SƏDƏFİN AYAQQABILARI

Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi

Səadət Sultan

SƏDƏFİN AYAQQABILARI

Hekayə

         Şaxtalı dekabr səhəri idi. Hava o qədər soyuq idi ki, adamı qılınc kimi kəsirdi. Sədəf bu səhər də adəti üzrə işə tələsirdi. Bu gün inşaat üzrə mühüm layihəni müzakirə edəcəkdilər. Layihə İnstitutunda kiçik laborant olsa da, iclasın gündəliyini və protokol işlərinin qeydiyyatını Sədəf aparmalı idi. Az müddətdə işə başlamağına baxmayaraq, institutun kollektivi arasında bacarığı, işgüzarlığı, savadı və ən əsas da insani keyfiyyətlərinə görə hörmət qazana bilmişdi.

         Səhər çağı avtobus dayanacağında adam o qədər çox idi, iynə atsaydın yerə düşməzdi. Sədəf bir an bugünkü layihənin gedişatı haqqında düşünə-düşünə adamların arasında sakit tərzi ilə dayanıb, avtobusun yaxınlaşmasını gözləyirdi. Elə bu fikirlərlə dalmışdı ki, avtobus dayanacağa yaxınlaşdı. İnsanlar arasında canlanma, bir-birini qabaqlama kimi hallar baş versə də, Sədəf də onların arasında sıxıla-sıxıla da olsa, avtobusa nə vaxt minib əyləşdiyini hiss etməmişdi. Elə təzəcə oturmuşdu ki, birdən ayaqlarındakı soyuqluq onu əyilib ayaqqablarına baxmağa vadar etdi. Çox pis bir hal baş vermişdi – ayaqqabalarının, daha doğrusu qış botlarının ikisinin də ağzı yırtılmışdı. Elə o üzdən də o, soyuq bir hava axınını ayalarında hiss etmişdi. Yanında oturan qadın qeyri-ixtiyari onun bu halına yanmış tərzdə:

  • Qızım, ayaqqabların niyə belə yırtıldı, özü də ikisi birdən?… Ayaq ölçülərin neçədir?
  • Nə bilim, ay xanım, yəqin tez-tələsik avtobusa minəndə ayağımı tapdalayan adamlara fikir verməmişəm……. bu da nəticəsi… ayağımın ölçüsü 37-dir…

Sədəf bu sözləri deyəndə ağlamsınan kimi oldu. Çarəsizlikdən nə edəcəyini bilmədi. Avtobusdakı sərnişinlərin onun ayaqqabılarına nəzər yetirməsi onu lap sıxmağa başladı. Özünü qeyri-ixtiyari aciz və köməksiz hiss etməyə başladı.

Sərnişinlərin arasında bir nəfər yaşlı adamın əlində ikinci əl satış üçün mağazaya apardığı mallar vardı. Görünən zənbilindən bir cüt ayaqqabılar Sədəfin nəzərindən qaçmadı. O xahişlə:

  • Dayı, bəlkə siz o ayaqabıları mənə verəsiz. Mən sizə pulunu ödəyərəm.

Kişi sərt nəzərlərlə Sədəfə tərəf çevrilib dedi:

  • Mən bu malları siyahı ilə mağazaya təhvil verməliyəm. Olmaz…

Sədəf yenə kor-peşman halda üzünü pəncərəyə tərəf tutdu. Nə edəcəyini bilmədi. Qeyri-ixtiyari olaraq gözündən axan damlalar onu qəm dəryasına batırdı. Dayanacaqda necə düşüb iş yerinə yollanacağını düşündü. Sərnişinlər də onun bu halına yandı. Düzdü onlar arasında laqeyd yanaşanlar, vecsizlik göstərənlər də var idi. Amma  eyni zamanda ona köməklik etmək istəyənlər də vardı. Elə bu dəm polis formasında olan bir şəxs Sədəfə bu vəziyyətdən çıxmaq üçün dayanacaqlardan birində düşüb ayaqqabı almağı təklif edəndə, digər sərnişənlərdən bir neçəsi də bu təklifə qoşuldu:

  • Adınızı da bilmirik, amma biz sizə ayaqqabı almaq barədə köməklik göstərməyə hazırıq.

Sədəf bir qədər qızarıb cavab verdi:

  • Yox, nə danışırsız, mən bu təklifi və köməkliyinizi qəbul edə bilmərəm. Bu halda ola bilər ki, mən ödənişi özüm edim. Yeri gəlmişkən, adım Sədəfdir.
  • Sədəf xanım, biz bu vəziyyətdə sizin avtobusdan düşün çarəsiz halda işə getməyinizə razı ola bilmərik, – deyə polis geyimində olan orta yaşlı adam dilləndi. Və növbəti dayanacada sürücüdən xahiş etdi ki, onu bir qədər gözləsin.

Avtobus ayaqqabı mağazasının yaxınlığında dayanmışdı. Polis Sədəfin ayaq ölçülərini yanındakı qadından öyrənib cəld mağazaya tərəf yollandı. Tezliklə bir cüt botla geri qayıtdı. Bu mənzərə avtobusdakı sərnişinlərə qəribə görünsə də, Sədəfi də bir qədər utandırmışdı. Sədəfə bir ayaqqabını belə çox görən satıcı kişi isə xəcalətindən başını belə qaldıra bilmədi. Hamı Sədəfin həm utandığını, həm də sevindiyini gördülər. Bir anlıq bütün olub-bitəni nağıl kimi fikrindən keçirən Sədəf botları ayağına geyinmədən avtobusdan nə vaxt düşdüyünü belə xatırlamadı… Hər şey arxada qalmışdı… Olanların bir yuxu kimi baş verdiyini düşünə-düşünə iş yerinin qapılarına çatdığını və aşağıda dayanan mühafizəçilərin onu səmimiyyətlə salamladığını duydu. Və bir anlıq həyatın qəribəliklərini və dünyanın yaxşı insanlardan xali olmadığını düşündü… Elə bunları düşünərək, bir anlıq yenə gülümsəyərək, ona yeni alınan ayaqabılarına baxdı….

Pin It on Pinterest