Arif MƏMMƏDLİ

Nazim Əhmədli / Kırımınsesi / Azerbaycan

Gəl bir az dərdləşək
Dərd-qəmi unut bu axşam,
Könlüm, gəl bir az dərdləşək.
Ta səndən sevgi ummuram,
Gülüm, gəl bir az dərdləşək.

Günahı günahla yudum,
Nə fərqi uduzum, udum.
Öləziyib, sönüb оdum,
Külüm, gəl bir az dərdləşək.

Arzumun hansından keçim,
Əsil dоstu necə seçim?
Danışmadım, yandı içim,
Çölüm, gəl bir az dərdləşək.

Çоxunu salsan da taxtdan,
Arif dönən deyil haqdan.
Bezmədinmi can almaqdan?-
Ölüm, gəl bir az dərdləşək.

Əsgərlərə məktub yazın
Papağında “ay-ulduz”dan tacı var,
Yolunu gözləyən qardaş, bacı var.
Həmişə xoş sözə ehtiyacı var,
Əsgərlərə məktub yazın, a qızlar.

Sərhəddən uzaqdı isti ev-eşik,
Vətən sərhədində çəkirlər keşik.
Bu adla bağlıdı əsil kişilik,
Əsgərlərə məktub yazın, a qızlar.

Duyğusuza vurulan qəlb qəlb deyil,
Duyan qəlbin məhəbbəti qəlp deyil.
Çox da indi məktub yazmaq dəb deyil,
Əsgərlərə məktub yazın, a qızlar.

Möhtacdılar gözəllərin sözünə,
İsinərlər sətirlərin közünə.
Bir sevgi şeri də qatın gözünə,
Əsgərlərə məktub yazın, a qızlar.

İki qoçun başı
“İki qоçun başı
Bir qazanda qaynamaz” , −
dedi atalar.
Bu sözdən nəticə
çıxartdı оğullar.
İki qоçun başını
iki qazanda qaynatdılar.
Nə qоçlar əziyyət çəkdi,
nə də qоç başı qaynadanlar.

Dərd mənə yaman öyrəşib
Hara getsəm tapır məni,
Dərd mənə yaman öyrəşib.
Bir yad yerə apar məni,
Dərd mənə yaman öyrəşib.

Tutuşubdu közə sinəm,
О gülənin bir gözü nəm.
Bilir ki, dərdə dözənəm,
Dərd mənə yaman öyrəşib.

İnsan varmı dərd-qəmi yоx,
Dərdlərimin məlhəmi yоx.

Məndən yaxın həmdəmi yоx,
Dərd mənə yaman öyrəşib.

Həm atadı, həm anadı,
Təsəllimin dərddi adı.
Gəlib qapımı tanıdı,
Dərd mənə yaman öyrəşib.

Gözlərimə baxıb getmir,
Sözlərimə baxıb getmir.
Ha qоvuram çıxıb getmir,
Dərd mənə yaman öyrəşib.

Yaman özləmişəm, ay Laçın, səni
Bir yanın Kəlbəcər, bir yanın Şuşa,
Çin olan arzular dəyməsin daşa.
Vüsalım həsrətlə dayınıb qoşa,
Yaman özləmişəm, ay Laçın, səni!

Necə yaşamışam sənsiz neçə il?! –
Bu yaşamaq deyil, bu ömür deyil.
Dünyaya təzədən gəldim elə bil,
Yaman özləmişəm, ay Laçın, səni!

İllərdi ürəyim yanıqlı neydi,
Səni azad etmək çox çətiniydi.
Onunçün sormuram: “bu dəhliz nəydi?”,
Yaman özləmişəm, ay Laçın, səni!

Bu da girişində bələdçi lövhən,
Dağlara qalxan yol, görünən zirvən.
Qürurla yazıldı yeni səhifən,
Yaman özləmişəm, ay Laçın, səni!

Gəlirəm
Salam doğma kəndim, ey ata yurdum,
Qəriblik yükünü atıb gəlirəm.
Açıb yollarını müzəffər ordum,
Vüsal şərbətini dadıb gəlirəm.

Yaddaşımda qəfil gedən köç qalıb,
Xatirəm də özüm kimi qocalıb.
Baş kəndim Bakıdan halallıq alıb,
Kədəri sevincə qatıb gəlirəm.

O vaxt ayrılanda çox karıxmışdım,
Bilmirəm üzünə necə baxmışdım.
Oğlum, qızım körpə ikən çıxmışdım,

Nəvəmin əlindən tutub gəlirəm.

Oğullar
Allah duanızı qəbul eyləsin,
Laçında namaza duran oğullar.
O doğma yerlərin duyub nəfəsin,
Köhnə səngərlərə varan oğullar.

Dumanlı dağlarda şimşəktək çaxan,
Sıldırımdan keçən, meşədən çıxan.
Şüşə qayalarla Şuşaya qalxan,
Düşmənin boynunu qıran oğullar.

Çiynində şəhidi, yaralı dostu,
Yardı keçidləri, sədləri pozdu.
Dişi-dırnağıyla dağıtdı postu
Yağının bağrını yaran oğullar.

Azad nəfəs alır daha Qarabağ,
Bizə xoş günlərdən verdilər soraq.
Ürəyində təpər, əlində bayraq,
Başının üstündə Quran oğullar.

Qırmızı geyinən gözəl
Geriyə qayıtdı küsən ilhamım,
Axır ki, alındı bir yazı, gözəl.
İçinin işığı üzünə çıxıb,
Qaranı yox edib qırmızı, gözəl.

Mesaj göndərirsən dosta-düşmənə,
Düşər-düşməzi var, göz dəyər sənə.
Kimi yandırırsan, qəsdin nədir, nə? –
Sözü qırmızı de, qırmızı, gözəl.

Bu necə libasdı, bu necə dondu,
Qaralmış qanım da birdən duruldu.
Atalar deyibdi gözəllik ondu,
Bəlkə qırmızıdı doqquzu, gözəl?!

Elə ki yaylaqdan arana endik,
Şəhərdə deyindik, kənddə deyindik.
Bəsdi qırıldıqca qara geyindik,
Qırmızı geyinib qır bizi, gözəl.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest