XX ƏSRİN FACİƏSİ-XOCALI SOYQIRIMI

XX ƏSRİN FACİƏSİ-XOCALI SOYQIRIMI

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etmiş və uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.

  1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın  bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Rusiya imperiyasının Cənubi Qafqaz ilə bağlı  planı  burada yaşayan türk-müsəlman xalqlarının milli mənlik şüurunu və qədim dövlətçilik ənənələrini məhv etmək və həmin əraziləri mənimsəməklə Rusiyanın tarixi arzusunг  həyata keçirmək  idi. Məhz bu məqsədlə də, bir tərəfdən imperiyanın ayrı-ayrı yerlərindən Azərbaycan ərazisinə müxtəlif mənşəli xristian əhali köçürülüb gətirilir, digər tərəfdən də yerli əhalinin xristianlaşdırılması və ruslaşdırılması siyasəti yeridilirdi. Bundan əlavə bu siyasətin daha uğurla  həyata  keçirilməsi  üçün həmin bölgələrdə ermənilərin sayı süni surətdə çoxaldılır və nəticədə ermənilərin Azərbaycana qarşı ərazi iddialarının baş qaldırmasına və erməni-müsəlman qırğınlarının törədilməsinə səbəb olurdu.Azərbaycanın ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, sonralar öz havadarlarının himayəsi altında inzibatı bölgü yaradılmasına nail olmuşdular. Bununla da iki yüz ildən artıqdır ki, erməni-daşnak quldur birləşmələri və onların havadarları Azərbaycan türklərinə qarşı qətliamlar həyata keçirir, torpaq iddiaları irəli sürür, böyük fəlakətlər törədirdilər. Demək olar ki, iyirminci yüzillik başdan-başa azərbaycanlıların kütləvi qırğınları, yerini-yurdunu tərk etmələri, sürgünlük taleyi yaşamaları ilə müşayiət olunmuşdur.

«Böyük Ermənistan» yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş  miqyaslı qanlı aksiyalar həyata keçirmişlər. Ermənilərin Bakıdan başlayan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki  Azərbaycan kəndlərini əhatə edirdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmiş, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir.  Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək  azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər.

 Daha sonra birinci dünya müharibəsi zamanı  Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını  bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı  Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə  başlandı.Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali  yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini,  məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.

Cənubi Qafqaz sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər  torpaqlarını Ermənistan SSR-in ərazisi elan etmiş və sonrakı dövrlərdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da  genişləndirmək məqsədi ilə yeni vasitələrə əl atmışlar.Bu vasitələrdən biri də SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən  kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına əsasən 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olmuşlar.

Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri kütləvi cinayətlərdən Xocalı soyqırımı antibəşəri mahiyyəti, faciənin miqyası, qəddarlığı və amansızlığı ilə xüsusi olaraq seçilir. Məlum olduğu kimi, 1988-ci ilin əvvəllərində  ermənilər Dağlıq Qarabağı birmənalı şəkildə ayırmaq və onu Ermənistana birləşdirmək məqsədilə tarixi planlarını həyata keçirmək üçün Azərbaycana qarşı təcavüzkar fəaliyyətlərə başlamışlar. 1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində silahlı əməliyyatlar və Ermənistanın Azərbaycana qarşı hücumları daha da artmış və  Dağlıq Qarabağ regionunda yerləşən rayonlardan biri olan münaqişədən öncə 7 min və əksəriyyəti azərbaycanlılardan ibarət əhaliyə malik olan Xocalı bu əməliyyatların hədəfinə çevrilmişdir.

Bütün beynəlxalq hüquq normalarına zidd olaraq təcavüzkar Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunun və ətraf rayonlarımızı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. Belə ki, 1992-cil fevral ayının  26-da həyata keçirilən  Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə  Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirmişlər. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki şəhər 4 aydan artıq   mühasirədə qaldığı və blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində idi. O müsibətli gecədə gözləri önündə balası süngüyə keçən analar havalanmış, ata-anasının vəhşicəsinə öldürüldüyünə şahidlik edən balaların bağrı çatlamışdı.  Xocalı  sakinləri   şaxtanın qılınc kimi doğradığı qarlı havada ayaqyalın, başıaçıq çöllərə, düzlərə, meşələrə  üz tutaraq canlarını qurtarmaq istəmişlər. Bu günahsız insanlara təbiət rəhm etsə belə faşist xislətli erməni cəlladları aman verməmişdi. Dörd bir tərəfdən mühasirəyə alınan  şəhər günahsız insanların al qana boyanmışdır. Cinayətkar ermənilər qoca, qadın, uşaq demədən qarşılarına çıxanı ya vəhşicəsinə öldürmüş, ya da əsir götürülərək olmazın işgəncələr vermişlər. Xocalı soyqırımı zamanı 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca olmaqla 613 nəfər ödürülmüş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirmişdir. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüş, onların 150-nin taleyi indi də məlum deyildir.

Bu faciənin dünyada soyqırım kimi tanınması və haqq işimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan xalqı yorulmadan mübarizə aparır. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli iradəsiylə başlanmış İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatmışdır. Müzəffər Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Bu haqq döyüşündə tarix yazan Azərbaycan ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının cəlladları da vardı.Tarixi qələbə qazanan ordumuz bu qətliamın günahsız qurbanlarının qisasını aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.

Lətafət Beybutova Ələskər qızı

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”

Elmi Araşdırmalar, Ekspozisiya və fond şöbəsinin müdiri              

Pin It on Pinterest