Şuşanın “Xarıbülbül” otelinin pəncərəsindən baxarkən

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Elçin İSGƏNDƏRZADƏ

Şuşanın “Xarıbülbül” otelinin

pəncərəsindən baxarkən

Pəncərələr bir umuduydu, onda,
hər mövsüm çiçəkliyərdi şüşələrdə nəm,
hər mövsüm utancaq baxışlar keçərdi şüşələrin içindən…

Bir ürək şəkli cizilərdi,
cızıqlarından şeh daman…
sonra o ürək də süzülüb gedərdi,
yerində ağlayan şüşələr qalardı…

Bir umud yeriydi pəncərələr quşların
ovcumuzda çörək qırıntıları uzadardıq quşlara,
əvvəl qorxardı quşlar,
sonra öyrənərdilər ovucdan yem yeməyə.

Quşlar da sevda quşlarıydı, sanki,
pəncərələr də,
küçələr də.

Pəncərələr yola açılırdı, onda,
sevdaya açılırdı.

İndi ayrılığın gözləri kimi baxır pəncərələr –

içindən bütün ayrılıqlar keçir…


Şəhid övladının sevinci

Atası şəhid olandan

uşaq eşidirdi ki,

-şəhidlər ölmür,

-şəhidlər diridir.

Uşaq sevinirdi atasının sağ olmağına

bilirdi ki, nə vaxtsa gələcək…

Bu şəhər hara gedib?

Son arzusuydu… –

qadın bircə dəfə doğma şəhərini

görmək istəyirdi.

Onu Ağdamın yaxınlığına gətirdilər, –

beş barmağı kimi tanıdığı ana yolun

getdiyi səmtə baxdı…

Şəhərin yerindəki xarabalıq göz işlədikcə uzanırdı-

nə ağ evlər, nə ağaclar, nə də bir yaşam vardı.

Qadın heyrətlə pıçıldadı, –

-bu şəhər hara gedib?

Yanıq adam qoxusu

O vaxtdan düşüb qaldı-

gözlərində bir damla yaş,

üzündə bıçaq izi cizgilər,

ürəyində bir qom bənövşə ağrı…

hərdən, –

bir qom bənövşə ağrını qoxulamaq istəyirsən,

qoxulamaq istəyirsən –

həyatdan yanıq adam qoxusu gəlir…

                   Olur

Min ildi belədi, bəlkə milyon il

yolların əvvəli cığırnan olur,

Dünya gözəlləri çiçəkdən, güldən,

düşmən çəpərləri oğulnan olur.

                       ***

Bizi aparanlar mələklər isə,

çərxi döndərənlər fələklər isə,

ölümə qədərlər gerçəklər isə –

ölümdən sonralar nağılnan olur.

                    ***

Nə yolun sonu var, nə heçin sonu,

bilmirəm hardadı bu köçün sonu,

Vuruşdum, çalışdım bir keçim sonu

gördüm ki, əvvəllər axırnan olur.

Şuşadakı evimizin uçuqlarına noktürn

Əllərim

qapımızın tutacağında qaldı…

Səsim qapımızın cırıltısına qarışdı,

gözlərim pəncərəmizdən asıldı…

Xəyallarım hardasa yol gözləyir,

mənim yolumu…

Evimizin uçuq, sökük daşları,

ürəyimi əzir indi…

Daha…

ürəyim yeriyir uçulmuş yurd yerlərində…

Şuşa küləyi, Şuşa yağışı

Bakıda Şuşa küləkləri əsir hərdən,

Şuşa yağışları yağır…

Bir qərib oğlan keçir o küləklərdən,

islanır o yağışlarda.

Bir qərib umud közərir

vətən həsrətli baxışlarda.

Küləklər Şuşa küləyi,

yağışlar Şuşa yağışı…

Bir qərib oğlan dumana qarışır,

çənə qarışır.

Duman nə gözəldi, İlahi,

külək nə gözəldi, İlahi,

yağış nə gözəldi –

oğlan nə qəribdi, İlahi!..

Şuşanın qala divarlarından

Malıbəyli səmtə baxarkən

Könül ki, var

bir sevdanın yarasıdır,

qısıldığım bu divar,

gizləndiyim bu kölgə

ömrün payız arasıdır…

Yarısıdır…

yolun da, yolağın da,

ilk sevgi nəğməsinin

səsi qaldı qulağımda,

ta o vaxtdan,

heç bilmirəm bura

ömrün harasıdır…

Sarısıdır…

gözlərimdə saralan

bu xəzan güllərinin.

yarpaq kimi tökülən

bu təqvim günlərinin.

Daha bu andan belə,

buludlara qoşulub

getməyin sırasıdır.

1964-cü ildə İsa bulağında

nənəmin qucağında çəkdirdiyim fotoya

Bir fotonun xatirəsi

nəfəs kəsir,

sarı kölgəsi düşür üstümə…

Sarı kölgəyə bulaşıram,

saralıram,

kölgə oluram,

sapsarı kölgə.

Amma o foto yaşıllıqda çəkilmişdi,

bir zamanlar o fotonun yaşıl kölgəsi vardı, –

o yaşıl kölgəyə yaz gələrdi.

İndi bu fotoda elə payızdı…

Şuşanın “Xarıbülbül” otelində gecə prelüdü

Bilirsən, bu yol da çıxıb gedəcək,

harasa gedəcək, qayıtmayacaq.

Ürəyin içində yaralı quştək –

nə gəliş, nə gediş ovutmyacaq…

                    ***

Nəsə baş verəcək, nəsə bitəcək,

yorğun gözlərinə mil sürəcəksən.

çəkilib bir küncə, itib bir küncdə

içində uşaq tək hönkürəcəksən…

                       ***

Bilirsən, gün daha gün olmayacaq,

önündə qapılar açılmayacaq.

sarmaşıq ağrılar,

sarmaşıq dərdlər –

səndə kök salacaq, qaçılmayacaq…

                    ***

Beləcə qazancın bir sürü həsrət,

beləcə gedişin səssiz olacaq.

Əvvəl sığınmışdın öz yoxluğuna

sonra yoxluğun da sənsiz qalacaq…

                    Şuşam

Duyğularım aşıb-daşır, arzularım sellənir,

yağan yağış ağacların çökəyində göllənir,

ürəyimdə tutya kimi neçə şeir dillənir –

Səhərlərin şəhərisən, şəhərisən ay Şuşam

zəfərlərin şəhərisən, şəhərisən, ay Şuşam!

                               ***

Qədimliyin, ululuğun əsrlərə söykənir,

igidliyin, ağalığın nəsillərə söykənir,

nağılların nə miflərə, nə sirlərə söykənir –

Gövhərlərin şəhərisən, şəhərisən ay Şuşam,

Zəfərlərin şəhərisən, şəhərisən, ay Şuşam!

                        ***

Bütün yollar səndən keçir, sən yolların yolusan,

Məscidintək, keçmişintək ululardan ulusan,

Gözümüzün işığısan, ömrümüzün nurusan –

Şəhərlərin şəhərisən, şəhərisən, ay Şuşam,

Zəfərlərin şəhərisən, şəhərisən, ay Şuşam!

             Keçirəm

Yenə sözlər yarpaq-yarpaq hecalanır,

yenə sözlər budaq-budaq haçalanır,

yenə sözün Şuşa adlı hecasından keçirəm.

Günəş başqa cürə doğur,

sular başqa cürə axır,

ay sulardan elə gözəl, gözəl baxır,

o baxışın nur süzülən gecəsindən keçirəm.

Qollarımı yana açıb qayalardan uçmağım var,

uşaqlara qoşulub o yamaclarda qaçmağım var,

neçə bağlı qapıları açmağım var,

nə dövranım, nə çağım var-

neçə belə fikirlərin,

neçə belə düşüncənin niyəsindən, necəsindən keçirəm.

Külək əsir, küləklərlə əsirəm

yağış yağır, yağışlarla yağıram,

uşaqlığın neçə gizli hücrəsindən, neçə gizli guşəsindən,

boylanıram, baxıram,

gah o dağa çıxıram, gah bu dağa qalxıram,

uşaqlığın neçə gizli hücrəsindən keçirəm.

Yenə addım səsləriylə cana gəlir daş küçələr,

adamlarla aşıb-daşır boş küçələr,

gah quruyur, gah islanır yaş küçələr,

mən taleyin ömür adlı küçəsindən keçirəm,

Yenə sözün Şuşa adlı hecasından keçirəm.

Duruluq

Gün bitdi, dərdim bitmədi,

bitmədisə, neynəməli?..

Başımdan bu dəli sevda

getmədisə, neynəməli?..


Neynəməli, o ağacın quruyan,

quru yerindən.

O gözlərin,

o gözlərin sulanan

sulu yerindən.

Anam, anam, sən Allah

o suyun duru yerindən,

bir ovuc su ver içim,

durulanım o suda,

o sudan durulub keçim.

Gözləyir


Bir balaca quş yuvası yolunu gözləyirsə,
çıx get, ləngimə, dostum,
yuva səni gözləyir.
Oralarda qışdı hələ, hava da qış havası,
üşütməyə, dondurmağa hava səni gözləyir.

Log in or sign up to viewSee posts, photos and more on Facebook.

Gün aydın, Hocam!

Bir balaca gün qırığı gözlərinə düşürsə,
sonra gün də, yaşa dönüb gözlərindən düşürsə,
hər gün günlər ilan kimi üzərindən düşürsə,
ilan adlı,
yalan adlı… nə var, səni gözləyir.

Bir balaca ömürdü bu, görüşləri ləngiyir,
gedişləri saya gəlmir, gəlişləri ləngiyir,
harda isə,
necə isə döyüşləri ləngiyir,
neçə belə bilmədiyin dava səni gözləyir.

Alın yazısı


Kədəri özündən qabaq yazılır adamın,
xoşbəxtliyi də,
bədbəxtliyi də.

Yazımız özümüzdən yaşlı,

taleyimiz özümüzdən qoca.
Qoca yazıları yaşayırıq taleyimizdə.

Biz bilmədən
bəxtimiz özümüzdən qabaq yazılır,
sonra bəxtimizi yaşayırıq,
sonra bütün yazılanları yaşayırıq…

Ölümlər möhür kimi alnımızda,
sonda o möhürü torpağa basırıq…

Hər şey bizdən qoca –
biz daima gənc ölürük,
qocalmış alın yazılarının sonunda…

Bir ömürlük hüzn

Kim ovudar indi bizi bu yolun ayrıcında –

kim qaytarar bizi bizə,

şəkillərdən savayı.

Əvvəl elə bilirdim ki, şəkillərin səsi yox,

daha mənə yaxşı çatır şəkillərin harayı.

Şəkildəki o qağayı

dimdikləyir şəkili,

Elə acdı,

elə acdı… heç bilmirəm nə verim.

Lap qəfildən əllərimi tutub çəkir özünə

qağayıya qoşulub şəkil olur əllərim –

şəkil olur barmaqlarım, kirpiklərim, saçlarım…

Kim ovudar bizi, dostum,

təsəlli də gərəkmir

bir ucunda ayrılığın, bir ucunda ölümün.

Gözlərimə vida etdim,

gözlərimi unutdum –

o küçədə, o gecədə,

məni unudan günün.

O gün şəhər təkadamlıq,

o gün səhər dumanlıq…

O dumanda azıb qalan bir yolçuydum, yorulmuş.

Harda idi uçmaqlarım,

çəkilmişdi göy üzü,

mən qalmışdım,

tək qalmışdım… qanadından vurulmuş…

Hara baxsan tənhalıqdı –

şəhər tənha, yol tənha.

kim ovudar bizi dostum,

bu boyda tənhalıqda…

Bu tünlükdə qağayıtək,

ayrılıqtək,

ölümtək.

Yenə hansı qağayıdı,

acıb belə,

əllərimi didəcək…

Bir dəniz qumsalında

Bir dəniz qumsalında dalmağım gəlir uzaqlara –

hamının olduğu yerə.

Bütün xatirələrin hüznünü daşıyıram indi,

daşımaq zorundayam.

Unutmaq ölüm qorxusu kimidi, nəsə

içimin küləkləri burxulur,

içimin buludları dolur,

hər şey bir başqa kədərli olur.

Sanki xatirələrə əmanətəm

ya da xatirələr mənə əmanətdi.

Daha mən də xatirələr kimiyəm

uşaqlığın bütün həsrətini çəkirəm,

çəkirəm bir gəmi rəsmi kimi.

Sanki uşaqlıqda suya buraxdığım gəmidi,

Gəlib məni bu sahildən götürəcək.

Gözləyirəm, gözləyirəm

bir dəniz qumsalında…

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest