Zamandan uca… Aşıq Kamandar Əfəndiyev-85 – İRADƏ SARIYEVA TƏQDİM EDİR

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

İradə Sarıyeva


“Zamandan uca… Aşıq Kamandar Əfəndiyev-85” – İRADƏ SARIYEVA TƏQDİM EDİR
Əziz oxucular, sizə təqdim etdiyimiz “Saz danışsın” layihəsində aşıq sənətinin
tarixinə, ustad aşıqlar haqqında portret yazılara üstünlük veriləcək, habelə
zəmanəmizin saz-söz daşıyıcıları olan müasir aşıqlarla sənətlə bağlı maraqlı
müsahibələr yer alacaq. Aşıq sənəti ilə bağlı maraqlı yazıların,
araşdırmaların, müsahibələrin müəllifi kimi tanıdığınız jurnalist İradə
Sarıyevanın müəllifi olduğu “Saz danışsın” layihəsinin ilk yazısı XX əsr
Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Borçalı aşıq mühitinin
sütunlarından olan mərhum ustad aşıq Kamandar Əfəndiyevə həsr edilib.
Zamandan uca…
Zamandan ucada duranlar Tanrının seçilmişləridir ki, onlar doğuluşdan ucalığa
doğru qanadlanır. Fiziki ömürləri başa çatdıqdan və əbədi ömürləri başlandıqdan
sonra o ucalığa ruhları uçuş edir. Bu onların zirvəyə son və əbədi uçuşu olur.
Zirvədə gördüklərimdən və bütün varlığımla, ruhumla hiss etdiklərimdən biri XX
əsr ozan-aşıq sənətinin son mogikanlarından olan, ana sazımızın əsas sütunlarından
biri aşıq Kamandar Əfəndiyevdir. Onun əbədiyyətə qovuşmasından 17 il keçir.
Həm də bu günlərdə azman aşığımızın 85 yaşı tamam olur.
Zirvəyə göndərdiyim məktub…
Lap uzaq çağlarda naməni göyərçinin ayağına bağlayıb ünvanına yetişdirirdilər.
Göyərçin göylərdən güc alaraq məktubu, naməni sahibinə yetirərdi. Görəsən,
göyərçinin qanadlarında zirvəyə uçuş etmək üçün güc, tab varmı? Olsaydı ustadlar
ustadı haqqında yazdıqlarımı ona yetirərdi.
Neçə vaxtdır Kamandar Əfəndiyevdən yazmaq istəyirəm. Amma hər dəfə sözlər
məndən qaçaq düşür. Düşünürəm ki, bəlkə onun haqqında yazçaq üçün ruhundan
icazə almalıyam… Bilmirəm. Əslində, içimdə o qədər söz var ki. Ancaq onlar
yazıya boy vermir ki, vermir. Yaddaşımda kök salan xatirələrə üz tuturam, onlar da
danışmaq istəmir mənimlə. Ustadın lap köhnələrdə oxuduğu “Qəhrəmanı” havası
süzülür qulağıma. Osman Sarıvəllinin “Bu yerlər” şeiri üstə oxuyur Kamandar
baba… O oxuduqca içimdən xalq şairi Zəlimxan Yaqubun “Oxu, aşıq Kamandar”
misrasını keçirirəm. Lap uzaqdan gəlir səsi… Deyirəm ki, onun qərar tutduğu zirvə
göy üzü ilə sinə-sinəyə olduğu üçün səsi uzaqdan gəlir. Mən uşaq olanda
“ibrahimi” havasını çox sevirdim, indi də çox sevirəm. Bu havanı kim oxuyursa
oxusun, amma bütün ifalar ilk dəfə dinlədiyim ifanın kölgəsində əriyir. Bəli əriyir.
Mən “İbrahimi” havasına xan Kamandarın ifasında qulaq asanda əl boyda uşaq
idim. O ifa indiyə qədər də qulaq yaddaşımda yaşayır. Bəzən uzun yol gedəndə o
səs də mənim qulaq yoldaşım olur. Bəli, xatirələrdə ilişib qalan səslər unudulmur,
beynində yaşayır, ordan da qulağına axıb tökülür. Bircə dəfə eşitməklə o səs daşın

