Vüsal Nuru – Hekayə

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Vüsal Nuru

 Dörd nömrəli kağız

Hekayə

…Qardaşım verdiyi sözə əsl kişi kimi əməl elədi; demişdi il təhvil olan gün mənə hinduşka kababı verəcək. Binamızın altındakı kafedə bişirtdirib isti-isti gətirdi, qoydu stola. Məndə bir litr”ceyran südü” gizlətmişdim, – xalamın əri həyətdəki ağ tutdan çəkmişdi. Deyirdim, elə bir gün olsun, anam evdə olmayanda, qoyum qarşıma,yavaş-yavaş dəmlənim. Onu da gətirib qoydum stola, bacım da süfrəni düzürdü, qədəhləri gətirdi. Lənətə gəlmiş bu üzü qara telefon elə bizi güdürmüş. Mən heç, mənim dəstək götürməkdən zəndeyi-zəhləm gedir, bu işlərə həmişə bacım baxıb. Loxəbər bibim idi; dedi baban öldü. Uşaqlara denən, tez köməyə getsinlər. Ruhum elə bil sürüşüb əynimdən düşdü, çökdüm stola. Biz axı, bu günə xüsusi hazırlaşmıışdıq, özü də nə həvəslə… Bu günə qədər həmişə qardaşımla sözümüz toqquşardı, bayram günü ilk dəfə üz-üzə oturub qədəh toqquşduracaqdım. Hinduşkanın kababı, dolu qədəhlər… Hirsimdən qəhərləndim!

Əlacım olsaydı, qabağına çıxıb deyərdim: Bu əziz bayram günü, göyün yerə ələndiyi bu şaxtalı vaxtda adam da yıxılıb ölərmi, ay Kəblə Məmməd? Niyə bizə yazığın gəlmədi? Nolardı,ikicə saat da canını dişinlə tutaydın,bir-iki tikə o hinduşkanın tikələrindən isti-isti gözdoyunca yeyib, boğazımızı isladaydıq.

Qardaşım məndən tez durub paltosunu geyindi, şərfini boğazına doladı. O çəkmələrini geyinənə qədər tikənin birini oğurluq götürüb çeynədim. Di gəl, nə qədər elədim, udquna bilmədim, elə bil Kəblə Məmmədin o iri dəmirçi əlləri boğazımdan yapışmışdı.

Evdən çıxdıq, vallah, evdən çıxılası hava deyildi. Yaşımın bir ilini çıxsam, on altı ildə mən belə qar görməmişdim.Düz kəmərimə qədər qalxmışdı. Bir maşın da gözə dəymirdi. Düzdü, bəzi yolları birtəhər kürüyüb açmışdılar, ağ səngərin içiylə gedirdik. Elə onu fikirləşirdim ki, bu havada qarın altından torpaq tapıb, qazıb ölü basdırmaq olar? Yaxşı torpağı da tapdın, qazdın, o boyda Kəblə Məmmədi çiyninə alıb o uzaqlıqda qəbiristanlığa sürüşə-sürüşə necə aparamaq olar? Deyirəm də, tərsin biriydi, gör nə cür havada ölüb hamını zülümə saldı. Babamı tanıyanın hamısı ona Kəblə Məmməd deyirdi, biz əmioğlanları dəyişib Kəlləmayallaq eləmişdik. Bir dəfə babam məsciddən çıxıb evə gedirdi, biz də məktəbdən qayıdırdıq, – hələ o vaxt bir həyətdə yaşayırdıq, – gördük kişi gedir.Qırmızı kərpiçli divarın tinində dördümüz də gizləndik.Mən burnumu tutdum səsimi tanımasın,qardaşım, əmim oğlanları səslərini bir az dəyişdilər, dalınca qışqırışdıq;Kəlləmayallaq! Kəlləmayalaq! Bir ayağımız qaçmağa hazır dayanmışdı. Onun əlindən dəmir-dümür canın qurtara bilmirdi, qalsın biz. Əlləri də poladı döyməkdən çəkicə dönmüşdü. Babamın bir qapazı adamın gözünü ovcuna tökərdi. Bilirdik eşidir, bilir onu çağırırıq, di gəl, özünü o yerə qoymadı. Bizi də şeytan qıdıqlayırdı. Arabir özümüzü yığışdırıb bir də çağırırdıq.O uzaqlaşdıqca da cəsarət bizə güc kimi gəlirdi.Mən çöməldiyim yerdən durub bu dəfə lap ucadan, özü də açıq səsləçağırdım;Ay Kəlləmayallaq! Kəlləmayallaq he-ey! O getdi. Biz onun dalınca getmədik, şübhələnə bilərdi, adamın üzünə baxanda beynini oxuyurdu, bu da mənim xoşuma gəlmirdi. Qoymurdu adamın özünə sirri qalsın. Heç vaxt ondan xoş söz eşitmədik. Bir dəfə də olsun birimizi tərifləmədi, əzizləmədi.Əvvəllər at yerinə, it yerinə göndərirdi, gedirdik, bir quru sağ ol da demirdi.Üzündə adi bir qımışma, – təbəssüm də yox ha, elə-belə dodağı qaçsın,– görmədim. Qaşlarını düyünləməkdən iki qaşının arası həmişə qançır olurdu. Alnının ortasında da möhürün izi damğalanmışdı. Köynəyinin qollarını yay-qış dirsəyə qədər çirmələyirdi, sal dəmirdən tökülmüş biləklərini elə bil gözümüzə soxurdu. Barmaqları da armatura oxşayırdı.

Biz dəqisas alırdıq.Onun dəmirçixanası həyətdə darvazanın lap yaxınındaydı; qapıdan girəndə sağda. Həmişə də orda olurdu, zindanın cingiltisindən nə səhər rahat yatmaq olurdu, nə axşam televizorun səsin eşidə bilirdik.Qapının başına kilsə zınqrovundan düzəltmişdi, kəndirini yoldan dartıb,qaçırdıq. O da elə bilirdi kimdisə sifarişə gəlib, gəlib açırdı qapını, görürdü heç kim yoxdu. Kəndiri qısaldanda başa düşdüm ki, bilib mənəm.Ən kiçiyi mən olduğumdan, boyum da nisbətən qısaydı. Amma mən də bir boyda qalmadım axı, genim ondan gəlmişdi, uzanırdım. Əlim çatanda ta zəngi çalıb qaçmadım. Məktəbdən gələndə durub gözləyirdim gəlsin qapını açsın, o da kəndir çəkməyimizdən məni, əmim oğlanlarını, qardaşımı, başqalarını tanıyırdı. Açmırdı. Mən zınqrovu çanqa-çaranq eləyirdim, o da çəkici zindana daha möhkəm vururdu. Sonra da məcbur olub gəlirdi, əvvəl əlini belinə qoyub dururdu qapının arasında, yuxardan aşağı nifrətlə baxırdı, bircə qardaşımla mənim atama-anama söymürdü, amma özümüzü ən murdar məxluqa tay tuturdu, deyirdi mən sənin nökərinəm, sənə qapı açanam? Üzünə bir söz demirdim, arxasına dönəndə ağzımı gözümü əyirdim, baş barmağımı burnuma yapışdırıb barmaqlarımı oynadırdım… Maral buynuzu edirdim.

 Gəlib çatanda ayaqlarımız islanmışdı. Üşüyürdük. Heç vaxt bu qapıya sevinə-sevinə gəlməmişdim, bu gün də həm ac, həm də ayaqlarım suyun içində… Mənim nə işləməyə həvəsim qalmışdı, nə də buyruğa getməyə. Yaxın qonşular yoldan həyətə, ordan da pilləkənin ayağına kimi qarı sağa-sola kürüyüb yol açmışdılar, hələ də əlləşirdilər. İki iri samovarın tüstüsü yayılırdı.

Evin tinində, qar başına yağa-yağa, bir ayağını qoyub, o birini götürən, əllərini ovxalayan böyük əmim bizi görəndə yanına çağırdı. Dedi, düşün aşağı, Həsən əminiz gözləyir. Pilləkənin altından zirzəmiyə endik. Köhnə nə var idisə, hamısı burdaydı; yazıq nənəmin işlətmədiyi cehizlik sandıqlarından tutmuş, babam xəstələnəndə əlindən düşən çəkic-zindana qədər. Əmim nənəmin sandığının üstündə oturmuşdu, qarşısındakı stolun üstündə qazanvar idi. Bizi görəndə elə bil sevincək oldu, əliylə tələsdirdi, gəlib onun qarşısında əyləşdik. İki qədəh çıxarıb qarşımıza qoydu, sonra əyilib böyründən butulkanı götürdü, süzdü, qazanın qapağını açıb hərəmizə bayram aşının yağlı qara tikəlirindən uzatdı. Bu vaxta qədər o həm də tapşırıq verirdi:

        – Kömək lazımdı. Gələn-gedən çox olacaq. Yolu təmiz saxlayın. Vurun görüm, bu havada çöldə durmaq çətin olacaq. Qanınız donar.

İçdik, əmimçəngəlin ucunda hazır saxladığı iri yağlı tikəni hoppultuyla yedim. O hələ də bizə tapşırıq verirdi. Öz oğlunu stul daşımağa göndərmişdi. İkincini də içəndə bədənimə mədəmdən yayılan istiliyi hiss elədim. Düyüdən qaşıqlamağa qoymadı. Dedi, araqla düyü olmaz, mədəndə şişər, durun gedin. Üşüyəndə gələrsiz. Əminə də denən gəlsin.

Biz aşağıdan çıxanda başım yüngülvari hərlənirdi. Qulaqlarımın qızardığını, istiləndiyini hiss edirdim. Gəlib durduq əmimin yanında. Qardaşım əmimə dedi ki, aşağı getsin. O da getməyə fürsət tapmırdı. Bu havada elə qonum-qonşu qatar-qatar gəlirdi. Gələnlər üçümüzün qarşısından keçir, biz də əmimə baxıb sağ əlimizi sol döşümüzə qoyub yüngülcə təzim edirdik. Hamıya da eyni sözü deyirdik; “Ölənlərinizə rəhmət.” Bilirdim, yazıq əmim bu adamların əlindən təngə gəlmişdi. Axır dözmədi Həsən əmim, gəlib postu dəyişdi, o da qaçaraq aşağı getdi.

Mən üşümək istəyirdim, istəyirdim əmim görsün işləyirəm, özü də çox üşüyürəm. Gedib beli götürüb onsuz da açıq olan yolun üzünü qaşıdım.

Əmim gördü işə həvəsliyəm, dedi bağa tərəf yol açaq. Bax, bunu heç istəmirdim, amma məcbur olduq. İki qardaşqarı kürüyürdük. Qulağımız da səsdəydi, deyirdik indi əmim çağırar, bu saat çağırar. Ürəyinə insaf düşər. Elə başı açılanda yadına düşdük. Haqq üçünə, o, həmişə bizim qayğımızı çəkərdi. Göndərdi bizi aşağıya. Dedi, əl-ayağınızı don vurar, özü qalxdı yuxarı. Biz özümüzü aşağı güclə saldıq. Əmim durub həyətə çıxdı. Qaldıq iki qardaş. Arağın yerini görmüşdük. Bir qazan şabalıdlı, ərikli yağlı aş-qara stolun üstündə… Düzdü, bir az soyumuşdu, amma olsun də, yoxdan yaxşıdı. İlk dəfə qardaşımla qədəh toqquşdurmaq üçün uzatdım, dedi olmaz, yasda altın yerə vurub içərlər. Durmaq istəmirdik. Yaxşı ki, durmadıq da;əmim oğlanları da gəldi. Onlara da süzdük. İçdilər. Birdən əmim oğlu dedi ki,  Kəblə Məmməd indi doğurdan da kəllə-mayalaq oldu. Gic gülmək tutdu bizi. Qəh-qəhə çəkib gülürdük. Nələrsə yadımıza düşürdü, deyirdik, uğunub gedirik. Bu arada da qardaşım süzür biz içirik, süzür, onlar içirlər. Səsimizə əmim gəldi, gördü yox, bizim halımız o haldan deyil, qovdu, dedi, bir də bura girməyin. Gedin,xar tuta çatana qədər enli yol açın. Gülmək dayanmırdı, hıçqırıq kimi tutmuşdu. Güləndə də adamın əli-qolu boşalır axı, bel əlimizdən düşürdü, bir metr gedə bilmirdik. Səsimiz də yəqin elə samovarın tüstüsü kimi həyətə yayılırdı. Amma biz o halda deyildik. Hərdən əmim qardaşını danlıyırdı, deyirdi, nahaq uşaqları qudurtdun.

Axır ki, xar tutun yanına çatdıq, burda nə qədər istəsək deyib-gülə bilərdik. Nə görən var idi, nə səsimizi eşidən, di gəl, elə bil soyuq bizi ayıltdı, gülüşümüzü don vurdu. Həsən əmim işimizə baxmağa gəldi, tapşırdı ki, ətrafı bir az da genişlədin,sonra da gedin dincəlməyə. Qeyri-ixtiyari soruşdum ki, əmi aşağı getsək olar? Ayağımız buz bağlayıb. O da baxdı-baxdı, başınıtərpətdi. “Gedin…” deyib getdi.

 Hərəmiz bir istiqamət götürüb həvəslə tala düzətdik, getdik aşağı. Əmim bu dəfə hərəmizə bir armudu stəkanda çay göndərmişdi.

Dəmirçixananı yuyat yerinə çevirdilər. Onda eşitdim əmimi; axunda məsləhət edirdi, istəyirdi babamı həyətdə dəfn eləsinlər. Deyirdi, yolların nə vaxt açılacağı məlum deyil, bu havada burdan qəbiristanlığa getmək də mümkün deyil, evdə də neçə gün saxlayasan? Elə ən yaxşısı həyətdi, adamın qəbri öz həyətində olar, mən də tez-tez ziyarət edərəm. Əmim dost-tanışına baxıb sözünə qüvvət axtarırdı. İstəyirdi sabah qınayan olmasın. Məscidə yığışanlar deməsinlər Kəblə Məmmədin oğlanları onu urvatsız elədi. Axır ki, sinif yoldaşımın babası dilləndi. Dedi, həyətdə qəbir olmaz. Bunun bu günü-sabahı var. Əmimin dostu razılaşmadı. Dedi, ay ağsaqqal, qəribə adamlarıq ey, vallah, sağ olanda deyirik ana belə müqəddəsdir, ata belə ocaqdı, pirdi, övlüyadı, mən nə bilim nədi, öləndə də kənddən çıxarıb bir-iki kilomterdə uzağa aparıb atırıq çuxura, üstünə də piltə düzübtorpaqlayırıq. Elə bil qorxuruq çıxıb qaçar. Bir bayram gedərik, ikinci bayram kimsə yada salar, sonrayavaş-yavaş ayağımız kəsilir.Bəhanər imkan verməz getməyə. Gedəndə də axtarıb yerini tapa bilmirik. Yaddan çıxıb gedir. Nəvə-nəticə də bilmir, ey babası, babasının atası kim olub. Elə bilir göbələkdi, yerdən çıxıb. O dey, qadasın aldığım Yaponlar;bilirsiz neynirlər? Yandırırlar, sonra da külü yığırlar bir kuzənin içinə üstünə də resept kimi ölənin adını, tarixini yazıb, qoyurlar rəfə. Hərə öz atasını, babasını qoyur yan-yana, uşaq da baxanda görür kökü, əcdadı kimdi, hardan gəlib. Uşaq da yeddi arxa dönənin tanıyır. Tez-tez də yad edir, deyir elə evimizin içindədi. Hələ bir onun sənətin də davam eliyir.Bizim nəvələr bilmir ey babalarının qəbri hardadı. Şəxsən mən də bilmirəm.Yaddaşıb gedirik.

Axund etiraz elədi. Dedi, olmaz, şəriətdə də var: qəbir gərək itsin. Əmim dedi, ay Məşədi, elə bizi bu günə qoyan şəriətdir də, niyə qəbir itsin?Kökümüz, ulu babamız kimdi bilməyək? Orda ata-babamızın qəbri yoxdusa, bu torpağın nəyi müqəddəs olacaq? Otu-ələfi? Biz heyvan deyilik axı. Millətik, sürü ha deyilik. Sənin dediyin düşmən siyasətidi, fitnə-kələyidi,əşşi, həmişə istəyiblər bu torpaqlardan izimiz-tozumuz itsin. Gəlib sahib çıxsınlar.

Deyəsən, əmimin sözü çoxunu özünə tərəf çəkmişdi, onunla razılaşırdılar, bircə axund elə hey şəriətdən misal gətirirdi. Hər dəfəsində də əmim ağzından vururdu. Sən demə, babam vəsiyyət edibmiş ki, onu atamın yanında basdırsınlar. Axund da dedi, vəsiyyəti yerinə yetirmək oğulun borcudur, şəriət də bunu tələb edir. Kəblə Məmməd gərək oğlunun, arvadının yanında uyuya.

Əmim dilində söz saxalayan adam deyildi, nəyinsə xətrinə güzəştə getməyi də yox idi. Kəblə Məmmədin böyük oğluydu axı. Elə söz dedi ki, axundun burnu sallandı, o küsüb gedəndə əmim əhvalını da pozmadı. Hələ o, darvazadan çıxmamışdı dalınca eşitdirdiki, dərdin, azarın qəbir yerinin puludursa, halal xoşun olsun, atam verib sənə, mən geri alan deyiləm, narahat olma.

 Meyiti yumaq üçün qazanlar qaynayanda,həyətdə araqızışdı, mübahisə böyüdü. Qonşu hamını başasalamq istəyirdi ki, sabah siz də öləndə, qəbriniz batacaq.Ot-çayır bitəçək cığırında. Bu Kəblə Məmməd zülümlə, zillətlə, dəmir döyə-döyə anasız dörd uşaq böyüdüb. Bu həyət-bacanı, ev-eşiyi qurub. Bəs,rəhmətliyin haqqıyoxdu qəbri bu həyətin bir küncündə ola? Yurdunda qala?  Böyür-başını uşaqları, nəvələri gülə-çiçəyə, bağa-baxçaya çevirə? Gərək elə kənddən çıxa? Vallah, birinizin də qəbri yada düşməyəcək o qəbiristanlıqda. Qəbiri qorumaq lazımdı ey kişilər, itirmək yox. Orda yatan atamız-anamızdı.İldə bir dəfə yada düşür, ya yox. Bir yadınıza salın görüm axırıncı dəfə nə vaxt ziyarətə getmisiz?

Qonşudan sonra, deyəsən, hamı susdu. O, əmimin qoluna girib bizim kimi bir neçə cavanı da dalınca həyətin ayağına gətirdi. Onda başa düşdüm əmim xar tutun altın niyə açdırıb. Bu tut ağacı atamdan yadigar idi. Babam da onu bu bağdakı ağaclardan daha çox bəsləyərdi. Qoymazdı çıxıb bir dənəsini qıraq, deyirdi, budaqları qırılar. Mənim də bu bağda yediyim bircə elə bu tut idi;onu da Kəblə Məmməd qoymurdu. Deyirdi, gedin heyva yeyin, əncil yeyin. Əncil dilimi dalayırdı, heyvanında içində qurd olurdu. Oğrun-oğrun dırmaşırdıq tutun başına, ona da əl vuran kimi elə bil güllə dəyirdi adama, al-qanabulaşırdıq. Kəblə Məmməddən bunu gizləmək olardı? Bir də görürdün, uzun koğasını götürüb söyə-söyə gəlir. Kim cəld olurdu, düşüb qaçırdı, kim əlinə keçdi, yediyi haram olurdu. Amma bir də görürdünözüqayçını, ləyəni götürüb gedirdi, nərdivanı qoyub ehtiyatla dərirdi. Gətirib qoyurdu ortaya. Ömrümdə iki dəfə onun ağladığını görmüşdüm. Hər axşam eyni vaxtda evdən çıxırdı; bir dəfə axşam güddüm, elə bilirdim hardasa arvadı var.O getdi, mən getdim, bir də gördüm qəbiristanlığa girdi.Atamla nənəmin qəbri yan-yanaydı. Oraları təmizlədi, gülləri suladı, sonra atama nə dedisə, ağladı. O boyda kişi əməlli-başlı ağladı. Mən də gəlib uşaqlara onun necə ağladığını yamsıladım, onlar da gülüşdülər. Bir dəfə də tut yığanda görmüşdüm. Onda bilmədim niyə ağlamışdı.

Qəbri qazmaq çətin oldu, palçıqlı yer, hər tərəf sel-su. Amma öhdəsindən gəldilər. Əmim qəbrin içinə, divarlarına enli quru döşəmə taxtalarını səliqəylə düzdü. Axund nə fikirləşmişdisə, arxayınlaşıb qayıtmışdı. Gəlib qəbrin içindəki taxtalara baxanda yenə etiraz elədi. Dedi gərək meyit cürüyüb torpağa qarışsın. Biz xristian deyilik taxtada, tabutda dəfn olaq. Bu dəfə Həsən əmim dilləndi, çalışdı sözünü mülayim desin. Dedi, Axund, tabutda qoyulanın ruhuyla, torpağa qoyulan ruhu eyni yerə getmirmi? Bəlkə, yuxarıda kostyumla gedəni qəbul eləmirlər, kəfənlə gedəni başa çəkirlər? “Yox, – əmim dilini saxlamadı. – Gərək ağ kəfəni palçığa qoyaq, təki məşədinin şəriəti razı qalsın. Bu mənim atamdı. Onu mən necə suyun, palçığın içinə qoyum?”

Məsciddən gələn kişi babamı dəmirçixanada yuyurdu. Hər tərəfə xalça, keçə örtük tutmuşdular. İçəridən qazanın, dolçanın səsi gəlir, su şırıltısını eşidirdim. Birdə suyun buxarı dəlmə-deşikdən qalxırdı. Mən də bir deşik tapıb bir gözümlə içəri baxdım. İlk dəfə meyit görürdüm. İlkdəfə gördüm adam öləndə onu necə yuyurlar. İçəridə iki nəfər var idi, biri su tökürdü, o biri babamı çimizdirirdi.Babam tərpənmirdi, yatmışdı. Elə bilirdim onu görsəm, qorxaram. Deyirdilər axı, meyidə baxma, qorxarsan, amma qorxulu olmadığını gördüm;həmişə yatılı gördüyüm Kəblə Məmməd idi. O, xəstə yatanda yazıq anam, küsülü olsa da, bizi bura gəlməyə, onunla görüşməyə məcbur edirdi. Deyirdi, kişi xəstədi, gərək siz tez-tez gedib, babanıza baş çəkəsiz. Çox vaxt biz qapıdan girəndə, ya da həyətdən səsimizi eşidəndə özünü yatmışlığa vururdu. Girirdik, görürdük gözünü yumub. Qardaşım qayıdırdı, mən acığa dayanıb onun üzünə baxırdım, ona inad, yerimdən tənpənmirdim, gözləyirdim nə vaxtsa gözün açsın. Açıb acıqlı-acıqlı baxırdı. Salam verirdim, halını soruşurdum. Deyirdi, bir-birinizə qoşulub həyəti dağıtmayın. Səs-küy salmayın, yatıram. Buna görə də həyətə gələndə gedib onun gözünə görünmək istəmirdim. Amma anamın sözündən çıxa bilmirdim. Deyirdi, o kişiyə borcluyuq, o olmasa, atan olmazdı, atan olmasa sən olmazdın. Sən onun qanın, genin daşıyırsan. Sənin oğlun da, onun oğlu da o qanı, o geni daşıyacaq… Mən o vaxtlar bu sözü o qədər də dərk eləmirdim. Amma yenə də onun çarpayısına yaxınlaşıb: “Baba, salam! Bu gün necəsən?” soruşurdum. O heç vaxt tövrünü dəyişmədi. Yuyatın deşiyindən baxanda istəyirdim içəri girəm, gözünü açıb məni görənə qədər gözləyəm.

Kişilər onu gəbənin arasına büküb tabutu çiyinlərinə qaldıranda, axund dedi, qəbir yeri çox yaxındı, gərək cənazəni xeyli piyada aparasan, çiyin verənlər yerlərini dəyişələr, qırx addımdan sonra günahları yuyula.

Tabutun qabaq tutacaqlarından əmilərim götürmüşdü, hamını birbaşa bağın ayağına gətirdi. Şaxtanın, göz yaşının kiprikdə buz bağladığıbu vaxtda kəndin küçələrində günah yumaq üçün qar yoğurmağa heç kimin həvəsi yox idi. Qadınlar, əsasən də, loxəbər bibim vay-şivən qopartmışdı, anam da, əmidostuları da babamı bağın qapısına qədər yola saldılar, özünü atıb-tutan bibimin qoluna girib evə qaytardılar. Şəriət qadınları dəfnə getməyə qoymurmuş. 

İlk dəfə kəfənə bükülmüş meyidin qəbirə qoyulduğunu görürdüm.Kəfəni gördüm, babamın bizə dediyi söz yadıma düşdü. Bizə baxıb acıqlı-acıqlı deyirdi: “bunlar da adamdı?! Allah tuluğu götürüb, orasını, burasını deşdəkləyib, atıb yerə” ağzımızı-burnumuzu deyirdi.

Əmilərim palçıqlı ayaqqabılarını soyunub qəbirə girdilər. Cəsədi xalçaqarışıq alıb ehtiyatla yerə uzatdılar. Axund şəriətə görə xalçanı çıxartmağı tələb elədi, əmim razılaşmadı. Hələ bir üstünü də yaxşı-yaxşı örtdü. Balaca zindanıyla çəkicini də qəbirə qoydu. Basdırdılar.  Adamın inanmağı gəlmirdi; o boyda, o zəhmdə Kəblə Məmməd bu həyatdan getmişdi.

Darvazanın üzünə sallanan kəndir çürüyüb qırılsa da, zınqırov dururdu. Hər dəfə bu həyətə gələndə, deyirdim ona bir kəndir bağlayacam, hər gələndə dartacam, çəkici zindana döyəcəm, qoy Kəblə Məmmədin ruhu eşitsin. Oturub yeyib-içirdik, nərd oynayırdıq, axşam düşürdü, yadımdan çıxırdı.

Sonralar da Kəblə Məmmədi görməyə gəlirdim bura, qəbiristanlıq qəbirləri kimi deyildi, adam görəndə qorxa, xoflana. Əmilərim lap iri qaya parçasından başdaşı qoydurmuşdu, onu bura nə zülümlə gətirmişdilər. Ortasını da oyub, rəngli şəkil taxmışdılar. Bilmirəm, o şəkil nə vaxt, harda çəkilmişdi, amma qaya babam dolu-dolu baxırdı. Hər bura gələndə mənə elə gəlirdi o məni görür. Yenə də xar tuta nəzarət edir. Elə gözü üstümüzdədi. Tutun birini də qırıb ağzıma qoymurdum, elə bilirdim şirəsi Kəblə Məmmədin qanıdı. Sonra öyrəşdim, əmim qəbrin ətrafına gül-çiçəyi bizə əkdirirdi, ot-alağı bizə təmizlədirdi. Qəbrə gələn yola tamet düzdü, biz torpaq daşıdıq, qum daşıdıq…

Əmim oğlu qardaşımı da məni də bu səhər həyətə çağırıb, dedi, burda dördümüzün də payı var. Gəlin bölüşək. Vəziyyət çətindi, hamının ailəsi, uşağı, nəvəsi var, qoy hərə öz işini bilsin. Qardaşım ağ kağızın birini götürüb çarpaz xətt çəkdi, dörd bərabər hissəyə böldü, nömrələdi. Sonra bir kağızı kəsib rəqəmlər yazdı, bükdü. Dedi, püşk ataq, arada narazılıq olmasın. Kiminsə ürəyində qalmasın, sonra deməsin mən həyətin bu tərəfini istəyirdim, niyə onun oldu? Hərə qismətinə düşəni götürsün. Dərhal razılaşdıq. O, dörd bükülü kağızı ovcunda çalxalayıb atdı. Hərə birini götürdü, açdı baxdı,rəqəmini kağızdakı xanaya qoydu. Hamının yeri məlum oldu. Mənə Kəblə Məmməd düşdü.

Bilirəm, bu gün-sabah hərə öz payını satacaq,onlar da olmasa – uşaqları. Mən yox. Kəblə Məmməd mənə yenə imkan vermədi, yenə qarşımı kəsdi. Bir az qazana bilərdim. Lap yaxşı olardı, xərcim-borcum var.

İndi gəlib oturmuşam burda, qonşu kişinin də, əmimin də sözləri qulaqlarımdadı. Bir də bu xar tut var;atamdan bizə qalan yeganə əmanətdi. Buna görə babam onu qoruyurmuş. Adam ata olmayanda atanın, baba olmayanda babanın qədrini, dərdini bilmirmiş. Mən nə biləydim babam sübhdən durub zindanı döyməsə, biz təzə paltar, ayaqqabı geyinib, tox qarınla məktəbə gedə bilməzdik. Bibim olanda nənəm ölmüşdü, sonra da cavanca atam, o kişi nəyə güləydi axı?! Ürəyi necə açılaydı?

İstəyirəm uşaqları bura çağırım, deyim, öləndə məni də bu qaya kişinin, bu Kəblə Məmmədin yanında dəfn eləsinlər. Nəvələrimin ağılları kəsib, gələndə,babalarının babasını dagörsünlər.

Bizdəkilər yəqin xəyallarında buranı çoxdan satıblar, pulunu da xərcləyiblər.Evdən çıxanda dilim dinc durmadı, dedim axı, kasıblıqdan çıxdıq. Nə bilim mənə dörd nömrəli kağızın düşəcək?

Bilmirəm, indi gedim evdə necə başasalım ki, bu yurdu satmaq olmaz. Onlar üçün kimdi axı Kəblə Məmməd? Ən uzağı, mən başımı yerə qoyan kimi satacaqlar. Vəsiyyətə qulaq asan qalıb?! Bəs mən neyniyim? Mənim yerimə başaqası olsaydı, neyniyərdi?

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest