Genel

Əfsanə Laçın – Azadlıq pərisi – (Hekayə)

 Nazim Əhmədli / Kırımınsesi / Azerbaycan

   Azadlıq pərisi – (Hekayə)

Azadlıq pərisi olmasaydı indi bu hekayəni sizə nağıl edə bilməzdim.

 Bum-bum, bam-bam, baf-baf-baf!!!

     Elə bilirdim yuxu görürəm. Gözlərimi açdım ki, gördüyüm qorxunc yuxudan xilas olum.

     Yağış yağırdı, amma maraqlı burasındadır ki, yağış yağsa da hər tərəf odun-alovun  içində idi. İstidən tər-su məni aparırdı.  Səmada isə fişənglər sayrışırdı.

     Anam və qonşu qadınlar ağlayırdı. Göz yaşları yağış damlalarına qarışmışdı. Bum-bum, bam-bam, baf-baf!!! Səslər kəsilmirdi. Qışqırmaq istədim, səsim gəlmədi, qaçmaq istədim, ayaqlarım yer tutmadı. Gözlərimi açdım.

    Qəribədir atam evimizi təzə təmir etmişdi, amma tavan uçuq idi. Anam hər gün sübh tezdən oyanıb ev-eşiyi səliqəyə salardı, amma otağımdakı paltar dolabı dağılmışdı. Sanki, kimsə onu irəli itələmişdi. Lampam yerə düşüb sınmışdı.  Ətrafa sakitlik çökmüşdü. Çarpayımdan qalxıb ehtiyatla pəncərəyə yaxınlaşdım. Gözlərim qamaşdı. Elə bil günəş yerə düşmüşdü. Bu günəş deyildi. Bağımızdakı tut ağacları alışıb yanırdı. Təlaşlandım.

 – Atama xəbər etməliydim: Ata, ata!

   Nə anam, nə atam evdə deyildilər. Bəs anam hara gedib?!

  Bilirəm icazəsiz çölə çıxmaq olmaz. Uzağa getmək fikirim də yox idi.

  • Düşündüm: “ Bəlkə anam həyət-bacanı təmizləyir?”

    Hər şey yuxuda olduğu kimi görünürdü.  Bircə yağış yağmır, səmada fişənglər sayrışmırdı. Qonşularımız evlərində yox  küçədə yatmış, hələ də oyanmamışdılar.

    Bum-bum, bam-bam, baf-baf səsləri toyuqlarımızın səsinə qarışmışdı: quk-qulu-quk,  quk-qulu-quk.

    Evimizin arxasına, hinə sarı getdim. Bəlkə anam toyuqlara dən verir? Hə. Anam hində idi. Sevindim: Ana, ana.

    O, yerə uzanmışdı. Hin toyuq-cücələrin evidi, axı o niyə burada yatıb?!

      Səbətdə qırmızı xallı, qıpqırmızı yumurtalar var idi. Möcüzədi eləmi? Toyuqlar həmişə bizə  ağ yumurtalar hədiyyə edir. Bircə Novruz bayramında anam onları soğan qabığı ilə qaynadanda qırmızı olurlar. Bu dəfə isə toyuqlar bizi sevindirmək üçün yumurtaları özləri boyamışdılar.

     Anamın da sinəsində qırmızı ləkə var idi. Bu ləkə məni çox qorxutdu. Gəlinciyimi sinəmə basdım.

    –  Yenə anamı səslədim: Ana, ana!

      Əlinə toxundum. Çox soyuq idi. Ayılmadı. Adətən bir dəfə səsləmək kifayət edirdi. Gecə qorxulu yuxular görəndə, ya da ildırım çaxanda həmişə anamı yanıma çağırıram. Ana-bala birlikdə mənim çarpayımda yatırıq və mən heç nədən qorxmayıb rahat yuxuya gedirəm. Anam yanımda olanda çarpayımın altındakı canavar da, div də qorxudan qaçıb gedir. Bilirlər ki, anama gücləri çatmaz.

   Yəqin hamı dünən çox işləyib, yorulublar. Günortaya kimi dincəlib yuxudan oyanarlar.

    Gəlinciyimlə oynamağa başladım. Bərk acımışdım.  Anam isə  hələ yuxudan ayılmamışdı.

     Bum-bum, bam-bam, baf-baf!!!!!!

     Sonra Kerber gəldi:

  • hav-hav.

Bu adı ona mən qoymuşam ( adı yadımda deyil, amma hansısa kinoda balaca bir qızın bu adda iti var idi): Qoy sənin  adın Kerber olsun. Birlikdə top oynayarıq. Sənə balaca ev tikərəm. Atamdan xahiş etsəm o mənə kömək edər. Qoy hələ bir işdən qayıtsın. Görürsən hamı işləyib yorulub yatıb, bircə mənim atamdan başqa. O güclüdür! Hamı yatır. Səhər tezdən işləməyə gedib. Yəqin o da bum-bum, bam-bam, baf-baf səsləri gələn yerdə işləyir.

         O da acımışdı. Evə girdim. Mətbəxə keçib soyuducunu açdım. Yağ-çörək düzəltdim. Birini mən, birini də Kerber yedi. Dostlaşdıq.

      Niyə heç kim yuxudan oyanmır?! Artıq günortadan xeyli keçib! Nə qəribə gündü. Lap qorxulu nağıl kimidi…

         Gecə düşdü. Heç kim yuxudan oyanmadı. Biz Kerberlə birgə mənim çarpayımda gecələdik.          

–    Evdə kim var? Kimsə var? Ay ev yiyəsi?

Səsə Kerber oyandı.

  • Hürməyə başladı: Hav-hav, hav-hav!

Yuxudan oyandım:

  •  Nə olub Kerber ?! Acmısan?

Yenə səs gəldi:

  • Kimsə var?

    Çox qorxdum. Kerberlə birgə barmaqlarımın ucunda otaqdan çıxıb mətbəxə keçdim. Gizlicə pəncərədən baxıb gördüm ki, qoca, axsaq bir kişi qapıda dayanıb. Onun da ayağında anamın sinəsindəki qırmızı ləkədən var. (Yadıma düşmüşkən deyim ki, atam hələ qayıtmayıb.)

  • Kömək edin! Xahiş edirəm! Qorxmayın düşmən deyiləm.

     Kerber yenə hürməyə başladı.  Qapıya tərəf qaçdı. Mən onu tək qoya bilməzdim, ona görə də düşünmədən onun ardınca qaçdım.  Qapıya çatar-çatmaz Kerber dayandı. Sonra qocaya yaxınlaşıb onun ayağını yalamağa başladı. Anladım ki, babadan qormağa ehtiyac yoxdur.

       Hindəki qırmızı yumurtaları gətirdim. Baba onları bişirdi.

Biz söhbət etdik: “Baba, anam niyə yuxudan oyanmır? Atam niyə işdən qayıtmır? Anamın sinəsindəki qırmızı ləkə nədir? Bum-bum səsləri hardan gəlir?”

Bir nəfəsə o qədər sual verirdim ki, baba cavab verməyə macal tapmırdı.

– Baba dedi :” Adım Qalibdir. Düşmən məni yaralayıb.”

– Mən babaya dedim: “Adım Qərənfildir. Qalib baba, düşmən nə deməkdir?”

– Qalib baba: “Pis adamlar.”

– Qərənfil: “Onlar kimdi?”

– Qalib baba: “ermənilər”

– Qərənfil: “Onlar haradadırlar?”

– Qalib baba: “Burada. Lap yaxında -bum-bum, bam-bam, baf-baf səsləri gələn yerdə.”

– Qərənfil: “Sənin ayağında da anamın sinəsindəki qırmızı ləkədən var. Bəs sən niyə yatmırsan?”

– Qalib baba: “Məni o qədər də bərk vurmayıblar ona görə.”

– Qərənfil: “Bəs anam nə zaman yuxudan duracaq?”

– Qalib baba:” Heç vaxt…”

– Qərənfil: “Atam, bəs atam qayıdacaq?”

– Qalib baba: “Bəlkə də…”

    Anladım ki, heç də yaxşı şeylər baş vermir. Mən tək qalmışam. Qonşular da yuxudan ayılmayacaq. Qalib baba, Kerber mən və  gəlinciyim; bizim bir-birimizdən başqa heç kimimiz yoxdur!

Qərənfil:

  • “Baba, bəlkə biz yuxu görürük, ya da ki, qorxulu nağılın içinə düşmüşük? Bilirsən mən nağılları sevirəm. Atam hər gecə mənə nağıl danışır, amma bu gecə mən  nağılsız yatdım.”
  • Qalib baba: “Yox, yox yuxu deyil, qorxulu nağıldı.”
  • Qərənfil: “Bəs bu nağılın adı nədi?”
  • Qalib baba: “Müharibə…”

          Qalib baba istəyirdi ki, biz meşənin içi ilə gizlicə çıxıb gedək. Yoxsa düşmənlər bizi də tapar. Ona görə də bir az ərzaq və paltar götürüb yola düzəldik.

Baba Kerberin bizimlə getməyini istəmirdi:

  • Əgər o qəfil hürsə bizi tutarlar, onda qaça bilmərik.

Ona görə də Kerberə dedi ki:

  • “Bizi burada gözlə. Darıxma, mütləq qayıdacağıq.”

Qərənfil: “Bəs gəlinciyimi götürə bilərəm? O, heç vaxt səs salmır. Ağıllıdı. Mənim sözümdən çıxmaz.”

Qalib baba:

  • “Hə onu apara bilərsən.”

Qərənfil:

  • “Hələlik, Kerber. Heç yana getmə, məni gözlə. Yaxşı?”

           May ayı olsa da gecələr soyuq olurdu. Çox səssiz gedirdik. Baba hər tərəfi yoxlayırdı. Diqqət kəsilirdi ki, görsün səs gəlir, ya yox.

    Yolumuz uzun idi. Ərzaqımız  bitirdi. Artıq taqətim qalmamışdı. Qorxurdum, lap çox qorxurdum.            

      Ərzaq da,  su da bitdi. Tərslikdən elə bir yerə gəlib çıxmışdıq ki, oradan çay belə axmırdı. Qalib babanın ayağı yaralı olduğundan daha yol gedə bilmirdi. Həm də, axı o çox qocadı.

   Gecə düşdü. Biz sıx ağacların arasında gecələdik. Qalib baba ətrafımıza xeyli ağac budağı, yarpaqlar da tökmüşdü ki, görünməyək.

  Səhərə yaxın oyandım:

  •  Qalib baba, dur səhər açıldı getməliyik! Qalib baba…

O da anam kimi daha oyanmadı. Tək getməli oldum. Bəs hara? Necə?

      Gecə düşəndə ağacda yatırdım ki, düşmən məni tapa bilməsin. Yatırdım deyəndə ki, səhəri gözüaçıq qarşılayırdım. Heç belə səs-küydə də yatmaq olar? Bum-bum, bam-bam, baf-baf !!!

    Bu səsləri eşidəndə bilirdim ki, kimsə həmişəlik yatdı. Daha oyanmayacaq. Həm də anam yadıma düşdüyü üçün hönkür-hönkür ağlayırdım.

       Atam, anam, Qalib baba və Kerber hərdən mürgüləyəndə yuxuma gəlirdilər. Atamın qayıdacağına  əmindim. Axı onu yatan yerdə görməmişdim.

     Qorxsam da yoluma davam etməliydim. Buna məcburdum. Başqa çarəmmi vardı? Ən çox qırmızı ləkədən qorxurdum. Deyəsən o bərk incidir. Elə olmasaydı Qalib baba axsamazdı, anam həmişəlik yatmazdı.

     Gecə yenə də ağaca çıxmışdım. Yaxşı ki, çıxmışdım. Dan yeri söküləndə düşməyə hazırlaşırdım ki, boğuq səslər gəlməyə başladı. Yarpaqlar xışıldayırdı. Kimsə mən olan tərəfə gəlirdi. Söhbət edirdilər. Yaxınlaşanda üç silahlı adam gördüm. Geyimlərindən anladım ki, əsgərdirlər. TV-də görmüşəm belələrini. Nə danışdıqlarını anlamadım. Bizim kimi danışmırdılar. Anladım ki, onlar Qalib babanın dediyi düşmənlərdir.

     Düşmənlər gəlinciyimə də rəhm etmədilər. Onun qollarını, ayaqlarını, başını çıxardılar. Saçlarını alışqanla yandırdılar. Özümü zorla saxlayırdım. Nə səsimi çıxara bildim, nə də yermidən qımıldana. Gözlərim dolmuşdu.

    Qəh-qəhə çəkib gülüşdülər. Gəlinciyimin acınacaqlı vəziyyəti onları əyləndirirdi.

    Nəhayət ki, çıxıb getdilər. Daha özümü saxlaya bilmirdim.Onlar gedəndən xeyli sonra ağacdan düşdüm. Qorxdum ki,  birdən qayıdarlar. Axı hələ balacayam 6 yaşım var. Əgər böyük olsaydım qorxmazdım. Bilmirəm, bəlkə də qorxardım…

    Tək olmaq uşaqlar üçün təhlükəlidir. Qışqırmaq, bərkdən ağlamaq istəyirdim, amma olmazdı. Səsimin izi ilə gəlib məni tapardılar.

         Bum-bum, bam-bam, baf-baf!!! Hər səhər bu səslər məni yuxudan oyadırdı. Zəifləmişdim. Yemək tapa bilmirdim. Xoşbəxtlikdən alma ağacına rast gəldim. Üstündə bapbalaca cır almalar var idi. Ağaca çıxdım.(Kənd uşaqları üçün ağaca çıxmaq su içmək kimi bir şeydi. O da ola meyvə ağacı. ) Aşağı budaqlarda meyvə qalmamışdı. Məcbur lap yuxarı dırmandım. Zəiflədiyimidən gözüm qaraldı aşağıya doğru getdim kürəyi üstdə yerə dəydim. Yuxudakı kimi səsim batdı. Gözlərim də yumuldu.

             Gözlərimi açanda başımın üstündə rəngbərəng kəpənəyin uçduğunu gördüm. İnanmayacaqsan, amma mənə baxıb gülümsəyirdi. Qanadlarını bir-birinə vurdu ətrafa qızılı damlalar səpələndi. Ayağa qalxdım. Heç bir yerim ağrımırdı. Aclıq da hiss etmirdim. Daha tək deyildim kəpənəyim var idi. Ona adda qoydum: Əlvan.

      Yenə inanmayacaqsan, amma Əlvan danışa da bilir. Düzdü çox astaca danışır, səsini güclə eşidirəm.

Əlvan:

  • “Qorxma, qaçmaq lazım deyil. Sən mənimlə təhlükəsizlikdəsən. Birlikdə evə qayıdacağıq. Müharibə bitdi.”

    Mən ona inandım. Birlikdə geri qayıtmaq üçün yola düzəldik.

    Sən demə düşmənlər təkcə insanları incitməyiblərmiş. Onlar binaları, evləri dağıtmış, bizim tut ağacımız kimi bütün ağacları yandırmışdılar. Hər tərəf tüstü-duman içində idi. Duman dağıldıqca uçulmuş binalar görünürdü. Hamı öz həyətində yuxuya getmişdi. Hər tərəf qırmızı ləkəyə boyanmışdı. Çox  məyus oldum. Ağlamağa başladım.

Qərənfil:

  • “Əlvan, bəs dedin ki, müharibə bitib?!”

Əlvan:

  • “Hə, bitib…”

     Şimşək çaxdı. Şırhaşırla yağış yağıb alovları sondürdü. Qırmızı ləkələr yox oldu. Daha bum-bum, bam-bam, baf-baf səsləri gəlmirdi. Əvəzində kimsə asta səslə, həzin-həzin  lay-lay oxuyurdu. Sonra günəş çıxdı. Elə bir günəş ki, saçaqları yerə sallanırdı. Əgər istəsəydim sacaqların biri ilə səmaya dırmanardım, amma Əlvanı tək qoyub getmək istəmirdim.

     Yenidən yola düzəldik. Əlvan məndən irəlidə uçur, qanadlarını bir-birinə sürtür, qızılı damlalarını ətrafa səpələyirdi. Hər tərəf yenidən yaşıllaşdı, may çiçəkləri baş qaldırdı, may böcəkləri çiçəklərə qondu. Havada göyərçinlər uçuşmağa başladı.

    Əlvan ikinci dəfə qanadlarını bir-birinə sürtəndə uçuq binalar əvvəlki görkəminə qayıtdı.

       Evə çatmağımıza hələ çox qalmışdı. Əlvan sonuncu dəfə qanadlarını bir-birinə sürtdü, ətrafa daha çox damlalar səpələnməyə başladı. Damlalar səpələndikcə yatan adamlar yuxudan oyanırdılar. Əmin idim ki, anam da yuxudan ayılacaq. Ona görə də evə çatmağa səbirsizlənirdim.

     Kəndimiz əvvəlki kimi idi. Elə bil heç nə olmamışdı. Demək ki, ata da işdən qayıdacaq. O qayıdana kimi mən evdə olmalıyam, yoxsa atam narahat olar.  Anam da yuxudan oyanan kimi məni axtaracaq. Evdə olmasam qayıdanda icazəsiz çölə çıxdığım üçün məni danlayar.

      Əlvan fikrimdən keçənləri oxuyurdu. O, bu dəfə qanadlarını mənim üçün çırpdı. Bir göz qırpımında evə çatdım.

  • “Qərənfil, ay Qərənfil, sən hələ oyanmamısan?!”

Anamın səsi hindən gəlirdi. Ora sarı qaçdım:

  • “Burdayam anacan”
  • “Qızım, al bu səbəti mətbəxə apar, mən də indi gəlirəm.”

Mən səbəti aldım və evə qaçdım. Anam səhər yeməyi üçün qayğanaq bişirdi.

Qərənfil:

  •  “Ana, bəs atam hanı?”
  • “Əlbətdə ki, işdə!”

Qərənfil:

  • “Bəs nə zaman gələcək?”
  • “Sabah səhər.”

Mən o axşam tez yatdım ki, səhər tez açılsın, atamı görüm.

      Səhər açıldı. Ehtiyatla gözlərimi açdım. Bir filimdə görmüşdüm, oğlanın gözləri görmürdü. Onu əməliyyat etdilər. Əməliyyatdan bir müddət sonra sarıqlarını açdılar. Gözlərini açmalı idi. O isə qorxurdu çünki, əvvəlki kimi görməyə bilərdi. Şübhəsiz ki, kinolar həmişə xoşbəxt sonluqla bitir.(nağıllar kimi) Ona görə də onun gözləri artıq sağalmışdı. Mən də gözlərimi o həyəcanla açdım. Qorxurdum ki, birdən gözlərimi açanda atamı qarşımda görməyəm. Bütün olanlar gerçək olmuş olar. Başqa yolum yox idi. Gözlərimi açdım. Atam çarpayımın yanında dayanıb mənə baxırdı. Gözlərindən nigarançılq yağırdı. Həm ağlayır, həm də gülürdü. Başqa adamlar da var idi. Əsgərlər. Anam isə yox idi. Otaqda mənim otağım deyildi.

Qərənfil:

  • “Ata, bura haradı?”
  • “Qorxma hər şey yaxşı olacaq. Biz artıq birlikdəyik…”

Qərənfil:

  • “Ata, sən harada idin?  Niyə evə gəlmirdin? Gör neçə vaxtdır ki, gecələr mənə nağıl oxumursan. Heç bilirsən sən işdə olanda nələr oldu?”
  • “Mən ki, hər gecə sənə nağıl oxuyurdum. Yəqin uzunmüddət huşsuz qaldığından eşitmirdin.”

Qərənfil:

  • “Nə nağılı oxudun ki? Adı necədi?”
  • “Azadlıq pərisi”

Qərənfil:

  • “Azadlıq pərisi kimdi?”
  • “Kəpənəkdi. Adı Əlvandı. O Qalib babanı, Kerberi xilas edir. Ona görə də ona azadlıq pərisi deyirlər.”

Qərənfil:

  • “Kerber itdi?”
  • “Hə itdi.(gülür) Görürsən, sən yuxuda olsan da nağılı xatırlayırsan.”

Qərənfil:

  • “Azadlıq pərisi onları kimdən xilas etdi?”
  • “Düşməndən… Onlar Qalib baba ilə Kerberi dar bir qəfəsə salmışdılar. Əlvan isə bir sehrlə onları azadlığa buraxır və düşmənlərin olmadığı çox-çox uzaq ölkəyə aparır. “

Qərənfil:

– “Bapbalaca bir kəpənək qəfəsi necə aça bilir?”

– “O, qanadlaırnı bir-birinə sürtəndə ətrafa qızılı damlalar səpələnir. Bu damlalar vasitəsi ilə kəpənək darda olanlara kömək edə bilir.”

Qərənfil: “O sehirlidi.(pıçıldayır) Ata, bilirsən mənidə  bura  o gətirdi. Sənin yanına…”

Əlvan:

  •  “Qərənfilin atası müharibə başlayan kimi döyüşə getmişdi. Ermənilər onların kəndinə hücum edəndə geri qayıtdı ki, ailəsini odun-alovun içindən xilas etsin. Amma evə qayıdarkən yoldaşını hində ölmüş tapdı. Qızını isə nə qədər axtarsa da tapa bilmədi. Ona görə də onun yaşadığına inanırdı. Elə bu ümidlə də əsgər yoldaşları ilə birgə hər yerdə onu axtarmağa başladı. Qərənfili tapmamış buralardan getməyəcəyinə and içdi.

    Qərənfil alma ağacına çıxanda sən demə onlar da meşədə axtarış aparırmışlar. Qərənfil ağacdan düşüb yıxılanda səsi eşitdilər. Səs gələn tərəfə yaxınlaşanda kədərli ata gözlərinə inanmadı. Qərənfil huşunu itirmişdi. Atası onu özü ilə birgə hərbi hosbitala apardı. Bu müddət ərzində hər gecə onun keşiyini çəkir, həmişə olduğu kimi nağıl oxuyurdu. Axı Qərənfil gecələr nağıl dinləməyi çox sevir. Bir neçə ay huşsuz qaldıqdan sonra Qızcığaz gözlərini açdı…

        Aylar keçdi, il dolandı “Azadlıq pərisi”nin nağılı yarandı.

Biri var idi, biri yox idi. Dünyada çoxlu babalar, onların da nəvələri var idi. Bircə Qalib babadan başqa. O, iti ilə birgə meşədə, kiçik taxta komasında yaşayırdı. İtinin adı isə belə idi: Kerber. Kerber meşədəki heyvanlar çətinliyə düşəndə onlara kömək edər, baba ilə birgə ova çıxırdı.

O, Qalib babanın yeganə həmdəmi idi.  Baba onunla söhbət edər, dərdləşərdi. Yox, yox Kerber insanlar kimi danışa bilmirdi, sadəcə Qalib baba onun nə demək istədiyini anlayırdı. Ya çıxardığı səslərdən, ya da ki, gözlərindən.

Kerberin bir dostu da var idi. O, meşənin dərinliyindəki çəmənlikdə, çiçəklərin üstündə yaşayan “Kəpənəklərin şahzadəsi” Əlvan idi.

Kerber tez-tez çəmənliyə gəlib  kəpənəklərlə oynamağı çox sevirdi. Əlvan başqa kəpənəklərdən sehirli olması ilə fərqlənirdi. Qanadlarını bir-birinə sürtəndə ətrafa qızılı damlalar səpələnirdi və bütün müşküllərin həlli mümkün olurdu.

Əlvan  kəpənəkləri Kerberdən başqa hər kəsdən qoruyurdu.

Qalib baba Kerberin kiçik dostları ilə tanış deyildi. Ta ki, o qorxunc günə kimi.

Məmləkətin ağası Kerberi Qalib babanın əlindən almaq istəyirdi.  Çünki, o həm gözəl, həm də ki, güclü idi. Belə bir itə kim sahib olmaq istəməzdi ki?

O, düşünürdü ki: “Bu məmləkətdə hər nə varsa onun tək sahibi mənəm! Nəyi istəsəm sorğu-sualsız hüzuruma gətirməlidirlər! Yoxsa cəzaları ağır olar! “

Ağa vəkilini meşəyə, Qalib babanın yanına göndərdi. Vəkil özü ilə məktub da gətirmişdi. Komaya yaxınlaşıb, qapını döydü. Qapını baba yox Keber açdı: hav-hav.

Vəkil çox qorxdu. Əlləri əsdi. Məktub yerə düşdü.  Kerber məktubu götürüb, burnu ilə qapını örtdü.  Qalib baba məktubu oxuyanda ovqatı pozuldu.  Ağasına acığı tutdu.  Qapı yenə döyüldü: tuk-tuk.

Sən demə qorxaq vəkil hələ də getməyib cavab gözləyirmiş.

  • Qalib baba: “Get ağana de ki, o mənim tək dostumdu. Dostu isə satmaq olmaz!”
  • Vəkil: “Özün bil qoca, peşiman olacaqsan.”

 Anladığın qədəri ilə vəkil əliboş qayıtmalı oldu.

Məsələdən xəbərdar olan ağa bərk qəzəbləndi. Vəkilin boynunu vurdurdu.

Xidmətçilərinə Kerberi oğurlamağı tapşırdı.  Amma heç kimi qorxusundan ona yaxın durmadı. Ağa onların da boynunu vurdurdu.

    Ağa əmr etdi ki, iti yeməklə şirnikləndirsinlər. Aşpaz meşəyə getdi. Gedərkən özü ilə böyük ət parçası götürdü. Kerber bu tələyə də düşmədi. Sən demə o Qalib babadan başqa heç kimin verdiyi yeməyi yemirmiş. Ağa  cəllada aşbazın da boynunu vurmağı əmr etdi.

     Heç bir hiyləsinin baş tutmadığını görən ağa əmr etdi ki, Kerberi Qalib baba ilə birgə gətirsinlər.

     Qalib baba komasının yanında, ağacın altında uzanıb dincəlirdi. Elə bu zaman ağanın xidmətçiləri başının üstünü kəsdirib, onu böyük bir qəfəsə saldılar.  Kerber də babanı xilas etmək üçün qəfəsə girdi. Qəfəs bağlandı. Nəhayət ki, ağanın əmri yerinə yetirilimişdi.

Kerber və Qalib baba günlərlə ac qaldılar. Ağa düşünürdü ki, it ac qalsa qəddarlaşar və sahibini özünə yem edər. O, beləcə Qalib babanı cəzalandırmaq fikrindəydi.

Günlər  keçirdi. Kerber isə dayanmadan var gücü ilə hürürdü. O, əmin idi ki, Əlvan onun səsini eşidib köməyə gələcək. Elə də oldu. Əlvan uzaqdan gələn it səsinin Kerberə məxsus olduğunu anladı və səs gələn tərəfə uçmağa başladı. Getdikcə səs yaxınlaşırdı. Nəhayət ki, Əlvan qəfəsi tapdı. Qanadlarını bir-birinə sürtüb qızılı damlalarını ətrafa səpələdi. Gözətçilər yuxuya getdi.

 İkinci dəfə qanadlarını bir-birinə sürtdü. Damlalar qəfəsin ətrafına səpələndilər. Qəfəs açıldı. Qalib baba və Kerber xilas oldular, amma aclıqdan taqətləri qalmamışdı deyə qaça bilmədilər.

Əlvan üçüncü dəfə qızılı damlalarını ətrafa səpələdi. Qalib baba və Kerber bir göz qırpımında  kəpənəklərin çəmənliyində peyda oldular. Kəpənəklər onları sehirli almalara qonaq etdilər. Güc-qüvvələri yenidən özlərinə qayıtdı.

Ağa isə Kerberi də, babanı da birdəfəlik unutdu. Yəqin ki, bu da sehrin təsirindən idi.

Kerber və Qalib baba  həmişəlik Kəpənəklərin ölkəsində yaşamağa başladılar. Qalib baba bu sehirli kəpənəyin adını bilmirdi. Ona görə də onu “Azadlıq pərisi” adlandırırdı…

Əfsanə Laçın

Əfsanə laçın
Əfsanə laçın

Mən İspəndiyarova Əfsanə Teyyub qızı 10.12.1987-ci ildə Laçın rayonunda anadan olmuşam. 1992-ci ildə məlum səbəblərdən dolayı ailəmlə birgə Bakı şəhərində məskunlaşmışam. 1994-2005-ci illərdə Bakı şəh. Nizami.ray 210 saylı orta məktəbdə təhsil almış, 2006-cı ildə Azərbaycan Müəllimlər İnstitutunun İbtidai Sinfin Metodikası və Pedagogikası Fakültəsinə (qiyabi şöbə) daxil olmuşam. 2011-2013-cü illər də isə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində (ədəbi işçi) təhsilimi davam etdirmişəm.

–  Bir sıra  layihələrdə iştirak etmişəm:

“Gənc ədiblər məktəbi”( 2005-2006)-Mədəniyyət və Turizim Nazirliyin təşkilatçılığı ilə.

“Qadın, Ədəbiyyat və Cəmiyyət” – Azərbaycan Dillər  Universitetinin və “Sönməz Məşəl” ədəbi birliyinin təşkilatçılığı ilə. Layihə ( 2006)  “Buta” adlı antologiyanın  nəşri ilə yekunlaşmışdır. (“Tikanlı kol” uşaq hekayəsi, “Tərcüməçi” şeiri, “Şəkil” essesi)

“Qadın, Ədəbiyyat və Cəmiyyət” – Azərbaycan Dillər  Universitetinin və “Sönməz Məşəl” ədəbi  birliyinin təşkilatçılığı ilə. Layihə (2012). semnar

Nəsimi Milli Ədəbiyyat Müsabiqəsi (2012) HYPERLINK “http://musabiqe.blogspot.com/2010/12/nsimi-milli-dbiyyat-musabiqsinin_26.html”10-luğa düşən hekayələr:”Balaca qaya”HYPERLINK “http://musabiqe.blogspot.com/2010/12/nsimi-milli-dbiyyat-musabiqsinin_26.html”, “Çəmən və bulud” (uşaq hekayələri).

MKM-2013 -Milli KİTAB MÜKAFATI-“Ən yaxşı uşaq nağlı” naminasiyasının qalibi. (Hekayələr toplusu)

Ulduz jurnalı- “Dərgi kitab” layihəsi- 7 nağıl

Prezident yanında Bilik Fondu (2015)- “Vətənin pərvəri ol” müsabiqəsi- hekayə naminasiyası II yer. “Azadlıq pərisi”

Kurşun Kalem dergisi (2012- Türkiyə) – Azərbaycan yazarlarına ayrılmış sayda. ”Tənha ev”(“Yalqız ev”) sərbəs şeir.

Təhsil Nazirliyi. “Ən yaxşı uşaq əsəri” müsabiqəsi”. hekayə naminasiyası III yer

Nazirlər Kabineti yanında Tərcümə mərkəzi-“Yeni söz” Gənc yazarların ədəbiyyat almanaxı. 6 nağıl

Kino Atelyesi- Ssenari kursu. ssenarist-2016(fevral-may)(2 filmim var: Milli Kitabxananın 90 illik yubleyinə həsr olunmuş “Mənəvi sərvətimiz sənədli filmi (dövlət sifarişli) və “Piknik” qısametrajlı filmi)

İlk kitabım – “Bir damcı ürək”(2011) (sərbəst şeirlər)

II kitab –“Əlifba şəhərciyi” (2015)

Avrovision Ədəbiyyat müsabiqəsi. “Oyux hekayəsi” 2018-ci il (final mərhələsinə qədər yüksəlmişəm və sertifikatla təltif olunmuşam.)

Sevimli, Göyərçin, Günəş Yemlik, Qaranquş  uşaq  jurnallarında, Tumurcuq, Savalan ( uşaq qəzetləri),   Ulduz jurnalı, Ədəbiyyat, Mədəniyyət, 525, Laçın qəzetlərində, eləcə də ədəbiyyat sayt və portalalrında  yazılarım çap olunur.

Son nəşrlər: Ulduz jurnalı 2020 dekabr sayı ( Uşaq hekayələri toplusu) , Mücrü uşaq jurnalı 2020 sentyabr ( Balaca Fidan şeiri) Mücrü art jurnalı 2020 oktyabr ( Azadlıq pərisi hekayəsi)

Hal-hazırda  Çinar yayın evi – Məsləhətçi metodist (Məktəbəqədər hazırlıq kitablarının  tərtibatı) (distan iş-əməkdaşlıq əsasında) Testlər, “1-ci sinif Ana dili yapraq testi”, “Əlifba” nəşrə hazırlanan müəllifi olduğum kitablar: Loqopedik dərslik, “Kür və Araz ətraf aləmi öyrənir”,   “3-4 yaşlı uşaqlar üçün ətraf aləmlə tanışlıq kitabı”) Kaspi uşaq bağçası Əhmədli filialı. Tərbiyyəçi müəllimə kimi fəaliyyət göstərirəm.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest