GenelGüncel

Azərbaycan poeziyasında Mövlanə izləri

Adilə Həsən qızı Nəzərova

Filologiya üzrə fəlsəfə doktoru

AR Təhsil İnstitutunun aparıcı elmi işçisi

Azərbaycan poeziyasında Mövlanə izləri

“Tanrı” sözünün, adətən, iki məna daşıdığını bilirik. Bunlardan birincisi hər kəsin qəbul etdiyi kimi, dinə görə dünyanı yaradan və idarə edən fövqəltəbii qüvvə  –hər şeyin səbəbi, ikincisi isə təfsir yolu ilə başa düşülən gizli daxili mənadır. İkinci mə­na­nı elmi və mədəni səviyyə yetməzliyi və ya fərqli dini inanc səbəbindən in­­sa­­nların çoxu bilmir. Öyrənmək istəyənlər isə İslam mistisizmini digər mühüm mis­­­tis­izmlərlə, xüsusən xristian və hind mistisizmləri ilə müqayisədə öyrənmiş və öyrən­­­mək­dədirlər. Türk toplumlarda isə əsrlərdir ki, “Tanrı” sözünün ikinci mənası Mövlana Cəlaləddin Ruminin “fih ma fih”  “nə varsa içindədir” fəlsəfəsi ilə öyrədi­lir. İstifadə edilən bu metod xəyali olduğu qədər də, fikirləri elmi-məntiqi nəticələrə kökləyir.

Özündən sonrakı fəlsəfi və bədii düşüncəyə böyük təsir göstərən Mövlana məktəbi Azərbaycan bədii-fəlsəfi mühitində də özünə möhkəm yer almışdır. Belə ki, Ş.M.Şəbustəri, F.Nəimi, İ.Nəsimi, Həbibi, M.Füzuli, Ş.İ.Xətai və mütəfəkkir­lərin yaradıcılığında Mövlana izlərinə – onun fəlsəfəsinə, bədii üslub xüsusiyyət­lərinə  rast gəlinir.

Mövlanə Cəlaləddin Rumi və İmadəddin Nəsimi şeirinin ortaq qaynağı

Mövlanənin dini dünyağörüşü sufi fəlsəfəsindən qaynaqlanırdı ki, bu da İslam fəlsəfəsinin mənəviyyat yolu idi. Mövlanəyə görə, Allaha doğru can atmaq Ona yetməkdən gözəldir. Gözəllik vüsal deyil, o yoldakı həsrətdir. Filosof-şair möhtəşəm “Məsnəvi” əsərində yazır: “Sevgilimi gərək o qədər axtarım ki, ən sonda onu axtarmamağın vacibliyini anlayım.” 

         Klassik Azərbaycan ədəbiyyatının görkəmli mütəfəkkürlərindən biri filosof-şair İ.Nəsimi yaradıcılığının əsasını təşkil edən sufi-hürufi ideyaları da eynən təsəvvüfdə olduğu kimi insanın mənəvi paklığının, batini gözəlliyinin səciyyəsidir. Şair şeirlərində insanın iç gözəlliyini Haqqın üzü adlandırır:

Ürəyim quş, dağınıq zülfün ona mənzildir,

“Rəbbi ənzilni” duasın edirəm, yüz ildir.[1]

… Haqq gözəllikdi, gözəllikdə ara Haqq üzünü,

Ey Nəsimi, çalışıb eşqi tapan kamildir. (5, s.20)

Əslində, İ.Nəsiminin “Həqq mənəm, həqq məndədir” kəlamı Mövlanənin “fih ma fih” – “nə varsa içindədir”  fikri ilə hardasa səsləşir.

Bildiyimiz kimi, ədəbiyyat bəşər üçün əhəmiyyətli olan ortaq dəyərləri qoruyub nəsillərdən nəsillərə ötürür. Bu ümumi ortaq dəyərlər fərqli ideologiyalar və dünyabaxışlar mühitində həmişə bu və ya digər şəkildə yayılmış, yeni ideyalarla zənginləşmişdir.

Sovetlər dövründə də şərtlərin imkan verdiyi qədər sufizm, bu təlimin banisi Mövlanə Cəlaləddin Rumi fəlsəfəsi Azərbaycan ədəbiyyatının parlaq nümayəndə­lərinin yaradıcılığında öz əksini tapmışdır. 

Məlumdur ki, həmin dövrdə hakim olan kommunist ideologiysı milli-mənəvi dəyərləri sıxışdırıb aradan çıxarmağa xidmət edirdi. Bu proses xüsusilə 20-30-cu illərdə daha aqressiv şəklidə özünü büruzə verirdi. Lakin məhdudiyyətlərə, təzyiq­lərə sinə gərib, milli düşüncə tərzinə sadiq Hüseyn Cavidlər, Mikayıl Müşfiqlər, Əhməd Cavadlar da vardı. Onların ən cuzi şəkildə ifadə etdikləri haqq-ədalət düşüncələri proletar mədəniyyəti, ədəbiyyatı fonunda daha qabarıq görünürdü.

Hüseyn Cavid yaradıcılığında Şərq fəlsəfi fikri

Hüseyn Cavid bədii-fəlsəfi mahiyyət daşıyan əsərlərində Şərq fəlsəfi fikrini, onun estetikasını inkişaf etdirirdi. Onun “Hər kəsin bir eşqi, bir Allahı var, Mənim Tanrım gözəllikdir, sevgidir” fikri Mövlananın insan və gözəllik fəlsəfəsi ilə eyniləşir. Bu eynilik fikirlərin ifadə tərzində də özünü göstərir: “Bir könüldə eşq və sevgi atəşi yoxsa, o adam qaranlıqlarda və Allah nurundan xəbərsizdir.”

Ədəbiyyat üzrərində ciddi nəzarətin olduğu bir vaxtda, ateizmin girdabında belə H.Cavid “Xəyyam”, “Peyğəmbər” və s. dram əsərləri ilə Tanrıya və dinə olan inancını açıq şəklidə ifadə etməyi bacarmışdır. O da Mövlanə kimi Tanrıya canatmaları ilə seçilir. Böyük mütəfəkkir Peyğəmbərin dili ilə “Bəncə dünyada ən sevimli diləkOna qoşmaq, onunla birləşmək…” – deyə ona gedən yol istəyini belə izhar edir:

Onu duymaq, düyurmaq istərkən,
Gəririm hər bəlayə köksümü bən.
…Çünki həp bənliyim, kəmalım onun,
Hər düşüncəm, bütün xəyalım onun.
Bəni həp cəzb edər o incə məal.
Ah, o, yalnız o qayeyi-amal! 
(3, s.148)

         Bununla da o bütün amalının Tanrını duymaq və duyurmaq olduğunu vurğu­la­mış, Tanrını insan gözəlliyində görmüşdür. H.Cavid Sovet ideologiyasının xalqın əlindən almaq istədiyi dili, milli kimliyi, paklığı dəniz adlandırırdı və o bu dənizə möhkəm lövbər salmışdı. M.Müşfiq isə o dənizin sahillərindən uzaqda deyildi.

Mikayıl Müşfiq şeirinin ruhunda Mövlanə coşğunluğu

M.Müşfiq gözlərindəki yaşamaq eşqini insan zərifliyinin abidəsinə çevirir. Bu abidə həm də Tanrının böyüklüyünün, ona olan ümid və istəyin, eşqin təzahürü idi.  M.Müşviqin müəllimi saydığı H.Cavidə bəslədiyi sevgini Mövlanənin Şəms Təbriziyə olan sevgisi ilə müqayisə etmək olar:

Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əllləşən
Dostdan, aşinadan necə əl çəkim?  (M.Müşfiq)
(11)

Atəş saçan diləklərim göylərə yüksəlməkdədir, Onları görən Cəbrayıl ərşdə “Amin! Amin!” – deyir… Ey Şəms Təbrizi! Sənin üzünü gördüyüm gündən bəri mənim dinim – eşqdir, Çünki sənin üzün – dinimin öyündüyü bir üzdür. (Mövlanə. Divani-Kəbir) (8, s.274)

     Eynilə Cavidin “Uyuyur” şeirində dediyi kimi:

Bu çiçəklikdə, siz əmin olunuz,

Böylə bir gül yetişməmiş əsla.

Kim bilir! Düşsə cənnətə yolunuz,

Bulunar bəlkə böylə bir sima,

Bulunar bəlkə böylə bir afət!  (4, s.87)

       “Çoban türküsü”ndə itirdiyi dost sevgisi də Mövlanənin dost itkisinin yanğısına bənzərdir:

Açmasın çiçəklər, gülməsin güllər,

Ötüşməsin şirin dilli bülbüllər,

Dərdim çoxdur ellər, ellər, ay ellər,

Yar-yar deyib gecə-gündüz ağlaram.(4, s.94)

Ney və kamil insan

          Mövlanənin “Məsnəvi”sinin 18 beytində ney mövzusu vardır. Bu beytlərin tamamında ney ayrılıqdan şikayət edir, çünki o bir qamışdan kəsilib, dağlanıb və əslinə dönmək, özünə qovuşmaq istər. Şairə görə, ney kamil insanın simvoludur. Yalnız kamil insan özündən, yəni Rəbbindən ayrıldığı üçün ömrü boyu ona doğru canatmalarla ağlayıb sızlayar: 

Neyle konuştum, dedim bana derdini söyle,

Kim ağlatır seni, bu feryat nedir böyle?

Dedi: O sevgiliden ayrı düştüm, üzgünüm,

Ğayrı geçmez benim aləmde feryatsız günüm.  

Və ya:

Duy, şikayet eylemede her an bu ney,

Anlatır hep ayrılıklardan bu ney.

Der ki feryadım kamışlıktan gelir,

Duysa her kim, gözlerinden kan gelir. (12)

Mövlanədə ifadə olunan ney surətinin səciyyəvi xüsusiyyətləri Azərbaycanın istiqlal şairi Əhməd Cavad yaradıcılığında da yer alır. Şair “Səslər” şeirində ney səsini başqa heç bir səslə müqayisə edə bilmədiyini, sanki o səsi o vaxtadək heç duymadığını vurğulayaraq, onun ilahi bir səs olduğunu söyləyir. Şair bir az da irəli gedərək o ney səsinin hətta Mövləvi dərgahında da duyulmadığını qeyd edir:

Bu səsi mən duymadım,
Ağlayan dərdli neydən.
Bu səs bambaşqa şeydi
Qəzəldəki gileydən.
Bu səsi duyammadım
Mövləvi dərgəhindən.
Bu səsi duyammadım
Bağrı yanıq bülbülün
Sızlayan cəh-cəhindən.
(13)

 XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən sayılan Bəxtiyar Vahabzadənin lirik şerləri də fəlsəfə və bədii dil xüsusiyyətlərinə görə Mövlanə əsərlərinə çox oxşardır. Məsələn:

       “Mən sənin ayrılıq dərdinlə qəmləndim, dərdləndim, amma bu dərd səndən gəldiyi üçün çox xoşbəxtəm, nəşəliyəm, sevincliyəm” Mövlanə.

“Əgər olmasaydı dəryaca dərdim,

 Dərdin yoxluğunu mən dərd bilərdim.” B.Vahabzadə

         Mövlanənin ən məşhur “Çox adam gördüm üstündə paltar yoxdu, çox paltar gördüm, altında adam yoxdu” fikrində verdiyi vacib mesaj dünyəvi həyatın keçici olmasıdır. Şairə görə, maddi, müvəqqəti dünyada hər şey insanlar arasındakı münasibətləri pozmaq, dağıtmaq üçündür.

        Bu fikirlər 600 ildir fərqli formalarda ümumtürk ədəbiyyatda olduğu kimi Azərbaycan ədəbiyyatında da ana mövzu olmaqdadır.

        Mövlanənin şeirlərində ölüm, yoxluq kimi qavramlar tamamilə qibtə ediləcək anlayışlardır. Şairə görə yoxluq varlığın kamilliyi və zirvə nöqtəsidir, ölüm kimi həqiqi və mənəvi doğuşdur. 

Sen var olduğun günden beri, bir ateş, rüzgâr yahut topraktın.

Değiştin, ilk varlığın kalmadı, yerine daha iyi bir varlık konuldu.

Aynı şekilde biri öncekinden daha iyi olan yüz binlerce varlık geldi.

Bu var oluşları yok oluşla buldun, şimdi niye yokluktan yüz çeviriyorsun ki?

Bu yokluklardan ne zarar gördün ki varlığa sımsıkı yapışmışsın.

 Madem ikinci durumun ilkinden daha iyi, o zaman yokluğu ara ve değiştirene kulluk et. (Mesnevi 5/789 ve sonrası) (9,s.192)

        Varlıq və yoxluq haqqında oxşar düşüncədən doğan poetik ifadələr Müasir Azərbaycan şairlərinin əsərlərində də işlənir. Onlardan biri irfan şairi sayılan Hacı Məhəmməd Astanbəylidir. Onun şeirlərində Mövlanənin Yaradana ünvanladığı, “həyat səninlədir, sənsizlik yoxluq və ölümdür, zira sən günəşsən, sənsiz hər şey solmaqdadır” fikirlərini görürük.

..Dişimlə qırdım sapı,

Bu da sonuncu qapı…

Bitdi yoxluq donunda

Sonuncu yamalıqlar.

və ya:

Bu da sənli günümüz,
Halam bütün hallara.
Sualam cavablara,
Cavabam suallara.

Sənsizliyin yanında
Yoxluq lap balacaymış.
Sənsizliyin yanında
Varlıq bapbalacaymış.(10)

Mütləq Varlığın təzahürü

       Mövlanənin eşq, sevgi haqqındakı düşüncələri əsasən irfani xarakter daşıyır. Ona görə, sərv ağacları Allahın boyunu anladır, ayın ziyası Onun rəngini xatırladır, çiçəklərin açması Onun gülümsəməsini, suyun səsi Onun səsini əks etdirir. “Ey O’nun cemalini görmek isteyen, O’nun dağlarına bak. Ey dağ, nasıl bir içki içtin ki yankıladığın sesle sarhoş olduk.” (Divan 1/14) (9, s.181)

        Şair İbrahim İlyaslının şeirlərində də səs Mövlanədə olduğu kimi irfani bağlarla çox sadə və zərif formada bəyan olur: 

Tanrım, görən mən kiməm,

Nəçiyəm bu dünyada?–

Bir payı quru torpaq,

Üç payı su dünyada!

Bu cismi-can varlıqdı,

Yoxluq divanəsiyəm.

La İlahə İlləllah! –

Kimdi məni səsləyən?!  (6, s.10)

        Şair “Dan üzünün türküsü” şeirində qönçələrin “Allahu Əkbər” deyərək gül olduğu anı vəsf edir və Tanrı o gülün surətində təcəlla edir. Necə ki Mövlanə neydəki səsi Eşqin səsi olduğunu,  Mütləq Varlığın təzahürü olduğunu ifadə edirdi, burada da həmin düşüncə öz əksini tapmışdır.  Bu baxımdan şeirdə Tanrının güldə təzahür edən sevgi səsi nəfəs-nəfəsə duyulur və kamil insan o səsin sirrindən agahdır: 

Hələ alatorandır, açılmayıb dan üzü,

Mübarək bir sükut var şəhərin göylərində.

Allahu Əkbər!– deyib güllənir tər qönçələr,

Tanrı təcəlla edib səhərin göylərində. (7, s.32)

       Şairin irfani ruhla kökləndiyi vaxtlarda ilhamı onun mənəviyyatının, dünyagörüşünün sərhədlərini İlahi yüksəkliyə qədər əridir və əritdikcə də qarşısın­da yeni üfüqlər açılır. İnsanla Tanrını bütövləşdirən dəyərlər sistemi işə düşür. Bu zaman şairin nəzərində bütün üstün xüsusiyyətlərin vəsfi Allah Təalaya aid olur. Bütün gözəlliklər onun sifətləridir. Maddi aləmdə görünən və görünmə­yən üstün keyfiyyətlərin hamısı o mütləq varlığa aid olur. Sadalanan müsbət keyfiyyətlər həmin anda insanın ağlını və ruhunu məşğul edən bir insanda özünü göstərməsinə baxmayaraq, bu mənəvi dəyərlərin mənşəyi ancaq tək olan varlıqla əlaqəlidir.

“Ya Hu”

         Təsəvvüf şairlərinin, o cümlədən Mövlanənin “Hu” sözü ilə bitən bəzi şeirləri ilahi kimi bəstələnmişdir. Məlumdur ki, “hu” sözü təriqət folklorunda müxtəlif mənalarda geniş istifadə olunur. Məsələn, dərvişlər bir-birlərinə müraciət etmək və cavab vermək üçün “hu” deyirlər. Sufi baxışlarında zikrin ən fəzilətlisi Allahı bir şey istəmə anlamı daşımayan ifadə ilə anmaqdır. Məsələn, Allahın adlarından biri olan “Kərim” kəramət sahibindən ona nəyinsə ehsan edilməsi üçün, “Şafi” şəfa niyyətinə və s. işlədilir. “Hu” kəlməsi isə sufilərə görə ancaq Onun özünü anmaq niyyəti ilə işlədilir və bu sufilərin kəşfi hesab olunur.

         Mövlanənin şeirlərində “Ya hu”, “Bu da keçər, ya hu”, “Ədəb, ya hu” və s. kimi ifadələr geniş yayılmışdır. Həmin ifadələr fərqli zamanlarda bir çox təsəvvüf alimləri tərəfindən araşdırmalara və təhlillərə cəlb olunmuşdur.

  “Hər kəs öz zamanının övladıdır” tezisi müasir ədəbiyyatımızın da əsas meyarla­r­ın­dan biridir. Bu həm də onu göstərir ki, insan hansı dövrdən keçir keçsin, milli kimlik məhv olmur. İşğalçılıq bəzən milli kimliyi yıpradır, deformasiyaya uğradır, zədələyir, ancaq silib yox edə bilmir. “Hu” ifadəsinin işlənməsi baxımın­dan da müasir Azərbaycan şeirində Mövlanə izlərini görmək olar. Məsələn:

Mədəd, Ya Hu, üşüyürəm,

Ətək ver, büküm canımı.

Yalqızlıq oda bürüyür,

Tənhalıq sökür canımı.

Cavabla, ya Rəbb çağrımı,

Alışdır sönən bağrımı.

Kül etmə, Eşq tək ağrının

Yanğısı çəkir canımı. (1, s.21)

Azərbaycan şeirində sevgi və eşq

Mövləvilik, dolayısı yolla sufilik  insanla yaradıcı güc – Allah, insanla kainat, insanla insan arasındakı əlaqələri təyin edən bir düşüncə sistemidir. Bu düşüncə sistemində yer üzünün şərəflisi olan insan ağıl, anlayış və ürək zənginliyi ilə bütün yaradılanlardanüstündür.  Allahın xəlifəsi və ümumilikdə insan Onun yer üzündə ən gözəl təzahürüdür. İnsan maddi dünyanın ağasıdır. Əzəli və əbədi olan Allahın qalacağı yeganə yer insanın könlüdür. Maddi və mənəvi bütövlüyü ilə insan bir kiçik aləmdir ki, ona uyğun gələn ən gözəl sifətlər – fəzilət və hikmət Allahdandır.İnsandan gözlənilən qəlbinə öncədən möhürlənən ilahi eşqə qovuşmaq üçün səbr etmək, nəfsi ilə  mübarizə aparmaq, nəfsinin əsiri olmamaq, ruhundakı ilahi güclə mükəmməlləşməkdir. Peyğəmbərlər, nəbilər, övliyalar bu yolda insanın yolunu aydınladacaq bələdçilərdir.

Dünyanın görünüşünü və varlığı Allahın gözəllik və həyat güzgüsü olaraq qəbul edən Mövlanə üçün şübhəsiz ki, “hər üzün gözəlliyi o dənizdən bir damladır”. Bu fikirlərini təsdiq edən misraları çoxdur. Onlardan bir neçəsinə nəzər salaq:

“Dünyada mevcut bütün canlar, sana karşı canlıktan çıkıyorlar, beden oluyorlar. Halbukisen, cansın, canlarcanısın, cansızbedenneişeyarar? Ben çokeskiden, sanagönülvermiştim. Gel, eysevgili gel de şimdisanacanımı da vereyim!”(14, I.16)

“Arifiçinyarnerdeyseorası, güzelvehoştur.Fakatşimdikuyudayalnızcadostununhayaliyledir, yukarıdaysaonuncemaliperdesizvevasıtasızgörünmektedir.Şüphesiz,aynadakiresim ne kadargüzelolursaolsun, canlısıdahahoştur.” (9, 184-185)

Oxşar fikirlərə Azərbaycan XX əsr ədəbiyyatında çox cəhətli və zəngin ədəbi irsi ilə, özünəməxsus sənətkarlıq qüdrətinə, yerinə və mövqeyinə görə seçilən Xalq şairi Məmməd Araz şeirlərində də rastlanır.  Şairin “Səni axtarıram” şeirindəki   (Nənəmin kitabı, 1956) bu misralar  ifadə və tutum baxımından Mövlanənin sevgi eşqin məfhum və mənası haqqındakı fikirləri ilə uzlaşır.

…Gözümdən getməyir camalın sənin,
Köçüb qonşuluqdan hayana getdin?
Kəpəzmi, Qoşqarmı oldu məskənin
Yoxsa onlardan da o yana getdin?

Səni axtarıram o gündən bəri,
Axı açmamışdım sənə könlümü.
Yaz gəldi, açıldı bahar gülləri,
Mənsə açmamışam yenə könlümü.

Ümumiyyətlə, İslam anlayışında insan haqqında ən çox işlənən simvollar arasında “uhuvvetifadəsi gəlir ki, bu da dostluq, qardaşlıq, bağlılıq anlamında bir neçə bərabərliyi ehtiva edir. Bu Mövlanə yaradıcılığında da çox rast gəlinən ifadədir. Məsələn, Mövlanə Cəlaləddin Rumi “Divani- Kəbirdən seçmələr” kitabında (Cild II, 941, Farscadan tərcümə professor Dr. Mehmet Kanar)yazır:

“Toprak olmak aşıkların işidir. Çünkü aşıklara; hayata, dünyaya ait olan bağlılıklarını koparmayı Hakk gösterdi.” Və ya:“Dediki: “Neredeafetvar, belavar, ıstırapvar?” Dedimki: “Seninaşkınınmahallesinde.” Dediki: “Senoradanehaldeidin? Nasıldın?”Dedimki: şikayetetmedensanabağlılıkta, vefada, doğruluktaidim.”

MəmmədArazınəksərşeirlərindəvətənə,  torpağa, Araza, anaya, gülə, çiçəyə, ağaca, həttaküləyəbeləsədaqət, vəfamotivləri var. O şeirlərdəböyükbirsevgininifadəsinigörməkolur. “Qaranquş”adlı şeirinə nəzər salaq:

Əsdi vədə yeli…yaz müjdəsilə,

Qondun eyvanıma yenə, qaranquş!

Mən sənin eşqinlə gəlirkən dilə,

Uçmağın dərd oldu mənə, qaranquş!

Bir zaman yuvanı uçurmuşam mən,

Bəlkə də, bəlkə də o yadındadır.

Dilin yox, dərd açıb söz söyləyəsən,

Dilin də, sözün də qanadındadır.

Gəl yenə yuva qur doğma yerində,

Könlüm həsrətinlə dindi, qaranquş!

Ta uçma, çəkinmə məni görəndə,

Mən uşaq deyiləm indi, qaranquş!

Mövlanənin nəzərində üstün xüsusiyyətlər və onların vəsfi ancaq Allaha məxsus ola bilər, çünki bütün üstün sifətlər Ona aiddir. Yəni ki, maddi aləmdə müsbət və yüksək  keyfiyyətlərin cəmi mütləq varlığa məxsusdur.  Doğrudur, bu üstün keyfiyyətlər insanlarda da özünü göstərir, lakin dəyərli olan nə varsa mənşəyini həqiqi olan tək varlıqdan – Allahdan alır. İnsanların zahiri əməlləri Allahın batini əlamətlərini əks etdirir. Bunların hamısının səbəbi isə İlahi eşqdir. Kainatın yaranma səbəbi belə İlahi eşqlə bağlıdır. İnsan kainatda gördüklərinin vəsf edirsə, deməli Allahı vəsf edir. Tək varlıq kainatı ona görə yaradıb ki, özünü vəsf etdirsin. Burada məqsəd bundan ibarətdir ki, bütün varlıqların ehtiyac duyduğu vahid varlıq sübut olunsun. Mövlanəyə görə bütün varlıqlar ilahi varlıqdan danışır, bütün eşqlər ilahi eşqi işarə edir. Bu həm də o deməkdir ki, vahid varlıq qədər bütün varlıqların sevgidə, eşqdə payı var. İlahi eşqlə dünyəvi eşqin fərqi budur ki, İlahi eşq sabitdir, dəyişməzdir, dünyəvi eşq isə dəyişkəndir. Dəyişən nə varsa paklıqdan çıxma, günaha batma ehtimalı vardır. Buna rəğmən mayasını İlahi eşqdən aldığı üçün təqdirəlayiqdir.

Eynən yuxarıdakı şeir nümunəsində olduğu kimi – şairin yaşı artdıqca, uşaqlıqdan çıxıb böyüdükcə fikirləri dəyişir və o, qaranquşun geri dönüb əvvəlki yerində yuva qurmasının həsrətini çəkir.

Haqqa dönüş yolu

XX əsr Azərbaycan ədəbiyyatının inkişafında xüsusi yeri olan Xalq şairi Zəlimxan Yaqubun yaradıcılığına nəzər salsaq, görərik ki, şair zəngin yaradıcılığı başdan ayağa türk ədəbi ənənələrilə qidalanmışdır. Bir çox şeirlərində Mövlanə ruhuna bürünərək Azərbaycan poeziyasına yeni məzmun, yeni bədii keyfiyyətlər gətirmişdir.

Bir su damlası dənizdən ayrı düşəndə necə buxarlanıb yox olma qorxusu yaşarsa, insan da Allahdan ayrı özünü tənha və qəribə hiss edır, mənəvi əzab-əziyyət çəkir və əslinə dönmək istəyir. Bu səbəbdən dünyanı, həyatı, xüsusilə özünü tanıyan – dərk edən hər kəs insanı Allahın qulu olaraq qəbul edir. Bu həqiqəti çoxu qəbul etsə də şairlər daha çox dilə gətirər. Zəlimxan Yaqub da həmin şairlərdəndir ki, doğulduğu bölgədə sufilik, xüsusilə sufiliyin nəqşibəndilik qolu daha çox inkişaf etmişdi. Bəlkə də buna görə şairin yaradıcılığında Mövlanə izləri açıq-aydın görünür. Şair gəldiyi yolu da, getdiyi yolu da xüsusi gözəllilkə, coşğunluqla təsvir edir:

Lələ mənəm, Kərəm mənəm, külmənəm,
Kül içində baş qaldıran gül mənəm.
Sevgi adlı şah evində qul mənəm,
Şahdan gələn, şaha gedən yoldayam.

Həzrəti Mövlanənin “Divani Kəbir”in birinci cildində yazdığı misralarda bənzər fikirlərin şahidi oluruq:

“Sən Harun kimi dünyanın en zengin adamı olsan da, aşiq olsan iflas edəcəksən. Şah olsan da aşiq olanda bizim kimi qul olacaqsan.”; “Kərəm çayına daldım, şəfəqin qulu, köləsiyəm. Ümid edirəm ki, bu lütf və feyzlə dolu səhər vaxtında o gül qoxulu gələr və məni məna dolu gül bağçasına aparar.”

Şair “Ruh”adlı şeirində ruh və bədən haqqında fikirlərini belə ifadə edir:

Qarşısını kəsə bilməz nə cəhənnəm, nə cənnət,
Bədən hara gedir getsin bu torpağın malıdır.
Səni bütün bəlalardan sağ-salamat qurtaran,
İncə könül, incə ürək, incə ruh olmalıdır.

Göz görməsə qəlbim sevər, qəlbim duyar həyatı,
Mən ruhumla bu torpağın ləzzətiyəm, dadıyam.
Haqqın ruhdan yuxarıda mərtəbəsi yoxdu, yox,
Bədən məndən inciməsin, mən ruhun övladıyam.

Mövlanənin fikrinə əsasən, Allah-Təala varlıq dairəsinin mərkəzi, həyatın başlanğıcı, varlıq axınına istiqamət və güc verəndir. Görünən və hiss olunan aləm Haqqın yaradıcılığının və iradəsinin əksidir, onun hüsn-cəmalının təzahürüdür. Ruh hələ bədən qəlibinə girmədən əvvəl nəfs nəfs narahatlığından azad, Allahın sonsuz lütfündə idi. İlahi iradə və hikmət ruhun bir müddət əslindən  – Uca Allahdan uzaqlaşmasını uyğun gördü. Mövlananın əsərlərində yaradılış fəlsəfəsi və ruhun bu dünyaya enişinə dair dərintəfərrüatlar yoxdur. Lakin o, dünyanın yaranmasında və ruhun dünyaya enməsində, dünya həyatının sona yetdiyində yenidən Haqqa dönəcəyinə və bu hikmətlərdə gizli faydaların olduğuna da şübhə etmirdi. Elə bu səbəbdən də yazırdı:

“ Şehirde de, çölde de, o ay yüzlünün, o güzelin yol arkadaşıyız. Canlar, o ay yüzlü sevgiliye kul olsun, köle olsun.0 can padişahının ruhları çekip götürdüğü yolun sonunda, son konağında neler var neler? Şehir de orada, ev bark da orada. Cenab-ı Hakk’ın “Gel!”,, ruhları çağırdığı yer de orada, dünyada sürgün edildiğimiz yer de orada.” (14, I,200)

Bu dünyanın əksikliyi, keçiciliyi, darlığı, aldadıcılığı, pisliyin, çirkinliyin, şərin yuvası olması kamillik, gözəllik, əbədilik, genişlik, yaxşılıq və həqiqətlə müqayisədə ortaya çıxır. Mövlanə elə bu səbəbləri ortaya qoyaraq onu anlayanları dünyada ikən dünyanı tərk etməyə, ölmədən ölməyə çağırırdı:

“Oraya gideyim, oraya gideyim, yukarıdaydım, yukarıya döneyim; bırak beni, ben buraya bir an sığınmak için gelmiştim, bırak beni gideyim Ben bir ilahi bir kuştum, gördün mü nasıl insan alemine düştüm, tuzağa göremedim, birden yakalandım Ben tertemiz bir nurum yavrum, bir avuç toprak değilim.”(9,177)

Poeziyanın daha çox ruh işi olduğunu vurğulayan Xalq şairi Ramiz Rövşən də bu səbəbdən  bu fikrinin üzərində dayanırdı.

Nə var Allahdan yuxari?

Nə var qəbirdən aşağı?

Çəkdiyim ahdan yuxarı?

Bildiyim sirdən aşağı?..

Ruhum, dur, yığış gedirik,

Sən yuxarı, mən aşağı”

“Yüz gerçək aləmin içində, bətnində, tən ortasında olan, könlü daim Mövlanənin yanında olan şairin həyatının hər yanı gerçək aləmdən vaz keçmək üstündə köklənir, sözün tam mənasında bütün istəklərdən arınmağa yönəlir. Buna görə də bir mətnin daxilində yaşayan, müxtəlif məqamları və yaşantıları əks etdirən misralar bir struktur bətnində qeyri-adi təsirə malik olur, yəni: bu misralar və yaşantılar hardasa vaxtı ilə bir-birindən aralanmış, ayrı düşmüş, tam yaşanmamış hisslərin “görüşü” təsirini bağışlayır. Nakam hisslərin bu şəkildə, qeyri-adi mətn daxilində görüşü ölümün, həsrətin möcüzə nəticəsində kök atıb yaşayış qatına keçməsi təəssüratını doğurur.” (2, 45)

Mənim bu dünyayla bir alverim var,

aldığım-verdiyim nəfəsdi, nəfəs.

Daha özgə bazar açan deyiləm,

ölüncə bu alver mənə bəsdi, bəs.

Aldım nəfəsimi quş dimdiyindən,

Ocaq tüstüsündən, çiçək iyindən.

…Canavar ağzından keçdi nəfəsim,

İlan boğazından kecdi nəfəsim.

İlahi, nə yaman əliaçıqsan,

bir quru nəfəsi az bildin mənə.

Yarpaqladı, çiçəklədi nəfəsim,

ilahi, dil verdin, söz verdin mənə.

Sözlər nəfəsimi dərdi, apardı,

Sevinci apardı,dərdi apardı.

Çiçəyi, yarpağı sovulub gedən

bir ağac kimiyəm bu yer üzündə,

Hələki, qorxmuram son nəfəsimdən,

hələkidiriyəmbuyerüzündə.

XX əsr Azərbaycan şeirinin üfüqlərinə nəzər yetirdikcə görmək olur ki, Mirvari Dilbazinin, Hüseyn Arifin, Əliağa Vahidin, Vaqif Bayatlı Odərin və başqalarının  yaradıcılığında Mövlanə izləri xüsusilə aydın duyulur.

İstifadə edilmiş ədəbiyyat

  1. Adilə Nəzər, Topla məni, İlahi,Bakı, QANUN nəşriyyatı, 2019, 192 s.
  2. Cavanşir Yusifli,  Ramiz Rövşən yaradıcılığı poetk sistem kimi, Bakı –YYSQ – 2014, 240s.
  3. Hüseyn Cavid. Əsərləri. Beş cilddə. III cild. Bakı, Lidernəşriyyat, 2005, 304 səh. s.148
  4. Hüseyn Cavid. Əsərləri. 4 cilddə. I cild. Bakı, Yazıçı, 1982, 321s.
  5. İmadəddin Nəsimi – 40 qəzəl. Bakı, Qanun nəşriyyatı, 2019, 128s. (Fars dilindən tərcümə: Dalğa Xatınoğlu)
  6. İbrahim İlyaslı. Mən bir söz bilirəm. Bakı, Adiloğlu nəşriyyatı, 2004, 77s.
  7. İbrahim İlyaslı, Şair olmaq zülümdür, Bakı,2018, Qələm Nəşrlər evi,192s.
  8. Mövlanə Cəlaləddin Rumi. “Məsnəvi” Seçmələr. Şefik Can. Azad Yaşar çevirisi. Bakı, Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2013.288s. s.274
  9.  Rahman Moshtagh Mehr, Çev. Kadir Turgut, Mevlânâ’ya göre varlık ve insan hayatı kavramı-II İ.Ü. Şarkiyat Mecmuası Sayı 20 (2012-1) s.173-195  https://dergipark.org.tr/en/download/article-file/10538

10. http://reaksiya.az/news/yazar-klub/784-haci-mehemmed-aslanbeyli

11. http://senet.az/h%C9%99yat-sevgisi-mikayil-musfiq/

12. https://www.guzelcumleler.com/ney-ile-ilgili-sozler

13.https://az.wikisource.org/wiki/S%C9%99sl%C9%99r_(%C6%8Fhm%C9%99d_Cavad)

14. https://dosyalar.semazen.net/DivaniKebirdenSecmelercilt_1.pdf

“Divani- Kəbirdən seçmələr” (Cild II, 941)


[1]Rəbbi ənzilni munzələn: “Tanrım, məni bir mənzilə çatdır” (Quran. Möminun surəsi, ayə 23)

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

One thought on “Azərbaycan poeziyasında Mövlanə izləri

  • Kirimin Sesi Gazetesine, Mustafa Sarıkamışa ve etmeyi keçən her kese teşekkürler!
    “Kirimin Sesi” dünya türklerine çatan sesimizdir. Sesimizin yetişdiyi yerlere tezlikle elimiz de yetişir ve keletleniriz inşallah!

Yorumlar kapatıldı.

Pin It on Pinterest