Xuraman Hüseynzadə

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Xuraman Hüseynzadə

Ağ sap
İlk dəfə
qara köynəyinin düyməsinin
ağ sapla tikilməyindən bildim
evinin
qadın əllərindən ötrü darıxdığını…
Sonra mənə hədiyyə etdiyin kitabların tozu

saralmış vərəqlərdəki tənhalıq qoxusu
anlatdı həyatını…
*** 
Ürəyim sənindi
bilirəm
saçlarım
gözlərim
ruhum…
Amma daha çox əllərim sənin olsun istəyirəm…
*** 
Saçını tumarlayar
süfrə bəzəyər sənə
əllərim…
Bir də
qara köynəyinə

qara,
ağ köynəyinə ağ sapla tikər düymələri…
  
 Əllərin

Hər dəfə
əllərin toxunduqca yanaqlarıma
sildikcə göz yaşımı
utandım onlara əzab verməkdən
*** 
təbəssümün düşməni kədər imiş-
gündüzdən qorxan yarasa kimi gizlənər o
gülümsəsən
günəş doğsa qəlbində…
*** 
Gülə bilsən
silahın qəhqəhələr olsa
əliyalın düşmən kimi geri çəkilər
kədər
*** 
gülüşüm gözlərimə qayıtdı
qaranquş öz yuvasına qayıdan kimi
əllərin unutsun göz yaşımı
sərçələr qürbət elləri unudan kimi…
 
Pəncərəm

Pəncərəm günah iş görür,
Külək gəlir otağıma,
Tumarlayır jalüzləri.

Heç belə görməmişdim mən
Ehtiraslı gecələri,
Üzüyola gündüzləri.
*** 
Sevgi yatır pəncərəmdə,
Gecə düşəndə yumulur
Güllərin ləçək gözləri.
*** 
Açır günəş düyməsini,
Göyün yaxasında qalır
Buludların əl izləri.

Başqa nə deyim ki?
 
Küçəmiz darıxdı
sənin ayaq izlərindən ötrü
tları uzanan küçəmizdə,
mamırları çoxalan küçəmizdə
təkcə
bir cüt ayaq izi azaldı
sən gedəndən
*** 
qara it hürməyi tərgitdi
xallı pişik adamlara yovuşmağı
çiçəkləri darıxıb-darıxıb soldu
biz ayrılandan
*** 
telefonumu toz əsir alıb
küçəmizi alaq
ürəyimi tənhalıq

ruhumu sükut
Başqa nə deyim ki,
geriyə dönəsən?..
 Tənhalığın əl izi

Bircə kəlmə sözə bəndəm
De, günəşli günə gəlim.
Yenə özümdən çıxmışam,
İcazə ver, sənə gəlim.
*** 
Yuxu deyil, eyvana çıx,
Gör üzümü, duy səsimi.
Getmədən geri dönmüşəm,
İllərin yorğunu kimi.
*** 
Niyə belə tez solurlar
Pəncərəndəki çiçəklər?
Tənhlığın əl izinə
Sığal çəkir hörümçəklər.
*** 
Nə ayrılıq, nə qadınlar
Unutdurar sənə məni.
Qəlbindəki tənhalıqla
Qısqandırma yenə məni…

Qonaqpərvər uzaqlar
 
Gedəcəyəm buralardan…
uzaqlara qonaq gedəcəyəm-
qonaqpərvər uzaqlara…
Unutmaq üçün deyil,unudulmaq üçün.
*** 
Uzaqlar qarşılayacaq məni
səndən daha yaxın olacaq üfüq xətti

tənha ağac
*** 
boz səhra
sən olmayan yerdə
xəyalların 
arzularımı sevəcək
səndən daha mükəmməl…
Səndən daha yaxın
uzaqlar olacaq mənə…

Gedəcəyəm uzaqlara,
qonaqpərvər uzaqlara…
 
 Qadınsızcasına
  
Bəzən belə də olur
qapını çırpıb gedirsən
arxanca boylanan
ümidin gözlərinin kökü saralır
qayıdıb gəlmirsən
saçları tumara
qulağı xoş sözə həsrət qalan ümidin
adı
qadın olur.
Tənha qalanda xatırlayırsan
o ümidi
ümidsizcəsinə
qadınsızcasına yəni…
 
  
Sahildə

  
Gəl, bir az da özümüz olaq
dənizə dərdimizi danışmayaq
məsələn
axmaq olmayaq bir günlük
qağayılara
çörək atmayaq
sol tərəfdəki dilənçi qıza bax
burnunu
koftasının qoluna silir
gözlərini sahilə…

Divarlar

Tənha deyilsən,
Televizor, kitablar, telefon var yanında.
Bilirəm, televizoru sevmirsən,
telefon sənə yalnız internetə baxmaq üçün
lazım olur,
kitabların da hamısını oxumusan.
Yenə oxu, çalış, yenilərini al.
Bir də
darıxanda divarlarla bölüş dərdini,
Dərd ortaqların divarlara
kitablardan, oxuduğun əsərlərdəki

qəhrəmanlardan danış,
küçədə gördüyün itlərdən, pişiklərdən,
göydə uçan quşlardan danış,
sənə dərd verən adamlardan
danışma amma,
xatırlama onları…
Sən yorularsan,
bezərsən divarlardan.
Unut hər şeyi,
təkcə tənhalığı unutma…

Pəncərəm

Pəncərəm günah iş görür,
Külək gəlir otağıma,
Tumarlayır jalüzləri.
*** 
Heç belə görməmişdim mən
Ehtiraslı gecələri,
Üzüyola gündüzləri.
*** 
Sevgi yatır pəncərəmdə,
Gecə düşəndə yumulur
Güllərin ləçək gözləri.

Açır günəş düyməsini,
Göyün yaxasında qalır
Buludların əl izləri.

Pin It on Pinterest