GenelGüncelKültür Sanat

Röyal və Firuzə dastanı 

Günel Natiq

Günel Natiq
Günel Natiq

Röyal və Firuzə dastanı 


(Vətən müharibəsində qəhrəmancasına şəhid olan Röyal Cəfərov və onun mərd xanımı Firuzənin məhəbbət hekayəti)

– Röyal, ay Röyal.

– Nədi Fürüm?

– Görəsən sevgi nədir?

– Sevgi başqa insanda özünü görməkdir. Məsələn, necə ki mən səndə özümü görürəm.

– Mən də səndə özümü görürəm. Təkcə özümü deyil. Atamı, anamı, olmayan bacı-qardaşımı. Keçmişimi və gələcəyimi…

– Füruzə, mən sənə söz vermişəm, son nəfəsimə qədər yanında olacam, sən tək deyilsən.

– Mən də söz verirəm, nə olursa olsun, səninlə olacam, yalnız sənin olacam…


İgid Röyal Cəfərov və onun mərd xanımı Firuzə… 44 günlük savaşın 40 günündə düşmənə qan udduran qəhrəman əsgər və onun cənazəsini çiyinlərində son mənzilə yola salan mətin qadın… Gələcək nəsillərə ibrət olacaq məhəbbət hekayəti….

Röyal Cəfərov 1991-ci il dekabrın 7-si Gəncədə anadan olub. Ailənin kiçik övladıydı. Uşaqlıq illəri çətin keçsə də, həmişə mehriban və gülərüz idi.12-13 yaşlarından işləyib ailəyə dəstək olmuşdu.

İdmanı sevirdi, karateylə məşğul olurdu, Gəncə birinciliyini qazanmışdı.

2016-cı ildə isə onun həyatı yeni ahənglə yenidən başladı. Bu tarixdə onun həyatına Firuzə gəldi – bütün təmizliyi və məsumluğuyla.

Ağdaş rayonundan olan Firuzə Gəncə Müəllimlər İnstitutunda oxuyurdu. Kirədə qalırdı, çörəkpulunu geyim mağazasında çalışmaqla qazanırdı.

Tale onları uyğun günlərin birində, qoca çinar ağacının ucaldığı məhəllələrin birində görüşdürmüşdü. Firuzə dərsdən çıxıb evə gedirdi, Röyalla üz-üzə gələndə necə olursa, qız gülümsəyir və bu təbəssüm oğlanın bütün ixtiyarını əlindən alır. Bir də özünə gələndə baxır ki, nə qız var, nə də onun gözəl təbəssümü. İkisi də çəkilib gedib.



Röyal kor-peşman evə gəlir, o gündən başlayaraq hər yerdə o qızı soraqlayır. Nəhayət ağlına belə bir fikir gəlir: “Bəlkə həmin o küçəyə gedim və çinar ağacının yanında yarımın yolunu gözləyim. Əgər tale istəsə, biz yenidən görüşəcəyik”.

Röyal belə də edir. Bir neçə gündən sonra tale üzünə gülür. Sevdiyi qızı görür. İşlədiyi yeri öyrəndikdən sonra xalası qızını onun işlədiyi mağazaya göndərir.

– Xalam oğlu səni çox bəyənib, adı Röyaldı, ağıllı, qeyrətli oğlandı, bütün nəslimizin gözüdür… Amma yaxınlaşmağa utanır… Sənin səhv başa düşəcəyindən qorxur. Olar, axşam sən işdən çıxanda yaxınlaşıb öz ürək sözünü desin?

Firuzə utandı, susdu.

Axşam düşdü, işin sonuna az qalırdı, qızın ürəyi həyəcandan quştək çırpınırdı. İlk dəfə idi ki, belə hisslər yaşayırdı.

Mağazadan çıxdı. Qarşıdakı səkidə bir oğlan durmuşdu. Yəqin ki, Röyal idi. Qızın ürəyi bərk-bərk döyündü. Oğlan yaxınlaşdı, salam verdi. Sonra hissləri barədə danışmağa çalışdı, o özü də həyəcanlıydı, sözlərini bir-bir seçib deməyə çalışırdı, qorxurdu ki, gələcəyi üçün önəmli bu gündə hansısa səhvə yol verər.

Qız başını aşağı saldı, tez-tələsik nəsə deyib uzaqlaşdı. Röyal onu yenidən itirəcəyindən qorxaraq Firuzənin dalınca getmək istədi, ancaq birdən fərqinə vardı ki, qız da ona qarşı biganə deyil və onun tez-tələsik dediyi kəlmələrin alt qatında “hə” cavabı var…

El adətiylə elçi gedib qızı Röyala istədilər. Röyal hər an duyğularını izhar edir, sevgisini hər addımda bəlli edirdi.

Evliliyin məhəbbəti azaltdığını deyirlər, amma onlarda tam fərqli olmuşdu. Evlilik onların məhəbbətini möhkəmləndirmiş, bir- biri üçün vazkeçilməz insana çevirmişdi. Onlara elə gəlirdi ki, sanki təbiətdə ikinci günəş doğub.

Ata-anasız böyümüş Firuzəyə Röyalın məhəbbəti ən böyük sığınacaq yeri idi. Bir dəfə necə oldusa, qız ata-ana xiffətini dilə gətirdi:

– Həyat mənə ana sevgisini, ata qayğısını nəsib etmədi. Amma həmişə ürəyimdə mənə toxdadlıq verən bir ümid işığı olub. Bir gün bu ümidimi də itirməkdən qorxuram.

Qız ağladı. Röyal onun əllərini tutub öz üzünə yaxınlaşdırdı.

– Firuzəm, innən belə yanında mən varam. Sənə ata da, ana da mən olacam. Sil göz yaşını. Nə qədər ki, sağam, sən özünü tək hiss etməyəcəksən. Son nəfəsimə kimi mən sənin yanında olacam.

Dörd il nağıllardakı kimi qeyri-adi xoşbəxtlik içində keçdi. Röyalın Firuzəyə yaşatdıqları onun nəinki indiyə qədərki, indən sonrakı bütün həyatına yetərdi. Sanki Röyal yarının onsuz qalacağını hiss etmiş və bir ömürə yetəcək sevgi yaşatmışdı ona.

İki can bir ruhda birləşmişdi. Adlarının baş hərfini hər yerə yazırdılar – kofe fincanının üstünə, dəniz sahilindəki qumun üzərinə…

Sonuncu dəfə bu hərfləri yarının məzarındakı quma yazacaqdı Firuzə.

Qızı olacağı xəbərini Röyal böyük sevinclə qarşılamışdı.

– Mən qız atası olacam! Mən dünyanın ən xoşbəxt qız atası olacam! Çünki dünyanın bütün qız ataları dünyanın ən xoşbəxt atalarıdır!

– Yaxşı, qızımızın adını nə qoyacayıq? Məncə adı olsun Yağ…

– Yağmur! Qızımızın adı Yağmur olsun!

– Ciddisən? Sən mənim bu adı sevdiyimi hardan bildin?

– Çünki bu mənim də sevdiyim addır, gülüm. Bu bilirsən nəyə işarədir? İkimiz də eyni adları, eyni şeyləri sevirik. İkimizin də qəlbi vurur.

– Hə, qəlb qəlbə qarşı…



Yağmur dünyaya gələndən sonra Röyal Firuzəyə qarşı daha qayğıkeş və diqqətli olmuşdu. Əməliyyatdan sonrakı yarasına özü sarğı qoyur, uşaq kimi qayğısına qalırdı.

Yağmur sakit uşaq idi, amma bir dəfə 10 gün dalbadal gecələr yatmayıb ağladı. Həmin günlərdə Firuzəylə bərabər Röyal da səhərə kimi gözünü yummadı, uşağın beşiyi başından çəkilmədi. Yağmur çox vaxt anasından deyil, atasından çay istəyərdi. Röyal qətiyyən yox deməz, uşağın çayını hazırlayıb özü içirərdi.

Rüzgar doğulanda ailənin sevinci daha da artmışdı. Döyüşçü yoldaşları sonralar danışırdı ki, Röyalın ən böyük istəyi gedib bir aylıq ikən qoyub gəldiyi oğlunu doyunca görmək, qoxusunu içinə çəkmək idi, “ondan sonra şəhid olmaq olar”, – deyərmiş…

Röyal hərbi hissədə xidmət etməyə başlayandan evdə az-az olurdu. Təlimlərə gedirdi. Sonralar Firuzə deyəcəkdi ki: “Demə Tanrı məni bu 1 ildə onun yoxluğuna hazırlayırmış”.

Səadət, sevgi dolu gözəl günlər bir-birini əvəz edirdi. Şəhərdə Röyalla Firuzəni kimdən xəbər alsaydılar, hər kəs onların “bir birinə sevgiylə baxan bəxtəvər cütlük” olduğunu deyərdi. Bir birini qoruyan, bir birinin qayğısına qalan, bir-biri üçün yaşayan Röyalla Firuzə yeni evlilərə nümunəydi.

Röyalın Şəmkirdə təlimləri başlamışdı, odur ki, 24 gün evə gəlmədi. Firuzənin gözləri yoldaydı. Nəhayət, sentyabrın 25-i, saat 21.40 dəqiqədə – bu tarix Firuzənin yaddaşına ömürlük həkk olundu – evə gəldi.

Qız içəri otaqdaydı, qayınanası “Fira, gözün aydın, Röyal gəlib”,- deyə səslənəndə tez özünü həyətə atdı. Röyal bir az sınıxmışdı, amma üzü həmişəki kimi gülürdü. Ona baxan gözləri hər zamankı kimi sevgi və nəvazişlə doluydu…

Firuzənin ağlına da gəlmirdi ki, Röyalın son səfərinə hazırlıq görür. Onun hərbi geyimini yudu, səhərə kimi yatmayıb qurutdu, ütüləyib hazır elədi. Röyal gedəndə dedi ki:

– Əgər təlimlər olmasa, axşam gələcəyəm.

Axşam oldu, gəlmədi.



Ürəyi səksəkədə olan Firuzə sentyabrın 27-si müharibə xəbərinə oyandı. Tez Röyala zəng vurdu. Qızın dili ağzında qurumuşdu, nəsə demək istədi, amma danışa bilmədi, ağladı.

– Firuzəm, – Röyalın təmkinli səsi eşidildi, – möhkəm ol. Biz yarımçıq qalan işimizi davam etdirməyə gedirik.

Döyüşdə olanların hər saniyəsi bir ilə bərabər idi. Bir insanın bir ildə yaşamadıqlarını bircə saniyədə yaşayırdılar. Təlaş, qürur, ağrı, sevinc, yaxınlar üçün nigarançılıq. Firuzə sevgilisinin hər anını hiss edə bilirdi. Xəyali təsvirdə müharibənin qan qadası içində Röyalı axtarır, tapır, ona sarılır, güllə yağışından qoruyurdu. Onun yanında ola bilmək üçün nələrdən vaz keçməzdi.

Röyal hər gün evlə əlaqə saxlaya bilmirdi, ara-sıra zəng edirdi, bəzən 2-3 gün ondan xəbər gəlmirdi. Zəng edəndə isə ruh yüksəkliyilə danışırdı. Müharibənin ağırlığını hiss etdirmirdi.

– Mən yaxşıyam, narahat olmayın, ordumuz möhtəşəmdir, böyük əzmlə irəliləyirik, qələbə bizimdir, Qarabağ bizimdir!

44 günlük müharibənin 40 gününü Röyal döyüşlərdə keçirdi, Murov, Füzuli, Cəbrayıl, Zəngilan istiqamətlərində gedən döyüşlərdə rəşadətlə vuruşdu, Qubadlıya üçrəngli bayrağı sancdı.

Noyabrın 3-ü Firuzəyə cəbhədə çəkdirdiyi şəkillərini yollayıb ondan uşaqlarla özünün şəkillərini göndərməsini xahiş etdi.

– Bilmək olmaz, burda hər an ölümlə üzləşə bilərik. Firuzə, möhkəm ol, uşaqlar sənə əmanət… Firuzə, eşidirsən? Sən ağlayırsan? Firuzəm…

– Mən səninçün dua edirəm. Mənim dualarım qoruyacaq səni.

– Təkcə mənim üçün yox, bütün ordumuz üçün dua elə, gülüm. Onların hər birinin bir sevdiyi, yol gözləyəni var.

– Allah ordumuzu da, səni də qorusun… Bilmirəm demişdimmi, sən mənim qəhrəmanımsan?

– Deməsən də, bunu həmişə bilmişəm.

– Onu da bil ki, həmişə belə olacaq.

– Amma həyat gözlənilməzliklərlə doludur. Sabah mən olmaya bilərəm…

– Nə olursa olsun, sən mənim qəhrəmanım olaraq qalacaqsan. Və onu demək istəyirəm ki…

– De gülüm.

– Düzdü, belə sözləri dilimə gətirmək istəmirəm, amma…. Bil ki, nə olursa olsun, həyat nə göstərirsə göstərsin, mən həmişə sənə sadiq olacam.

Firuzə bunu deyib susdu. Ürəyi rahatladı. İçində belə hiss vardı ki, əgər bu sözləri desə, Röyal ən çətin anda da toxdadlıq tapacaq. Ona elə gəldi ki, Röyalın yaşarmış gözlərini də gördü bu an.

– Bilirəm, Firuzəm, sən də bil ki, hər yerə yazdığımız hərflər vardı ha – adlarımızın baş hərfləri – sənin adını mən həmişə qəlbimdə daşıdım, ölənə qədər də daşıyacam…

Nöyabrın 4-ü Röyal Cəfərovun son döyüşü oldu. Ayağından yaralanan Röyalı döyüş zonasından dostu Süleyman sürüyərək çıxarmağa çalışsa da, qarı düşmən aman vermədi. Düşmən snayperi ilə Röyal növbəti dəfə vuruldu, ona dəyən güllə Süleymana da tuş gəldi, o da yaralandı. Amma yaralı halda onlara tərəf gələn 8 erməni əsgərini güllələyərək öldürdü, sonra dostunun meyiti ermənilərin əlinə keçməsin deyə özü ilə 700 metr daşıdı.

Ürəyi hər an həyat yoldaşının yanında olan Firuzə o gecə qəribə bir yuxu gördü. Gördü ki, qarşısında al-əlvan balıqlar üzür, irili-xırdalı… Söl tərəfdə qızıl güllər açıb – hər ölçüdə. Sol tərəfində kəpənəklər uçur – balaca-balaca, böyük-böyük, irili-xırdalı kəpənəklər. Yanında bir skamya var. “Ay Allah, bu nə gözəllikdir”, – deyə Firuzənin ürəyindən keçir. Və bu cənnət məkanın şəklini çəkmək üçün skamyada oturmaq istəyir, amma baxır ki, oturacaq qırıqdır. O, bu duruma heyifsilənərkən yuxudan oyandı.

Beş dəqiqədən sonra Röyalın ölüm xəbərini aldı. Sanki göy və yer birləşdi, onun arasında sıxılıb qaldı.

Axşam 6-da cənazəni gətirdilər. Firuzənin arxası, dayağı, tapındığı, sığındığı tək insan evində bir gecəlik qonaq oldu. Qadın sevgilisinin cənazəsini qucaqladı, üzünü tabutun baş tərəfinə qoyub “Mənə toxunmayın”,- deyərək səhərə kimi beləcə oturdu.

Səhər cənazəni son mənzilə aparmaq üçün gəldilər.

Firuzə ayağa durmaq istədi, amma ayaqları sözünə baxmadı. Belində dəhşətli ağrılar vardı, sanki köz basırdılar. Öz özünə dedi:

– Üçrəngli bayrağa bükülmüş adam mənim can yoldaşımdır. Allahım, mənə qüvvət ver yıxılmayım, sevdiyimi son mənzilə yola salım.

Bu vətən adam dörd ildə onun bütünü yükünü daşımışdı, ona ana, ata, bacı, qardaş olmuşdu. İndi də sevdiyi, qoruduğu bu qadın aldı onu çiyinlərinə.

Bu adam bu qadını tanıyandan bəri uşaq kimi onun qayğısına qalmışdı, indi qadın bu adamı uşaq təki çiynində aparırdı. Elə belə tutmamışdı, ağırlığını hiss edirdi.



Allaha yalvarırdı ki, ayağı büdrəməsin, yıxılmasın. Və apardı bütün yolu böyük ağrı, qürur və vüqarla.

Qarşıda yolçunu son mənzilə aparacaq qara maşın gözləyirdi. Firuzə tabutu qoydu maşına, “şəhadətin mübarək”,- dedi və ağladı.

Ürəyində böyük ağrı, çiyinlərində şəhid həyat yoldaşının tabutunu daşıyan bu cəsarətli qadın ucalıq, mərdlik simvolu kimi tarixə keçdi.

– Mən bunu etməyə borcluydum… Bu dörd illik birgə həyatımızda o mənə elə böyük xoşbəxtlik yaşatdı ki, bütün qalan ömrümə yetər. İnnən beləki illərimi övladlarıma həsr edəcəyəm. Qalan ömrümüzü isə… yenə Röyalla birlikdə axirətdə yaşayacağıq…

Bu Firuzə və Röyal dastanı idi. 44 günlük müharibənin 40 günündə rəşadətlə vuruşub şəhid olan qəhrəman döyüşçü ilə onu son mənzilə öz çiyinlərində aparan mərd xanımının heç vaxt unudulmayacaq, nəsillərə örnək olacaq sevgi hekayəti…

Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest