GenelGüncelKültür Sanat

Sözün üzərində zamanın tozu… – Səlim Babullaoğlu – 50

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Sözün üzərində zamanın tozu… – Səlim Babullaoğlu – 50

Anar, 

Xalq yazıçısı

Qarışıq zamanın şairi…”

Fransa müharibələr aparırdı, bu zaman bütün zamanların ən böyük rəssamlarından olan Pol Sezan almalar çəkirdi və bəlkə onun natürmortları o dövrü – hadisələri batal səhnələrlə əks etdirən yüzlərlə rəsmdən daha dəqiq göstərirdi. Bu fikirdə müəyyən mübaliğə və şərtilik olsa da – mahiyyəti etibarilə doğrudur. Səlim şeirlərində günümüzlə bilavasitə bağlı olmayan mətləblərdən söz açır – insan ömrünün mənasından, insanın kədər və tənhalıq duyğularından, yaradıcılıq qayğılarından, körpələrin taleyindən yazır, amma bu və buna bənzər əbədi temalarda yazan daha qabaqkı dövrlərin şairlərindən fərqli yanaşır bu məsələlərə – məhz əsrlərin, minilliklərin ayrıcında – XX yüz ilin sonu, XXI yüz ilin əvvəlində yaşayıb-yaradan bir şair kimi.

 Cavanşir Yusifli, 

Filologiya elmləri doktoru, professor

“Babullaoğlu bizim şeirdən qeyri-səmimi notasiyaları aradan qaldırdı…”

Səlim Babulloağlunun mətninin ənənəvi şeirdən fərqi nədir? Babullaoğlu bizim şeirdən ən müxtəlif ədaları, qeyri-səmimi notasiyaları aradan qaldırdı (öz təcrübəsində). Babullaoğlu bütün şeirlərində şüar kimi hər yerdən, bütövlükdə isə düşüncəmizdən asılan fikirlərə deyil, bizə çox lazım olsa da, həyatımızdan kənarda olan nöqtələrə diqqət yetirir və onlardan yüksək keyfiyyətli poetik nümunələr düzəldir.

Babullaoğlunun şeirlərində dərdi, kədəri, məşəqqəti… verməyin, ifadə eləməyin yolu təsvirdən yox, işarə etməkdən keçir. Bu işarələrin müxtəlif kombinasiyaları bədii mətndə elə bir funksionallıqla gerçəkləşir ki, nəticədə sətirlər, misralar arası cazibə qüvvəsi, maqnit burulğanı mətnə çevrilir, onun diliylə sənə müraciət edir. Sözlər və misralar arasındakı münasibətlərin belə bir fərq rakursunda düzülməsi əşyalara, dünyaya və insana, dünyanın əbədi-əzəli işlərinə münasibəti də kökündən dəyişmiş kimi olur.

 Azər Turan, 

Ədəbiyyatşünas, “Ədəbiyyat qəzeti”nin baş redaktoru

“Çağdaş Azərbaycan şeiri”

Səlim Babullaoğlunun “İlk hərfi itmiş cümlələr” kitabında dərc olunmuş “Əvvəlinci ayın şeirləri” silsiləsində yeni düşüncə dalğası Tanrını dərkə yönəlib. Müəllifin fraqmentlər adlandırdığı bu şeir poeziyamızda Tanrı barədə ən yeni düşüncə dalğasıdır. Şeirdə ruhsal axış baş verir və Səlim Babullaoğlu Tanrı barədə sözlərlə deyil, “sükutla danışır”. Tənqidçi Elnarə Akimova haqlıdır, Babullaoğlu “Əvvəlinci ayın şeirləri”ni sükutun dilində yazıb. Şeir başdan-başa sükutla təlqindir. Sükut təsəvvüfdə təslimiyyətdirsə, haldırsa, hal əhlinin sükutu da Tanrını idrak etmənin tək yoludur. Səlim həmin sükutu yazır. Hal diliylə yazır. Şeir Tanrını dərk etməyin həyati misallarını verir… Və qəribədir ki, fraqmentlərdə Səlimin ənənəvi intonasiyası dəyişmir və sükut pozulmur… Səlim Babullaoğlunun poetikası şeirin metafizik qatını mübhəmləşdirmir. Babullaoğlu fraqment deyir, amma bütöv bir insan ömrünü yazır və təsəvvüf anlamlarının, ən başlıcası da sükut metaforasının çağdaş izahını verir. Burda həm Berqmanın sükutu sayrışır, həm də Mövlananın…

Seyfəddin Hüseynli, 

Ədəbiyyatşünas, tərcüməçi, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru

“Ədəbi yuxular”ın aydınlığı

Səlim Babullaoğlunun “Ədəbi yuxular”ı, sözün həm lüğəvi, həm istilahi, həm də məcazi mənasında, aydın yuxulardır. Yuxularını oxuduqca, ədəbiyyata – bədii söz sənətinə, bu sənətdəki (istər zaman, istərsə də məkanca yaxınlı-uzaqlı, sələfli-xələfli: Xaqani, Nizami, Borxes, Hikmət, Şimborska, Brodski, Pamuk, Qismət…) parlaq imzalara yuxularındakı o dürüst, həssas münasibətini, onlarla əlaqəli duyğu-düşüncələrini gördükcə (!), göz önündə Səlim Babullaoğlunun öz işıqlı, istedadlı şair siması, imanlı, təqvalı insan obrazı daha da canlanıb aydınlanır.

Qismət, 

Şair

“Müstəqillik dövrü Azərbaycan poeziyasını onsuz təsəvvür etmirəm…”

“Zövqlü adamdır, işinin peşəkarıdır, onu həmişə ədalətli görmüşəm, bircə istedadlı cümləsi, misrası olan müəllifin belə haqqını verib. Müstəqillik dövrü Azərbaycan poeziyasını onsuz təsəvvür etmirəm. Onunla poeziyamıza əvvəllər ədəbiyyatımızda nüsxəsi olmayan yeni formalar daxil olub; məsələn, dinamik, yaxud hərəki misralarla yazılan şeirlər. O, təkcə intertekstuallıq üstündə qurulmuş, mahiyyətləri adlarında özünü göstərən ədəbiyyat inciləri vasitəsilə bütün həyatın mətn olduğunu bizə xatırladan “Polkovnikə heç kim yazmır” şeirinin yox, eyni zamanda, çağdaş dünya poeziyasında geniş vüsət alsa da, bizdə nadir örnəklərinə rast gəldiyimiz intersemiotizm (iki fərqli sahənin, məsələn, ədəbiyyatın rəsmlə açıq, yaxud örtülü əlaqəsi) üstündə də şeirlər yazıb.

Səlim Babullaoğlu mənə görə bu gün bizim ədəbiyyatımızın ən yaxşı jurnalı olan “Dünya ədəbiyyatı” jurnalının təsisçisidir…”.

İlqar Fəhmi, 

Şair, yazıçı, AYB-nin katibi

“O, stereotip çərçivədən kənardakı şeirdən kənardakı şeirləri göstərməyə çalışıb…”

“Müasir dövrün modernist düşüncə tərzinin böyük təbliğatçılarından Səlim Babullaoğlu artıq 90-cı illərdən Azərbaycan ədəbi mühitində öz sözünü demiş simalardandır. Səlimin şeirləri həmişə insanın şeirə olan münasibətini dəyişə biləcək gücə malik olub. Biz uzun illər şeir deyərkən nəyi başa düşmüşüksə, Səlimin şeirlərini oxuyanda insanda belə bir hiss yaranır ki, yox, şeir dediyim şey, varlıqmı deyək, məfhummu deyək, tək mənim beynimdə tutduğum çərçivədəki deyil. Ondan kənarda da şeir var. Və Səlim bizim üçün o stereotip çərçivədən kənardakı şeirdən kənardakı şeirləri göstərməyə çalışıb. Və bu yolda həmişə uğur qazanıb, sevilib. Yəni şeir düşüncəsinin çərçivəsini genişləndirdiyinə görə oxucular tərəfindən, ələlxüsus da gənc nəsil tərəfindən sevilən şairlərimizdən olub…”.

 Ataol Bəhramoğlu, 

Şair, Türkiyə

“Şeirin hardan qaynaqlandığını çox gözəl bilir.”

Səlim Babullaoğlu şeirin hardan qaynaqlandığını çox gözəl bilir. Bu, nə sözlərlə, şəkilçilərlə oynamaq, nə böyük-böyük danışmaq marağı, nə hazırcavablıq, nə aldadıcı bənzətmələr sərgiləmək həvəsidir. Başqa sözlə, onun şeiri ritorikadan deyil, hər gün təkrarlanan həyatın saflığından, təbiiliyindən, toxunulmazlığından doğur. Çünki gündəlik həyat olduğu kimi sıralandıqca bir möcüzədir. Şair sözlərlə, bu möcüzəni pozmadan ortaya çıxarmağa çalışır. Və bu mənada Kavafislə səsləşir…

Elnarə Akimova, 

Filologiya elmləri doktoru

“Ömür harda yaşansa…”

Adətən rasional düşüncə tərzi ilə seçilən şair Səlim Babullaoğlunun bu şeiri mənim üçün ilk növbədə, həmin qatı ilə maraqlı oldu. Burda rasional düşüncəyə diqqət çəkərək sözümü geri götürmürəm, nədən ki, heç bu şeir də emosional ovqatın təzahürü deyil. Səlim poeziyanın adı ilə az qala sinonim kimi səsləşən emosiya sözünün özünü bu şeirdə fənaya uğradır. Ən dərin, ən çılğın hissləri belə sakit, təmkinli bir əda ilə şeirə gətirməyin mümkünlüyünü, onların daxili səsə uyğun səslənişini meydana qoyur.

 Kənan Hacı, 

Şair, yazıçı

“Sən təksən”

Onun şeirlərində özündən asılı olmayaraq metaforaların süjetə çevrilməsi hadisəsi baş verir. Təkliyin içimizdə zəbt etdiyi yeri bu mətn bizə nişan verir. Gərgin psixoloji ovqatla yüklənmiş misralarda qəribə bir çəkisizlik var – sanki sözlər qanadlanır və fikrin səmasında səfə düzülür. Səlim şeir yazmır, nə vaxtsa yaşayıb unutduğumuz günləri yaddaş adlı vətənə qaytarır. Səlim şeir yazmır, ovqatın şəklini çəkir və oxucunu artıq yükdən azad edir. Təbiət öz sözünü zəlzələləri, daşqınları, vulkanları ilə dediyi kimi, şair də öz nəfəsi ilə Sözün üzərindən zamanın tozunu alır. Səlim kimi.

 Mətanət Vahid, 

Ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru

“İntermedial fenomen: vizual poeziya”

Qarşıma Səlim Babullaoğlunun “Qrafik şeirlər və esselər: vizual poeziya sərgisi” keçirilməsi haqqında xəbər çıxmışdı. “Rəqs edən ispan qızı” şeirini oxuyub-izləyərkən qulaqlığımda təsadüfən Yasmin Levinin “Una-noce-mas” mahnısı səslənirdi və qəribə bir uyumluluq yaranırdı: ispan ladlarında musiqi, bu sədalara “rəqs edən” ispan qızı və onun alovlu rəqsini təsvir edən mətn. Ehtirasla rəqs edən qarasaçlı, gözəl təbəssümlü ispan qızının zərif əllərini havada necə oynatdığını, qara krujeva ilə bəzədilmiş qırmızı donunun ətəklərini əsdirərək incə bədənini necə qıvırdığını və onu heyranlıq və sevgiylə, arzu və ehtirasla izləyən baxışları görürdüm. Söz, rəsm və musiqinin yaratdığı harmoniya, sənətin insan ruhunu qanadlandırdığı qeyri-adi məqamlardan biri idi…

 Səid Muğanlı, 

Şair, naşir, İran

“Yeni yaşam ağrılarını qarşılamaq…”

Çağdaş qüney şeirimiz öz nəhənglərinin çiynində dünya ilə ayaqlaşmaqda, yürüməkdədir.Yeni yaşam ağrılarını qarşılamaq, daha gerçəkçi olmaq və kültür sinirlərini aşmaq üçün modern yazı texnikası və anlatım yöntəmləri, çağdaşlaşmaq, yeniləşmək Səlim bəyin günümüz ədəbiyyatına verdiyi ən önəmli şeylərdir.

 Mustafa Məstur, 

Yazıçı, İran

“Onun daxili dərinliyi mətnlərinə də sirayət edir…”

Səlim Babullaoğlu şərafətli insandır. Onun daxili dərinliyi mətnlərinə də sirayət edir. Mən onun şeirlərində özümə yaxınlıq hiss etdim. Əgər onun yazdıqları şeirləri mən də yazmaq məcburiyyətində olsaydım, elə onun qədər yazardım. Mən yazıçıyam. Sözləri mum kimi qəliblərə, şəkillərə salmaqdır mən işim. Amma Səlim haqqında danışan zaman sözü şəkilləndirmək bir müşkülə çevrilir. Ona görə də susmaq istəyirəm. Qoy sükut mənim yerimə hər şeyi desin…

 Əhməd Puri, 

Ədəbiyyatşünas, İran

 “Bu şeirlər miqyaslı poeziyadır”

Sovetin özəl siyası şəraitinə görə ədəbiyyat bir o qədər də dünyəvilik statusu qazana bilmirdi, çünki öz əllərində deyildi bu. Açıq dünyadan fərqli olaraq azərbaycanlı şairlər dünyadakı yeni ədəbiyyat proseslərindən uzaq idilər. Sonrası məlumdur, 80-ci illərin sonu, Sovetin dağılması… sonralar Azərbaycan ədəbiyyatına elə simalar gəldi ki, heç bir qatqı olmadan dünyəvi məzmunlara qulluq etdilər, o simalardan və ən tanınmışlarından biri cənab Səlim Babullaoğludur. Azərbaycan ədəbiyyatının ən yaxşı və dünyəvi nümunələrindən biridir onun şeirləri. Bu şeirlər miqyaslı poeziyadır, dünya şeirləri nümunələridir.

 Urşula Kozel, 

Şairə, Polşa

“Oxucunun xəyallarını, təsəvvürünü yerindən oynadır…”

Səlim Babullaoğlunun şeirləri hansısa keçmiş həyəcanları yaddaşımızın dərinliyindən çıxarır, onları yeni təcrübələrlə zənginləşdirir, dildə olan sözlərin imkanlarını bacarıqla istifadə edən şairin ironiya hissi, təəccübləndirici müşahidələri və orijinal obrazlılığı şair nitqi ilə dialoq axtaran oxucunun xəyallarını, təsəvvürünü yerindən oynadır.

 Anna Auqustınyak, 

Şairə, Polşa

“…Vərdiş edilməyəni adlandırmaq…”

Səlim Babullaoğlunun şeirləri gündəlik həyatdan və yalnız fərdi təcrübə deyil, həm də bütün nəsillər üçün baş verən hadisələrin “qəlbimizdə” buraxdığı izlərdən doğulur. Şəxsi təcrübə müxtəlif fərqli vətənlərə bölünərək genişlənir, lakin mahiyyət eyni qalır – azad olmaq. Tozdan azad olmaq, sel və yaxud vulkan təhlükəsindən azad olmaq, insanlar üzərində başqa insanların gücündən azad olmaq və s. O, vərdiş edilməyəni adlandırmaq, vərdiş edilmişə toxunmaq və icində olub azad ola bilmədiyimiz şeylərə qarşı çıxmaq cəsarəti tapır. İçindən azad ola bilmədiyimiz şeylər isə nəsillər və əsirlər boyu içimizdə böyüyən ağrı, tikanlı məftiltək bizi bağlayan qorxudur. Təəssüf, sonadək oxunub bitmir “hərb və sülh”, çünki əməllər unudulsa da, sözlər tükənmir. Azərbaycan şairinin poetik fikirləri və dünyası ilk baxışdan bizlərə (Polşadan Qafqaza az məsafə deyil) uzaq gəlsə də, nəticədə bizim də paylaşdığımız təcrübənin bir hissəsidir – hər iki tərəfin insanlarının arzuları və istəkləri eynidir, çünki “heç kim sabahı yaşadığı kimi gözləmir”.      

Kinqa Mlınarska, 

Ədəbiyyatşünas, Polşa

“Şair müasir Azərbaycan poeziyasının səsinə adilik qataraq ona ton verir”

Səlim Babullaoğlu çox ağıllı şəkildə bugünkü Avropaya da, gözəl libaslarla bəzədilən yalanlar və sözlərdən ibarət (yalançı) dəyərlərə də lağ edir. Babullaoğlunun yaradıcılığında azadlıq yalnız mövzularda və refleksiyalarda təsvir olunmur, eləcə də həmin mövzuların və refleksiyaların təsvirində təqdim olunur – sxemlərdən, lazımsız bəzədilmələrdən və indiyədək qəbul olunmuş konvensiyalardan uzaqlaşaraq. Şair müasir Azərbaycan poeziyasının səsinə adilik, sadəlik, səmimilik qataraq ona ton verir, dərəcə qazandırır.

 Dmitro Stus, 

Ədəbiyyatşünas, Ukrayna

“Onun bütün yaradıcılığı dünya kodları ilə danışmaqdır”

Səlim Babullaoğlunun poetik dünyası o qədər dolğundur ki, ondan sonra istənilən poetik səs artıq və hədd hissini itirmiş görünür. Onun bütün yaradıcılığı dünya kodları ilə danışmaqdır, Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin hissəsi kimi görmək, milli motivləri düyanın çoxsəsli palitrasına çevirmək işidir.

 Dmitro Drozdovski, 

Ədəbiyyatşünas, filologiya elmləri doktoru

“Müqəddəs Azərbaycan adiliyinin müqəllidi”

Səlim Babullaoğlunun poetik səsi həqiqət axtarır, bu isə adamı təkrarolunmaz və olduqca insani edir. Səlim insanini, ruhini uzatmağa çalışır. Səlim Babullaoğlu intellektualdır. Ən adi situasiya onun şeirində kosmik, universal bir şeyə çevrilə bilir. Ən yaxın adamları ilə dialoq absurd poetikasına ilk addım olan fantastik oyuna dönür.

 Givi Alxazişvili,

Şair, Gürcüstan

 “Fəxrlə deyirəm, çünki o mənim doğma Qafqaz adlı evimin sakinidir”

Müasir dünya poeziyasının zirvələrinə baxanda, fikrimcə, aydın olur ki, Səlim Babullaoğlu ən yaxşı şairlərdən biridir və hamının oxuduğu qərbli şairlərdən heç də geridə qalmır. Mən bunu fəxrlə deyirəm, çünki o mənim qonşum, həmkarım, doğma Qafqaz adlı evimin sakinidir.

Şota İataşvili, 

Şair, Gürcüstan 

“Oğul və atanın söhbətini yaza bilər və poeziya olar”

O şeirdə yalnız binanın fasadını təsvir edə bilər və bununla da insan münasibətlərinin sosial-mədəni aspektlərini göstərə bilər. Kimsəsiz çimərlikdən kadr arxasında qalmış fotoqraf vasitəsilə söz aça bilər ki, bu Təsvir fenomeninin anlayışına, formuluna çevrilə bilər. Riyaziyyat və başqa dəqiq elmlərdən şeirdə istifadə edə bilər ki, insanın ən subyektiv emosiyalarının sirrini açsın. Vizual obrazlar onun şeirlərində bəzən sürrealistik səciyyə alır, amma yenə də düz insanın ürəyinə toxunur, həmişəlik yadda qalır. Stul və kitab latın hərflərinə çevrilir, rəfdəki köndələn boşqablar kiminsə dişini ağartmasına oxşayır. O, sadəcə oğul və atanın söhbətini yaza bilər və poeziya olar. Lüğətdəki iki sözlə abstrakt olmayan konkret poeziya nümunəsi yarada bilər – insan taleyi barədə. Nə haqda, hansı mövzuda yazmağından asılı olmayaraq o həmişə bir şey haqqında yazır, insan barədə, özü də bu insan iradi və qeyri-iradi şəkildə həqiqətə və Allaha doğru gedir.

Zviad Ratiani, 

Şair, Gürcüstan

“O, həqiqəti yazır”

O, nə haqda yazır yazsın – istər tüstülü gecə barının küncündəki qız, istər Floridadakı fırtına, istərsə də İraq müharibəsi, yaxud pəncərəyə qonmuş quşcığaz olsun – obrazların quruluşu, nitqin emosional yükü və ən başlıcası, hətta tərcümədən oxuyanda itməyən intonasiyanın imtimliyi elə təəssürat yaradır ki, sanki o özü haqqında olduqca şəxsi şeylər danışır, uşaqlığını xatırlayır, dünənki yuxusunu bölüşür, dostundan ötrü darıxır. Mən Səlim Babullaoğlunun bir neçə şeirini gürcü dilinə çevirmişəm, etiraf edirəm ki, bu o qədər də asan məsələ deyil. Onun şeirlərinin strukturu tərcüməçi tərəfindən avtomatik yanaşmanı istisna edir. O öz işinə çox vicdanla yanaşır, istedadından sui-istifadə eləmir, qəlbini və dilini dinləyərək yazır – yəni o, həqiqəti yazır…

Dalmira Tilepbergenova, 

Şairə, kinorejissor, Qırğızıstan

“Müdriklik energetikası ilə dolu çaydır”

Onun poeziyası Avropa və Asiya arasından axan, toxunduğunda adamı ayıldan, silkələyən və adi şeylər haqqında sərt həqiqəti anladan müdriklik energetikası ilə dolu çaydır. O, novator şairdir, onun poeziyasını müasir Qafqazda təsadüf saymaq olmaz…

Marqareta Kurtesku, 

Filologiya elmləri doktoru, professor, 

Moldova

“İşarə və məna arasında əbədi yol”

Səlim Babullaoğlunun lirikası diskursivdir, analitikdir, geniş nəfəsə malikdir, hikmət ənginliklərinə baş vurur, diqqəti detallarda cəmləşdirir və bir qayda olaraq böyük poetik formalar şəklini alır ki, hissələr dərin, əhatəli ağıl və sirayətedici hissiyyatla birləşir, refleksiyaya bariz meyilli koqnitiv impulslarla cilalanır.

Görünənləri diqqətlə fiksə edərək təhlilə məruz qoyan enerjili baxışlar, adini, ordinar olanı, banalı dəf edərək əşyaların mahiyyətinə varır və beləliklə, poeziya hermenevtik poetik akta, görünənlə görünənə rəğmən əslində, mövcud olan arasında mübahisəyə çevrilir, varlığı, gündəlik adi həyatı “gözlərindən oxuyur”.

 Oksana Bulanova, 

Yazıçı, jurnalist, Rusiya

“Portret üçün ştrix”

Səlim Babullaoğlunu cəsarətlə müasir Azərbaycanın ən qeyri-adi şairi saymaq olar. Qələm qardaşları arasında belə bir zarafat var: “Bizdə şeiri yalnız tənbəllər yazmır”. Səlim düşüncə adamlarının o nadir növünə aiddir ki, şeir yazmır – şeirlə(də) düşünür, onunla yaşayır. Səlimin şeirlərinin yaranması alıb verdiyi nəfəs, çəkdiyi iztirab, həqiqi məhəbbət qədər təbii doğulur… uşağa, qadına, torpağa, insanlara məhəbbət… Onunla bir dəfə ünsiyyət bəs edər ki, öz primitivliyini anlamağa başlayasan, çünki sən ətrafı onun kimi poetikcə zərif, özgəsinin ağrısını, sevinicini, əhval-ruhiyyəsini onun qədər həssaslıqla hiss edə bilmirsən. Səlim Babullaoğlu daha çox Azərbaycanca yazır. Rus dili onun üçün doğma deyil, amma onun rusca yazdığı şeirlər yad dili dərkinin dərinliyi ilə, təfəkkürünün dərinliyi və zənginliyi ilə adamı heyrətləndirir. Bəzən o öz orijinal şeirlərini tərcümə edir, bu, sətri tərcümələr deyil, orijinalın mənasını bütünlüklə saxlayan müstəqil əsərlərə çevrilir. O, rusca verdiyi müsahibənin birində deyir ki, poeziya bir udum su kimi zamanında oxucunun yanğısını yatırmalıdı, əks təqdirdə, o, söz fırıldağına çevrilir. Portret üçün ştrix: bir dəfə tanışlarından biri ona dedi (mən də ordaydım) ki, sənin danışığından, tələffüzündən – söhbət Azərbaycan dilindən gedir, əslən haralı olduğunu heç cürə müəyyənləşdirə bilməmişəm. Səlim cavabında – mən uşaqlıqdan kitab oxuyuram. Kitablar isə ləhcəyə öyrətmir – dedi. Mənə elə gəlir ki, bu cavabda Səlimin həm şair, həm də insan kimi bütün mahiyyəti açılır. Əlbəttə, böyük hərfli şair kimi.

Attila Balaş, 

Şair, Macarıstan

“Babullaoğlunun şeirləri həm də yaradıcı proses barədə olur”

Babullaoğlunun şeirləri həm də yaradıcı proses barədə olur, şairin mətnə münasibətini faş edir. Şeir həm də ehtimal olunan həyatdır. Uşaq əvvəl danışır, sonra yazır deyə, yaradıcılıq nitqdən plagiat sayıla bilər. Şair Səlim Babullaoğlu üçün yaradıcılıq – həyatı mənalandırmaq, suallar, axtarış və tapılmış cavablar, kədərdə sanki duza qoyulmuş sevincdir.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest