründə dövlət səviyyəsində diqqətdə saxlanılır. Prezidentİlham Əliyev 15 fevral 2008-ci ildə Cümhuriyyətin 90 illik yubiley sərəncamını imzalayarkən bu məsələni xüsusilə diqqətə çatdırmışdır: “Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair sanballı əsərlər, hətta ikicildlik ensiklopediya nəşr edilsə də, tariximizin bu mərhələsi ilə bağlı çox sayda sənədlər hələ xarici ölkələrin qapalı arxivlərində saxlanılır və öz tədqiqatçılarını gözləyir”. Bununla belə dövrün digər faktları kimi ədəbi mənzərəsinin öyrənilməsi sahəsində də müəyyən addımlar atılmışdır. Ə.Saraclının “Azərbaycan yazıçıları Cümhuriyyət dönəmində” və A.Bayramoğlunun digər tədqiqat əsərləri ilə yanaşı “Qafqaz imdadına çatan könül nəğmələri” kitabları Cümhuriyyət dövrü ədəbiyyatı haqqında əhatəli mənbələrdəndir.

Həmin dövrdə ədəbiyyatın hərtərəfli inkişafını təsdiqləyən amillərdən biri də həm, müxtəlif janrlarda əsərlərin yazılması, həm də ədəbi qurumların fəal olmasıdır.Seyid Hüseynin rəhbərliyi altında təşkil olunan“Yaşıl qələm” birliyi “Hop-hopnamə”ni nəşr etmək istəmiş, həmçinin “İsmailiyyə” binası mövzusunda yazı müsabiqəsi elan etmişdir.O dövrdə “Ədəb yurdu”, “Türk ocağı” kimi milli ədəbi dərnəklərlə yanaşı, onlara alternativ olaraq 1919-cu ildə bolşeviklər tərəfindən “Qırmızı qələm” cəmiyyəti də yaradılmışdır.

Deməli, yaradılmış demokratik şərait düşüncə tərzindən asılı olmayaraq bütün yazarlar üçün eyni olmuşdur. Hətta xarici ölkələrdə çap olunan kitablar da həmin dövrün ədəbi əlaqələri haqqında müəyyən təəssürat yaradır. 1919-cu ildə Ceyhun Hacıbəylinin Parisdə fransız dilində “İlk müsəlman respublikası Azərbaycan” kitabının çap olunması ədəbi baxımından olduğu kimi, siyasi baxımdan da böyük hadisə idi. Eyni zamandaYusif Vəzir Çəmənzəminlinin 1919-cu ildə İstanbulda “Azərbaycan ədəbiyyatına bir nəzər” monoqrafiyasının nəşri də qardaş ölkələrdə Azərbaycan ədəbiyyatının təbliğinə xidmət edirdi.Bunlardan əlavə, o dövrün nəşrləri barəsində Adilxan Ziyadxanın 1919-cu ildəçap etdiriyi “Azərbaycan haqqında tarixi, ədəbi və siyasi məlumat”kitabı və“Milli şərqilər” almanaxı da müəyyən təəssürat yaradır.

Müasir dövrdə Cümhuriyyət dönəminin ədəbiyyatını daha çox o vaxtlar yayımlanan mətbu orqanlarından toplamaq mümkündür. Həmin dövrdə 90-dan artıq mətbu orqanın42-nin türkcə, 44-nün rusca, qalanlarının isə başqa dillərdə fəalliyyət göstərməsi məqbul hal idi. Bu orqanlar içində “Azərbaycan”, “İstiqlal”, “İttihad”, “El”, “Doğru yol”, “Millət”, “Məktəb”, “Türk sözü”, “Bəsirət”, “Açıq söz”, “Övraqi nəfisə”, “Qurtuluş” kimi milli yönümlü, “Kommunist”, “Gənc işçi”, “Haqq”, “Zəhmət”, “Əxbar”kimi bolşevik yönümlü qəzetlər kifayət qədər tədqiq olunmuşdur. Lakin Asif Rüstəmlinin “Zirədən başlanan yol” kitabında o dövrün mətbuatı haqqında da bir sıra yeni məlumatlar toplanıb.İlk dəfə olaraq “Gənclər yurdu” haqında ətraflı bilgilər yer almışdır: “Gənclər yurdu” məcmuəsinin ilk sayı 1918-ci il iyulun 23-də Tiflisdə fəaliyyət göstərən “Şərq” mətbəəsində daş basması üsulu ilə işıq üzü görür. Bu nəşri Mirzə Balanın 20 yaşının tamam olmasına qeyri-adi töhfə də adlandırmaq olar. Dərginin ilk oxunduğu və yayıldığı məkan Tiflisin Müsəlman Qiraətxanası idi”. (səh. 40) Daha sonra bir sıra təzə informasiyalarla tanış oluruq: “Gənclər yurdu” məcmuəsinin ilk sayında Mirzə Balanın “Azərbaycan Cümhuriyyəti” analitik yazısı, “Əksinqilabçılar” hekayəsi, “Dilimizdə işlədilən özgə sözlər” məqaləsi, Fikrət Ziyanın “Türk yurdu” məcmuəsindən alınmış “İmamın qanunları” nəzmi, Əhməd Cavadın “Qara dəniz”, “Dilimiz” şeirləri, Azər Ellinin “Türk teatrosu”, “F.T.” imzalı müəllifin (Firudun Tofiq oğlu Hacızadə – A.R.) “Qadınlara haqq” yazısı, “Acı sevgi” romanından bir parça, Rəbiyyə Xanımın “Altun çiçəklər”, eləcə də, “Türk dünyası” adlı dövrün xəbərlər bloku və b. materiallar verilmişdir. “Gənclər yurdu” məcmuəsinin ilk sayının sonuncu səhifəsində redaktorlar yerində: “Çıxaranlar: M.Bala Məhəmməd, F.Hacızadə” – yazılmışdır”. (səh. 45) Sitatda indiyə qədər az tədqiq olunmuş müəlliflərin və əsərlərin adları da yer almışdır.

Bu tipli, oxuculara az təqdim olunan həmin dövrün nasirlərinə misal olaraq Tağı Şahbazinin, M.Rəfizadənin, İ.Oruczadənin, İ.Qəmbəroğlunun adlarını çəkə bilərik. Eyni zamanda daha az müraciət edilən müəlliflərdən və əsərlərdən biri də Ağababa Yusifzadənin “Sınıq qanad” əsəridir. Lakin həmin dövrün mükəmməl nəsr əsərləri içərisində indiyə kimi kifayət qədər araşdırılmış və yayımlanmış əsərlər də var. BunlarCəlil Məmmədquluzadənin “Nigarançılıq”, “Konsulun arvadı”, “Xanın təsbehi”, “Qəssab”, “Rus qızı”, “Zırrama”,Əbdürrəhim bəy Haqverdiyevin “Şair” (“Mirzə Səfər”),  “Süleyman əfəndi”,Abdulla Şaiqin “Əsrimizin qəhrəmanları” romanının bir hissəsi, Seyid Hüseynin“Həzin bir xatirə”, “İslamiyyə”, Cəfər Cabbarlının “Parapetdən Şamaxı yoluna qədər”, Abbas Səhhətin “Qaragünlü Həlimə” əsərləridir.

Cümhuriyyət dövründə nəsr sahəsində olduğu kimi dramaturgiya sahəsində də əsas ağırlıq yükünü tanınmış imzalar çəkmişlər. Həmin müəlliflərə və əsərlərə nümunə olaraq Cəfər Cabbarlının “Ədirnə fəthi”, “Trablis müharibəsi, yaxud Ulduz”, “Aydın”, “Bakı müharibəsi”, “Nəsrəddin şah”, “Oktay Eloğlu”,Hüseyn Cavidin “İblis”, C.Məmmədquluzadənin “Anamın kitabı”, “Kamança”, Mirzə Bala Məhəmmədzadənin “Bakı uğrunda müharibə” pyeslərini misal göstərə bilərik. Dövrün dramaturgiyasına təsir edən amillərdən biri də 1919-cu ildə Azərbaycan Dövlət Teatrının yaranmasıdır. Eyni zamanda “Teatr xadimləri cəmiyyəti”, “Müsəlman Mühərrir və Ədiblər Cəmiyyəti” kimi qurumların da fəaliyyəti ədəbi prosesə təsirsiz ötüşmürdü.

Cümhuriyyət dövrü ədəbiyyatında nisbətən daha aktiv nəzərə çarpan sahə poeziya idi. Professor Bədirxan Əhmədov “XX əsr Azərbaycan ədəbiyyatı tarixi”nin I cildində dövrün poetik nümunələrini belə qruplaşdırır:

1. Cümhuriyyət, istiqlal, müstəqillik və bu atributlardan doğan təəssüratların milli inikası

2. Milli düşüncədən uzaq, mövzu və problem etibarı ilə dövrlə səsləşməyən poetik parçalar.

Qeyd edək ki, müəllif ikinci tip əsərlərə M.S.Ordubadinin “Zavallı əcəmistan” və Ə.Qəmküsarın “Əlaman” şeirlərini nümunə göstərir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bölgünün birinci hissəsinə aid əsərlər daha çoxdur. Bunlar o dövrdə işıq üzü görmüş Hacı Kərim Sanlının “Yeni şərqilər” kitabında və Feyzulla Sacidinin “Fəryad” kitabında da əksini tapıb. Həmin illərdə fəaliyyət göstərən, lakin indiyə kimi tədqiqatçıların nisbətən az müraciət ediyi şairlərdən Əli Misanı, Əli Şövqini, Sənan Yayılı Kərimi,Feyzulla Sacidi qeyd edə bilərik. Həmçinin Dərdli Sairin “Yürəklərə”, Ə.Bağırlının “Yüz il idi”, Mətləb oğlu Abutalıbın “Türkün dərdi”, Şərafəddinin “Azərbaycana xitabən”,Mürşüdün “Ağlayırdım, gülürəm, güləcəyəm”,Abbas ağa Qayıbov Nazirin “Miralay Cəmil Cahid bəy mədhində”, Cəlal Sahirin “Qafqaz türküsü”, Məhəmməd Ümid Gəncəlinin “Azərbaycan”, “Vətən şərqisi”, Əbdürrəhman Dainin “Bir yaralı əsgərin dilindən” kimi müəlliflər və əsərlər də geniş oxucu kütləsinə o qədər də məlum deyil. Cümhuriyyət dövründə Əli Kamalın qələmə aldığı“Vətən məni yetişdirib bu yerlərə göndərdi” misralarıyla başlayan “Marş” şeiri daha məşhur olsa da, müəllifi haqqında geniş informasiyalar yayılmayıb. Salman Mümtazın “Öyün, millət” şeiri isə Nuru Paşanın Şəkiyə gəlişi zamanı bədahətən söylənilmiş, şeirdə milli özünəinam ifadə olunmuşdur:

Ziyasız rus zülmündən o yüksək ruhun ölmüşdü,

Tuturdu şişəyə hərdən şərabi nab tək qanın.

Qızılgültək açıl, gül, gör ki, Türkün şanlı ordusu

Rəvaq-ərşə nəsəb etmiş Böyük Osmanlı ünvanın.

Digər az tanınan şair İbrahim Şakirin irihəcmli “Türk ordusuna” şeirində də həm törədilən qətllər, həm də türk ordusunun xilaskarlıq missiyası pafoslu təntənə ilə əks etdirilmişdir. Şeirin əvvəlində “Fəhtiniz qıldı bizləri dilşad, Cümleyi-islama sizsiniz imdad” misralarındakı sevincin səbəbləri şeirin sonrakı misralarında bəlli olur; “Həpimiz pək əlil və nalandı, Malımız zalimanə talandı… Etdilər bihesab qaratlər, Başaçıq qaldı cümlə övrətlər”. Bu müsibətlərin erməni daşnak birliyi tərəfindən törədildiyini qələmə almaqla şair tarixi həqiqəti gələcəyə olduğu kimi bədii dillə ötürmüşdür. Şeirdə əsas mətləb bu misralarda cəm olunub: “Qandılar türkün ol zaman gücünü, Gördülər çünki süngülər ucunu”. Bundan əlavə Ə.Müznibin 1919-cu ildə nəşr etdirdiyi “Yuğ qığılcımı” şeiri də eyni mövzudayazılmışdır. Şeir belə başlayır: “Altun yurdum qalmış idi bir zaman Qan içici düşmənlərin əlində”. Bunun səbəbinin də düşmənlərin, türklüyü və Quran-islamı yox etmək niyyəti olduğu etiraf edilir. Vəziyyət nə qədər mürəkkəb olsa da, Əmir Teymur nişanlı Məhəmməd Tofiq bəyin fədakarlıq edərək imdada yetişməsini şair şeirin sonunda belə təsvir edir: “Ulu tanrı “Tofiq”ini göndərdi, Gavurluğu islamlığa döndərdi”.

Cümhuriyyət dövrünün milli məzmunlu digər şeirlərinə Davud Ağamirzadənin “Məqsədimiz”, “Əsgər şərqisi”, “Bir əsgərin xitabı”, “Azərbaycan ordusuna”, “Atalara”, “Millətimə”,Əliyusif Rainin “Azərbaycanlıya”, “Bayraq”, “İdeal”, “Getmə”, “Öpər, kim bilir, bəlkə bir xülya”, “S.bəyə”, “Bir türk yolçusu deyir ki”, “Qarabağ xainlərinə” əsərlərini də nümunə göstərə bilərik.

Həmin dövrdə də xüsusi əzmkarlıqla yazıb-yaradan məşhur şairlərimizdən olan Məhəmməd Hadi “Əlvahi-intibah, yaxud insanların tarixi faciəsi” poemasını cümhuriyyət illərində tamamlamışdır. Bu illərdə yazdığı digər əsərlərə “Əsgərlərimizə, könüllülərimizə”, “Məfkureyi-aliyyəmiz”, “Türkün nəğməsi”, “Məmayi-kainat”, “Həyati-hazirəmizin ilhamları”, “Mühtab şəffa”, “Qürbət yellərdə yadi-vətən”, “Vaxtın səsi və həyatın özü” şeirləri misal ola bilər. Onun 1919-cu ildə çap olunmuş“Şühədayi-hürriyyətimizin ərvahinə ithaf” şeiri “Sizin məzarınız iştə qülubi-millətdir” sətri ilə başlayır və şeirin sonrakı beytlərində bunun səbəbləri açıqlanır: “Sizinlə buldu bu millət şərəfli istiqlal, Sizinlə buldu bu millət həyati püriqbal”,

Digər aktiv şairlərimizdən Abdulla Şaiqin “Marş” (“Türk ədəmi mərkəziyyət firqəsi “Müsavat”a ithaf), “Neçin böylə gecikdin?”, “Vətənin yanıq səsi” kimi əsərləri diqqəti cəlb edir. Onun1920-ci ildə “Qurtuluş” məcmuəsində çap olunmuş irihəcmli “Arazdan Turana” şeirində nisbətən süjet elementləri də hiss olunur. Şeirdə diqqəti çəkən əsas məsələ Araz və Kür çaylarının türkün problemlərini Quzğun dənizinə söylərkən istifadə edilmiş bədii priyomlar və kodlaşdırmalardır. “Girmiş sehrli divlər qızıl alma bağına, Qara quzğun ötüşmüş soluna və sağına” – tipli misralar daşıdığı məcazi mənalarla yanaşı, imperialistlərin ifşasına yönəldilmişdir.

Cümhuriyyət dövrü poeziyasından bəhs edərkən o zamanlar gənc şair olan Cəfər Cabbarlının “Azərbaycan bayrağına”, “Sevdiyim”, “Sevimli ölkəm”, “Dün o gözlərdə”, “Yaşamaq” kimi şeirlərini xüsusilə qeyd etmək lazımdır. O,1920-ci ildə çap olunmuş “Salam” şeirini Mirzəbala Məhəmmədzadəyə töhfə olaraq qələmə almışdır. “Od yurdunun yavruları dilindən Turan ellərinə salam söyləyin”- sətirləri ilə türk birliyinin arzularını ifadə edir.

Azərbaycanın dövlət himninin müəllifi Əhməd Cavad “Dalğa” kitabını AXC dövründə çap etdirir. Şairin həmin illərdə yazdığı “Bən kiməm”, “Türk ordusuna”, “Azərbaycan bayrağına”, “Elin bayrağı”, “Gəlmə”, “Bakı deyir ki…”, “İngilis”, “Bismillah”, “Röyasını görmüşdüm”, “Mən bulmuşam”, “Al bayrağa”, “Qardaş”, “Milli bayrağımıza”, “O qıza”, “Qalx”,“İstanbul” şeirləri milli məfkurəyə xidməti ilə fərqlənir.Onun “Ey əskər”şeirindən gətirdiyimiz nümunə də türk ordusunun qurtuluş qələbəsinə həsr olunub:

Şu qarşıkı duman çıxan bacalar

Sən gəlmədən iniltilər çıxardı.

Geciksəydin məzlumların fəryadı

Yeri, göyü kainatı yaxardı…

“Şəhidlərə” şeiri isə Azərbaycandakı osmanlı şəhidlərinə ithaf edilib. “Sənin qanındanmı, düzlərdə söylə Qüdrət bitirmişdir sayısız lalə” – misralarında həm axıdılmış türk qanları, həm də o qanların cücərib əbədiyaşarlılıq qazanması ifadə olunmuşdur.

Dövrün digər diqqət çəkən şairlərindən biri də Ümgülsüm Sadıqzadədir. Onun “Əsgər anasına”, “Çəkil dəf ol”, “Səs verəlim”, “Bir qız üçün”,“Bu yilki mayısda” şeirləri də istiqlal sevincini əks etdirir.  Ümgülsümün1917-ci ildə qələmə aldığı “Turan düdüyü”şeirində “Bir sahil yoxmudur çıxa gəmimiz, Ağlaşır analar duyan nərədə?”- tipli misralarla bədbinlik ifadə olunsa da, 1918-ci ilin fevralında çap olunmuş“Ey türk oğlu” şeirində “Səmalardan seçilməz Türkün mavi bayrağı Yenə əski şan ilə Türk yurduna dikilsin” – sətirlərində gerçəkləşəcəyinə inandığı arzuları ifadə olunub.Nəhayət, 1919-cu ildə çap olunmuş “Yolunu bəklərdim” şeirində isə “Heç ölçüyə sığınmayan dərdlərimi ovutdun, Qara günüm hilalıyın işığıyla parladı”- söyləməklə artıq arzularının gerçəkləşdiyini ifadə etmişdir.

One thought on “Cümhuriyyət dövrü ədəbiyyatına bir baxış

  • 2 Mayıs 2021 tarihinde, saat 22:07
    Permalink

    təşəkkür edirəm

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest