Genel

Prof. Dr. Elçin İsgəndərzadə – Şair

Nazim Əhmədli / Kırımınsesi / Azerbaycan

Elçin İSGƏNDƏRZADƏ

MƏNİM BƏXT ULDUZUM
Haqqın dərgahına gətirib pənah,
düzə səcdə etdim, yapmadan günah.
Həqiqətdi «La İlahə İləllah»
mənim bəxt ulduzum doğacaq bir gün.
«Düz düzdə qalacaq» – deyir çoxusu,
dumanlı gözlərdə qəflət yuxusu.
İçimdən boylanır ölüm qoxusu
mənim bəxt ulduzum doğacaq bir gün.
Mövlanə, Yunus Əmrə biçarətək
həqiqət mənimçün hava, su, çörək.
Dünya həqiqətlə fırlanır, ürək
mənim bəxt ulduzum doğacaq bir gün.

YUXU
Oyandım, sübhədək yata bilmədim,
bu gecə taletək qarışıb yuxum.
İşığa danışdım, suya söylədim, –
yenə də canımdan çıxmadı qorxum.
Deyirlər tərsinə yozular yuxu,
bilmirəm yalandı, ya doğru, Allah!
Bu gecə yuxumda RÜŞVƏT görmüşəm, –
mənim sabahımı sən qoru, Allah!

GÖZÜMDƏ
Mənim bu dünyada əlim çatası,
nə qədər arzular qaldı gözümdə.
Gəl mənə baş qoşma, var get, qadası,

dünyanın ləzzəti öldü gözümdə.

Günahdı, bu ömrü yaşamaq günah,
bilmirəm gətirim mən kimə pənah.
Ümidim, təsəllim olmadı, Allah,
göz yaşım sevdamı sildi gözümdə.
Alim bir nadana köks ötürdüsə,
aqillə həpəndin qədri birdisə,
əgər bu yaşamaq, bu ömürdüsə, –
ölüm də, qalım da birdi gözümdə.

QƏLƏMİM, ƏLİM, ÜRƏYİM
Qara qələmə qalsa,
nə kimsədən qorxusu var,
nə fələkdən ürküsü.
Həqiqətin ölüsüdü, ölüsü…
Bəzən şeytana uyar
şair qələmi.
Qələm şeytana uyanda
əlim tutub qələmin boğazından
bərk-bərk sıxar,
ağrıdan qələmin gözlərində
şimşəklər çaxar.
Qələm əlimin,
əlim ürəyimin
quludu, köləsidi.
Ürək nə əmr eyləsə
sağ əlim edəsidi.
İlahi, nə qədər olsa da acı,
sağ əlim qələmimə,
ürəyim sağ əlimə,
bu dünya ürəyimə
dar ağacıdı,
dar ağacı…


PƏNCƏRƏ MÖCÜZƏSİ

Bütün nakam sevgilərə
Arada
bir pəncərə sərhəddi var…
Şüşənin o üzündə
içimizi titrədə-titrədə
büllur kimi incə – incə
yaz yağışı damcılar…
Alnını dirəyib soyuq şüşəyə
taleyindən gileyli
bir cüt qız gözü ağlar…
Yağış yağar,
qız baxar, –
fələk yolları bağlar…
Yağmurdan və göz yaşından
islanar pəncərə şüşəsi.
Ayrılıq simfoniyası çalar
yaz yağışının qüssəli səsi.
Qəfil yağdığı kimi,
qəfil dayanar yağış.
Qurtarar ayrılıq simfoniyası,
bəs ayrılıq ?..

QƏBİRLƏ ÇİÇƏK ARASI
Bir məktub-ürək yolladım,
qayıdıb bir çiçək gəldi.
Əl atdım gümüş qılınca,
əlimə ağ ləçək gəldi.
Bu dünyada mənim ömrüm,
qılıncla ləçək arası.
Nə gəzirsən, dəli könlüm,
qəbirlə çiçək arası.
Gör nələrə könül verdim,
bu dünyada yalan, gerçək.
Qar altında yalın ayaq,
qar üstündə qanlı çiçək…

YAŞAMAQ DƏRSİ
Daha sıxılmaqdan qorxmayır gözüm,
sıxılıb-sıxılıb polad olmuşam.
Daha yıxılmaqdan qorxmayır dizim,
yıxılıb-yıxılıb, yenə durmuşam.
Çoxunun kölgətək izində bitən
çilçıraq ömürlər aramır məni.
Axı, var-dövlətin içində itən
o çirkab ömürlər yaramır mənə.
Əzəldən ehtiyac içində yandım,
ehtiyac içimdə odlanır yenə.
Qayğıdan doğulan Sabahım, Salam!
Əzablar yaşamaq öyrətdi mənə…
BƏYAZ MƏLƏYİN GEJƏ DUASI
Bilmirəm sinəmdə ürəkdi, nədi,
köksümdə döyünən çiçəkdi, nədi,
gecələr yuxuma haram qatıram,
gecələr ruhuma bir bəhanədi.
Bəhanə gəzirəm bəxtə, taleyə,
dua eləyirəm bəyaz mələyə,
bir də gedib gəlsəm fani dünyaya
bir də sirr açmaram çərxi-fələyə.
Yenə bu dünyadan çıxıb gedərəm,
köksümü ovcumda sıxıb gedərəm.
Axar sular durulanda bir səhər
mən axar sularla axıb gedərəm.

Mən axıb gedərəm, ulduzlar qalar,
tənhalar, qəriblər, yalqızlar qalar.
Onsuz da qədrimi bilən deyilsən-
dəli könlüm yenə də sızlar qalar.

ALÇA ÇİÇƏKLİ GECƏ
Mənim bu gecəyə çox umudum var,-
bu gecə ulduzlar çiçəkləyəcək.
Alçalar gül açdı, yenə bu bahar-
sevənlər, aşiqlər gerçəkləyəcək.
Mənim bu gecəyə çox umudum var,-
bu gecə durnalar lələk salacaq.
Bu gecə dağlara qar yağacaq, qar,
bəyaz qar üstündə bir iz qalacaq.
Mənim bu gecəyə çox umudum var,-
əgər bu gecədən sağ çıxa bilsəm…
Dağların başında əriyəndə qar,
sənin göz yaşını əyilib silsəm…
Mənim bu gecəyə çox umudum var,-
bu gecə mələklər yuxuma girər.
Mələklər yuxumda tutmazlar qərar,
mələklər bir sevda çələngi hörər.

Mənim bu gecəyə çox umudum var,-
bu qərib gecənin yolçusuyam mən.
Qürbətə aparır bəlkə bu yollar,
bəlkə Ay işığı, axar suyam mən.
Mənim Göy üzündə bir buludum var,-
mənim bu gecəyə çox umudum var.

QÜRBƏT HÜCRƏSİNDƏ
Dövrə vurur qağayılar
içimdəki təlatüm dənizində.
Sahilə çırpılmış bir balıq kimi
dərd çabalayır
soluxmuş bənizimdə.
Son ümid can verir
ürəyimin tənhalığında –

kimsəsiz qürbət hücrəsində.
Bu gün çəkdiyim hər ahın üstündə
puçur-puçur qanlı şeh damlaları,
qəbrimə sızan göz yaşların kimi
işıldayır Ay işığında…

Prof. Dr. Elçin B. İsgəndərzadə Şair,
Azərbaycan Texniki Universiteti “Metrologiya və standartlaşdırma”
kafedrasının müdiri,
Texnika və Filologiya Elmləri Doktoru, Professor, Prezident təqaüdçüsü,
Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Avropanın Fəxri Alimi,
Mədəniyyət Səfiri

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest