Foto GaleriGenelKültür Sanat

PAYIZ ÇÖHRƏSİNDƏ YAZDI 44 GÜN – Tapdıq Əlibəyli

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Tapdıq Əlibəyli

PAYIZ ÇÖHRƏSİNDƏ YAZDI 44 GÜN

Bürüsə də duman, çən Qarabağı,

Zəfər çiçəklədi bağrının dağı.

Yadda boz illərin çiskin-sazağı…

Payız çöhrəsində yazdı 44 Gün.

                   ***

Döyüş meydanında yenildi yağı,

Düşmən sırğa etsin qoy ağ bayrağı!

Sərkərdə gur çatıb tonqal, ocağı…

Qələbə tarixi yazdı 44 Gün!

                    ***

Vətən bel bağladı əsgərə-ərə,

Oğullar sinəsi döndü sipərə…

İşğalçı tuş gəldi Polad təpərə!

Hayların halayın pozdu 44 Gün!

                       ***

Əsir torpaqlarda sərgərdan ruhlar,

Torpağa üz sürtüb çəkilən ahlar

Xilaskar Ordumla şad bu sonbahar!..

İşğalçı ordunu əzdi 44 Gün!

XİLASKAR ORDUMUN VƏTƏN SAVAŞI

Ordumun müzəffər, haqq səsi gəlir,

Qələbə qoxulu nəfəsi gəlir…

Allahın da xoşu, həvəsi gəlir,

“İrəli!” marşından Azərbaycanın!

                   ***

Əsir torpaqlara dəyir ayağım…

Uğrunda qaynayır qan, Qarabağım!

Ali Baş Komandan – Döyüş Bayrağım,

Vətən savaşında Azərbaycanın!

                   ***

Yağı qıfilına Ordumuz açar,

Məğlub aqibətə işğalçı düçar,

Qəsbkar erməni boğulur naçar…

Sevinc göz yaşında Azərbaycanın!

                                  27 sentyabr 2020

QƏLƏBƏ TƏQVİMİN MÜBARƏK

Doğub Qarabağda zəfər günəşi,

Vətən, mübarəkdir yeni təqvimin!

Üfüqlər seyr edir yurda dönüşü,

Müzəffər əsgərə hay verir himnim.

                       ***

Vətən köynəyindən keçən oğullar

“Qarabağ bizimdir!”deyib, and içdi.

Ali Baş Komandan şəstlə: – Uğurlar!

Dilədi, Ordumuz hücuma keçdi…

                      ***

Şanlı tarix yazır Xilaskar Ordu,

Bayraq şöləsində zəfər günləri.

Mübariz, Poladlar, Şükürlər yurdu

Yağıya görk etdi mərdlik, hünəri…

                        ***

Çatıbdır düşmənin ağ bayraq vaxtı,

Silinir təqvimdən tünd qara günlər.

Qələbə coşqulu “Azadlıq” taxtı

Əsgər ayağına səpəcək güllər…

QƏLƏBƏM – QƏLP QƏLBƏ QƏLPƏ

Üzümdən-gözümdən işıq ələnir,

Qələbəm qəlp qəlbə qəlpə kimidi…

Üçrəngli Bayrağım nura bələnir,

Sevincə yaş tutan bəllidi kimdi…

                     ***

Qürurum, Sərəfim – Azərbaycanım,

Qeyrətsən, Heyrətsən, ərən şəstinlə!

Zəfər yürüşünlə qaynayır qanım,

Dünya hesablaşır artıq Səninlə!..

                      ***

Doğub Qarabağda zəfər günəşi,

Zəfərgözlü şəfəq göz qamaşdırır.

Ordumun çiynində Vətən savaşı

İşğala son qoyur, sədləri aşır…

                       ***

Şaddır Şəhidlərin zəfərlə Ruhu,

Düşməndən qisasın alındı, Vətən!

Ovunur qovrulan torpağın ahı…

Vətən, qəhrəmandır Əsgər, Sərkərdən!

                                         noyabr 2020

YAĞILAR GÖRMƏKDƏ TÜRK QÜDRƏTİMİ

Türk- Nuh peyğəmbərin oğlunun adı,

Tanrı bəxş edibdir dövlət günəşi.

Əyib zaman-zaman düşməni-yadı…

İsidib torpağı odu, atəşi.

                      ***

Nifrətim qılıncla, sevgim qopuzla

Boy verir tarixin neçə qatından.

Ulusum qovuşur Xaqan Oğuzla,

Qanım rəng alıbdır Qorqud zatından.

                      ***

Tarix səhnəsində ərlər- ərənlər

Yazıb salnaməsin ox-nizəsiylə.

Bu torpaq yetirən gör necə öndər,

Adın təsdiqləyib Türk imzasıyla!

                      ***

Hakimiyyət rəmzi – yay, məğrur Türkün;

Qovğa günlərində çəkilib tarım.

Həmişə çaparlı qoy yolu Türkün,

Qoru bu milləti, qoru, sən Tanrım!

                      ***

Ulu Odlar yurdum – Azərbaycanım

Bu gün göstərməkdə ər qüvvətini!

Esit, zərrə qədər yox həyacanım…

Yağılar görməkdə Türk qüdrətimi!

ŞƏHİDİN QAN YERİ – TORPAĞIN SAN YERİ

Şəhidin qan yeri –

Torpağın san yeri!

 Hər qarış Vətəndir,

Şəhidi an, yeri!..

           ***

Uçrəngli bayrağım –

 Hürriyət sorağım!

Azadlıq yolunda 

Şəhidlər çıragım.

            ***

Göz dikib yağılar…

Sinəmdə dağı var!

Şahidi şəhidlər,

 Nəsillər  unudar?..

          ***

Şəhidin qan yeri –

Torpağın san yeri!

 Hər qarış Vətəndi,

Şəhidi an, yeri!..

ŞƏHİD  MƏZARI

Azərbaycanın ərazi bütövlüyü uğrunda

canlarını fəda etmiş Şəhidlərimizin müqəddəs xatirəsinə

Torpaq vətənləşər Şəhid qanıyla,

Vətən bütövləşər Şəhid qanıyla,

Torpağın bətnində adı-sanıyala

Vəhdət məqbərəsi – Şəhid  məzarı.

***

Vətən köynəyindən keçən  oğullar,

Andını torpağa içən oğullar,

Vətənçün canından keçən oğullar

Qeyrət bünövrəsi – Şəhid məzarı.

***

Daşlaşan zamandır daş kitabələr,

Dindirsən hər daşı, keçmişin söylər.

Burda neçə-neçə igidlər, ərlər…

Qüdrət səlnaməsi – Şəhid məzarı.

***

Vətən qısılanda, çəkəndə ahı,

Oğullar istəyir şəhid dərgahı.

Dünəni, bu günü, həm də sabahı,

Hörmət minarəsi – Şəhid məzarı.

***

Yazılır yurdumun  qanla tarıxi,

Şəhid övladları canlı tarixi.

Vətənin, torpağın şanlı tarixi

Şan-şöhrət nəğməsi – Şəhid məzarı.

***

Qanla suvarıldı Vətən torpağı,

Qanlı köynək oldu Vətən bayrağı.

Torpağın, Vətənin rəmzi dayağı

Hürriyyət kəlməsi – Şəhid məzarı.

ŞƏHİDLƏRƏ SALAM OLSUN

Səhid – yurdun şah damarı,

Əbədiyyət, cənnət barı…

Haqq sevdalı Tanrı yarı

Şəhidlərə salam olsun!

                ***

Körpələrin yuxusundan,

Süd ətirli qoxusundan,

Dan yerinin yaxasından

Şəhidlərə salam olsun!

              ***

Ərənlərin dünyasından,

Anaların duasından,

Elin ismət, sonasından

Şəhidlərə salam olsun!

                ***

Şuşamızın havasından,

“Xarı bülbül” həvəsindən,

Qarabağın nüvəsindən

Şəhidlərə salam olsun!

               ***

Bayraq, zəfər şöləsindən,

Himnimizin hürr səsindən,

Azərbaycan kürsüsündən

Şəhidlərə salam olsun!

                  ***

Vətənin dağ, qayasından,

Məram, məslək, qayəsindən,

Arzuların boyasından

Şəhidlərə salam olsun!

                          noyabr 2020

ƏSGƏR – ƏN MÖTƏBƏR

Gözündə dan yeri sökülən əsgər –

Zülməti yenməyə hər an səfərbər!

Döyüş meydanında adı müzəffər,

Şəhiddir, qazidir! O, ən mötəbər!..

                      ***

Qarabağda  döğan zəfər günəşi –

Bayraq şöləsində əsgər gülüşü…

“44 Gün” dəyişdi haqsız  gərdişi,

Üfüqlər seyr edir yurda dönüşü…                                                   

                     ***

Savaşda əsgərin sinəsi səngər …

Silindi təqvimdən tünd qara rəglər.

Yağılar bağrına yağdı güllələr,

Qaliblər başına  səpildi güllər…

                       ***

Gözündə dan yeri sökülən əsgər –

Zülməti yenməyə hər an səfərbər!

Döyüş meydanında adı müzəffər,

Şəhiddir, qazidir! O, ən mötəbər!..

ZƏFƏR PARADI

Baş meydan başını dik tutub, Yurdum,

Sinəsin süsləyib Zəfər paradı.

Müzəffər yürüşdən dönübdür Ordum,

Şəhid, qazı, qalib – əsgərin adı!..

                        ***

Salam, 44 Günlük döyüş bayrağım!

Şöləndə şanlı yol, Vətən savaşım.

Salam, halal haqqım, Zəfər bayramım!

Səninlə üzüm ağ, ucadır başım!..

                       ***

Azadlıq meydanı meydan sulayır,

Düşüb sümüyünə Şuşa havası.

Qələbə diliylə salam söyləyir,

Himnimin səsində şövqü, həvəsi…

                       ***

Haqqın təntənəsi – Zəfər paradım

Qalibin məğluba ibrət dərsidir.

Neçə Mübarizim, neçə Poladım

Millətin əzəmət, qürur səsidir!

                       ***

Səsin, Azərbaycan, ucadan gəlir!

Simana Qarabağ işığı düşür…

Zəfər günəşinlə səfəqlənib dan,

Şahinlər gözündə yer-göy görüşür…

                        10 dekabr 2020-ci il     

   VAXTIN TAXTI – “İYİRMİ DÖRD SAAT”

Hər saniyə, dəqiqəsi

qəhrəmanlıq salnaməsi –

     “24 Saat”!

Vətən torpağına içilən and –

     Neçə-neçə Şəhid Ad…

O saatlarda Xocalı bir Bayraq dikəldi,

“44 Gün” bir boy diksinmişdi…

Daha neçə-neçə əsir-yesir yurd yerimiz

sinəmizdə çalın-çarpaz dərd-sərimiz…

Korşalan yaddaşımızın yadırğadığı,

yağıların yağmaladığı,

gəda yadların-yanların yalmandığı

yurd yerimiz Xankəndimiz

“24 Saat”la gələndə üzbəüz,

qərinələr, illər 24 saata sığındı, sığdı.

Üzündün-gözündən zəfər sevinci yağdı.

Yağdı zəfər sevinci

qələbə qoxulu qazilərin qayəsindən.

Yağdı Tanrı yarı Şəhidlərin ruhuna

Azərbaycan səmasından,

Uca Bayraq simasından,

Qarabağın havasından,

Xarıbülbül həvəsindən,

Ərənlərin dünyasından,

Anaların duasından,

Körpələrin yuxusundan,

Dan yerinin yaxasından

cənnət qoxulu rəhmət.

“24 Saat” – Azərbaycanın haqq səsi!

Hər saniyə, dəqiqəsi

qəhrəmanlıq, Zəfər salnaməsi –

“24 Saat” Qarabağ vaxtı –

     Vaxtın taxtı!

Tapdıq Əlibəyli
Tapdıq Əlibəyli

                           sentyabr 2023   

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest