Səid Ünsizadənin “Ziya” qəzetinin əsas oxucuları olan arif və üləmalara xitabən bir mənzumnaməsi

İctimai milli bədii təfəkkür tərzimizin  şeirlə ifadəsi və yaxud  Səid Ünsizadənin  “Ziya” qəzetinin əsas oxucuları olan arif və üləmalara  xitabən bir mənzumnaməsi 


XIX əsrrin  ikinci yarısında  Azərbaycanın türkdilli  mətbuatında – “Əkinçi” (1875-1877),

“Ziya”(1879-1884) və “Kəşkül”də (1883-1891)   sözün sətiraltı mənasından, fikrin dolayı yolla ifadə edilmə üsullarından ustalıqla istifadə olunmuşdur.Bəlkə də, bu, milli təfəkkür tərzinmiin folklordan gələn ənənələrindən qaynaqlanmışdır.Hər halda, bu,sözün  nəzm formasının informasiya xarakterli  adi sözdən daha çox cazibədar olması ilə əlaqədardır. 

“Ziya” qəzetində nəzm biçimli janrlara   dəfələrlə müraciət olunmuşdur.

S.Ə.Şirvaninin,müxtəlif vaxtlarda üç dəfə Türkiyənin maarif naziri olmuş Münif Paşanın, Şəkidə yaşayan əslən Şamaxılı olan İsmi Sədrəddinbəyovun (Nakamın), M.Şuxinin,eləcə də “Ziya”qəzetinin imtiyaz sahibi Səid  Ünsizadənin  o dövrün yeganə mətbu orqanında  işıqlandırılan şeirləri  qəzet dilində ədəbi üslubun maaqlı nümunələri kimi diqqəri cəlb edir.

Qəzet dilini sırf pulisistik üslub kimi  səciyyələndirmək düzgün deyil.

Qəzet dili özündə bir neçə  üslubun xarakterik xüsusiyyətlərini cəmləşdirə bilər.Burada   həm elmi , həm bədii  üslubun, eləcə də  tərcümə materiallarının üslubundan da danışmaq mümkündür.Başqa sözlə, bu üsluların hamısı publisistik sözün müxtəlif emosiya və çağırışlarının  ifadə vasitəsi kimi başa düşülməlidir.

XIX əsr Azərbaycan publisistik üslubu  milli ziyalıların  ədəbi dil uğrunda apardıqları  maraqlı mübarizəni formalaşdıran  ideya məktəbi idi. Bu, folklorumuzdakı söz və saz   birliyini xatırladan  münasibətləri yada salır.

“Əkinçi”dən sonra  meydana çıxan  “Ziya” qəzeti (25.01.1879 – 26.06.1884)  ədəbi dilimizin formalaşmasında,cilalanmasında əhəmiyyətli rol oynamışdır.Bu işin təşkilatçısı  görkəmli maarifçi və din xadimi,sonralar türk dünyasının fazillərindən biri kimi tanınan Hacı Səid Əfəndi Ünsizadə (1842,Şamaxı- 1903,İstanvul) idi.

O,”Ziya” adlı qəzeti  vasitəsilə xalqın milli düşüncə tərzində  inqilab yaratdı.

Səid Ünsizadə “Ziya”nın işinə bütün türk dünyasının işıqlı fikir adamlarını cəmləşdirə bildi.”Ziya” özünəməxsus tərzdə dünyanın qaranlıqda qalan məqamlarını və məkanlarını  işıqlandırmağı bacardı.Bu qaranlıqların ən  dumanlı yerləri maarif,məktəb və mədrəsələr  idi.

“Ziya”nin baş yazarı  şikayətlənirdi ki,yeni qaydalı məktəb və mədrəsələrimiz yoxdur, ana dili əvəzində olan mətbuatımız hələ də xalqın bütün təbəqələrinin mütaliəsinə xidmət edə bilmir:

“Cümləmizə məlumdur ki,vətəni-əzizimiz olan Qafqaz qitəsində  millətimizə məxsus olan  rövnəqli və baqaidə  məktəb və mədrəsələrimiz yoxdur və mədrəsə və məktəblərimizin birövnəq və binizam  və pərişan halda olmağı belə heç bir tərəfdən  bu barədə və bu gunə ümdəlü mətləbə iktifa (kifayətlənmə-N.N.) və etina olunmamaq xeyli təəssüf və təəccüb olunası əhvalatlardandır”.

 Səid Ünsizadə daha sonra yazır ki, ” bu dəfə Qafqazda neçə-neç şəhər və qəsəbələri seyr elədük və səyahət etdiyimiz yerlərdə mövcud olan məktəb və mədrəsələri  müayinə, müdərris  və   müəllimləri    ilə mükalimə elədük  və qazilər ilə uzun-uzun danışdıq, hansı ki,onlar barəsində dəxi bundan sonra fəqərə-fəqərə yazılacaqdır.

Nə isə…

Heç bir yerdə qaidəli və nizamlı bir məktəb və mədrəsəyə rast gəlmədük”.

(26.11.1883,N 1).

“Ziya” qəzetindəki bir yazıda  xüsusilə vurğulanır ki,insanın cəmiyyətdəki rolu onun elmli və mərifətli olmasının vacibliyi ilə gündəmə gətirilir:

“İnsanın   əqlini və fərasətini və fəhmini və qanacağını  artıran  və dünya güzarının yaxşılığına bais olan elm və mərifətdir….Tərbiyəli adam heç vaxt həqqi nahaq eləməz və hərgah eləsə, o surətdə  biz ona elmli vətərbiyəli adam demərik.” ( N 14,1883 ).

Səid Ünsizadəyə görə,  cəmiyyətin  maariflənməsi işində  yazı-pozudan az-çox xəbərdar olan   din xadimləri  fərqlənməlidirlər:

“Qazilərə borcdur ki,həmişə məktəb işində məxusi iltifat göstərələr”.

(“Ziyayi-Qafqasiyyə”,03.12.1881,N 2), “məktəb və mədrəsə işində cəmaət ilə yekdil olub, həmişə onun rəftinə səy edələr”. (28.05.1881,N 16.).

“Qazilərə borcdur ki,məscid mollalarının üstündə baxıcı olub nəsaih təlimat ilə onlara yol göstərələr”. (N 6,1883).

Səid Ünsizadənin başqa bir yazısında da -11 bənlik dördlüyündə də xalqın maariflənməsi işində din xadimlərinə  mənzum müraciəti də diqqəti cəlb edir.

Mənfəətdən xali olmadığı üçün həmin şeiri bütünlüklə oxuculara təqdim edirik.

***

” “Ziyayi-Qafqasiyyə “qəzeti.  09.03.1883, N 7.

Mollaları cəhl’in (cəhalətin-N.N.) dəfinə  və elmin cəlbinə tərğib eləmək barəsində  bir

XİTABEYİ-MƏNZUMƏdir ki,məzaqi-ürəfa üçün  burada dərc olundu.

Mənzumə

Cəhl basur bizləri, ay mollalar,

Qədəm qoyun dəfinə himmət edün.

Axir edər bizləri bu, tarimar,

Qədəm qoyun dəfinə himmət edün.

***

Elm bizi validətək bəsləyər,

Harda olsoq təlim bizi gözləyər.

Cəhl bizi  axir edər dərbədər,

Qədəm qoyun dəfinə himmət edün.

***

Xəlq edir sizlərə çox etimad,

Vacib olur pəs sizə hifzi-ibad (bəndələrin hifzi,qorunması_N.N.),

Cəhl görürsünüz ki,çox edir fəsad,

Qədəm qoyun dəfinə himmət edün.

***

Bir-birini xəlq yeyər cəhldən,

Din gedər ,məzhəb itər cəhldən.

Yaman-yaman işlər olar cəhldən,

Qədəm qoyun dəfinə himmət edün.

***

Cəhl cəhalətdə dutubdur bizi,

Bağlayubdur hər tərəfdən gözümüzü,

Həqq bizə sərxeyl (sıravi dəstənin başçısı-N.N.) qoyubdur sizi,

Qədəm qoyun dəfinə himmət edün.

***

Amur (burada məqam,vaxt mənasına uyğn gəlir-N.N.  ) gəlib,edin ümumi tələb,

O barədə siz bizə olun səbəb.

Cəhl bizə çox verür axir təəb (zəhmət,əziyyət-N.N.),

Qədəm qoyun dəfinə himmət edün.

***

Cəhl bizi çox-çox edibdür xəcil,

Qılıb bizi xəlq içində münfəil  (xəcalətli-N.N.).

Cəhli gərək siz edəsiz məzməhlll ( büsbütün məhv edilmiş-N.N. ), 

Qədəm qoyun dəfinə himmət edün.

***

Siz özünüz elm ilə  olduz qərin (yoldaş,yaxın dost-N.N.),

Onun ilə cəhldən olduz amin (duaların axırında “ya Allah,qəbul et”

mənasında işlənən söz-N.N.).

Bizləri ki,cəhl tutubdur, yəqin,

Qədəm qoyun dəfinə himmət edün.

***

Cəhl… sizə olmuş bəyan,

Ançe (elə nəsnə ki-N.N.) əyan əst, çe hacət bəyan.

Qoyunları hifz edər axir çoban,

Qədəm qoyun dəfinə himmət edün.

***

Bu yoda biz mətləbə etdük kəşad  (geniş,açıqlıq-N.N.),

Niyə onu sizlər edirsüz kəsad (ticarətdə malın satılmaması-N.N.)?

Rəva degil bu işi bərq eləyə  bad ( bu iş puç ola- N.N.),

Qədəm qoyun dəfinə himmət edün.

***

Zadeyi–…(Üns…N.N.) sözünü guş edün,

Hə nə qərəz var isə, fəramuş edün,

Qeyrət edüb, səy ilə cuş edün,

Qədəm qoyun dəfinə himmət edün”. 

***

Ünszadənin dər-öhdə aldığı əmr və niyyəti mətbuat vasitəsilə rus müsəlmanlarını

yuxudan oнatmaq idi.(bax:  “Ziyayi -Qafqasiyyə” qəzeti,26.06.1884, N 11).

  Təəssüf ki,ki,Səid Ünsizadə rus müsəlmanlarını 1884-cü ildə “Ziyayi-Qafqasiyyə” qəzeti bağlanandan  sonra mətbuat vasitəsilə yuxudan oyada bilmədi.O,yaşadığı mühitin eybəcərliyindən bezib,1890-cı illərin əvvəllərində türk dünyasının baş şəhərinə-İstanbula köçdü,ömrünün qalan illərini burada maarif cəbrəsində yüksək vəzifədə  ləyaqətlə calışdı.

Mətbuat vasitəsilə rus müsəlmanlarını cəhalət yuxusundan oyatmaq işinin   davamı onun məslək və əqidə  dostu görkəmli tatar mütəfəkkiri İsmayıl bəy Qaspıralının öhdəsinə düşdü.

Səid Ünsizadə1903-cü ildə İstanbulda vəfat etdi,Fatih Camii bağçasında dəfn edildi.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəəlimi,türkoloq 

02.04.2019.

 P.S.Oxuculara təqdimolunan şeirin dili çətin olsa da,onun yaxşı dini təhsil görmüş

din xadimlərinə ünvanlandığını yaddan  çıxarmayın.

2 thoughts on “Səid Ünsizadənin “Ziya” qəzetinin əsas oxucuları olan arif və üləmalara xitabən bir mənzumnaməsi

  • 3 Nisan 2019 tarihinde, saat 18:19
    Permalink

    Yazılmışdır:
    Azərbaycan Respublikasının əməkdar MÜƏƏLİMİ, türkoloq
    02.04.2019.
    Oxuyun:
    Azərbaycan Respublikasının əməkdar MÜƏLLİMİ, türkoloq
    02.04.2019.

    Yanıtla
  • 3 Nisan 2019 tarihinde, saat 18:21
    Permalink

    Səid Ünsizadənin “Ziya” qəzetinin əsas oxucuları olan arif və üləmalara xitabən bir mənzumnaməsi
    2 Nisan 2019

    Yazılmışdır:
    Azərbaycan Respublikasının əməkdar MÜƏƏLİMİ, türkoloq
    02.04.2019.
    Oxuyun:
    Azərbaycan Respublikasının əməkdar MÜƏLLİMİ, türkoloq
    02.04.2019.

    Yanıtla

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest