GenelGüncel

1.İpək yaylıq – Hekayələr – Fidan Vahid

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Fidan Vahid

  1.İpək yaylıq

Bir dəfə uşaqlıqda ağlaya-ağlaya nənəmin üstünə yüyürdüm. Ovcumun içi al-qırmızı qan olmuşdu. Qan görəndə çox ürpənirəm, təlaşlanıram ki, həmin andaca öləcəm. Nənəm öncə qorxdu, elə bildi yenə şuluqluq edib kəsici alətlə doğramışam barmaqlarımı, amma həzin-həzin axan damcıları görəndə qatilin kimliyini anladı…

Gözlərindən ikicə iri gözyaşı süzüldü ovcuma. Heç nə anlamadım.

Zərifə nənəm ipək yaylığını başından açıb əlimi sarımağa başladı. O qırışlı əllərin toxunuşundanmı, yaylığın yaranı örtməsindənmi, ya da nənəmin kövrəlməsindən ötrümü artıq öz ağrımı unutmuşdum və yeni hekayə dinləyəcəyimi bilirdim:

“Bu əhvalat keçmiş zamanlarda möcüzəli diyar adı ilə məşhurlaşan bir yerdə baş vermişdi. Günlərin bir günü bağban möcüzəli diyara gəlir və burada digər çiçəklərə bənzəməyən, gözəllikdə tayı-bərabəri olmayan, başdan-başa tikanlar içərisində bir gülün zərif baxışlarla ona baxdığını görür. Bağban çiçəyin hansı ailəyə aid olduğunu anlaya bilmədiyindən ona sadəcə gül banu deyərmiş. Gül banu özü böyüdükcə sorağı da diyar-diyar gəzər, çəmən-çəmən yayılarmış. Sorağına gələnlərin sayı-hesabı bilinməzdi, hər qızılgülün bəxtinə bir bülbül düşdüyü halda, banunun xoş rayihəsində cəh-cəh vuranların sayı olduqca çox idi. Amma nə insanlar, nə bülbüllər, nə də bağban ona çox yaxınlaşa və toxuna bilərdilər, çünki təbiət bu gözəlliyi tikanlı qalxanla hifz eləmişdi, elə tikanlar ki, uzaqdan qanlı məftillərə bənzəyirdi.

Banu gündən-günə yalqızlıqdan yorulurdu. Adamların gəlib saatlarla onun qarşısında əyləşib dərin fikirlərə dalması, əllərində fırça ilə qəribə cızma-qaralar etməsi əvvəl-əvvəl xoşuna gəlirdi, amma onlar bağçadan gedərkən banunun yan-yörəsindəki zanbaq, lalə, nərgiz, yasəmən, hətta qızılgülləri dərib öz evlərinə aparar, yanlarındakı gözəl xanımlara hədiyyə edərdilər. Çiçəklər zərif bir əldə necə də nəfis görünürdü… Onların yerinə sevinirdi, həmin çiçəklər, bəlkə, gözəl bir evin güldanlarını bəzəyəcək, bəlkə də, bir şairin xatirə dəftərində quruyub əbədilik qazanacaqdılar.

Qoca bağban isə artıq xəstələnib dünyasını dəyişmişdi. Onu əvəz edən oğlu atası kimi çiçəklərin qayğısına qala bilmir, bir gün gəlirdisə, üç gün gəlmir, gələndə də veyil-veyil dolanırdı.

Nəhayət, banu onun da diqqətindən yayınmadı, hətta ilk görüşdə gülü qoparmaq istədi, amma tikanlar əllərinə sağalmaz yara vurdu. Oğlan bundan bərk əsəbiləşdi, elə banu da. Həyatında bircə insan ona yaxın gələ bilmişdi, bu da nankor gülün cavabı. Gül banu bütün təbiət qanunlarının üstündən xətt çəkərək içində yığılıb qalmış əzablı duyğularla hayqırdı: “Eyy, cavan oğlan, niyə məni özünlə aparmırsan?”

Oğlan geriyə dönüb səsin haradan gəldiyini axtarmaq istədi. Buranın möcüzələr diyarı olduğunu bilirdi, amma yenə də səsin banudan gəldiyinə inana bilmədi.

– Səninləyəm axı. Niyə məni aparmadın?

Oğlan üçün əyləncə başlamışdı artıq. Əslində, gül banunun onun üçün heç bir önəmi yox idi, gözəlliyinə də bir o qədər fikir verməmişdi. Sadəcə ləçəklərin al-qırmızılığı diqqətini çəkmiş, onu dərib sevdiyi qızlardan birinə vermək istəmişdi. Amma indi söhbət başqa məcraya yönəlmişdi. O, banuya məzəmmət edərək bu tikanlarla heç nəyə yaramadığını inandırıcı dillə sübut etməyə çalışırdı.

 – Sən ancaq o tikanlardan qurtulsan, mənim ola bilərsən.

Banu artıq hər şeyi gözə almışdı, oğlanın təklifi ilə razılaşdı.

Gənc oğlan artıq hər gəlişində banunun bir tikanını qoparıb yerə atırdı. Gül çox ağrıdığına baxmayaraq, cınqırığını belə çıxarmazdı. Günlər bir-birini əvəzlədikcə banunun yanına gənc oğlandan savayı gələn olmurdu, daha insanlar ona baxıb düşüncələrə dalmırdılar.

Nəhayət, bir gün banu bədənində qalan son tikanların axırıncı nəfəslər olduğunu, qüruba yaxınlaşdığını anladığından oğlana möhkəm əsəbiləşdi. Axı indi onu dərmək çox rahat idi, əl tutmağa yer açılmışdı. Amma oğlan yenə tikan qopardı.

Gül həm aldadılmış, həm də təhqir olunmuşdu. İndi anladı ki, yerə düşən hər tikanla banu özündən, yaradılışından, əzəmətindən qopub ayrı düşürmüş. Gül banu bu olanlara dözə bilmədi, son tikanını da özü qopararaq həyata ləçəklərini əbədi yumdu…

O banu bir kitab arasında quruya bilmədi, amma əvəzində şairin şeir dəftərində şah misra oldu, güldanlarda evləri bəzəyə bilmədi, amma rəssam tablosunda və bizim yaddaşımızda əbədi yaşadı, qızım…”

Hiss elədim ki, ipək yaylıq əllərimdən sürüşüb yerə düşdü, daha barmaqlarım incitmirdi…

2.Yol

Aydınlıq bir gün… Günəşin ipisti şüaları yamyaşıl ağacın tər yarpaqlarından süzülüb təninə dəyir. Solundan keçib qəlbinə süzülür birbaşa, onu öz işığına boyayır. İllərdir soyuqdan donan əllərini, ayaqlarını isidir. Beləcə, köz kimi yanan ruhunla günəşi içib yola qoyulursan. Qarşında tərtəmiz, nəhayətsiz, incə bir yol uzanır. Uzandıqca böyüyür. Böyüdükcə qocalır… Sən bu nabələd yolun yolçususan.

Fikir-fikir düşünüb addım-addım yol gedirsən. Sağında həyat, solunda həyat. Fəqət sənin gözün ancaq yolu və cadar-cadar olmuş ayaqlarını görür. Mavi səmanın ənginliklərində rəhmət, ayağının altındakı yerdə rəhmət. Fəqət sənin baxışın ancaq özündədi. Acizsən, gücsüzsən. Heç kimin və heç nəyin yoxdur. Bir yol var, bir yol ayrıcı, bir də sən.

Anidən ayağın nəyəsə ilişir. Büdrəyib dizi üstə yerə çırpılırsan. Qanına bulaşır getdiyin yol. Yolun istisi əzilən dizlərini elə yandırır ki… Qəlbinin qübarı əllərinin qabarına qarışıb bir ağrı ayıldır vicdanında. Ürəyin əsim-əsim titrəyir. Nəhayət, gücünü toplayıb yola baxırsan. Bu cür aydın, təmiz, ləkəsiz yolda sən nəyə ilişib yıxılmışdın axı? Birdən gözün ayağının altındakı qara daşa zillənir. “Daşsız-kəsəksiz yola bu qara yumağı kim dığırlatmışdı”, – düşünürsən. Özü də sənin yoluna, sənin ayağının altına. Gerçək isə apaydın idi…

Keçmişin, həyatın, yaşadıqların bir daş olub yoluna ox kimi sancılmışdı. O qara daş Günəşə doğru uzanan ayaqlarına dolaşıb dolandırmışdı səni!

Doğrudur, yıxılmaq üçün hökmən adamı kiminsə vurmağı, itələməyi vacib deyil! Bəzən adam özü-özünə də dəyib yıxıla bilir… Bəzən keçmiş gələcəyi vurub yerə sərir. Bəzən yol yolçusunun qədd-qamətini sındırır, ona sağalmaz yaralar vurur.

Önəmli olan yıxıldıqdan sonra yenidən ayağa qalxa bilməkdir. Nəyin arayışında olduğunu xatırlayıb onun istisinə isinə bilməkdir. Öz-özünə dayaq olub daha möhkəm addımlarla yola qoyulmaqdır. Zamanla fikir-fikir düşünüb addım-addım getdiyin yolda yeni cığır aça bilməkdir. Önəmli olan özünə dəyib onu yaraladıqdan sonra belə “içindəki sən”i sevməyi unutmamaqdır…

                                            3.Lola sırğa

Biz gözümüzü açan gündən onu şux görməmişdik, nə bacım, nə də mən. Ayaq sinirləri vaxtından çox erkən ölmüşdü, yeriyə bilmirdi. Amma Allah onun bütün məhrumiyyətlərinin əvəzini o sevgi dolu ipək əlləri ilə, mərhəmətdən yoğrulan qəlbi ilə ödəmişdi.

Mənim nənəmin bütün nəvazişi qulağındakı dişlək “lola” sırğalarında gizlənmişdi. Qucağında böyütdüyü nəvə-nəticələri ömürlərində bir dəfə də olsa o sırğanın dadına baxmışdılar…

Böyüyəndən sonra da hamısı baba ocağına nənə istisindən ötrü sığınırdı. Xüsusən qarlı gecələrdə onun məlahətli səsi qalın “yun yorğan” olardı hamımıza.

Dəmir qapı darvazamızdan qıraqda bəxtimizi gözləyən təhlükələrdən xəbərsiz, uşaq ağlımızla inanırdıq ki, nənəmiz varsa, hər şeyimiz var. Elə ki nədənsə qorxardıq, yaşıl təsbehini götürüb fal açardı bizə. Belə şeydə əli yaxşı gətirirdi. Həmişə hər şeyi xeyirə yozardı.

Mənim nənəm yetim böyümüşdü. Ona görə də təkcə sevdiklərinə yox, sevmədiyi insanlara qarşı da nəvazişli idi. Onu narazı salmaq çətin iş idi. Çünki həyatın ona ilk öyrətdiyi söz “yetinmək” olmuşdu.

Evdə bizim otağımızla nənəmin otağı qonşu idi. Amma gecələr biz gedib onunla yatırdıq. Etiraf edim ki, nənəmin heç bir kitabda-dəftərdə yazılmayan xüsusi nağılları ilə bərabər, bizi ora çəkən başqa şey də dəmir setka yatağı idi. Bir səhər ayıldım ki, daha nənəm məni xatırlamır.

Onun yaddaşı bizi tərk etmişdi.

“Xoşbaxt olasan, qızıldan taxt olasan” deyə-deyə böyüdürdü balalarını. Xeyir-­duası əskik olmazdı heç kimdən. Sonra balaca şeylər üstündə düzü-dünyaya qarğışlar hayqıranda anladım.

Nənəmin duasını itirmişdik.

Xəstəliyi şiddətləndikcə otağından çıxmaz oldu. Ölüm gündən-günə ayaqlarından üzü yuxarı yol gəlirdi. Daha əlləri də qaşıq tutmaz hala gəlmişdi. Artıq yemək süfrəsindən altıncı stolu yığışdırmışdı atam, çünki onun boş duruşu hamımızı nəyəsə hazırlayırdı və biz buna hazır deyildik.

Bu dəfə nənəmin yerini itirmişdik.

Gözümüzü açan gündən biz kimyə qoxulu nənəmizi zərli libaslarda, ipək yaylıqda, işləməli bəyaz kəlağayılarda görmüşdük. Xüsusən yaşıl rəngli donu onun ən sevimli geyimi idi. Amma daha nənəm o geyimlərə sığışmırdı. Gündən-günə itirdiyi çəkisi, tökülən saçları ilə camaxudandan əskilən parçaların sayı da artırdı.

Bu dəfə nənəmin gözəlliyini itirmişdik.

Uzunsürən ağrıların şiddəti nənəmin mətanətini sındırmışdı. Qışqırıq səslərinə oyandığım gecə ondan qorxub sığındığım yatağımda anladım ki…

Bu dəfə onun mərdanəliyi gedib evimizdən.

Aprelin 21-i günü səhər yuxudan durub dərsə gedəndə aynabəndin başındakı otaqdan ona yaraşmayan kobudluqda xorultu səslərini eşitdim, uzun zamandan sonra ilk dəfə idi səhər onu yatan görürdüm. Dərsdən qayıdıb tini burulanda qapımızdan tabut çıxardırdılar. Bu dəfə atam öz kürəyində nənəmi evimizdən aparırdı…

Bu dəfə biz təqvimin son nənəli gününü itirdik…

Mənim nənəm az-az getdi həyatımdan.

Hamı məndən nənəmi bir az alıb apardı.

Deyirlər ki, insan istəsə də, istəməsə də, zamanla yaddaşında gedən aşınmalardan ötrü ən çox sevdiklərinin belə səsini, çöhrəsini unudurmuş. Zaman bizdən nənəmin hər şeyini alıb aparsa da, o dişlək “lola” sırğaların dadı hamımızın damağında əbədi qalacaq…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest