Genel

Aida Adıgözəl

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Aida Adıgözəl

Melanxolik havalar



Olurmu bir ömür qış yuxusunda,
durmadan yazasan eşq məktubları?!
Nə qədər içsən də eşq şərabından
bir çoban aldadan yağış bəs edər,
bir gün
ayıltsın məst olmuş key sərxoşları…



Bir tutqun havada üşüyər könlün,
baxarsan ömründən sildiklərinə.
Gələr yavaş – yavaş melanxoliya,
bir vaxt ağladığın güldürər səni,
sonra,
sonra da susarsan güldüklərinə…



Alar qəm karvanı çıxarar yola,
bir yaz sabahında şimşəklər çaxar.
Boz bulud topası keçər gözündən,
lillənmiş illərin bataqlığında
qəfil
xatirə yağışı səni isladar…



Qoyarsan çəkiyə yanlışlarını,
iyirmilik yaşlar güldürər səni.
Otuzlar keçidmiş ağıllanmağa,
qırxda üzülərsən itirdiyinə,
əllidə –
geridə qalanlar öldürər səni…



Altmışdan sonrasın danışma daha,
yadından çıxarsan doğmanın, yadın!
Dilin topuq vurar, çənən də əsər,
səni çağırırlar, –  “kar, kor şoğərib”,
hətta
bir gün unudarsan nə imiş adın …

Adı və dadı olmayan şeir



Ölməyə nə var ki, gözünü yum, get…
Burax dünyanı da, qayğıları da.
Gələrlər, gedərlər, yolu ot basar,
bir gün tərgidərlər darıxmağı da…

Sonrasın düşünmə geyimlərinin,
verərlər yoxsulun biri geyinsin.
Ya suya atarlar, ya basdırarlar,
insan qoxusuna torpaq sevinsin!

Bir gün dəyişərlər yataq yerini,
yığarlar paketə qalan nə varsa.
Atarlar çardağın tozlu küncünə,
ya da daş qəlblisi vurub yandırsa…

Bir göz qırpımında yaşandı, bitdi,
seyr etdin illərə sığışmağını…
İndi anladınmı doğulanların
dünyaya gələndə ağlamağını?!

Torpağın üstündə daşdan baş daşı,
torpağın altında bir qucaq sümük!
Bir neçə xatirə…yadlara düşsə,
bir də arxivlərə atılmış kimlik…

Zamanla sovrulanlar


Nə zamanı dayandırmaq istəyirəm,
nə əqrəbi geri çevirmək,
nə də irəli çəkmək…
Gəmi kayutuna bənzəyən,
kiçik pəncərəli
yarım qaranlıq otaqdan görünən
yamyaşıl ağacların,
tikilən hündür mərtəbəli binaların fonunda qarışqa kimi işləyən,
torpağın ciyərini söküb çıxaran fəhlələrin
və texnikanın hay – həşirində
yeni bir baharın səsi duyulur quşların civiltisində.
Nə olsun ki,
kükrəmiş dənizin üstündə uçan bir cüt qağayının hıçqırığına uğunub gedir dalğalar? !
Dəniz məhv etməyə,
qağayı isə yazda bala çıxarmağa öyrəşib…
Hüzur haradadır desəm,
hüzur hardaymış desən,
bir itin başını sığallayıb ona yemək verməyin,
ölməkdə olan ac pişiyə
bir tikə çörək atmağın həzzindəymiş, bil!
Zamanında çox şeyləri sevdim,
indi isə zamanı sevirəm!
Hər şeyi unutdurur deyə!..

Cənnətdən qovulanlar



Bir kişi həsrəti
intihar kəndiridir
Qadının ehtiras arzularına!
Hər gecə işlər arzu cinayətini,
“günah” adlı bıçaqla
doğrar bədənində hormonlarını!
Və istəyini könlündə boğmağa,
yatağında öldürüb
yorğanında basdırmağa,
məhkum, məhkum!
Hər gecə,
səhərə
içməyə yığar göz yaşlarını,
dodaqlarının
qəmli təbəssümündə dəmlər “şirin çayını”…
İstərsə töhmət,
edərsə lənət …
Və soxallar gözünə cahilbaşlar,
– siğə var,  kəbin var, – deyə…
Hər yerdə cəhənnəm atəşi, şəriət!
Hünərin var dilinə gətir Qadın,
ağızlarda saqqızsan çürümüş,
dedi – qodu, söz – söhbət…
Pulla alınar istəyi,
hər arzusu, – minnət, minnət!
Bir gün
qolundan sallanar bir Kişi əli,
bu daşlaşmış ölmüş bədənin…
Beləcə aldadıb
ovudallar
Cənnətdən qovulanların
bütün ağrı, əzablarını,
ki, – sənin ayağının altındadır Cənnət!

Yurdun yaz çələngi 


Düzlər sinəsinə səpdi laləni,
yamaclar söylədi : – bənövşəni üz…
Dağlar qəzəbindən göyərdi gömgöy,
baş aldım çöllərə, dərə – təpə düz.

Geydim dəmir çarıq, qurşağımda şal,
yumurta döyüşdüm, bacalar pusdum.
Gah Keçələ döndüm, gah da Kosaya,
qapılar dinşədim, kövrəlib susdum…

Çıxdım şəppəxeyir süfrə başına
löyün təamlardan novxəliş etdim.
Vurdum Bakımızdan çıxdım Gəncədən,
Şuşa yaxın qaldı, Laçına getdim.

Ürəyim yuxaldı nəsə Ağdamda,
Qədirdi deyəsən, oxudu muğam…
Ayağım kiltləndi, ürəyim əsdi,
baxdım ruhum uçub, haçandı yoxam…

Azca diz qatladım Kəlbi Həcərdə,
qanım buxarlandı İstisu kimi.
Gözümdən axırdı Həkəri çayı,
kimsə Gavurarxdan açırdı himi…

Sürü səsləriydi dərə aşağı,
Oxçuçay hikkəli, yolu azırdı.
Kimsə “Meyvələrlə söhbət” edirdi,
Füzuli babammış… dastan yazırdı.

Yaman darıxmışdı Haramı düzü,
qulağı səsdəydi Xudafərinin.
Demə Qubadlıda izi qalıbmış
yurdun qaçaq düşən igidlərinin…

Gəzdim asta – asta yaralı yurdu,
uçuq kalafalar üstümə qaçdı.
Tapşırdım Vətəni Bahar qızına,
əlində məlhəmi qolların açdı…



Boşluq

“Dünya” adlı bir xonçadan 

əl atdım ömür götürdüm…
Dünya fırlandı başıma,
sevincək basdım bağrıma
dedim –
qənd – noğuldu dünya…
Yedim, daddım yarım əsr, –
gördüm – şor – qoğaldı dünya…
Açıb baxdım vərəq – vərəq,
sətirləri su tək içdim, –
dedim – xoş nağıldı dünya…
Dönüb baxdı, –
qəh – qəh çəkdi,
gözündən yaş gələnəcən
qəşş elədi,
güldü dünya…
Sonra diz üstünə çöküb
hönkürüb ağladı dünya…
Şərbət bildim,
tökdüm “həyat” piyaləmə,
içdim bihuş, sərməst olam,
baxdım, – “zəhər, öddü” dünya…
Sətirlərdə qanad açdım,
uçdum söz adlı dünyaya,
sevdiyimə də qovuşdum,
şeirlərlə məsud oldum…
Eh, sən demə şeir qədər,
yoxmuş, 
yoxmuş,
yoxmuş
dünya…

Gül açan arzular



Yenə qaçammadıq bir- birimizdən,
gördün, gedəmmədik çox uzaqlara?!
Yenə tilsimlədi sözlər, duyğular,
düşdük qurduğumuz lal duzaqlara…

Güldü gözlərimiz, uğundu ürək,
danışdı sətirlər, yazdı barmaqlar.
Güldü monitor da, klaviatura, –
yenə başladılar dəli axmaqlar.

Yenə əsir düşdük bir – birimizə,
gülləsiz, silahsız, qansız – qadasız.
Yenə təslim olduq dəli sevdaya,
bitirdik döyüşü, bax, ağ bayraqsız …

Yenə aldı getdi şirin arzular,
neçə xəyal qurdu könül içində…
Alışdı, ilahi, bütün bənd – bərəm,
bu necə tonqaldı, yandı içimdə?!

Dərin nəfəs aldı açılan sabah,
sevinclə banladı sübhə xoruzlar.
Demişdim, – sevirəm axı baharı,
alça ağacında açdı arzular…

               

Kölgələrin rəqsi


Söylə,
mənsiz necədir oralar?!
Məsələn bulvar,
sahibsiz itlər kimi dolaşırsanmı orada,
balıq axtaran qağayılar kimi vurnuxursanmı sahillərdə?
Necədir orada havalar?
Nə deyir sinoptiklər,
yaxında yağışlarmı gözləyir yanaqlarımı, günəşmi yandıracaq dodaqlarımı,
yoxsa  titrədəcək vücudumu
qışın gecikən çovğunlarımı?!
Mən hansı fəsiləm bilirsənmi?
Bax, yenə partlayıb dodaqlarım şirinlikdən, “Cərco” yemişi kimi…

Söylə,
uçuşurmu arılar?
Yazağzı şirə toplamağa,
gül ləçəklərinə qonmağa?
Ağrıdırmı yaralar?
Arı iynəsi incitmir adamı bilirsən,
hamısı sevgidəndi,
hirsini boşaldır tapdığı yumşaq yeri sancaraq…
Bilirəm, heç nə yerində deyil,
heç nə qoyub getdiyim kimi deyil,
nə şəhər, nə küçələr, nə Sən…
Sənə bağışladığım dünya da unudub məni…
Ən dəli sevgilər bitir dostum, 
o ki qala
bizim arı vızıltısı kimi uçuşmalarımız ola!
Hardansa Alla Puqaçovanın səsi gəlir qulaqlarıma,
oxuyur –
“Позови меня с сoбой” …

Tumurcuq fəsli
Qış sərt keçdi… fəsildən
nəsibin aldı ürək.
Sən üşüdün, ağrıdın,
mənsə yanıb yaxıldım,
tüstüləndim kösövtək.

Zəlzələlər yarandı,
ömrümüzdə neçə bal.
Nə körpülər dağıldı,
titrədi bünövrələr,
uçurdu avtoşoklar…

Qopdu müharibələr,
sətirlərdə döyüşlər…
Könüllər yara aldı,
ağ bayraqlar qalxmadı,
baş tutmadı görüşlər!

Belə çıxdıq bahara,
hava parça buludlu…
Deyəsən günəş çıxır,
yağış filan dayanıb,
bu sabah çox umudlu…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest