Genel

Tərcüman qəzeti və Azərbaycanlı tərcümançılar

Tezliklə Kırım tatarlarının dilində ” Tərcüman “adlı qəzetin nəşrə başlayacağı xəbərini  türk dünyasının oxucularına Tiflisdə Azərbaycan dilində nəşr olunan “Ziyayi-Qafqasiyyə”qəzeti ( redaktor- Səld Ünsizadə) və “Kəşkül” dərgisi  (redaktor- Cəlal Ünsizadə) qabaqcadan xəbər vermişlər.

İsmayıl bəy Qaspıralı Kırım tatarlarının dilndə “Tərcüman “adlı həftəlik qəzetin nəşrinə 1883-cü il aprelin 10- da  (yeni stillə 22-də-N.N.) Bağçasarayda  başlamışdır.

Qəzetin sonuncu nömrəsi 1918-ci il fevralın 23-də çıxmışdır.

***

 Tiflisdə Səid Ünsizadənin başçılığı ilə nəşr  olunan  “Ziya” qəzetinin iş təcrübəsi  İ.Qaspıralının  “Tərcüman”a qədərki türkdilli publisistik yaradıcılığında önəmli yer tutur.

İ.Qaspərlının türk dilində ilk məqaləsi 1879-cu ilin noyabrında “Ziya “qəzetində dərc  olunan “Bağçasaraydan göndərilən məktub”dur.

 İ.Qaspıralı 1881-ci ilin mayında ilk jurnalını-“Tonğuc” dərgisini Tiflisdə S.Ünsizadənin “Ziya” mətbəəsində çap etdirmişdir.

İ.Qaspıralnın “Tonğuc”dan  sonrakı   br neçə jurnalı da “Ziya” mətbəəsində çap olunmşdur.

Bu jurnalların çapı “Ziya”nın yeni nömrələrinin çapını ləngitdiyinə görə Səid  Ünsizadə İsmayıl bəyin təzə jurnallarını öz  qəzetinin oxucularına məccani,havayı,pulsuz-parasız göndərmişdir.

“Tərcüman” qəzetinin mətbəə işlərində  “Ziya” mətbəəsinin iş təcrübəsindən də istifadə edildiyi ehtimal olunur.

“Tərcüman” qəzetinin Azərbaycanda və Azərbaycan dili başa düşülən yerlərdə yüzlərlə oxucusu var idi.Bu da təbii idi. “Tərcüman”da türk dillərinnin çoxunda başa düşülən ortaq dil vahidlərindən bacarıqla  istifadəyə geniş meydan açılmışdı.


“Tərcüman”da Azərbaycanla ilgili ədəbiyyat, mətbuat tarixi, ədəbi dil və qəzet üslubu, lüğətçilik materialları, türk milli düşüncə tərzi, məktəb və maarif məsələləri kimi materiallar geniş işıqlandırılmışdır.

Ünsizadə qardaçlarının “Tərcüman” qəzeti ilə Dil, Fikir və İş birliyi, əməkdaşlığı 1891-ci ildə- “Kəşkül” qəzeti bağlanandan sonra da davam etdirilmişdir.

1883-cü ilin yanvarında “Ziyayi-Qafqasiyyə ” qəzetindəki  məqalədə   “Kəşkül”ün proqrqm xarakterli məlumatında Kırım tatarının adı dərginin digər   yazarlardan fərqli olarqaq, xüsusi ehtiramla  “İsmayıl bəy Qaspirinski cənabları” kimi göstərilmişdir.


“Tərcüman” qəzeti Azərbaycanlı müxbirlər üçün möhtəşəm tribunaya  çevrilmişdi. Qəzetdə S.M.Qənizadə, N.Nərimanov, R.Əfəndizadə və bir sıra digər Azərbaycanlı müəlliflərin adlarına tez-tez rast gəlirik. Onlar “Tərcüman”ın rusdilli nömrələrində də fəallıq göstərirdilər.

Azərbaycanlı müəlliflərin Bağcasaray ziyarətləri də “Tərcüman” qəzetindəki materialların rəngarəngliyini daha da zənginləşdirirdi.


Azərbaycanın ali pedaqoji təhsilli ilk 3 müəllimindən biri  olan S.M.Qənizadə İsmayıl bəy Qaspıralı ilə əlbir pedaqoji tədbirlərdə fəal iştirak etmişdir.

S.M.Qənizadə – İ.Qaspıralının Türkistan səfərində onu müşayiət etmişdir.
Uzun müddət davam edən bu səfər maraqlı xatirələrlə yadda qalmışdır.Onlar Səmərqənddə yeni tipli məktəblərin açılışında birgə fəaliyyət göstərmişlər.


İ.Qaspıralının qızı Şəfiqə xanım sonralar ADR-nin baş naziri olan N.Yusifbəlinin həyat yoldaşı idi.


1914-cü ildə İ.Qaspıralının ölüm xəbəri Azərbaycanda böyük kədərlə qarşılanmış, görkəmli maarifçinin xatirəsinə onlarla şeir həsr olunmuş, qəzet və dərgilərdə çoxlu xatirələr dərc edilmişdir.   


İ.Qaspırlı XIX əsrin sonu, XX əsrin əvvəllərində H.Zərdabi, Ə.Hüseynzadə, Ə.Ağayev , Ə.M.Topçubaşov ilə işgüzar mətbuat əlaqələrini xeyli genişləndirmişdir.

Xeyrulla Məmmədov,Abid Tahirli, Vilayət Quliyev, Aybəniz Kəngərli və başqa Azərbaycanlı  tədqiqatçılar İ.Qaspıralı və onun coxcəhətli yaradıcılığı haqqında maraqlı elmi əsərlərin-məqalə və monoqrafiyaların müəllifləri kimi tanınırlar.

Azərbaycanda İsmayıl bəy Qaspıralı haqqında ən maraqlı mülahizələr professor Xeyrulla Məmmədova aiddir.

X.Məmmədovun həyatı və onun publisistik yaradıcılığı haqqında tədqiqat aparanların,demək olar ki,hamısı onun yazdıqlarına  istinsd etmişlər.

Burada haşiyəyə çıxaraq bir nəşrdən qısaca söhbət açmaq istəyirəm.

2004-cü ildə Ankarada “İsmail bey Gaspıralı  için” adlı iri həcli  bir kitab nəşr edilmişdir. Kitabın başeditöri  Hakan Kırımlıdır. Bu nəfis tərtibatlı  məqalələr məcmuəsinin həcmi 697 səhifədir.

Kitabdakı elmi məqalələr 15 BÖLÜMdə yerləşdirilmişdir.Ən böyük bölüm “Qaspıralının hayatı ve şahsiyatı” adlanır.    Bu bölümdə  6 məqalə  vardır.

II bölüm “Qaspıralının Fikriyyatı” adlanır.

Qaspıralı irsini tədqiq edən  Azərbaycan  alimləri Xeyrulla Məmmədov (Hayrullah Memed) və Abid Tahirovun  məqalələri kitabın   XII bölümündə- “Qaspıralı və Azərbaycan” bölümündə verilmişdir ( səhifə 559-589).

Yeri gəlmoşkən onu da deyək ki,”İsmail bey Gaspıralı  için” məqalələr toplusu (Ankara,2004,Birinci Baskı)  İsmayıl bəy Qaspıralının həyat və elmi-publisistik irsini öyrənənlərin stolüstü kitabıdır.

Son illərdə Azərbaycanda İ.Qaspıralı və Ünsizadə qardaşlarının Dil, Fikir və İş Birliyi haqqında geniş tədqiqat işləri görülməkdədir.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq.

Bakı,19.04.2021.

Pin It on Pinterest