Genel

Qurban Bayramov

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Qurban Bayramov
tənqidçi- ədəbiyyatşünas.

Şeirlərindən bütün varlığı görünən şair – Musa Yaqub

                                 Bəlkə də borcundan çıxmadım, Vətən,

Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm də qoynunda qoy ölüm ki, mən
Çürüyum bir ovuc torpağın artsin!
Musa Yaqub

Çağdaş Azərbayjan ədəbiyyatının dəyərli simalarından olan Azərbaycanın Xalq şairi, Türk dünyasında tanınmış Musa Yaqubun hər misrasında öz torpağına, Vətəninə, təbiətə və insanlara sonsuz məhəbbət çağlayır. O, doğma diyarın hər daşını, ağacını, çiçəyini, bulağını, çayını şeirə çevirən poetik söz ustasıdır. Bu əzəli və ədəbi müqəddəs mövzu Musa Yaqub yaradıcılığının da əsas qayəsini təşkil edir.
Xalq yazıçısı Mirzə İbrahimov yazırdı: “Musa Yaqubun şeirlərində düşünən və düşündürən təbiət, yaşayan insan, sevən və sevilən bir qəlbin çırpıntıları var”. Doğrudan da, onun istedadı qayaların köksündən car olan bulaqlara bənzəyir və oxucularının qəlbinə xoş bir sərinlik gətirir. Musa Yaqubun şeirləri öz ahəngini qaynar bulaqların zümzüməsindən, coşğun dağ çaylarının şaqqıltısından, ildırımlı göylərin nərəsindən alır. Onun poeziyası da, özü də elə təbiətin bir parçasıdır. O, kövrək, gözütox və halal bir şair taleyi yaşayır. Mənə elə gəlir ki, Musa Yaqub şeirinə, sözünə oxşayan və poetik məninə sadiq qalan az-az tapılan şairlərdəndir. Ona görə də onun şeir rubabı belə pak, cazibəli və çoxrənglidir.
Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur. Lakin özünün bu fakta münasibətinə görə şair avtoportretində yazır: “Mən rəsmi sənədə görə 1937-ci ilin may ayının 10-da anadan olmuşam. Amma, əslində anamın dediyinə görə, çəltik biçini zamanı – yəni, tərəzi bürcündə; sentyabrın sonunda, yaxud da, oktyabrın əvvəllərində dünyaya gəlmişəm. Elə, yazılarımdakı daş, tərəzi, dəyirman obrazları da (heç şübhəsiz) ona görədir. Mən tarazlığı çox sevirəm.”Altı yaşında – 1953-cü ildə Buynuzdan 7 km. aralı Topçu kəndindəki məktəbə birinci sinfə gedib. Qəribədir ki, onun uşaqlıq adı Müsavat olub. Sonra məlum səbəblərdən “-vat” silinib, Musa qalıb. İlk şeirlərini 7-ci sinifdə oxuyarkən yazıb. Doqquz yaşında atasını itirib. Uşaqlığı qayğılarla, zəhmətlə yoğrula-yoğrula daşlarla, qayalarla, ağaclarla, çaylarla, bulaqlarla ünsiyyətdə keçib.Özünün dediyi kimi, uşaqlıq oyunlarını, əyləncələrini, demək olar ki, atası ilə birlikdə məzara gömübdür. “Atamın xatirəsinə” yazdığı şeirində bu ağrı-acılı günləri əks eləyibdir:

Qar yağırdı atamın da
məzarına, birinci qar…
Oyuncağım, uşaqlığım
O gün qaldı qar altında.
İşdən-gücdən qaçaqlığım
O gün qaldı qar altında.
Ondan sonra neçə dəfə
Haçalanıb təzə-təzə
Qar altından
Yaşıl otlar çıxdı üzə.
Amma mənim daha heç vaxt
Oyuncağım göyərmədi,
Mənim uşaq istəklərim
göyərmədi.
Atamın öz əlləriylə
alınacaq
Köynəklərim göyərmədi;
Elə qaldı qar altında…

İlk şeirləri – “Ana və Vətən” və “Sülh işi haqdır” 1957-ci ildə Göyçay Pedaqoji Texnikumda oxuyarkən Göyçayda çıxan “Qalibiyyət bayrağı” qəzetində çap olunur.Müsamirələrdə şeirlərini oxuyarmış. Mərkəzi mətbuatda isə 1959-cu ildə “Azərbaycan gəncləri” qəzetində xalq şairi Məmməd Rahimin təqdimatı ilə çap olunan “İki qəlb, iki dünya” poeması ilə başlamışdır… 1350 sətirlik poema hissə-hissə qəzetin dörd sayında dərc edilir və Yaqubov Musa Səfiməmməd oğlunu 3-4 günün içində “məşhuri-cahan” edir.
Poemanın o vaxtkı dövr üçün olduqca maraqlı mövzusu və süjeti var idi. 1957-ci ildə Moskvada Ümumdünya Gənclər Festivalı keçirilirmiş. Bu faktdan istifadə edən Musa Yaqubov guya bu festfalın iştirakçısı olmuş iki gəncin – bakılı, tarzən Azadla, təbrizli müğənni Gülşənin sevgisini burada, ritorik üslubda olsa da, tərənnüm edir. Əslində, bu iki gəncin məhəbbəti fonunda Təbriz və Araz həsrətini, xalqımızın ikiyə bölünməsi faktını qabartmağa çalışmışdı. Məlumdur ki, 60-cı illərdə ədəbi üslubların toqquşması və çarpışması gedirdi və gənc Musa da bu üslublar arasında var-gəl etdiyindən onun mərkəzdə çap işi səngiyir. Özünün dediyi kimi: “Ötən əsrin 60-cı illərinin başlanğıcında ənənələr arasında çarpışma gedirdi. Köhnə ədəbi formalarla yeni ədəbi formalar arasında bəziləri, o cümlədən də mən var-gəl edirdim. Redaksiyalara göndərdiyim əksər şeirlər çap olunmur, geri qaytarılırdı. Başladım təbiət mövzusunda şeirlər yazmağa. Təbiət mövzusu yenidən məni ədəbiyyata qaytardı.”
Musa Yaqubu ilkin olaraq poeziyaya sıx-sıx bağlayan iki cəhət olubdur – ana sevgisi və ana təbiətin möcüzəsi. Onun şeir bulağının ilkin mənbəi və gur axarı buradan güc alıbdır. Onun “Anamın məzarına” şeiri bu məhəbətə oxunan ağı-laylaydır:
Qürub yanar üfüq boyu,
Cilvələnir arxın suyu.
Uyu anam, şirin uyu
Layla dedim məzarına,
Bu qəbiristan güzarına.
Xeyri alqış, şəri alqış,
Bir yuvaydı, tək qaranquş.
Burda çarpış, orda çarpış —
Dincəl əzabkeşim, laylay,
A qeyrətli kişim, laylay. /Sağdan- Şirindil Alışanlı (professor),
Musa Yaqub (xlq şairi), Qurban
Bayramov (tənqidçi). /

Bu iki sevgi arta-arta, zənginləşə-zənginləşə onu poeziya aləminin şahrah “şossesinə”mi deyək, dağlara doğru qalxan yoxuşlu, dolaylı yollaramı deyək, gətirib çıxardı. Kənd məktəblərindəki müəllimlik, zəhmət, insanlarla sıx ünsiyyət də, ona az təcrübə qazandırmadı.
Göyçay Pedaqoji Texnikumunu bitirdikdən sonra Musa Yaqub Tircan kənd orta məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958-1967) işləmişdir. ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır (1967-1973). Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olmuşdur. İsa İsmayılzadənin, Fikrət Qocanın təqdimatı ilə o vaxtlar Azərbaycan Yazıçılar İttifaqının sədri, xalq yazıçısı Mirzə İbrahimov onu işə qəbul edir.
Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışmışdır (1974-1978). Bakıya gələndə onun dodaqları bu şeir parçasını pıçıldayır:

Uğurlu günədir niyyətim, yolum,
Gələrəm, gəlmərəm bağışla məni.
Tutdun ətəyimdən böyürtikan kolum,
Yox, dura bilmərəm, bağışla məni…

“Ətəyindən tutub” şəhərə buraxmaq istəməyən həmin böyürtikan kolun məhəbbəti, uğurlu bir təsadüfdən zərurət yaradaraq Musanı yenidən doğma İsmayıllıya qaytarır. İsmayıllı rayonuna yenicə birinci katib təyin olunan görkəmli ziyalı Qəşəm Aslanovla Şuşada təsadüfi bir görüş onu İsmayıllıya qəzet redaktoru kimi qaytarır. Və burada Musa Yaqub “Zəhmətkeş” qəzetinin redaktoru olmuşdur (1978), Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri olmuş (1979), İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir. Bu dövr onu İsmayıllı təbiətinə daha da yaxınlaşdırır,Babadağ və Şahdağ ətrafında ayağı dəyməyən bir daş belə olmur, o yerləri qarış-qarış gəzir – Qızıl qayadan, Havaxandan, Toğludərədən, Əsəd qayasından, Ağcadərədən keçə-keçə həm təbiətin, həm də şeiriyyətin yüksəkliklərinə qalxır…
Bu yüksəklikdə Musa Yaqub öz sifəti, öz xaraktri olan mərd, haqq-ədalətə bağlı sadə, səmimi bir insan, nüfuz sahibi olan istedadlı bir sənətkar kimi tanınır. Musa Yaqub 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür,M.F.Axundov adına mükafata layiq görülmüşdür. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak etmişdir…
Milli Məclisin deputatı (1995-2000) olmuşdur. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanın Xalq Şairi fəxri adına layiq görülmüşdür.
Onun qəlbində həmişə yaradıcılıq həvəsi, atəşi olub. Görkəmli yazıçımız Süleyman Rəhimov deyərniş ki, “yaradıcı adamın şəhərdə, ya kənddə yaşamağının elə bir fərqi yoxdur. Bir şərtlə ki, o, həmişə yaradıcılıq əhval-ruhiyyəsində olsun.” Bu əhval-ruhiyyə həmişə Musa Yaqubun canında-qanında olub. Onun bir insan və şair kimi şəxsiyyətinin, xarakterinin zamanın təhriki ilə yanlış tərəfə dəyişməməsinin səbəbi , məncə onun özündən və ədəbi qəhrəmanlarından – dağların, dərələrin, çayların, bulaqların, meşələrin paklığı və dəyişməzliyindən, ululuğundan nəşət edir. Musa Yaqub müsahibələrinin birində deyir: “Ümumiyyətlə, təbiət mənim üçün insanlaşıb. Onun torpağı da, daşı da mənim üçün danışan, deyən-gülən, ağlayan, kədərli və pəjmürdə olan canlılardı:

Ömrümüz həyəcan, təlaş içində,
Könlüm bir şüşədir bu daş içində.
Belə vurhavurda, savaş içində
Məni barışıqda saxlayanım var.
***
Dostlar nə o gücdə, nə o dözümdə,
Üzlər gördüm əlim qaldı üzümdə,
Adımı özümdə, haqqı sözümdə –
Belə qarışıqda saxlayanım var.
***
Adam var əriyir, ağlaya bilmir,
Doğmasına da bel bağlaya bilmir.
Çoxu sarayda can saxlaya bilmir,
Məni alacıqda saxlayanım var.

Dediyinə görə, Musa Yaqub şeirlərini yazanda ilk növbədə mühitini, sevgisini, dostlarını və həyat yoldaşını, həm də təbiətin özünü nəzərdə tutub yazır. Onun sənət dostları çoxdur. İnanmıram ki, ədəbi mühitdə ahllı-cavanlı onu istəməyən, ona hörməti və məhəbbəti olmayan bir sənət adamı olsun… Büqələmunları və qrafamanları bir kənra qoyuram…
Bir faktı xtırlatmaq yerinə düşər. 2015-ci ildə “Qara daşın sədası” adında samballı bir kitab çap edilibdir. Kitabda 100 dən çox tanınmış, məşhur qələm adamının, ziyalının, alimin, şairin Musa Yaqub haqqında deyimləri, sözləri, fikirləri, ona həsr edilən şeirlər əksini tapıbdır. Bu kitaba ön söz yazan şair-publisist Maarif Soltanın bu fikirləri tamamilə həqiqətdir: “O, sevgisiylə, duyğularıyla, ağrılarıyla canlı bir insandır. Buna görə də onun yaradıcılığına da, şəxsiyyətinə də böyük bir el məhəbbəti var və ona yazılmış şeirlər, deyilmiş fikirlər də bu sevgidən qaynaqlanır. Mirzə İbrahimov, Süleyman Rüstəm, Məmməd Rahim, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Qabil, Nəbi Xəzri və onlarla başqa nəhəng söz adamları Musa Yaquba şeirlər həsr edəndə, haqqında fikir söyləyəndə o, hələ əyalətdə adi kənd müəllimiydi və ilk yazılarıyla yenicə diqqəti cəlb etməyə başlamışdı. Musa müəllimə olan bu sevgi təbiidir, bir növ, ağaca, çiçəyə, dağa, torpağa olan sevgidir və Musa Yaqubun özü də ədəbiyyatda bir təbiət hadisəsidir.”
Burada bir faktı da xatırladım. “Dünyanın qara daşlarını göyərdən şair” (Ədəbiyyat qəzeti”, 26.05.2012) məqaləmdə yazmışdım: “Musa Yaqub Azərbaycan poeziyasının tarixinə öz imzasını əbədi həkk etləmiş sənətkarlarımızdandır. Onun yaradıcılığı çağdaş poeziyamızın şəksiz və şəriksiz nəaliyyətidir. Əsil vətəndaş şairdir. Bunu təkcə biz demirik. Bu qəbildən daha dəyərli, daha elmi, daha dərin və əhatəli fikirləri Musa Yaqub yaradıcılığı, şəxsiyyəti barəsində ədəbiyyatımızın ən tanınmış yazıçıları, şairləri, tənqidçi və ədəbiyyatşünasları, istedadlı jurnalistlər, qələm, söz əhli söyləmişlər. Onun yaradıcılığı barəsində yüzlərlə məqalə, xeyli monoqrafik tədqiqat, əsərlər, dissertasiyalar yazılmışdır. Azərbaycanın xalq yazıçılarından Mirzə İbrahimov, Süleyman Rəhimov, Əli Vəliyev, İmran Qasımov, Bayram Bayramov, İsmayıl Şıxlı, Sabir Əhmədov, Anar, Elçin; xalq şairlərindən Məmməd Rahim, Süleyman Rüstəm, Rəsul Rza, Mirvarid Dilbazi, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qabil, Məmməd Araz, Fikrət Qoca, Xəlil Rza Ulutürk, Tofiq Bayram, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub; tənqidçi və ədəbiyyatşünaslardan akademik, professor Bəkir Nəbiyev, Yaşar Qarayev, Budaq Budaqov, İsa Həbibbəyli, Şamil Salmanov, Qəzənfər Paşayev, Xalid Əlimirzəyev, Qəzənfər Kazımov, Asif Əfəndiyev, Vaqif Yusifli, Allahverdi Eminov, Şirindil Alışanov, Mürşüd Məmmədli, Nahid Hacızadə, Nizaməddin Şəmsizadə, Cavanşir Yusifli, Əli Rza Xələfli, bəndəniz Qurban Bayramov, adlarını buraya sığışdıra bilmədiyim(üzür diləyirəm)onlarla qələm dostları, çoxlu sayda jurnalistlərMusa Yaqub yaradıcılığı barədə məqalələr yazmışlar, ədəbi icmallarda, oçerklərdə, ədəbi məclislərdə haqqında obyektiv xoş sözlər, fikirlər söləmişlər, ona şeirlər həsr etmişlər, onunla müsahibələr aparmışlar. Bir sözlə, ədəbi ictimaiyyətimiz həmişə onu xoş məramla qarşılamış, xoşluqla qiymətləndirmişlər…
Elə buradaca Musa Yaqubu bir yaradıcı şəxsiyyət, istedadlı bir şair kimi səciyyələndirən bu səmimi münasibətlərdən bir neçə fikri xatırlatsaq yerinə düşər.

Xalq Yazıçısı, akademik Mirzə İbrahimov: “Onun yarpaqları muğamat üstündə ötür. Musa Yaqubun şeirlərində düşünən və düşündürən təbiət, yaşayan və yaşadan insan, sevən və sevilən bir qəlbin çırpıntıları var.”

Xalq şairi Məmməd Rahim: “Musa Yaqubun nəzərində vətən gözəllik timsalıdır. Onun misilsiz şeiriyyəti var. O, həmin şeiriyyəti gözəlliyin tərənnümündən xüsusi zövq alaraq yazır.”

Xalq şairi, akademik Bəxtiyar Vahabzadə: “Yeniliyi dolaşıqlıqda, qeyri-müəyyənlikdə, abstraksiyada deyil, aydınlıqda, müəyyənlikdə və real həyatda axtarmaq lazımdır. Musa Yaqub bu yolun yolçusudur.”

Xalq şairi Nəbi Xəzri: “Mən deyərdim ki, bu gün Musa Yaqub təbiətin insanla təmasındakı fəlsəfi mənasını layiqincə açıb göstərməyi bacaran nadir şairlərimizdəndir.”

Xalq şairi Qabil: “Musa Yaqub zahirən bir qaya parçasına oxşasa da, ürəyi gül ləçəyi qədər zərif olan Musa Yaqub mənən də, cismən də təbiətin bir parçasıdır ki, var. Musa Yaqub yaradıcılığının mahiyyəti sözlə təbiətin rəsmini çəkməkdən ibarətdir. Musa Yaqub şeirimizin Səttar Bəhlulzadəsi, Sərrast Bəhlulzadəsi, Əttar Bəhlulzadəsi…”

Xalq yazıçısı Anar: “Musa Yaqub zərif ruhlu şairdir… Zəriflik, kövrəklik Musa Yaqub poeziyasını səciyyələndirən bəlkə də, ən dəqiq sözlərdir.”

Xalq şairi Məmməd Araz:

“Şair, qayalara, dağlara söykən,
Mənim də arzumu sən yaşat barı.
Özülsüz şöhrətlər, uçurub tökən
Zamana bənzəyən dağ gürşadları
***
…Min il də göz yumub açsa ağzını
Yuya bilməyəcək daş xınasını.
Bu dağlar özülü, özəyi möhkəm,
Şair, qayalara, dağlara söykən!”

Xalq şairi Zəlimxan Yaqub:

“Qardaşıma bir bənzətmə tapmışam,
Musa Yaqub dağ kəlinə bənzəyir.
Başı zirvə,döşü yamac,özü dağ,
Şeiriyyətin heykəlinə bənzəyir.
***
Qızıl qaya,yaşıl çəmən,göy meşə,
Qayalarla baş-başadır,döş-döşə.
Kövrələndə boynu bükük bənövşə,
Kükrəyəndə dağ selinə bənzəyir.
***
İlham ona,o ilhama anadı,
Təbiətdi duyğusunun qanadı,
Nəğmələri sığallanmış sonadı,
Hər misrası bir gəlinə bənzəyir.
***
Bir çiçəkdi,təravətin dilidi,
Halallıqdı,ləyaqətin dilidi.
Danışdığı təbiətin dilidi,
Süleymanın quş dilinə bənzəyir.
***
Acı deyil şan-şöhrətin,ad-sanın,
Dalğasıdır söz adlanan dəryanın,
Bir gözütox balasıdı Şirvanın,
Öz yurduna,öz elinə bənzəyir.”
Xalq şairi Sabir Rüstəmxanlı:

             ***

“Ey vəfada bir qardaşım.
Ruhundakı qutsallıqla pir qardaşım!
Ucalmısan dilindəki həqiqətlə,
ruhundakı qətiyyətlə.
Məğrur səsin minilləri aşacaqdır bu niyyətlə!
Tarixlərin ağrısından qopan şerin
Yatanların vicdanını qamçılayır.
Min illərin buz dağları ərimədə
Sözümüzdən göz yaşıtək damcılayır.
Zaman keçdi, indi tarix bizə bağlı,
Dirilən ruh, qalxan bayraq səninlədir!
Azadlığın söz heykəli sənsən elə,
Hara getsən yenə də haqq səninlədir!”

Musa Yaqub bu sambballı, siqlətli söz və fikirlərə, məhəbbət dolu şeirlərə elə-belə nail olmayıbdır. Onun samballı və siqlətli yaradıcılıq yolu, 30-a yaxın şeir və poemalardan ibarət kitabları, dum-duru şəxsiyyəti bu fikirləri və ona olan məhəbbət dolu münasibəti yaratmışdır.
Musa Yaqub bu zəngin, orjinal, böyük yaradıcılıq yoluna isə bir əlçim boyda, şagird dəftəri nazikliyində (cəmi 30 səhifə), o vaxtlar “Gənc şairin ilk kitabı” seriyasından buraxılan “Yarpaqlar oxuyur” (1966) kitabı ilə çıxıb və üslubunu cilalaya-cilalaya, mövzularını şaxələndirə-şaxələndirə şairlik mənəviyyatına, ədəbi-estetik qayəsinə heç vədə xilaf çıxmadan poeziya mahnısını həmişə “Bir sim üstə” (1983) – Vətənə, millətə, torpağa, müstəqilliyə, dövlətçilliyə məhəbbətlə, sevgi ilə köklənmiş poeziyanın sarı simi üstə ötməyə başlayıbdır. Elə bunun nəticəsidir ki, “Bu məhəbbət yaşadır məni” (1966), “Mənim kainatım”(1973),“Üzü bəri baxan dağlar” (1977), “Yaxşı ki, sən varsan (1979), “İki qəlbin işığı” (1985), “Mənim sevgi taleyim” (1988), “Ürəyimdə yerin qaldı” (1992), “Nanə yarpağı (1996),“Payızdan yaza yol varmı” (1999),“Ruhumla söhbət” (2000), “Bu dünyanın qara daşı ğöyərməz”(2007), “Dövrün dəyirmanı” (2012) və s. digər şeirlərdən və poemalardan ibarət kitabları oxucularının stolüstü ərmağanına, qəlblərinin işığına, sevgi talelərinə, ruh söhbətinə, ictimai məzmun siqlətilə dövrün dərdlərini üyüdən dövrün dəyirmanına çevrilibdir. Elə buna görə də, Musa Yaqubun bu misraları pıçıldamağa haqqı da var, səmimiyyəti də:

Bu dünyada sevinc də var,
dərd də var,
Hərəsi bir yana çəkər
könlümü
Yaxşı ki namərd yanında
mərd də var,
Biri söksə biri tikər
könlümü.
…Vurub oturasan bir daşın üstündə,
görəsən, bu dünya hayana gedir.

“Dövrün dəyirmanı” (2012) şairin “Cəm” adlandırılan və bütün nəşr olunmuş kitablarını bir yerə cəmləyən monumental topludan sonra ən dəyərli topludur, bəlkə də, müdriklik yaşının ucalığından boylanan mütəfəkkir şairin zamana, bəşəriyyətə, insan ömrünə, müxtəlif tale yaşantılarına verdiyi dəyərdir, poetik hesabatdır. Kitabda şairin 19 poeması ilk dəfə cəm halında nəşr olunubdur. Ənənəvi kitab çapından fərqli olaraq əvvəldə poemaların xronikal yazılma ardıcıllığı ilə sıralanması ilə başlayan epik yaradıcılıq məhsullarını şairin müxtəlif dövrlərdə qələmə aldığı seçmə şeirləri əhatə edən “Gördüm yol ayrıcında”, “Dövrün dəyirmanı”, “Sevgi sətirləri” bölümləri davam etdirir. Kitab şairin “Açıq qoydum qapını, ümid girsin içəri” və ömür yoldaşım Zöhrənin xatirəsinə” bölümləri altında toplanan olduqca həzin, mojor tonda, təsirli lirizmi ilə oxucusunu duyğulandıran şeirlərdən ibarətdir. Musa Yaqub bir şair, bir insan kimi həyat yoldaşının itgisini daxili bir yanğı ilə yaşayır və deyir: “Həyatdı da, ömrün elə bir məqamında itirdim ki, indi hamıdan çox ona ehtiyacım var…”

Dünyanın zəmisi heç imiş demə,
Dəryanın gəmisi köç imiş demə,
Heçimi, köçümü indi bilmişəm
İndi bilməyim də gec imiş demə.

Və yaxud

İndi bildim tək qovaqlar nə çəkir,
Yarpaqları danışır öz-özünə.
İndi bildim tək bulaqlar nə çəkir,
Dodaq dəymir, göz dikilmir gözünə.

Və yaxud

Yaşayıb keçdiyim, keçib gördüyüm,
Sevda ağacında yuva hördüyüm,
Ömürlər içində ömür sürdüyüm
O günlər məni tək buraxdı, getdi,
Gülüm həşəm oldu, su axdı, getdi.
***
… Görəsən, tək durnam harda uyudu,
Kəkliyim yetdimi qaya daşına?..
Sulanan zəminin artıq suyudu,
Buraxdım ömrümü başdı-başına…

Bu təkliyin, ömür-gün yoldaşı Zöhrəsizliyin həzin, yanğılı ovqatda elegiyasıdır… Səmimi insani hiss olduğundan hamı üçün dəyərli və gərəklidir… “Dövrün dəyirmanı” belə dəyərli və gərəkli poetik topludur. Yaxşı ki, indinin özündə də, şairin, şeirin qədrini bilən messanatlarımız var ki, bunu təqdir etmək mütləq lazımdır. Bu kitab Azərbaycanda Vətəndaş Çəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə işıq üzü görüb və biz də şerimizin, şairimizin qədirkeşi olan ol kişiyə təşəkkürümüzü bildiririk…
Beləliklə, Azərbaycan хalqının milli mənəviyyat, təfəkkür və intelekt ənənəsi öz əksini ХХ əsrin 60-ci illərindən təkrarsız orjinal üsluba malik, çağdaş Azərbaycan poeziyasının ən önəmli simalarından olan şair Musa Yaqubun pоeziyasında da tapır. Nizaminin,Хaqaninin, Nəsiminin, Füzulinin, Vaqifin, Seyid Əzimin, Sabirin, Səməd Vurğunun istedadlı varisivə хələfi rоlunda çıxış etmək səlahiyyəti qazandı Musa Yaqub. Bu proses onun yaradıcılığında Azərbaycan poeziyasının müstəqillik illərindəki yeni tarixi inkişaf mərhələsində daha da qüvvətləndi…
Azərbaycan ədəbiyyatı tariхində yeni mərhələ kimi səciyyələnən ХХI əsrin əvvəllərinin şeir təsərrüfatı yalnız ideya-məzmun baхımından deyil, həm də bədii arsenal nöqteyi-nəzərindən
də mühüm təzələnmə prоsesi keçirirdi. Və təsadüfi deyil ki, bu ən əvvəl Məmməd Araz, Xəlil Rza Ulutürk, Məmməd İsmayıl və həmçinin Musa Yaqub yaradıcılığında daha bariz şəkildə və yeni bir coşğu ilə əksini tapırırdı.
Örnəklərin təhlillərindən qaynaqlanan gerçək həqiqət budur ki, tanınmış Azərbaycan şairi Musa Yaqub lirikası milli pоetik düşüncə çevrəsini хeyli genişləndirmiş, şeir dilimizi zənginləşdirmiş, bədii aхtarış imkanlarının tükənməzliyini isbat etmişdir. Assоsiasiya və yоrum imkanının genişliyinə hesablanan lirikası ilə şairimiz böyük millətsevər və etiqadlı Azərbaycançı оlaraq müstəqillik illərində daha sürətlə fоrmalaşmaqda оlan milli-ideоlоji kоnsepsiyamıza öz töhfəsini vermiş və verməkdədir.Onun yaradıcılığı başdan-ayağa torpaq qoxuyan, Vətən qoxuyan poeziya nümunələrindən ibarətdir…
Müasir cəmiyyət həyatı, milli-mənəvi əxlaqi dəyərlər, mühitin sosial dilemmaları, insanın ruhi-psixoloji yaşantıları, təbiətlə insan mənəviyyatının harmoniyası, məhəbbətin həmişəcavan və həmişəyaşar yaşantıları onun poeziyasının özünəməxsus üslubunun ifadəsində daha inandırıcı və cazibədar görsənir.
Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib, payız gəlib, qış qalıb.
Göy çəməndə ocaq yanıb daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.
“Bu dünyanın qara daşı göyərməz”, “Əhəng daşı”, “Bir günah sənin, bir günah mənim”, “Dağlar çox qəribə olur gecələr”, “Anamın məzarına lay-lay”, “Atamın xatirəsinə”, “O ümidlərə ki, mən inanırdım…”, “Güllə gəzdirən maral”, “Öyrətmə özünə…” qəbildən onlarla şeirləri yazılma tarixindən asılı olmayaraq müasir dövrün hərəkət anənginin içindədir. Musanın şeirlərində təbiətin ahəngindən süzülüb gələn, amma Musanın söz kürəsində özününküləşən qəribə bir ritm, intonasiya, lirizm var:
Bəlkə də borcundan çıxmadım Vətən!
Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm də qoynunda qoy ölüm ki mən,
Çürüyüm bir ovuc torpağın artsın.
Bu sətirlər poeziyanın sevincini və məsuliyyətini yaşayan tanınmış və qocaman şair Musa Yaqubun yaradıcılığının ilk dövrlərinə aid şeirlərindəndir. Təbii qəbul ediləsi nostalji notları ilə bərabər misralarda Vətənə vurğun bir övlad məhəbbətinin çox səmimi, poetik ifadəsi vardır. O, cavanlığından ölümün gözünə beləcə mərdi-mərdanə, dik baxıb, ölümün fəlsəfəsini dərk edib, başqa sözlə, ölümün ölümsüzlüyünü kəşf edib və xarakteri, mənəviyyatı, poeziyasının məramı və amalı ilə vətəni, milləti, xalqı qarşısında heç vədə borclu da qalmayıbdır… Özü də həmişə səmimi olubdur – hərəkətində də, davranışında da, şeirində də…
Bax, Musa Yaqubun poeziyasının ədəbi-estetik xəttinin, məramının, kredosunun məna bankının şifrəsi-kodu, sirri, açarı burada gizlədilmişdir… Elə buna görə də, bu dünyanın qara-qara daşlarını göyərtmək missiyası onun qələminin boynuna düşmüşdür. “Daş” obrazı poeziyamızda sıx işlənən obrazdır və bu obraza ən yeni estetik mənanı ilk dəfə poeziyamızda Əli Kərim, daha sonra isə Məmməd Araz verdilər. Musa Yaqub da bu tendensiyanı davam etdirərək bu obrazı, bu poetik detalı tamam yeni bucaqdan təzələdi və “bu dünyanın qara daşı göyərməz” misrası ilə sanki inqilabi çevriliş elədi. Bu baxımdan, dilçi-estetik, prof. Kamil Vəliyevin «Sözün sehri» kitabındakı fikir diqqətimizi çəkdi: «İnsanın ovqatının dialektikasını vermək detal sənətkarlığı istəyir. İnsan ruhunun dəyişmələri soyuq təsvirə sığmır. Ovqatın elə məqamları var ki, onda təfsilat köməyə gəlmir və yazıçı öz istedadının gücü səviyyəsində detallar verir, bu detallar və həmin detalların proyeksiyaları üzrə vəziyyəti, psixologiyanı aşkarlayır.»
“Qara daş” poetik detalı bütünlüklə Musa Yaqubun şair psixologiyasının bünövrəsində duraraq onun poeziyasının üzünü ağardaraq poetik bəxtin ağ daşına çevrildi:

Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib, payız gəlib, qış qalıb.
Göy çəməndə ocaq yanıb, daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.
***
Nə o ocaq közərəsi, sönəsi,
Nə o günlər bir də geri dönəsi…
Qəm eləmə, könlümün bir dənəsi,
Bu dünyanın qara daşı göyərməz.
***
…Araz boyu çox mənalar sezmişəm,
Elə bilmə əllərimi üzmüşəm.
Ürəyimə daş bağlayıb dözmüşəm,
Bu dünyanın qara daşı göyərməz.

Mən Musa Yaqubun yaradıcılığına, poeziya dünyasına, onun şair şəxsiyyətinə, böyük, dostcanlı insanlığına azdan-çoxdan bələd olan bir tənqidçi-ədəbiyyatşünas kimi mübahisə doğurmayacaq belə qənaətdəyəm ki, Musa Yaqub əlinə qələm alandan bəri sözü ilə, şeiri ilə bu dünyanın qara-qara daşlarını (daşını yox) göyərtməklə məşğuldur. Dialektikada “tezis = antitezis” postulatı var. Əslində, hər bir inkarın alt qatında bir təstiq formulası mövcuddur. Musa da “Bu dünyanın qara daşı göyərməz!” desə də, oxucusunu, “ İstəsək, qara daş da, göyərər!” həqiqətinə yönəldərək onu bu möcüzəyə inandırır. Çünki, bu qara daş göydən düşən qara daş deyil, əlimizlə ocaqda yandıra-yandıra qaraltdığımız Vətən daşıdır ki, Məmməd Araz demiş,bizi, vətəndaş edibdir…
Musa Yaqubun yaradıcılığının, demək olar, bütün dovrlərində hər dəfə daha yeni, rəngarəng keyfiyyəti ilə bu poetik kredo özünü davamlı axını ilə aşkar göstərməkdədir. Vətənsizlik Musa üçün dərdlərin ən ağır dərdidir:

Ən böyük dərd budur ki,
Sünbül-sünbül tarladan
Bir dən sənin olmasın.
Adın vətəndaş olsun,
Vətən sənin olmasın.

Belə bir vətənsevərlik və vətəndaşlıq əqidəsi ilə yaşayan, yazıb-yaradan Musa Yaqub adi şeirində də bu amala sadiqdir və yalnız onun qələmindən belə misralar işıq zərrələri kimi bərq vurar:
Çicəklərin salmasın qoy başımı aşağı,
bircəsini dərmərəm;
Bənövşəyə, laləyə yaman üz ğöstərmərəm,
Yarpağını qoparıb, budağını əymərəm;
əymərəm, ay meşələr!
Cüyürlərin qacmasın daha məndən aralı,
Düzlərinin üstündə yatsalar da dəymərəm,
dəymərəm, ay meşələr!
Misal gətirdiyim bu şeirlərin heç biri müstəqillik illərində yazılmayıbdır, amma müstəqilliyimizin ehtiva etdiyi və müstəqilliyimizə gələn yolun ideya-estetik qayəsini özündə daşıyaraq bu günümüzə gətiribdir, elə bil, elə bu gün yazılıbdır… Poeziyanın sirri-sehri, bax budur! Musa Yaqub mənəviyyat, milli əxlaq və həyatın ziddiyyətlərinin poetik məna çalarlarını filosofanə düşünən və düşündürən şairdir:
Bu dünyada sevinc də var, dərd də var,
Hərəsi bir yana çəkər könlümü.
Yaxşı ki namərd yanında mərd də var,
Biri söksə biri tikər könlümü.
Bu şeirlərin hamısı onun şair “Mən”inin mahiyyətini aşkarlayır və ömürlüyünün çizgilərini təşkil eləyir. Musa Yaqubun lap son illərdə yazdığı “Ömür şeiri” silsiləsində olduğu kimi:
Hanı o dünyanın dağ tərəfləri,
Qızıldaş qayanın tac tərəfləri?
Ayağım dəyməmiş bir daş qalmadı,
Heyif, gücdən düşən o ayaqlara!

Çayına çiyindaş, daşına yoldaş,
Heyif ömrümdəki o ortaqlara,
Özüm ola-ola, özüm olmayan,
Heyif, yaylaqlara, ulu dağlara.

Yaşının müdriklik çağlarında “bu heyifsilənmələr” təbiidir, lakin o da təbiidirki, Musa Yaqub həmişə ana təbiətin çayına, torpağına, daşına çiyindaş, yoldaş olub, zümrüd bulaqlı yaylaqlar, quşqonmaz ulu dağlar sanki onun özü olubdur və şair şəxsiyyətinin meyarına çevrilibdir. Musa Yaqubun şair “Mən”inə təbiətin əbədiyyəti hopubdur və belə olmasaydı, heç “Məni arama”şeiri də yaranmazdı:

Bu gün qalacağam özüm olmağa,
Torpağın çiçəkli üzü olmağa.
Qalıram bir çeşmə gözü olmağa,
Sən Allah, bu dəfə məni aparma.
***
Həm varam, həm yoxam – belə gəlmərəm,
Qayıdıb özümə hələ gəlmərəm.
Bu gün kəpənəyəm, ələ gəlmərəm.
Sən Allah, bu dəfə məni aparma.
***
…Bizim əlimizdə qurama dünya,
İçində öz qurdu barama dünya.
Salıb ipək tora aparma dünya,
Sən Allah, bu dəfə məni aparma…

Təbiətə, düyaya, yaradana müraciətlə, xitabla deyilən bu poetik ricət müəyyən bir fiziki-emosianal ovqatdan, ağrıdan yaransa da, fəlsəfi mahiyyət kəsb edərək esstetik hikmətə çevrilir və həyatın ötəriliyinə deyil, əbədiyyətinə inam yaradır… Həyati fakt poetik fakta çevrilərək yenidən doğulur, poeziyamızda “Dünya” mövzusunda yazılan möhtəşəm şeir silsiləsində özünün möhtəşəm yerini tutaraq məkanlaşır. Bu, bir həqiqətdir ki, şeirin yaşı yoxdur, amma hər yaşın öz şeiri var!
Musanın “Həsrət adası” şeiri xeyli əvvəllər, deyək ki, onun odlu-alovlu illərində yazılıb və sevgisində, hissində hakimi-mütləqdir, heyifsilnə-heyifsilənə olsa da, meydan oxuyur:
Mən səni pərişan qoyub getmişəm,
Payız günəşinin şüası kimi.
Yəqin çatmaz sənə yalvarışlarım,
Bəndənin Tanrıya duası kimi.
***
Mən səni pərişan qoyub getmişəm,
Sahibsiz bir kəklik yuvası kimi.
Ruhumda bir qərib nida sızıldar,
O ana kəkliyin nəvası kimi.
***
… Mən səni pərişan qoyub getmişəm,
Sən orda bir həsrət adası kimi.
Mən burda könlümü söküb-tökmüşəm,
Baharda bir daşqın adası kimi.
Vaxtilə “Özünə örgətmə məni” deyən lirik “mən”, amma indi, yaşın və başın bu çağında içində çaxmaq – qovdan qopan qığılcıma dönən, amma qovu alışdıra bilməyən sevgi hissi “O nə baxışdı” şeirində olduğu kimi onu başqa bir yöndən, başqa bir psixoloji ovqatdan sızım-sızım sızıldadır, elə oxucusunu da həmçinin:
Mən düşdüm tilsimə, sehrə – bilmədim,
Baxışına cavab verə bilmədim.
Bəlkə gözlərini gözüm tutmadı,
Yerimək istədim, dizim tutmadı.
***
Əlimi üzümə çəkirəm hərdən,
Bir görüm nə qalıb o od nəzərdən.
***
Həmin şimşək vuran qarağac kimi,
Yonulub qalmışam, yanıb qalmışam.
Bəlkə ağac-heykəl olub qalmışam,
“Atdı müjgan oxu dəydi sinəmdən”,
O müjgan oxunu alıb qalmışam.
***
Vallah, ani oldu qəfil, çox ani,
Sən hardan gəlirdin, hara getmisən?
Mən burda neyləyim, gözüm qurbanı?

Bu sevgi şeirləri niyə bu qədər cazibədardır? Çünki, burada sünilik, qondarmaçılıq, irreallıq yoxdur. Hisslər təbiidir, insanidir, səmimidir… İnsana məxsus həsrət,istək, həyat eşqi bu şeir silsiləsinin mayasını təşkil edir, mürgüləyən duyğuları, hissləri oyadır…
Bu, bir aksiomadır ki, Musa Yaqub adi şair deyil, orijinal deyim tərzi ilə seçilən, qeyri-adi şairdir.

Burda hər meşənin min cür ağacı,
Burda hər ağacın yamyaşıl tacı.
Burda hər tac üstə sarmaşıq saçı,
Hər saçın küləkdən darağı vardır.
***

Burda hər budağın şeyda bülbülü,
Burda hər bülbülün qönçə bir gülü,
Burda hər qönçənin yaşıl bir tülü,
Hər tülün xırdaca saçağı vardır.
***
Burda hər yamacın çiçəkdir daşı,
Burda çiçəklərin şehdir göz yaşı;
Burda şeh damlası bir üzük qaşı,
Hər qaşın qızılı qurşağı vardır.
***
Burda sərər düzə lalələr xalı,
Burda hər xalının qara bir xalı…
Hər xalda şirin bir şair xəyalı,
Burda hər xəyalın oylağı vardır.
***
Burda qayaların daşdır suvağı,
Burda hər daş üstə qartal caynağı,
Caynaqlı hər daşın bir buz bulağı,
Burda hər bulağın qonağı vardır,
Harda bu saydığım gözəllik olsa,
Orda Azərbaycan torpağı vardır!!!

Adama elə gəlir ki, Musa Yaqub təzə və təravətli səslənən obrazlar, deyimlər, bədii təsvir vasitələri, assosiativ düşüncə tərzinin ifadəsi olan maraqlı, orijinal bənzətmələr axtarmır, bunların üzərində baş sındırmır, yaxa cırmır, başqa sözlə təbini, ilhamını “intelektual” görünmək xatirinə zorlamır. Amma bütün bunlar onun şeirlərinin ən yüksək, başlıca məziyyətidir və təbii axarla gəldiyindən cazibədardır, ürəyə ytandır, özünəməxsusdur, bənzərsizdir… Musanın öz poetik boyaları, cizgiləri var… Musa təbiət şairidir, amma bu təbiət insanın içindəki, Musanın içindəki təbiətdir, peysaj deyil, xarakterdir, psixoloji yaşantılardır, insanın iç dünyasına hopan təbiətdir… Bunlar heç kimin ağlına gəlməyən deyimlər, bənzətmələr, assosiativ təfəkkürdən doğan məcazlar sırasında onun şeirlərinə bulaq suyu təkin öz qaynağı, öz axarı ilə gəlir.
Belə baxanda, Musa Yaqub bir insan kimi nadiradamlardandır,necə deyərlər, əsil Allah adamıdır…Axı indi Allah adamı, nadir adam, yaxşı adam çox azdır və onların fərqli cəhətlərini, müstəsna keyfiyyətlərini,çoxlarında görmədiyimiz əxlaqi və mənəvi ölçüləri görmək, qiymətləndirmək, bunu başqalarına da nümunə göstərmək, ibrət dərsi götürmək, özü də millətə, xalqa, Vətənə xidmət etmək deməkdir. Unutmaq olmaz ki, həyatımızı yaşadan,zənginləşdirən, irəli aparan məhz belə insanlardır…
MusaYaqub paxıl adam deyil və heç kimə də qibtə ilə baxmır, həsədlə yanaşmır. Böyük Yaradan ona əsl insana xas olan bütün daxili, mənəvi gözəllikləri səxavətlə bəxş edib. Ancaq burada qəribə bir paradoks da var: Bütün ömrü boyu ona həsədlə baxıblar, qibtə ediblər. Düzdür, Musa Yaqub həyat yollarında bunun çox ağrısını-acısını dadıb, enişli-yoxuşlu, dönümlü-döngəli gədiklərdə çox zərbələr alıb. Ancaq hər dəfə də, bunları şairə məxsus tale, qismət və alın yazısı ilə bağlayıb, Məmməd Arazdemişkən, sel boğan dərələrdən böyük qürur və ləyaqətlə çıxıb, öz haqq yolundan dönməyib.
Musa Yaqubun müstəqillik ilərində yazdığı şeirlərində müstəqil, sərbəst, azad deyim ədası, heç nədən çəkinmədən, “qadağalar baryeindən” aşaraq sözü obrazlı şəkildə ünvanlamaq manerası müşahidə edilir. Bunlar şairin özü ilə, dünyası ilə qarşıdurmasını, haqsızlıqlara etirazını, mənəvi çarpışmasını əks etdirən şeirlərdir. Və bu nümunələr içində öz səmimiliyi, təbiiliyi, orijinallığı ilə seçilən nümunələr sırasında onun «Payız vadisi» və «Dünyanın lələ dərdi» əsərlərinin adlarını çəkə bilərik. Onu da deyək ki, bu nümunələr hansısa bir, iki poetik detalı, poetik tapıntısı ilə deyil, bütünlükdə bədii material olaraq özünə diqqət çəkir, ənənəvi “payız” obrazı bu şeirlərdə yeni məna çalarları qazanır, təbiət hadisəsindən ustalıqla uzaqlaşaraq ictimai-sosial məzmun kəsb eləyir:

 Payız vadisindən keçəndə gördüm,
 Xəzan yala sərib ayrılıqları.
 Bu payız ömrümün içində gördüm,
 Ən yazıq, ən qərib ayrılıqları.
             ***
 Köhnə dönüb gedir, təzə ayrılır,
 Bu ilin fərd içrə fərdidir payız.
 Nə varsa, o vardan nəsə ayrılır,
 Bu ayrılıqların dərdidir payız.
             ***
 Yarpaqlar düzülər başqa düzümdə,
 Palıdlar duracaq başqa dözümdə,
 Başqa cür açılır o solan çiçək,
 Ağaclar uşaqlıq köynəyim kimi – 
 Heç vaxt bu libası geyinməyəcək.
             ***
 …O sonuncu yarpaq - mənəm yellənən,
 Hələ o budaqda ləngiyir ömrüm.
 Boğazı tıxanıb, ağzı lillənən,
 Bir payız arxıdır - təngiyir ömrüm.
             ***
 Bu ilin fərd içrə fərdidir payız 
 O mənəm, o sənsən, o ötən bulud 
 Bu ayrılıqların dərdidir payız… 

 Təbiət və insan arasında pozulmaz, dağıdılmaz bir ahəngin olduğunu  göstərən bu şeirdə insan xarakterinin, dünyasının facianə çalarları payız obrazı üzərinə köçürülmüş,özünü və duyğularını ifadə etmək vasitəsinə çevrilmişdir.  Musa Yaqubun bu qəbildən olan və son dövrdə qələmə aldığı şeirləri istər ovqatı, istər alt qatdan şüalanan enerjisi, istər axıcılığı, istərsə də maraqlı və orijinal ifadə vasitələri ilə seçilir. «O sonuncu yarpaq mənəm yellənən, hələ o budaqda ləngiyir ömrüm», və ya «ağzı lillənən payız arxı» ifadəsi ilə yaşanan illəri arxada qalmış bir insanın həyatı və təbiətin payızı arasında tapılan oxşarlıq, müqayisə çox maraqlı alınıb. Ən əsası «ömrün payızı» və «fəslin payızı» arasında ənənəvi paralelizm burada ictimai mahiyyət qazanır, fərdilikdən uzaqlaşaraq sosiallaşır...

Və ya «Bu payız ömrümün içində gördüm, Ən yazıq, ən qərib ayrılıqları» poetik ifadəsi də ayrılıqların ömrün payızında daha ağrıverici, daha yandırıcı, daha yazıq, daha qərib görkəmdə olduğunu çox aydın və dəqiq şəkildə ifadə edə bilib. Bir də şair təbii peyzajla yanaşı, ruhi-psixoloji hissin peyzajını da yaradılmasında oz Musa Yaqub manerasına, üslubuna sadiq qaldığını da göstərib. Şairin «Dünyanın lələ dərdi»dir şeiri də dövrümüzün yeni çalarlı poeziya nümunəsi kimi diqqəti cəlb edir:

 Eşqdən yanıb cızdaq olan,
 Ürəklərin o güşəsi, küncü yoxdu.
 Bəlkə elə ona görə,
 Aşiqlərin sevgi dərdi 
 Daşımağa gücü yoxdu.
             ***
 Məhəbbətlər günə qalmaz,
 Aya qalmaz məhəbbətdi.
 Sınağı yox, qınağı yox,
 Olar-olar,
 Olmaz-olmaz məhəbbətdi.
             ***
 Ayrılığın yağdırdığı 
 O çiskinlər öldü, lələ 
 Eşqin şirin əzabları 
 O nisgillər öldü, lələ 
             ***
 Eləsini, beləsini,
 Eşqdə əzab şələsini,
 Daşımağa səbir yoxdu.
 Sədaqəti, etibarı 
 Gözdə nuru, üzdə arı,
 Daşımağa səbir yoxdu.
             ***
 Üstündəki duman hanı?
 Lələ, sənin koman hanı?
 Qarabağın yolu bağlı,
 Öz obana yoxdu ərkin.
 Mən qaçqınam, sən didərgin,
 Dəmir dizin, daş üzəngin,
 Gedək lələ, gedək lələ,
 Bu daş-qalaq gedir hələ,
 Zaman belə, dövran belə, 
 Həmin şələ, həmin lələ...

Musa Yaqub bu şeirində müasir mövzunu, mühitdə baş verən dəyişmələri, rekonstruksiya edilən milli-mənəvi dəyərləri, müqəddəslik qədər qoruduğuuz məhəbbət hissinin, duyğusunun təbiiliyindən uzaqlaşmasını “Sədaqəti, etibarı klassik Lələ obrazının üzərinə köçürür. Belə bir xalq ifadəsi var: “Ya Lələ şələni basar, ya şələ Lələni!” Həm də, Lələ folklorumuzda dostluq, əqidə, məslək simvoludur, məhəbbətin, saflığın, haqqın qoryucusu və fədakarıdır. “Əsli və Kərəm” dastanında, digər folklor süjetlərindəki Lələ obrazını göz önünə gətirin… “Eşqdə əzab şələsini daşımağa səbir olmayan” bir dövrdə, Sədaqəti, etibarı,gözdə nuru, üzdə arı, daşımağa səbri olmayan” bu zəmanə adamlarına Lələ, yaxud da, Musa Yaqub neyləsin, nə çarə tapsın?” Bax, beləcə klassik folklor obrazı müasirləşir, folklor-bayatı dil şirinliyi ilə qapıları bağlı qalan Qarabağ dərdinə çevrilir. Ənənəvi folklor koloriti XXI əsrin reallıqlarını əks edən müasir koloriti güzgü effekti ilə əks etdirən vasitəyə çevrilir. Sürətlə dəyişən insani münasibətlər kataklizmində dəyişməyən Lələyə – dünyaya ehtiyac duyulur. Bu da – Lələ də, şair də bu çevrilmələr sunamisi qarşısında deyəsən, acizdir. Lələ ayağına dəmir çarıq (şeirdə “dəmir dizin”) geyinib, əlinə dəmir əsa (şeirdə “daş üzəngin”) alıb bu zəmanədən getməyi üstün tutur…
Bu nümunəvi şeirlə bağlı onu da qeyd edək ki, qafiyə seçimində olan orijinallıq, fərqlilik, şeirin daxili ritmi əbədi bir mövzünün fərqli bir tərzdə ifadəsini uğurla təmin edibdir. Ən əsası isə ənənəvi problem, ənənəvi mövzu şairin öz ahənginə, öz havasına sadiqliyi ilə özünəməxsus bir nümunədə təsdiqini tapıb.
Hər bir şair əslində, şeirlərində öz həyatını qələmə alır; ömrünün ən mübhəm anlarını, enişlərini, yoxuşlarını, uğurlarını, əskiklərini, xoş anlarını, hətta sükutlu dəqiqələrini belə. Sadəcə, bütün bunlar poetik duyğular şəklində, lirik “mən” obrazında, fərqli bir fərdin yaşamında canlandırılır və şair təxəyyülü ilə kamilləşir. Mənə elə gəlir ki, buradakı Lələ, elə Musa Yaqubun özüdür!…
Musa Yaqubun poeziyasında həmişə dirilik, doğmalıq, təbiilik görmüşəm. Onun bütün ömür yolu sözün içindən keçib. Allah-Təala ona başqa bir yol qismət etməyibdir. Şeiriyyətdə Kəlamullah Musa, söz tinətində isə Yaqub tinətindədir. Bu ad birləşməsi peyğəmbər adlarından gəlir. Musa Yaqub adı, imzası təsadüfi olsa da, sonralar maqıq gücü-qüvvəni bərpa edərək məna və mahiyyət doğruluğunda, şairlik xislətində yerini alıbdır… Bu onun qismət payıdır və o, bu qismətin qədir-qiymətini bilən, sözün təmiz, büllur, çətin, sıldırımlı, uçurumlu, enişli-yoxuşlu yoluna tapınan, bu yoldan dönməyən sənətkardır. Bu yolda o qəhər də görüb, bəhər də… Qəhərdən doğan bəhər isə həmişəşirindir, gözəldir, hamınındır… Musanın şair qəlbində həyata sevgi, təbiətə məhəbbət, cəmiyyətə ülfət var…
Musa Yaqub başdan-ayağa, təpədən-dırnağa lirik şairdir, lakin onun lirikası meditativ lirikadır, fikirlə, həyatın fəlsəfəsi ilə yoğrulmuş lirikadır. Onun lirikasında – “Burax məni, çıxım gedim azadlığa”, “A vicdan əzabım, üsyan əzabım” ( Bu şeir xalq şairi B.Vahabzadəni elə təsirləndiribdir ki, Musaya “Vicdan xəstəsiyik” adında 15 bənddən ibarət böyük bir şeirlə cavab yazıbdır), “Şuşa, Xarı bülbül”, “Qarabağın nəyi bizimdir”, “Öz üstümdə ağlamağa gəlmişəm”, “İlahi, mən hara gəlib çıxmışam”, “Apar məni bu ümidin dalınca”, “Məhəmməd Hadinin şeir bazarı”, “Tamahkarlar, nəfskarlar, zəlilər”, “Öyrətmə özünə, öyrətmə məni”, “Bir günah sənindir, bir günah mənim”, “Müxalifətəm”, “Qayıtmışam, gəlmişəm”, “O tay, bu tay”, “Mahnı”, “Tamaşa”, “Ağ gül, qırmızı gül, bir də Sarı Gəlin”, “O sevgilərdən heyif”, “Tənha bir gün”, “Dağınıq bir şeir”, “Haray”, “Şəhidlərə bahar salamı”, “Dünya daha bizim üçün neyləsin” sırasından onlarla şeiri insani hisslərlə zəngin, düşündürücü, həyəcalandırıcı, dərd yüklü, sevinc boxçalı, dərin ictimai-sosial məzmunlu lirikadır, müasir – müstəqillik illəri mərhələsi poeziyamızın nadir nümunələrindəndir…
Biz dünyadan, dünya bizdən gileyli,
Məcnun küsüb, vəfasızdır ki,Leyli.
Aləm bizim bütün qüzey-güneyli,
Dünya daha bizim üçün neyləsin.
Dəryasına balıq verib, qırmışıq,
Çöllərinə turac verib, vurmuşuq.
Qalanların cələsini qurmuşuq,
Dünya daha bizim üçün neyləsin.
…Xəmirimiz, qatığımız-duzumuz,
Maya tutdu, tutmadı çox sözümüz.
Özümüzə eləmişik özümüz
Dünya daha bizim üçün neyləsin.

Musa Yaqub həmişə təbiətlə sıx bağlı olub. Bu səbəbdəndir ki, onun yaradıcılığında təbiət-insan mövzusu başlıca yer tutur. Təbiət mövzusunda yazmaq, təbiətdə insan, insanda təbiət axtarmaq, bu ilahi bağlılığı öymək onun qələmində həmişə ecazkar, canlı ifadəsini tapıb. Bu mövzu o qədər bitib-tükənməyən bir əhval yaradır ki, yaradıcının ürəyinin odu istər-istəməz oxucuya da keçir. Musa Yaqub təbiətdən ayrı qala bilmir. Həmişə kəndlə bir, nəfəs-nəfəsə olub, ondan istədiyi kimi yaradıcılıq havasını alıb. Buna görə də Musa Yaqubun yaradıcılığında, həyatında kənddən şəhərə, şəhərdən kəndə qayıdış motivi həmişə güclü olub və bu xətt bu gündə onun şeirinin əsas istiqamətidir. Və bu poetik istiqamət ədəbi-tənqidi fikrdə də təhlil obyekti olubdur. Hətta Süleyman Rüstəm ona müraciətən “Kimə tapşırıb gəldin?”, Məmməd Araz “Dağlara çağırış”, Sabir Rüstəmxanl “Bir iclasın ovqatı”, lap bu yaxınlarda yenə Sabir Rüstəmxanlının Musaya bir silsilə mənzum məktubu – “Yenə də ruh kimi uçub getmisən”, “Deyək ki, sən getdin Buynuz kəndinə”, “Sənin Bakıda da, izin ayrıdır”, “Bir məclisdə gördüm səni”, “Ey vəfada bir qardaşım” şeirlərini yazıblar.
Bu get-gəllərdə Musa Yaqub həmişə axtarışda olub və bunun nəticəsində o poeziyası ilə cəmiyyət və təbiət arasında “poetik ünsiyyət protokolu” imzaladı. Bu ünsiyyətin poetik-fəlsəfi mahiyyətini, ictimai və həyati mənasını üzə çıxardı.Hər bir yaradıcıda, qələm adamında adətən özünə olduqca doğma, içindən gələn yön olur. Fəlakət o zaman baş verir ki, yaradıcı tükənə və başlaya özünü təkrar etməyə. Əlbəttə, zaman əhvalından üstün yaradıcılar daim yeni üfüqlər yaradırlar. Musa Yaqub bir cəhətə arxayındır: o, özünü təkrarlamır. Şair üçün düşündüyünü gözəl, bənzərsız ifadə etmək doğrudan da xoşbəxtlikdir. Onun aləmində şairlik tamamilə yüksək, ülvi bir duyğudur.
O, hər şeiri, kitabı ilə oxucusunu xatirələri, sevdalı günləri, dünəni, bugünü, sabahıyla görüşdürür. Şair yaradıcılığındakı təbiət mövzusunu taleyiylə sıx bağlayır. Onun ictimai məzmunlu şeirlərində belə, təbiət rəmzləri – dağ, daş, çay, səma, bulud və başqa canlı obrazlar xüsusi yer tutur. O, gördüyü adi bir gülün ləçəyini belə məharətlə rəmzləşdirməyi, insan taleyi ilə bağlamağı bacarır. Sevgi ürəkdən gəlməyəndə yoxsul olur, təməlsiz olur. Musa Yaqub həmişə cəmiyyətin dərdlərini təbiətin dili ilə ifadə etməyə çalışıb… O, zamanın ritmini, insan həyatının ritmini təbiətdə tapdı və duyğudan düşüncəyə, düşüncədən duyğuya keçə-keçə bu üç ritmi qovuşdurub vahid poetik axarı – Musa Yaqub poetik üslubunun axarını yaratdı:

Mən yatmadım o ölçüyə, o sapa,
Ərimişəm ha kəhraba-kəhraba…
A göy çadır, mərmər sütun, daş oba,
Mən sizinlə yaşamağa gəlmişəm.

Və yaxud,

Ömrüm, günüm, salam, salam!..
Gəlmişəm ki, sizdə qalam.
A xeyirxah, müdrük anam
Dağlar, məni qəbul edin.
***
Öz-özümə yadlanmayım,
Sizə dönük adlanmayım,
Mənim hörmət, izzət payım,
Dağlar, məni qəbul edin.
***
Dumanında qoy gizlənim,
Küləyində əzizlənim,
Yağışında təmizlənim,
Dağlar, məni qəbul edin.

Musa Yaqub bir vətəndaş şair kimi pisliyə, xəbisliyə, nadanlığa, hər cürə mənəvi eybəcərliyə qarşı müxalifətdədir (“Müxalifətəm” şeiri), dözümsüzdür. Onun müxalifəti siyasi müxalifət deyil, ədəbi-estetik, poetik müxalifətdir. Amma bir təbiətə qarşı biganəliyə, bir də sosial ədalətsizliyə ikiqat yox, min qat dözümsüzdür, min qat müxalifdir…
Aman! Biganəlik başqa bəladır,
Ocağı söndürüb, odu heç eylər.
Ən uca zirvəni endirər yerə,
Bir Babək ünvanlı adı heç eylər.
Və yaxud,
Bir gözünü mən əydim,bir gözünü sən,
Niyə narazıyıq bu tərəzidən?
Sən çeşmə qurudan,mən ağac kəsən,
Bir günah sənindir,bir günah mənim.
Bu südə su qatıb hərə bir qaşıq,
Arını şəkərə dadandırmışıq.
Bazarın yağı şor,balı qarışıq,
O mətah sənindir,bu mətah mənim.
Söz sözə gələndə sən nəfsi qıran,
Mən dünya malına göz yumub duran.
Amma ayrılıqda daşı da yaran,
Bir tamah sənindir,bir tamah mənim.
Və yaxud,
Bu qədər dolaşıq yollar içində,
Qədərsiz bu qeyli-qallar içində
Bir yolun yolçusu olmaq çətindir.
Bu qədər mütilər, qullar içində
Bir elin dərdinə qalmaq çətindir.

Şair əksər şeirlərində ona görə kəndə,təbiətə üz tutur ki, orada təmizlik, ülviyyət, səmimiyyət, inam və etibar var. Çünki bu təmiz, bakirə təbiət qoynunda o hər cür tərəfkeşlikdən, bölgülərdən, ülgülərdən uzaq bir həyat görür, günahlardan təmizlənir, çətinliklərin öhdəsindən gəlməyə çalışır… Bu təmizliyin qoynunda qar soyuğu da admı üşütmür:
Ulduz tək üstümə səpələn, ey qar,
Geyindir əynimə ağappaq donu.
Sənin ki, bu qədər təmizliyin var,
Bağışlamaq olar soyuqluğunu.
Ulduz tək üstümə səpələn, ey qar,
Belə təmizliklə isinmək olar.
Amma burayada ayaq açanlar bu inam və etibarı, ülviyyəti “çəpərləmə” və “qamarlama” siyasətilə korlamaqdadırlar ki, bu proses şairi ciddidən-ciddi narah edir və dərd səviyyəsində düşündürür…
Musa Yaqub həm xaraktercə, həm də talecə bütövlüklə lirik qəhrəmanına oxşar şairdir. Onun şeirlərini misradan-misraya, bənddən-bəndə, şeirdən-şeirə, kitabdan-kitaba oxuduqca sonda vərəqlər arasından bu dünyamızın həm real, həm mistik, həm xoşbəxt, həm faciəvi, həm emosional, həm filosof təmkinli – rasional, həm yer adamı olan, həm göy adamı olan, amma azərbaycanlı taleyi yaşayan bir qəhrəman boya-boy görsənir. Bu mənim, sənin, hamımızın, keçmişin, bu günün, gələcəyin qəhrəmanıdır. Yüzə-yüz Musaya bənzəsə də, bizim hamımıza daha çox bənzəyir.
Mən bu yazımda Musa Yaqubun epik yaradıcılığından – poemalarından danışmadım. Şairin mən bilən, bir-birindın ötə 19 poeması var. “İki qəlb, iki dünya”(1958), “Hər məktubdan bir sətir”(1965), “Bu məhəbbət yaşadır məni” (1969), “Də¬yir¬man” (1977), “Un işı¬ğı” (1980), “Köh¬nə də¬yir¬ma¬na sö¬züm” (1986), “Dünyanın Lələ dərdi” (2011) və s. poemaları ən müxtəlif, olduqca maraqlı mövzuları əhatə edir, epik vüsətdən daha çox lirik ton, lirik axar təbii ki, bu poemaların əsas keyfiyyətlərindəndir…
Musa Yaqub yaradıcılığı, poeziyasını ümumiləşdirəsi olsaq, yenə də, onun özünə müraciət edərək deyirik ki, “Təpədən- dırnağa sevda yoluyam!” Bu onun yoludur və biz də bu yolun müsafirləriyik… Bu sevda yolu sübut edir ki, Musa Yaqub ədəbiyyatımıza, Azərbaycan poeziyasının inkişafına, əsrlərimizin (XX-XXI yüzilliklər nəzərdə tutulur), xüsusilə də, müstəqillik illərində yaranan ədəbiyyatımızın ədəbi-estetik və poetik fikir tarixinin formalaşmasına, ictimai düşüncənin dərinləşməsinə, ruhumuzun cilalanmasına, şövqümüzün durulmasına ən öndə gedən qələm dostları ilə birgə, çiyin-çiyinə yüksək vətəndaşlıq ləyaqətilə xidmət edir…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest