Almaniyada çap olunmuş latın qrafikalı ilk türk kitablarımızdan biri haqqında

Hans Stumme, Halil Fikret .
” Türkische Lesestoffe…” Leipziq, 1916,31 səhifə

Görkəmli türk pedaqoqu, keçən əsrin 20-ci illərindən başlayaraq, əsərlərini “tərbiyə doktoru Halil Fikret”” kimi imzalayan HalilFikret(1892-1974) və onun yaradıcılığı haqqında elmi araşdırmalar apararkən hər dəfə maraqlı və çox böyük elmi əhəmiyyəti olan faktlarla,dəyərli materiallarla rastlaşanda onları elmi ictimaiyyətlə bölüşməyə tələsirəm. 1916-cı ildə Almaniyanın Leipziq şəhərində çap olunan 31 səhifəlik bir kitabın üz qabığında onun adını dünyanın ən məşhur pedaqoqlqrından biri , alman afrikanşünası və şərqşünası Hans Stumme (1864-1936) ilə yanaşı gördükdə isə nədənsə tələsmədim, faktları diqqətlə araşdırmağa başladım. Yox, səhv etməmişdim.Leipziq Universitetinin son kurs tələbəsi oxuduğu ali təhsil ocağının professoru ilə birgə elmi əməkdaşlıq etmişdir.Bəri başdan deyim ki, əsər 1915- ci ilin sonlarında tamamlanmış, 1916 -cı ilin yanvarında Leipziqdəki “Otto Harrassowitz” nəşriyyatı tərəfindən latın qrafikası ilə dünyanın türkdilli oxuculara çatdırılmışdır.Bu,o vaxtlar idi ki, türkdilli ölkələrdə, o cümlədən Türkiyədə də, Azərbaycanda da ərəb qrafikalı yazıdan istifadə olunurdu. Doğrudur, ayrı-ayrı ziyalılar 1878-ci ildə dünyasını dəyişən M.F.Axunzadənin latın qrafikalı əlifba çağırışı hələ də unuda bilmirdilər. Bu yolda M.Şahtaxtlının xidmətləri ziyalılara daha qabarıq şəkildə çatdırılırdı.

1879-1884-ci illərdə Tiflisdə Azərbaycan dilində çap olunan “Ziya” qəzetində ana dili və onun mübtədi(ibtidai -N.N.) məktəblərdə tədrisi üsulları haqqında maraqlı mülahizələr söylənilmişdir. Qəzetin redaksiya heyəti ərəb əlifbasının islahı və dəyişdirilməsi ətrafında uzun illər boyu aparılan mübahisələri fikir mübadiləsini genişləndirmək məqsədilə gündəmə gətirirdi. Əslində “Ziya”qəzetinin naşiri Səid Ünsizadə (1842,Şamaxı-1903,İstanbul) də,baş mühərriri Cəlal Ünsizadə (1857 (?),Şamaxı-1933,Ankara) də ərəb əlifbasının tərəfdarları idi; onlar əlifbanın dəyişdirilməsinin törədəcəyi çətinlikləri görür, məktəblərdə dilin tədris üsullarını yaxşılaşdırmağı daha vacib sayırdılar.
1296-cı hicri-qəməri ilində( miladi təqvimi ilə 1879-cu ildə) İstambulda “Şirkəti-İraniyyə” mətbəəsində İranın Tiflisdəki konsulxanasında tərcüməçi işləyən Mirzə Rza xan Daniş latın və rus əlfbaları əsasında düzəltdiyi “Risaleyi-Rüşdiyyə” kitabçasını nəşr etdirir.Bu kitabça tanışlıq və rəy üçün işin içində olan bir sıra ziyalılara göndərilir.İstanbulda fars dilində nəşr olunan “Əxtər” qəzeti öz səhifələrində geniş müzakirə açır. Həmin müzakirə materialları operativ şəkildə “Ziya” qəzetində də çap edilir.Müzakirələrdə Zaqafqaziyanın şeyxülislamı Əhməd vəy Hüseynzadə, müfti Əbdülhəmid Əfəndizadə, atası fransız, anası alman olan rus şərqşünası Adolf Berje və başqaları çıxış edirlər.

Əlifba qalmaqallarının səngimədiyi, gündəmdən düşmədiyi bir vaxtda-1916-cı ildə Almaniyanın Leipziq şəhərindəki iri mətbəələrinin birində – OTTO HARRASSOWİTZ-də latın qrafikası ilə 

Türkische Lesestoffe

handschriftlich im Rуka- Charakter und umschrieben mit

lateinischen Buchstaben,unter Beifügung einer einführenden

Darstellu des türkischen Alphabets im Rуka-Charakter

adlı 31 səhifəlik bir kitab çap edilir.
Əsərin birinci səhifəsində alman dilində yazılmış ön sözdən – “Vorbemerkunq”dan– giriş və izahat xarakterli yazıdan məlum olur ki, müəlliflər kitabın yazılması və araya-ərsəyə gətirilməsində zəngin ədəbi və elmi mənbələrdən istifadə etmiş, faktları diqqətlə araşdıraraq, türk dili və ədəbiyyatını öyrənmək istəyən avropalılara çox gözəl bir hədiyyə bağışlamışlar.Alman dilində yazılmış 6 abzaslıq girişdəki (VORBEMERKUNG) istifadə mənbələrindən məlum olur ki, Leipziq universitetinin professoru alman Hans Stumme və türk Halil Fikret kitabın ərsəyə gəlməsi üçün türk dilində olan bir çox materialları diqqətlə oxumuşlar.Avropa oxucularına türk dilində oxumaq və yazmaq qaydaları və vərdişləri öyrədilir.

Kitabın 2-ci və 3-cü səhifələri ərəb əlifbasındakı hərflərin adları və onların yazılış formalarının cərgəsi veilmişdir.
Hərflərin adları belə səslənir:

elif,ve,pe,te,se,ğin,eyn,ha,hu,dal,zal,re,ze,je,sin,şin,sad,zad,dy,ain,daim, kaf,hef,lam,mim,hun,fe,wan,he,ye,lam-elif. Cəmi-31 hərf.31-ci hərf əliflə lam’ın birləşməsi kimi təqdim olunmuşdur.

Hər hərfin qarşısında onların müvafiq yazı qaydaları-ayrılıqda yazılan,əvvəldə yazılan,ortada yazılan,sonda yazılan formaları göstərilmişdir.

Halil Fikret 1923-26-cı illərdə babalarımıza Az’rbaycan Ali Pedaqoji Institutunda və Bakı Dövlət Universitetində psixologiya və pedaqogikadan dərs deyən tərbiyə doktorudur.. O, Azərbaycan Respublikasının elml- ictimai həyatında əhəmiyyətli yeri olan türk qardaşlarımızdan biridir.Bakıya ali təhsil müəssisələrində işləməyə dəvət edilmiş,Azərbaycan Xalq Maarif Komissarlığında məktəbəqədər tərbiyə şöbəsinin müdirı vəzifəsində işləmişdir.

Halil Fikret Bakıda müxtəlif elmi jurnallarda, respublika və əyalət mətbu orqanlarında maarifçilik məsələlərinə aid onlarla elmi, elmi-metodiki, bədii- publisistik məqalə yazmışdır.Professor, tərbiyə doktoru Halil Fikretin Bakıda S.M.Qənizadə, A.Şaiq, H.Cavid, M.S.Ordubadi, Q.R.Mirzəzadə, M.Mahmudbəyov,Ə.Cəfərov, A.İsrafilbəyov,C.Cəbrayılbəyli , Ə.Haqverdiyev kimi çoxlu əqidə və məslək dostları var idi. Halil Fikret 1926- cı ildə Bakıdakı  birinci dövlət nəşriyyatında —Azərnəşrdə“Tərbiyə və tədris tarixi ” adlı ilk iri həcmli, 2 hissədən ibarət olan dərsliyini çap etdirmişdir. O, Bakıda üç il işləyəndən sonra Almaniyaya gedir, çox qısa bir müddətdən sonra— 1927-ci ildə vətənə qayıdır, Konyada açılan Qazi Orta Müəllim Məktəbində müəllimlik edir.

Bir müddətdən sonra bu məktəb Ankaraya köçürülür. Halil Fikrətin təşəbbüsü ilə burada pedaqojı bölüm yaradılır və o, bu bölümdə işləyir.

1927-ci ildə Halil Fikrətin Ankarada ilk kitabı –”Coğrafiyanın tədris üsulu” çap olunur. “Coğrafiyanın tədris üsulu” kitabının materialları Azərbaycanda toplanmış və Türkiyəyə çapa hazır vəziyyətə gətirilmidi. Bu kitabın yazılmasında Halil Fikretdən əvvəl türk dünyasında bir neçə coğrafiya dərsliyi yazan şamaxılı Qafur Rəşad Mirzəzadənin (1884-1943) güclü təsiri olmuşdur.

..Mövzunun aydınlığı naminə deyilən bu qeydlərdən məlum olur ki, alman alimi Hans Stumme ilə yazdığı “Türkische Lesestoffe…” (“Türkiyə antologiyası ”) kitabı məşhur Leipziq Universitetinin tələbəsi Halil Fikrətin ilk əsəri deyil. Halil Fikrətin 1916-cı ildən sonra da Hans Stumme ilə əməkdaşlıq etməsi güman edilir. Onun 1927 -ci ilin əvvəllərində Bakıdan Almaniyaya qayıtması da bu fikrə rəvac verir.

Alman alimi Hans Stumme və türk aydını Halil Fikretin birgə yazdıqları “Türkische Lesestoffe 
”(“Türkiyə almanaxı ” ) kitabı haqqında indiyədək bu sətirlərin müəllifi və Haldun Cezayirlioğlundan başqa, türkologiyada tutalı bir söz deyilməmişdir. ( Bəlkə də Almaniya və Türkiyə arxivlərində hələ də qatı açılmamış sənədlər var. Hər halda bu, ədəbi və elmi ictimaiyyətə məlum deyil ).

Əsərin birinci səhifəsində alman dilində yazılmış ön sözdən – “Vorbemerkunq”dan– giriş və izahat xarakterli yazıdan məlum olur ki, müəlliflər kitabın yazılması və araya-ərsəyə gətirilməsində zəngin ədəbi və elmi mənbələrdən istifadə etmiş, faktları diqqətlə araşdıraraq, türk dili və ədəbiyyatını öyrənmək istəyən avropalılara çox gözəl bir hədiyyə bağışlamışlar.

2 -ci və 3-cü səhifələrdə o vaxtlar türk yazısında işlənən ərəb əlifbasının yazı sistemi, iki və dörd cür yazılan hərflərin yazı nümunələri və ayrı- ayrı səslərin qrafik işarəsi, hərflərin adı (elif,be, re, te, se, ğim, ha, dal, re, ze, sim…..sad, zad, lam, mim, nun, vav, je, lam-elif …, ) əyani şəkildə oxucuların diqqətinə çatdırılmışdır.

4-cü səhifədə 16 cərgədə sözlərin hərflərlə ifadəsi göstərilmişdir. Buradakı 139 sözün hamısının latın qrafikalı yazılış forması sonrakı səhifədə-5-ci səhifədə yeni əlifba ilə təqdim olunmuşdur.Mənfəətdən xali olmadığı üçün onların bəzilərini sadalayırıq-baba,pak,tütün,tarla,baş,vadi, kartal,kar,yağ,bağ,corab,havi (əhatə edən- N.N.),padişah,topal,toparlaq,sora,fani,qatı,bulut,lale,lüle, mal, madam,maşa..

Müəlliflər oxucuların oxu prosesindəki işini asanlaşdırmaq üçün cüt səhifələrdə (2, 4, 6, 8 ,10, 12,14,16,18 və s) ərəb əlifbasından,təklərdə isə latın qrafikasından istifadə etmişlər.

Ərəb qrafikalı xətlər, şübhəsiz ki, Halil Fikrətə məxsusdur). 4-cü səhifədə ərəb qrafikası ilə 16 nömrə ilə yüzdən artıq sözün yazlışı verilmişdir.Burada bir neçə söz təkrar olunmuşdur. (Bunlar texniki səhv kimi də, fərqli tələffüz göstəricisi kimi də başa düşmək olar. (Hər halda bu istiqamətdə dilçilik və mətnşünaslıq baxımından müəyyənişlər görülməlidir ).5-ci səhifədə həmin sözlər qismən dəyişdirilmiş (perifrazira olunmuş) latın qrafikası ilə yazılmışdır.6-cı səhifədə qafiyə, omonim, paronim,sinonim kimi işlənə bilən sözlər 16 nömrə altında toplanmışdır.7-ci səhifədə həmin sözlər latın qrafikası ilə təkrarlanmışdır. 

8 və 9-cu səhifələrdə də leksik materialların ərəb və latın qrafikalı təqdimatı verilmişdir.

Kitabın 10- cu səhifəsində “Zurub-i emsal” (zərbi məsəl- N.N. ) başlığı altında 16 nümunə verilmişdir. Bunların hamısı türk xalqları arasında geniş yayılmış, həyatın çətin sınaqlarından keçmiş nümunələrdir:
“At ilə eşşək yarışamaz”, Adam odur ki, ikrarından dönməyə, “Az söyləmək çox söyləməkdən evladır”( daha yaxşıdır-N.N.),”Azı bilməyən çoxu heç bilməz” , “Yorğanına görə ayağını uzat”, “Dilin kemiyi yoxdur, amma kemiyi kırar”, “Yeməksiz qalmaq borc ilə kalmakdan eyidir” , Ya dəvə , ya dəvəçi” və s.

11-ci səhifədə bu materiallarin latın qrafikalı variantı verilmişdir.

Kitabın12-18-ci səhifələrində “Müxləlif lətifələr” başlığı altında müxtəlif yazılı və şifahi məxəzlərdən seçilmiş lətifələr toplanmışdır. Müəllilər daha çox əsl adı Əhməd olan tanınmış türk yazarı, şairi, egitimi,qəzetəçisi və xəttatı Faik Rəşadın(26 iyul 1851- 1914 ) 1328-cı ildə (hicri ) Konstantinopolda çap etdirdiyi “Külliyyat-i – lətaif” əsərindən vəHoca Nəsrəddin lətifələrindən istifadə etmişlər.Təsəvvür yaratmaqdan ötrü onlardan bir neçəsini təqdim edirik:

*Hastanın biri kendisini eyi eden bir doktora der ki, “doktor efendi, beni az zemanda iyi etdiyiniz içün size okadar medyun-i -şükranim ki, yaşadıkce oni bir dürlü ödeyemeyeceyim”. Hekim cevab olarak: “ödeyemeyeyek gibi deyil, efendim; hepsi yüz quruş-dur!” demiş.

* Bir hasta adam karısına bir gün der ki: “aman, karı, odama , reca edirim, senden başka kimse girmesin, zira hastalığım sari ( yoluxucu-N.N.) və tehlikelidir”. 

* Bir odada yatan iki arkadaş şu yolda bir muhawerede (danışıq, söhbət -N.N.) bulunmuşlar:

Birinci arkadaş:yahu,bana bak”–İkinci: “ne var?”

Birinci:uyuyormusun?” –Ikinci: “neden sordun?”

Birinci:” bir para ödünc isteyecekdim!”—İkinci: (yorğanı başına çekerek):”uyuyorum,dostum!” cewabında bulunmuş.

.

* Bir deyirmenci eşeyini önünə katmış gider imiş.Yolda köylünün biri buna rast gelüb: “böylə ikiniz nereye gidiyorsunuz?” deyince, degirmenci parmağıyle köylüyü göstererek:”üçümüz içün saman almağa gediyoruz “cevabını vermiş. 

12,14,16 və 18-ciı səhifələrdə ərəb əlifbası ilə yazılmış lətifələrin latın qrafikalı variantı verilmişdir.

Kitabın 18-23-cü səhifələrində “Türkce şeirlər ” ümumi başlığı altında 1908-ci ildə yazılmış “Ordu marşı”, 10 mani və “Yabanda bulunurum ” adlı 32 misralıq iki hissəli bir şeir verilmişdir.

Kitabdakı “Ordu marşı”nı müasir mətnlərlə müqayisə etmək üçün oxucu və tədqiqatçıların nəzərinə çatdırırıq.

Ordu marşı

1.Qrdumuz etdi yemin,
titredi hak ü zemin,
milleti etdi emin,
açıldl rah-i-nevin.

( Nakarat )

sancağımız,şanımız,
osmanlı ünvanımız,
vatan bizim canımız,–
feda olsun kanımız!

2. terki-i-aram eylədik,
cahd ü ikdam eyledik,
neşr-i-meram eyledik,
haqle kiyam eyledik.

( Nakarat )

3. osmanlı ahfadıyız ,(neveleriyik-N.N.)
biz vatan evladıyız,
milletin efradıyız,
hürriyet eşhadıyız.

“Manilər”dəki 10 şeirin hamısı klassik, ənənəvi bayatıarı xatırladır.Bunların bəzisinin müəllifli bayatı olması şübhəsizdir.Anlaşıqlı olmaq üçün bir neçəsini nümunə göstəririk:

Bağa gitdim nar içün,
gül kopardım yar içün;
analar kız doğurmuş,
deli-kanlılar içün

***

sabahdan sen kalkarsın,
mektebe sen gidersin;
meramın mekteb deyil;
sen çapkınlık edersin!

***

hey, güzel kız, gelmezler,
seni bana vermezler;
eyil bir yol öpeyim,
karanlıkdır,gürmezler.

İki hissədə–1 və 2 nömrə ilə verilmiş “Yabanda bulunurum” şeirində “Memleketimdən uzağım, yabanda bulunurum” misraları 32 misralıq bu əsərdə 3 dəfə təkrar olunur. Şeir türk ədəbiyyatında “Qürbət türkiləri” adı ilə tanınan janrın ən gözəl nümunələrindən biri kimi qiymətləndirilə bilər:

Ah ,o kızıl güllerinin 
kokusu bana esse,-
ah, beyaz camilerinin
buhuru (ətri- N.N. ) bana gelse!

lakin buraya gelemez
senden ol şirin koku,
zira denizlere sürer
ruzgarların ordusu.

Əsərin 24-cü səhifəsində gənc bir çocuğun dilindən söylənilən “Tərbiyəli bir qitə” adlı həyat proqramı–manifest səpkili maraqlı bir yazı yerləşdirilmişdir. Ərəb əlifbalı səhifədə başlıq göstərilməsə də , 25-ci səhifədə –latın qrafikalı variantda bu, aydın yazılmışdır.” Tərbiyəli bir qitə”nin müəllifi əsl adı Ömər olan, “Tərcümani-həqiqət”, “Səadət”, “Bakıt” qəzetlərində müxbirlik,Qalatasaray Liseyində və “Məktəb-i-hüquq”da ədəbiyyat müəllimi işləyən, türk ədəbiyyatında Müəllim Naci (1850-1893) kimi tanınan söz ustasıdır. Şair Müəllim Naci “Ateşpare”,”Şerare”,”Füruzan” və sair şeir kitablarının müəllifidir. O, ərəb,fars və frasız dillərindən çoxlu tərcümələr etmişdir.Ölümündən sonra “Yadigar-i-Naci” kitabı çap edilmişdir. Onun “Ömərin çocuqluğu” kitabı avtobioqrafik səciyyə daşıyır. Kitabda Ömərin çocuqluq həyatının ağrılı- acılı səkkiz ili öz əksini tapmışdır.

Haqqında geniş söhbət açılan kitabdakı “Tərbiyəli bir qitə” “Ön söz”də yazıldığına görə Müəllim Nacinin “Təlimlül-qiraət” (oxu təlimi-N.N.) əsərindəndir. “Oxu təlimi ” kitabınıın Türkiyədə necə təbliğ olunmasını öyrənmək çox maraqlı görünür.

“Tərbiyəli bir qitə”nin mütaliəsi elmə, təhsilə, ətraf mühitin öyrənilməsinə can atan çocuğun işıqlı fikirləri kimi çox maraqlıdır: “Derslerimi dıkkatla okursam, hatırımda kalır,unutmam. Okuduklarımı belledikce fikrim açılır, gitddikceməlumatım artar.Tenbel, itaetsiz olan çocuklar hiç bir şey öyrenemezler,cahil kalırlar. Ben oyle tenbel, itaetsiz çocuqlardan deyilim.Ben çalışacağım,öyreneceyim, cahil kalmayacağım”.

Əsərinin sonuncu materialı 27-31-ci səhifələrində çap olunmuş bir yazı çox maraqlıdır.
“Çanak-kaladan bir türk askerinin mektubu” 

Bu, epistolyar üslubda yazılmış, dünya ədəbiyyatında, bəlkə də, analoqu olmayan bədii nəsr nümunəsidir.Bu məktub Birinci Cahan müharibəsində Çanaqqala uğrunda ölüm-dirim vuruşunda Vətənin müstəqilliyi uğrunda mübarizə aparan Mustafa adlı bir gəncin 18 kanun evvəl 1915-ci ildə Anafortadan anasına yazdığı təsirli bir yazı nümunəsidir.Gənc türk əskəri Mıstafanın harayı, müharibələrə dərin nifrəti əsərdə ustalıqla qələmə alınmışdır.
İstanbul xəstəxanasında müalicədən sonra yenidən cəbhəyə gedəcəyini qəti qərara alan Mustafa anasına məktubunu bu sözlərlə qurtarir:“Şayəd ileride şehid olursam, karımı, oğlum Osmanı ve seni Allaha emanet ediyorum.Benim içün hiç ğam yemeyiniz. Vatanımızı,milletimizi və dinimizi kurtarmak içün burada şan və namus meydanında düşmenle çarpışmak ve icab ederse (lazım gələrsə N.N. ), ölmek sen da bilirsin ki, bizim içün en mukaddes bir vazifedir. Ve Allah-i-təala bunu bize Kuran-i-kerimde bir çok defa emr eylemişdir.Bu defalık senin ellerinden ve karımım,oğlumun da gözlerinden öperim, sevgili anacığım!
Oğlun Mustafa”.

Anaya müraciətlə başlayan məktub Məhəmməd Peyğəmbərin müqəddəs adlarından biri ilə qurtarır.

Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov



Nazim Nəsrəddinov,Azərbaycan Respublikasının Əməkdar müəllimi.,Azərbaycan Pespublikası Prezidentinin Sərəncamı ilə keçirilənƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
türkoloq
Bakı,15.01.2020

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest