Kültür Sanat

Qafar Cəfərli –  Hekayə

Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Qafar Cəfərli    
 Çayxanada
    Hekayə

             Çayxana Azərbaycan kişisinin ən çox sevdiyi və rahatlıq tapdığı bir məkandır. Bəzən deyirlər ki, şagird,tələbə və əsgərlik yoldaşları yaddan çıxmır. İnanın ki, bir neçə dəfə çayxanada üz-üzə oturub çay içənlər arasında da sehrli bir səmimiyyət yaranır ki, səbəbi bir kimsəyə məlum deyil. Çayxanada içilən çayın dadı bir başqa olur. Eyni çayı, eyni cür evdə dəmləsələr də çayxananın ləzzətini vermir. Görünür, problem çayda deyil, çayın içildiyi məkandadır.

            Çayxanalar xüsusi ab-havası olan bir yerdir. Kişilərin rahat, çəkinmədən dərdləşə bildikləri, deyib-gülüb zarafat etdikləri, hətta qeybət üçün münbit bir məkandır çayxana. Burda xatirələr dil açır, bir-birindən maraqlı sərgüzəştlər insanı ağuşuna alıb aparır. Çayxana tək məkandır ki, pürrəngi çay süfrəsində nəinki rayonda,ölkədə, hətta dünyada baş verənlər rahatlıqla müzakirə olunur və çox vaxt həlli yolları da tapılır. Burda fikir azadlığı var, hər kəs öz düşüncəsini rahat bölüşə bilir.  

            Çayxanaların bir yazılmamış qanunu da var: burda görünən aranı kəsməməlidir. Niyəsini yazım, sizlər də agah olun.

            İki aylıq fasilədən sonra dostumun təkidli xahişi ilə dəmiryolu vağzalındakı çayxanada görüşdük. Onun çay içmək təklifi həftədə 2-3 dəfə olsa da bu cür təkidini ilk dəfə idi görürdüm. Vacib işlərim olduğunu və bu səbəbdən görüşə bilməməyimdən məlumatlı olsa da bu təkidin səbəbi mənə də maraqlı gəldi.

            Günəş yenicə “dincəlməyə” getmişdi. Gündüzün nəfəs kəsən istisinə rəğmən indi havada bir sərinlik var idi . Yaxınlıqdakı dənizdən əsən sərin meh insana bir rahatlıq, xoş əhval-ruhiyyə bəxş edirdi. Yəqin  bu səbəbdən idi ki, çayxanada boş yer yox idi. İnsanlar ikibir, üçbir, bəzən isə dəstə halında bir neçə nəfər stol ətrafında pürrəngi çaydan içib söhbət edir, deyib-gülür zarafatlaşırdılar.

            Bəxtimizdən stolların birindən üç nəfər durdu və biz qaçaraq özümüzü həmin stola çatdırdıq.Yerimizi rahatlayan kimi dostum dilləndi:

            -Bir-iki həftə demişdin, iki aydır ki, yoxsan.

            -Hə, bir az yazı-pozu işlərim var idi. Yayda kompyüter qarşısında oturmaq başqa bir əzabdır. Buna görə də bir az uzandı. Xeyr ola, bu gün gəlməyimə çox təkid elədin. Nəsə baş verib?

            Dostum qımışaraq üzümə baxdı. Bu arada böyrümüzdən keçən çaypaylayana:

            – Ay bala , iki stakan puşsuz çay gətirərsən, – deməyə də macal tapdı.   Çaypaylayan “Baş üstə” deyib aralanan kimi dostum sözünə davam etdi:

            -Özün getmisən, məni zibilə salmısan.

            -Səni niyə zibilə salıram ki?- Təəccüblə soruşdum.

            -İnanmırsan? Onda qulağın məndə olsun. Bilirsən də, gündə azından bir dəfə buranı ziyarət etməliyəm. Məndən asılı deyil, öyrəncəli olmuşam. Hər gün çayxanaya gələndə dost, tanış səni soruşurdu. İlk əvvəl: “İşi var, gələ bilmir” – deməyimlə razılaşırdılar. İkinci həftədə artıq biri mənə yaxınlaşdı ki, bəs deyirlər dostun (yəni mən) bərk xəstədir. Dedim ki, yox, yazı-pozu ilə başı qarışıb. Deyir ki, sən bilmirsən, xəstədir. Yadına gəlir, arada sənə zəng edib, halını soruşdum, bax onda bunu yoxlamaq istəyirdim. Bir-iki həftə keçəndən sonra dedilər ki, beyin insultu keçirtmisən, Bakıda xəstəxanada yatırsan. Bir müddətdən sonra isə üzümə dirəndilər ki, səni xəstəxanadan evə buraxıblar,bu gün, sabahlıqsan. Nə isə, bilmirdim ki, kimə nə cavab verim. Odur ki, dedim gələsən, səni görüb sakitləşsinlər, mənim də canım qurtarsın.

            Düzü, bu söhbətdən bir az pəjmürdə oldum. Fikirləşdim ki, ölüm haqdır, heç kim o gedişdən sığorta olunmayıb. Bir də ki, kimlərinsə dedi-qoduya, qeybətə meyilli olması mümkündür, amma bəzi adamlarda insanın ola biləcək ağır günü niyə bu qədər maraq kəsb etsin, hətta dediyində israr etdin. Sonda bu fikirləri boş verdim. Yadıma düşdü ki, elə bu dostum bir-iki ay Rusiyada olanda dedilər ki, narkotika ilə tutub qoyublar içəri. Bu barədə fikirləşirdim ki, dostum:

            -Yadına düşür, mən Rusiyada olanda burda barəmdə nələr danışıblar, -dedi. Mən də gülə-gülə:- Hə, xatırlayıram,- dedim.

            Çayxanada olduğum təxmini bir saatlıq vaxtda mənimlə görüşüb hal-əhval tutanların üzümə “qəbirdən xortdamış” kimi təəccüblə baxmaqlarından əmin oldum ki, dostum düz deyirmiş.

            Sonda qərara aldıq ki, “dost-tanışın” sağ-salamat olduğumuza əminliyi üçün həftədə ən azından 1-2 dəfə çayxanada görüşək.     

  

Qafar Cəfərli 
Qafar Cəfərli 

                                                               Lənkəran. 26.09 2025.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest