Qənd oğrusu… Ruslan Azər
Nazım Ahmetli
Kırınınsesi Gazetesi
Azırbaycan Temsilcisi
Ruslan Azər
Qənd oğrusu…
Hələ onda mənimlə yaşıd olanlar hamısı uşaq idilər.Heç nədən xəbərsiz,qayğısız,kədərsiz uşaq idik desəm,yalan olar. Biz o dövrün uşaqları olduq ki, iqtisadiyyatımız bazar, siyasətimiz oyun, dünyamız kim uddu,kim uduzdu dünyası oldu.Toxunma corabla geyindiyimiz gödəkboğaz çəkmələrimizi məktəbdən qayıdandan sonra ayağımızdan zorla dartıb çıxardığımız günlər hələ də yadımızdadır.Hələ onda indi adı kitablara salınan xalq oyunlarından oynanan vaxt idi.Az-çox böyüyə-kiçiyə, kəndə-kəsəyə hörmət var idi.Şəhərin də şəhər kimi hörməti bambaşqa idi.Kimsə ildə bir dəfə şəhərə getsəydi, ilboyu bu xatirələrini təkrar-təkrar danışar,yerə-göyə sığmayan bir yersiz lovğalıqla özünü başqalarından yüksəkdə tutar, vay orası idi ki, bu adamın şəhərdə bir qohumu-zadı işləyə idi, gəl tut, söz çatdır görüm necə çatdırırsan.Doğulan uşaq sayına yavaş-yavaş nəzarət olunan vaxt idi.Hər kəs iki oğlan,iki qız arzulayan dövr idi.Müharibə şəraiti, soyuq payız küləyi, dəyərdən düşən pul, qıtlıq hökm sürürdü.
Evləri lap elə kəndin ortasında, Qaçay kişinin qonşuluğunda yerləşirdi.Qaçay kişinin adını elə-belə çəkmədim,o kənddə bu kişinin başqa hörməti var idi.Kimsə bu kişinin qapısından əliboş geri qayıtmamışdı.Oktayın da uşaqlığı bu kənddə, hörmətli, izzətli Qaçay kişinin qonşuluğunda keçmişdi.Gün elə gətirdi ki, Oktay anasını çox erkən – 4 yaşında ikən itirdi.O dövr üçün yeni xəstəlik termini, el arasında adına MİRƏT dedikləri xərçəng xəstəliyindən öldü yazıq qadın.Oktayın anasızlığı elə ilk gündən, bəlkə də, elə ilk saatlardan hiss olunmağa başladı.Rəhmətlik Qaçay kişi danışırdı ki, o uşağın gözləri bir anlıq dəyişdi, sifəti məzlumlaşdı, sanki, sən əbədi yetim qaldın, Oktay-deyə uşağın qulağına kimsə pıçıldamışdı.
Və o gündən həmin kimsə, bir də Oktayı yada salmamışdı,onun heç bir kədərinə,sevincinə şərik olmamışdı.Beləcə Oktay sınaqdan yalnız üzünün və gözünün müəyyən məzlum görkəmi ilə çıxdı və heç nə olmamış kimi görünməyə çalışsa da,məzlum görkəm onu heç vaxt rahat buraxmadı.
Anasının yenicə qırxı çıxmışdı, hələ atası Rəhim üzünü qırxdırmamışdı.Oktay Qaçay kişinin onunla həmyaşıd nəvəsi Rüfətlə dostlaşmışdı.Onu da deyim ki, bu dostlaşma Oktayın anasının ölümündən sonra başlamışdı.Amma Rüfətin yekəbaşlığı, özündənrazı hərəkətləri günahkar görkəmə bulaşmış Oktayın heç xoşuna gəlməzdi.Bu dostluq da ehtiyacdan yaranmışdı.Ehtiyac həmişə rəzillik gətirir-deyiblər.Oktayla bir yerdə oynayan Rüfətin atası da, anası da sağ idi.Anası Xuraman elə bil öz niyyətinin yarısını, bildiyinin isə hamısını Rüfətə vermişdi.Rüfətin adambəyənməzliyi elə anası Xuramandan keçmişdi.Hələ bir dəfə Oktay anası sağ ikən Rüfətlə sözləri çəp gəlmiş, uşaqsayağı söyüşmüşdülər.Bu vaxt hər kəs öz uşağına sahib çıxmış, amma fərqli reaksiya vermişdilər.Bu zaman Oktayı bir dəfə anası, bir dəfə də atası danlamışdı,qonşuluqda bunun pis bir şey olduğunu demiş,Qaçay kişidən ayıbdır,kəndimizin ağsaqqalıdır- deyə abır-həya saxlamışdılar.Lakin Rüfətin anası Xuraman axşama qədər yazıq Oktaya qarğış etmiş, səni yetim qalasan –deyə qarğamışdı.İndi Xuraman elə bil həmin adam deyildi, yetim Oktaya da münasibəti dəyişmişdi.Rüfətə pul verəndə, Oktaya da verərdi,amma Oktayın elə anasının tərbiyəsi idi ki, heç kəsdən pul almazdı.Çünki,rəhmətlik anası tez-tez ona tapşırardı: “kim sənə nə versə, sağ ol de,alma, hər nə versələr desələr də özünü tox tut, ac göstərmə”- deyərdi.Bəlkə də,Oktayı bu yerə hazırlayırmış yazıq Ana…
Hava qaralırdı.Oktayla Rüfət yenicə dayanmış qış yağışının palçığında dairəvi dəmirdən düzəltdikləri “ o vaxtın uşaqlarının EŞDİRƏN adlandırdıqları” araba sürürdülər.Bu cür oyunlar uşaqların öz yaradıcı qabiliyyətləri hesabına ərsəyə gəlirdi.Kimin bacarığı var idisə, o da ən yaxşı tel arabası düzəldər, hava qaralana qədər oynayardı.Xuramanın səsi eşidilən kimi Rüfət Oktaya: “Ayə, mən getdim” – deyib qaçardı.Oktay isə atası işdən qayıdana kimi palçıqda veyillənər, üst-başını bulayardı.Ancaq atası Rəhim Oktaya ana qayğısı ilə yanaşardı, arabir onu özü ilə qaravulçu işlədiyi köhnə qaraja aparar, böyük yük maşınlarının necə işləməsinə, ağır-ağır tərpənişlərinə tamaşa etdirərdi.
Növbəti günlərdən biri idi.Oktay yuxudan oyanmışdı və bu oyanışda anasını xatırlamışdı, özündən biixtiyar hönkür-hönkür ağlamış,göz yaşlarını uşaq tərzilə əlinin dalına silə-silə hıçqıra-hıçqıra yerindən qalxmışdı.Artıq yavaş-yavaş zaman digər yetimlər kimi Oktayı da göz yaşları ilə ovutmuş, qəlbini ələ ala bilmişdi.Oktay artıq inanırdı ki, anası bir də geri qayıtmayacaq və bu gediş heç də istəyə bağlı olan bir şey deyil.Oktay uşaq idi, o bir anlığa köhnə fikirdən ayrılır, özündən asılı olmayan formada yanaqları dartılır, gülümsəyirdi.Oktayın atasından başqa bu kənddə heç kimi yox idi.Oktay yerindən duran kimi əl-üzünü yuyub birbaş Rüfətgilə qaçdı.Atası Rəhimə Qaçay kişinin tapşırığı idi ki, uşaq sən işə gedəndən gələnə kimi bizdə qalacaq.Oktayı elə qapıda birinci Qaçay kişi gördü.Hal-əhval tutub bir-iki xoş söz də dedi.Ancaq Oktay üçün sözməsəli özündən böyüyə misalı ilə verdiyi “salam”dan başqa Qaçay kişinin dedikləri vecinə də deyildi.İçəri girən kimi Xuraman xala qarşıladı və yerdən sərilmiş süfrənin bir qırağında oturdub: “bu dəqiqə sənə xala çay verəcək”-deyib arıq barmaqlarını Oktayın başında gəzdirdi.Oktay çörəyini yeyib çayını içəndən sonra süfrədəki qəndqabıya xeyli baxdı…
Və Xuraman xalanın üzünü yana çevirməsindən istifadə edib bir ovuc qənd götürdü, cibinə tökdü.Daha sonra Rüfətlə oynamağa qaçdı.Günü eyni qayda ilə başa vuran Oktay divanda yazıq bir görkəmdə üzüqoyulu yatmışdı, Rəhim odun peçini elə qalamışdı ki, istisinə özü belə xumarlanırdı.
Nəhayət, Rəhim Oktayın şalvarını çıxaranda cibindəki dördkünc nə isə əlinə toxundu.Rəhim Oktayın cibindən üç ədəd qənd çıxardı.Rəhim tez qalxıb qəndqabıya baxdı və bildi ki, bu qənd Qaçay kişinin qəndindəndir.Rəhimin gözləri doldu,Oktayın yatmış bədənini qucaqlayıb hönkürdü,özünü tənbeh edə-edə Oktayı yerdə salınmış yerinə uzatdı.Oktay şirin yuxuda idi və atasının ona verəcəyi bir addan xəbərsizdi…” QƏND OĞRUSU”…



Təşəkkür edirəm Nazim bəy çox sağolun