da, bulağın da, lap elə torpağında canına-qanına, iliyinə hopub. Torpağa qulaq
söykəsək Xan Kamandarın səsi gələcək. Ana torpaq öz halal oğlunun səsini içinə
çəkib saxlayıb.
17 ilin ayrılığı…
Aradan on yeddi il keçib. Dastanlarda on yeddi illik ayrılıqdan danışılmır, yeddi
illik ayrılıqdan, özü də sonu vüsal olan ayrılıqdan danışılır. Ancaq sənilə ayrılığın
yaşı indi on yeddidir. İllər əvvəl səndən yazdığım yazıya “Aşıq sənətinin Xan
Kamandarı, yaxud payızda gələn əbədilik” adı vermişdim. Payızda doğulmuşdun,
payızda da köçdün. Oktyabr sənin ayındı Xan Kamandar. Sən payıza çox
bənzəyirdin. Xasiyyətin, aram-aram danışmağın, müdrik görkəmin payız kimi
ləngərli idi. İti və çevik düşüncən, savadın, qeyri-adi yaddaşın, geniş, əhatəli
məlumatın isə sənin barədə tamam fərqli bir təsəvvür yaradırdı. Sən alimlə alim,
filosofla filosof, şairlə şair idin. Bu qüdrəti sənə Tanrı vermişdi baba. Xan
təxəllüsünü sənə el vermişdi, dogma xalqın səni aşıq sənətinin xanı kimi sevirdi.
Sənin indi qovuşduğun ucalığa əlimiz yetə bilməz ki…Bəlkə könlümüzlə o
zirvənin ətəklərinə yetişə bilərik. Hər dəfə dünənə boylananda illərin o üzündə
qalan dogma insanlarla, daha doğrusu, onların xəyalı ilə baş-başa qalırıq. Amma
əlimizi uzadırıq o adamlara toxuna bilmirik, aramızı hicranın şəffaf şüşəsi kəsir,
sadəcə güzgünün o üzündəki xəyalla üz-üzə qalırsan.
Bakıya özün ilə birgə gur bir işıq gətirmişdin. Sənin adın çəkiləndə ağlıma ilk
gələn işıq olur, gözlərimin önündə qəribə bir çıraq yanır. Bu çıraq ətrafa işıq
paylayır. O çıraq sənin gözlərin idi…
Ceyhun kimi çağlayırdı…
Aşıq Kamandar Əfəndiyevin adı Azərbaycan aşıq sənətinin neçə-neçə onilliyinə
sığmayan bir addıər. O ad qarşıdan gələn yüzilliklərə, minilliklərə doğru işıq saçır.
Cehyun çayı kimi qaynar, ilhamlı yadıcılığa malik olan aşıq Kamandar Əfəndiyev
Ceyhun təxəllüsü ilə yüzlərlə şeirə don biçib. Bu şeirlər dərin, məzmunlu, ustadın
daxili aləminin aynası idi. Əlbəttə, ustad Xan Kamandar elə bir zirvədir ki, o
zirvədə ancaq o, özü qərar tutub. Sirr deyil ki, o zirvənin başını buludlar öpüb
oxşar, günəş sığallar, ay əzizlər. O zirvə telli sazın, müqəddəs ana sazımızın
zirvəsidir ki, ora ancaq Xan Kamandara aiddir. Bir dəfə də yazmışdım ki,
Azərbaycan aşıq sənətinin dahilərinin, korifeylərinin hər biri ayrıca bir zirvədir,
ucalıqdır, ənginlikdir. Sözsüz ki, o ucalığın birinin adı Xan Kamandardır.
Aşıq Kamandar Əfəndiyev mənim uşaqlığımın, gəncliyimin ən unudulmaz
simalarından biridir. Qardaşımla mən ona baba deyirdik. Onunla uzun uzadı
söhbətimiz olardı siyasətdən tutmuş dünya kinosuna, dünya ədəbiyytaına qədər.
Bir el aşığı bu qədər bilgini necə əldə etmişdi? Bu indinin özündə də həmişə məni
düşündürür. Məncə, o çoxlu mütaliə edirdi. Heyratamiz yaddaşı, səlist nitqi, ədəb-
ərkanı, biliyi, aşıq kimi dahiliyi və ən başlıcası isə şəxsiyyət kimi hədsiz dərəcədə
qürurlu olması onu başqa sənətkarlardan çox-çox fərqləndirirdi. O əslində çox
orjinal insan idi. Sənəti də, şəxsiyyəti də çox fərqli idi. Bu fərqlilik ona böyük

şöhrət gətirirdi. Aşıq Kamandar Əfəndiyevin adı bütün türk dünyası üçün olduqca
qiymətli bir addır. O, ömrünün demək olar ki, böyük hissəsini Borçalıda, dogma
kəndində yaşayıb. Amma şöhrəti Kürüstü Kəpənəkçidən bütün türk dünyasına
yayılıb.
Aşıq sənətinin akademiyası…
Kamandar Əfəndiyev sənətinin ucalığından, əzəmətindən çox yazılıb, çox
danışılıb. Elə böyük şəxsiyyətlər Kamandar sənəti qarşısnda baş əyiblər
ki…Kamandar Əfəndiyevin ifasını yüz dəfələrlə canlı şəkildə dinləmişəm, hər dəfə
onu yenidən kəşf etmişəm. Mənə elə gəlir ki, aşıqlıq tarixində onu təkrar etmək
mümkün olmayacaq. Yüzlərlə mənəvi varisi, neçə-neçə dərs verdiyi, sənətin
sirlərini öyrətdiyi şəyirdləri olsa da, heç biri Kamandarı təkrar edə bilməz. Bəzən
düşünürəm ki, Kamandar Əfəndiyev kimi sənətkarı biz lazımi səviyyədə
qiymətləndirə bilməmişik. Bu məni çox incidir. Ümumiyyətlə, aşıq sənətinin
akademiyası idi Kamandar Əfəndiyev. Azərbaycan aşıq sənəti Kamandarın itkisi
ilə çox şey itirdi. 17 ildir ki, onun itkisi hər bir Kamandarsevəri incidir.
Ömrün səhifələri…Vüsaldan ayrılığa gedən yol…
Aşıq Kamandar Əfəndiyev 1932-ci ilin 21 oktyabr tarixində Borçalı mahalının
Kürüstü Kəpənəkçi kəndində Həmid kişinin ailəsində doğulub. Yaşıdlarından
bütün cəhətlərinə görə seçilən Kamandar Əfəndiyev Kosalı natamam orta
məktəbini bitirdikdən sonra traktorçu köməkçisi kimi əmək fəaliyyətinə başlayıb.
Kamandarın gözəl, məlahətli səsi onu aşıq olmağa səsləyir və onu aşıqlıq sənətinə
olan marağı XX əsrin dahi aşıqlarından olan ustad Sadıq Sultanovun yanına aparıb
çıxarır. 15 yaşından başlayaraq respublikanın bütün mədəni kütləvi tədbirlərində
çıxış edən Kamandar Əfəndiyevin səsi çox tez zamanda hər yana yayılıb. O, 1963,
1984-cü illərdə Bakıda keçirilən aşıqların III və IV qurultaylarının nümayəndəsi
olub. 1984-cü ildə Gürcüstan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri
adına layiq görülüb.
Aşıq Kamandar Əfəndiyevin 1959-cu ildə Moskvada keçirilən Azərbaycan
mədəniyyəti ongünlüyünün ən yaxşı iştirakçısı və mükafatçısı olması onun
sənətində yeni səhifə açıb. O,1987-ci ildə Tiflisdə keçirilən beynəlxalq Xalq
yaradıcılıq festivalında ən mahir musiqiçi kimi laureat olmuşdur. Tanınmış ustad
aşıq 72 klassik saz havasını böyük ustalıqla ifa edirdi.Ustad aşıq bir neçə saz
havasının yaradıcısıdır. Onun bəstələdiyi “Fəxri” , “Qaragöz balam” “Doğma
Gürcüstanım” və s. Havalar bu gün də aşıqlar tərəfindən ifa edilir. Ustad
Kamandarın ifasında 34 dastan audo,video kasetlərə yazılmış və sənətsevərlərə
çatdırılmışdır. Aşıq Kamandarın Azərbaycan və Gürcüstan teleradio şirkətlərinin
qızıl fondunda çoxlu lent yazıları saxlanılır. Ustadın anadan olmasının 60 və 65
illik yubleyləri Gürcüstanda və Azərbaycanda hökümət səviyyəsində qeyd
olunmuşdur. Gürcüstan Prezidentinin fərmanı ilə anadan olmasının 65 illiyi
münasibətilə “Şərəf” ordeni ilə təltif edilib.

Aşıq Kamandaram, dedim hər zaman,
Sazın hikmətini nadandı danan.
Gecələr yuxusu gözündə yanan,
Analar laylası telli sazdadı…
Telli sazla ucalan və saz ucalığına, aliliyinə, zirvəsinə əbədi qovuşan, bu sənətə
şöhrət gətirən aşıq Kamandar Əfəndiyev 2000-ci il oktyabrın 26-da uzun sürən
xəstəlikdən sonra haqqa qovuşub…
Oktyabr ayı ustad Kamandarın həm beşiyinin yırğalandığı, həm də məzarının
qazıldığı bir aydır. Oktyabr gələndə yarpaq tökümü başlayır, torpağı titrətmə tutur,
aramsız yağışlar başlayır, nə başlayır. Oktyabr gələndə çoxlarımız aşıq Kamandar
Əfəndiyevi xatırlayırıq. Əslində, hər gün ifası dinlənilən, adı anılan, ruhuna dualar
oxunan sənətkar unudulmur, unudula bilməz də… Çünki o yaşayır… Əgər ruhumuz
aydan-arıdırsa, suçsuzdursa biz onu əbədiyyət zirvəsində sinəsində saz görə
biləcəyik.
Sazın ucalardan ucadır, Xan Kamandar! Doğumun və əbədiyyətin mübarək!

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest