GenelGüncelKültür Sanat

Sürgün həyatı – Asif Hacıyev

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Asif Hacıyev 
filologiya elmləri doktoru, professor 

Sürgün həyatı


Qədim zamanlardan Gürcüstanın cənub-qərbində, Mesxet və Cavax bölgələrində qardaş gürcü xalqı ilə dostluq və sülh şəraitində yaşamış 100 mindən çox Ahıska türkü 1944-cü ilin 14 noyabrında sovet hakimiyyətinin türk-müsəlman xalqlarına qarşı repressiv siyasətinin qurbanı olmuş və sərt qış mövsümündə doğma yurdlarından çıxarılaraq, yük vaqonlarında Orta Asiya və Qazaxıstana sürgün edilmişdir.


Zəngin mədəniyyəti, musiqisi, folkloru, yazılı ədəbiyyatı, dini və dünyəvi təhsil ocaqları olan, hələ “Kitabi-Dədə Qorqud”da adı çəkilən tarixi vətənləri Ahıskada keçən əsrin 30-cu illərində milli teatr və mətbuat orqanları, pedaqoji və peşə məktəbləri, mədəni-maarif ocaqları yaratmış zəhmətkeş bir xalqın taleyində 1944-cü il sürgünü faciəvi rol oynamışdır. Minlərlə Ahıska türkü həmin dövrdə sovet ordusu sıralarında cəbhədə döyüşürdü və türklərin sovet hökumətinə təhlükə törətməsi bəhanəsi ilə sürgün edilənlər qocalar, uşaqlar və qadınlardan ibarət idi. Yollarda, sürgünün ilk illərində 17000 insan əzab-əziyyətdən vəfat etdi. Ahıska türkləri Orta Asiyada 12 il xüsusi komendant rejimində yaşadı. Lakin əzablı sürgün illəri türklərin milli ruhunu əzə bilmədi. Elə ilk günlərdən türk vətənpərvərləri Vətən uğrunda mübarizəyə başladılar. 1956-cı ildə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə Ahıska türkləri komendant rejimindən və yerlərini dəyişməklə bağlı məhdudiyyətlərdən azad edildi. Lakin bu fərmanda onların doğma vətənləri Gürcüstana köçməsi yasaqlandı, dəymiş maddi ziyanın ödənməsi, ümumən bəraət nəzərdə tutulmadı. Ahıska türkləri sovet hakimiyyəti dövründə vətənə dönüş haqqını ala bilməmiş və təəssüf ki, indiyədək də ala bilməyiblər. 
Ahıska türklərinin milli taleyində onların Azərbaycana köçməsi böyük rol oynayır. Ahıska türklərinin ilk kiçik dəstəsi Azərbaycana 1958-ci ildə köçüb. 1958-ci ildən 80-ci illərin sonlarına qədər 50 mindən çox Ahıska türkü Azərbaycanın Mil-Muğan və Quba-Xaçmaz bölgələrində məskunlaşıb. 
1989-cu il Fərqanə hadisələrindən sonra da 40 mindən çox Ahıska türkü Azərbaycana köçdü. Onlar ənənəvi olaraq yerləşdikləri bölgələrdə, eləcə də Bakı, Gəncə, Mingəçevir, Şamaxı, Qazax, Ağsu, Qəbələ, Əsgəran, Xocalı və digər ərazilərdə yerləşdilər. Həmin dövrdə erməni terroru nəticəsində Qərbi Azərbaycandan gəlmiş yüz minlərlə qaçqını qəbul edən Azərbaycan Ahıska türklərinə də eyni qardaş münasibətini bəslədi. 
Sürgün dövründə milli hüquqlarından məhrum olunmuş Ahıska türklərinin Azərbaycana köçməsi bu xalqın taleyində müsbət rol oynayır. Onlar, ilk dəfə olaraq, milli varlıqlarını və mədəniyyətlərini qorumaq və inkişaf etdirmək, ictimai-siyasi həyatda iştirak, əmin-amanlıq və qardaş münasibəti şəraitində yaşamaq imkanı qazanıblar. Azərbaycanda Ahıska türkləri ulu öndər Heydər Əliyevin hərtərəfli qayğısı ilə əhatə olunmuşdu. 1969-cu ildən Azərbaycana rəhbərlik edən ümummilli lider Heydər Əliyev Ahıska türklərinin problemləri ilə yaxından maraqlanmış, nAümayəndələri ilə görüşmüş, sovet rejiminin imkanları daxilində onlara hər cür qayğı göstərilmişdir. 1973-cü ildə Saatlının Varxan kəndində Heydər Əliyev sakinlərlə görüşdən sonra onların xahişi ilə Ahıska türkləri gənclərinin Azərbaycanın ali məktəblərinə müstəsna hal kimi imtahansız qəbul edilmələri barədə sərəncam vermiş və bu, Ahıska türklərinin maariflənməsində, ali savadlı mütəxəssis kimi yetişmələrində, sosial-mədəni tərəqqisində misilsiz tarixi rol oynamışdır. Bu dövrdən Ahıska türklərinin geniş miqyasda ali savadlı gəncləri yetişmiş, onların nümayəndələri seçkili orqanlarda, inzibati vəzifələrdə, iqtisadiyyatda, elm və təhsil müəssisələrində təmsil olunmağa başlamışdır. 
Bu gün də cənab Prezident İlham Əliyev Ahıska türklərinin sosial rifahına, mədəni inkişafına daim böyük qayğı və dəstək göstərir. Onun təşəbbüsü ilə keçirilən bir çox beynəlxalq tədbirlərdə Ahıska türklərinin məsələləri müzakirə olunub, onların ictimai təşkilatlarının fəaliyyəti üçün lazımi şərait yaradılıb. Azərbaycanda Ahıska türklərinin Vətən İctimai Birliyi, Dünya Ahıska Türkləri Birliyinin Nümayəndəliyi, Ahıska Mədəniyyət Mərkəzi, müxtəlif özfəaliyyət dərnəkləri, milli musiqi kollektivləri, rəqs qrupları fəaliyyət göstərir. 
Azərbaycanda Ahıska türklərinin ədəbi yaradıcılığına da geniş imkanlar yaranmışdır. Usta Mürtəz, Cabir Xalidov, Şahismayıl Adıgünlü, Zeynul Yektayi, Nürəddin Sasıyev, Həmdi Yitgün, Şəmşir Şimşəkoğlu, İlim Şahzadayev, Güləhməd Şahin, İlyas Xəlil, Məhəmməd Paşliyev, Müzeyfə Qoca Adigünlü, Təzəgül Cövdətqızı, Müsəddin və digər bir çox istedadlı şair və nasirlər məhz Azərbaycanda ədəbi yaradıcılığa başlamışlar. Azərbaycan ədəbi mühiti ilə sıx əlaqədə inkişaf edən Ahıska ədəbiyyatının bir neçə nümayəndəsi Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Saatlı rayonunda Azərbaycanda yaşayan Ahıska Türkləri Yazarlarının Birliyi uğurla fəaliyyət göstərir. Ahıska türkləri də doğma vətənləri qədər sevdikləri Azərbaycana olan vəfa borclarını layiqincə ödəyirlər. Hələ keçən əsrin əvvəllərindən Ömər Faiq Nemanzadə, Əhməd bəy Pepinov, Şəfiqə Əfəndizadə, Adil Əfəndiyev, Fuad Əfəndiyev, Mövlud Bayraqdarov, Bəkir Mamoyev kimi bir çox Ahıska əsilli ziyalı Azərbaycanın ictimai, mədəni, elmi həyatına dəyərli töhfələr vermişdir. 
Ermənistan tərəfindən işğal olunmuş tarixi torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Ahıska türkləri qəhrəmancasına iştirak etmişlər. Birinci və İkinci Qarabağ müharibələrində yüzdən çox Ahıska türkü qəhrəmancasına şəhid olmuşdur. Şəhid İsgəndər Aznavurov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş, bir çox döyüşçü müxtəlif orden və medallarla təltif edilmişdir. 
Noyabrın 14-ü Ahıska türkləri tərəfindən milli faciə kimi yaşanır. Sürgündən 78 il keçməsinə baxmayaraq, dünyanın ondan çox ölkəsində yaşayan Ahıska türklərinin milli amalı doğma yurdlarına qayıtmaq, sadiq vətəndaşlar olaraq tarixi vətənlərinin inkişafına xidmət etməkdir. 

        Həyəcan, ürək ağrısı, həm də “Bitməyən həsrət” duyğuları ilə oxudum hörmətli Asif müəllimin həsrət dolu məqaləsini… Mətin, vətənpərvər, zəngin tarixi keçmişi olan bütöv bir xalqın faciəsi(həm də bir çox türk dilli, müsəlman dinli xalqların) ustalıqla verilib… Mən işimlə əlaqədar Xaçmazda, Saatlıda və başqa bölgələrdə məskunlaşmış  Ahıskalılarla görüslərdə onların Asif müəllimə sevgisinin, hörmətinin hər yerdə, hər ailədə şahidi olmuşam… Saatlıda yaşlı bir qadın biləndə ki, Borçalıda doğulmuşam məni doğma balası kimi bağrına basıb, – oğlum səndən Vətən qokusu geliyor, –  dedi və hönkür- honkür ağladı…

  Bu faciəni dəfələrlə bizim başımıza da gətiriblər. Sonuncusunun dəhşətlərini indi də yaşayır Qərbi Azərbaycan türkləri, Krım türkləri…

   Sizə Vətənə qovuşmaq  arzulayıram, əziz Ahıskalilar!..

                                                                           Sabir Sadaxlı

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest