GenelGüncelKültür Sanat

Eluca Atalının “İran Hizbullah zindanında “  kitabı haqqında nəzəri mülahizələr

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

 Mətanət Saraçlı

Bakı Dövlət Univeristiteti Filologiya fakültəsinin 

Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, 

AYB-nin üzvü, 

“Xarı bülbül” mükafatı laureatı.

Eluca Atalının “İran Hizbullah zindanında “  kitabı haqqında nəzəri mülahizələr

       Filosof yazarımız Eluca Atalı Vətəndən uzaqlarda yaşasa da, qəlbi Vətənlə döyünən və ürəyində bütöv Azərbaycan nisgili gəzdirən bir xanımdır. Əsər bizə tanış olan yaşanmış və yaşanan tarixdir. Güneyli soydaşlarımızın yaşadığı tarix, İran həyatının gerçək üzüdür. Müəllif bu hadisələrin şahidi və iştirakçısı kimi real faktlara söykənərək İranda Hizbullah rejiminin apardığı mürtəce siyasəti ifşa edir. İfşaçı rolunda isə müəlliflə birgə  heç bir hüququ olmayan məzlum, müti xalq çıxış edir.

       Əsər məzmununa görə fəlsəfi-psixoloji çalarlı tarixi romandır. Ancaq qeyd edək ki, əsərdə publisistika da güclüdür. Ümumiyyətlə janr qarışıqlığı bu əsərin məzmun və forma xüsusiyyətlərini fərqləndirir. Quruluşuna görə dörd kitabdan ibarət olan əsər tetralogiyadır. Nəzərə alsaq ki, o, bütöv bir dövrün ictimai-siyasi hadisələrinin geniş səlnaməsini əks etdirir və əsərin əsas qəhrəmanı xalqdır, onu epopeya da adlandırmaq olar.

Ənənəvi romanlarda olduğu kimi əsər kompozisiya elementi olan epiqrafla başlayır. Bu Asif Atadan gətirilən hikmətamiz bir fikirdir: “İnqilablar dünyanı təzələyə bilmədilər. Dünyanın dəyişməsi tez bir vaxtda köhnəlməsinə gətirib çıxardı. Şüarlar, döyüşlər, manifestlər mahiyyətcə dünyanı  köhnəlik dairəsindən çıxara bilmədi. Bunun səbəbi adamın insan olmamasıdır. Həmçinin heç bir cəza cinayəti aradan qaldırmır, islah əmək müəssisələrində cinayətkar islah olunmur. Bütün bunların səbəbi insansızlıqdır. Adam insanlaşmalıdı!”

       Əsər Güneyli yurddaşlarımızın hüquqlarını əlindən alan bir rejimin yürütdüyü siyasəti özündə ehtiva edən bizə tanış tarixdir. ”İnqilabın travması”, ”Üç vəd, üç tələb”, ”Qanlı orkestr”, ”Həyatı tabutda axtaranlar” kimi dörd kitabdan ibarətdir. On illik bu zaman dönəmində (1978-1988) baş verən qanlı faciələr, molla rejiminin soydaşlarımızın başına gətirdikləri müsibətlər əsərdə geniş əksini tapır. Müəllif bu hadisələrin canlı şahidi kimi tarixin acı həqiqətlərini göz önündə sərgiləyir.

       Fəlsəfi publisistika  çalarlı bu əsər M. F. Axundovun  “Kəmalüdövlə məktubları” kimi İran hakimiyyətinin idarə sistemini ifşa edir. Bəlkə də müəllif özü qadın olduğu üçün daha çox qadınların inqilabi fəaliyyətini və başlarına gətirilən müsibətləri qələmə alır. Birinci kitabda Səriyyə müəllimənin dilindən eşidilən “qızlarımızın beyni silahlanmalıdır” qərarı Qəmər, Fatma kimi gənc qızların həyat devizi olur.

       Onlar vaxtilə Fransız əsgərlərinin Əlcəzairi işğal edərkən qadınların başına gətirdikləri fəlakətləri əks etdirən “Cəmilə” romanını, S. C. Pişəvərinin “Nadirə” romanını, Səməd Behrənginin “Balaca Qara balıq” əsərini gizli şəkildə yayaraq, Səriyyə müəllimənin yaxın köməkçisinə çevrilir və nəhayət həbs olunaraq ağır işgəncələrə məruz qalırlar.

“Balaca Qara balıq” nağılının qəhrəmanı durmadan axına qarşı yapyalnız üzür, yorulmurdu. Əsərin cəmiyyəti oyadacağından təşvişə düşən Məhəmmədrza Pəhləvinin 1962-ci il Ağ İnqilabının mədəni islahatından sonra yaradılmış Nəşriyyat Komitəsinin üzvləri çapına ilk öncə icazə verməmişdilər, amma Şahbanu Fərəhin müdaxiləsi nəticəsində əsərin bəxtinə gün doğur və bu əsər yeniyetmə  gənclərin milli-vətənpərvərlik tərbiyəsində önəmli rol oynayır və azadlıq uğrunda mübarizəyə gedən yolda bir növ vasitəçi olur.

        “İran Hizbullah zindanında”  ənənəvi roman janrında olduğu  kimi şaxələnən süjet xəttinə, mürəkkəb kompozisiya xüsusiyyətlərinə və çoxsaylı obrazlar sisteminə malikdir. Lakin etiraf edək ki, bu obrazlardan heç biri bitkin milli xarakter səviyyəsinə yüksələ bilmir. Bu da təbiidir. Mövcud rejim danışanın dilini baş qaldıranın başını kəsirdi. Eyruz Məmmədov da kitab haqqında düşüncələrində obrazların zəif xarakterli olduğunu, mübariz olmadıqlarını vurğulayır. Hörmətli jurnalistimiz haqlı olsa da belə qəddar rejimdə yaşayan insanların ondan artıq çaba göstərə bilmək imkanlarının olmadığını nəzərə almalıdır. Əgər Eluca xanım bu problemləri qabartmaq üçün bəzi obrazların hərəkət və davranışlarına çoxlu əlavələr etsəydi, nə Səriyyə, nə Nargilə, nə Fatma, nə vodka alverçisi Zəhra arvad, nə Qəmər, nə Əşrəf  və .s. obraz kimi təbii alınmazdı. Onlar diktatura rejimində fəaliyyət göstərən süni inqilabçılara bənzəyərdi. Bizdə rejim dövründə yaradılan ideallaşdırılmış qəhrəman obrazlarını xatırladardı.

        Qeyd etmək lazımdır ki, çağdaş realizmin bariz nümunəsi olan bu əsər özündə sentimentalizm ünsürlərini də ehtiva edir. Zindanda məhkumların məşəqqətli həyatı, onlara verilən ağır işgəncələr və ərşə qalxan ah-nalələr, hiss-həyəcanlar bunu deməyə əsas verir. Eyni zamanda bəzi açıq-saçıq söz və təsvirlər də sentimentalizmin elementləri sayıla bilər.

 Əsəri oxuyan hər kəs ağır əsər olduğunu etiraf edir. Mənə elə gəlir ki, ona ağırlıq gətirən səbəblərdən biri də əsərdə postmodernist ünsürlərdən istifadədir. Müəllif müxtəlif zaman kəsiklərində olan hadisələrə dönür və modern formada dövrlə analogiya yaradır. Gah C. Karterin edamından danışır, gah Xomeyni ilə Lenin ruhdaşlığını önə çəkir, gah da Napaleonun Rusiyaya səfərini təsvir edir. Bu zaman əsərdə  aydin süjet-kompozisiya xətlərini xaos əvəz edir. Postmodernizmdə olduğu kimi sanki əsərdə obraz var, qəhrəman  yoxdur. Ona görə də biz əsərdəki janr qarışıqlığını  dəqiqləşdirməyə çalışarkən  çətinlik çəkirik. Bədiilik və gerçəkliyin əks olunduğu realizmlə saydığımız xüsusiyyətlər sintez olunub. Doğrudur, müəllif  hər hansı ideyanı vermək üşün bu priyomdan istifadə edir, ancaq etiraf edək ki, çox zaman bu oxucunu yorur.

        “ Həyatı tabutda axtaranlar” adlı dördüncü kitabda “Lenin və Xomeyni  ruhdaşlığı”  və “ Troya atı” fəsillərində xüsusilə İranın bu gün Quzey Azərbaycanda həyata  keçirməyə  çalışdığı plan açıqlanır. İslam bayrağı altında əhalini kütləvi surətdə fanatizmə sürükləmək, dini təhsil vermək adı altında cəsuslar yetişdirmək və nəhayət təsir imkanlarını daha da genişləndirərək işğalçılıq niyyətlərini gerçəkləşdirmək  kimi planların acı nəticələri ilə hər gün qarşılaşırıq və dövlət orqanları tərəfindən yüzlərlə İran cəsusu həbsə alınır. Məhz bu planları əsərdə cəsarətlə qabardan müəllif dövr, zaman üçün aktual olan digər bəşəri problemlər də qaldırır ki, bunlar ədalət, humanizm, dünyanın nizama salınması, qana-qırğına son qoyulması, nəhayət adamın insanlaşmasıdır.

      Müəllif haqlı olaraq Leninin ruhuyla Xomeynini   həmsöhbət edərək hər ikisinin timsalında təmsil etdikləri ölkələrin işğalçılıq planlarını  açıqlayır.

Xomeyni Roma papası kimi daha yüksək dini rütbə qazanmaq xülyası ilə islam bayrağı altında öz ideyalarını bütün dünya müsəlmanlarına  “sırımaq” niyətindədir. İranda oturaraq dünya müsəlmanlarının lideri kimi onları  idarə etmək istəyi ilə dəridən-qabıqdan çıxır.

Ənənəvi romanlarda olduğu kimi əsərdə digər kompozisiya elementi olan epiloqdan da istifadə olunub. Epiloq qəhrəmanların əsərdən sonrakı həyatı barədə məlumat verir və əsəri yekunlaşdırır.

      Epiloqda göstərilir ki, Hollandiyada yaşayan Güney Azərbaycanlı Yaqub Güneyli müəllifə zəng vurub ona bir hədiyyə çatdıracağını bildirir və əlavə edir ki, “bu anamın da saçlarının yer aldığı bir qız portretidir. Portreti edama məhkum olunmuş qızlar toxuyublar.” O, xahiş edir ki, yazar portretin iç dünyasını qələmə alsın. Bu söhbətdən düz on iki il sonra poçtalyon müəllifə bir sifarişli bağlama çatdırır. Uzun tərəddüddən sonra bağlamanı açan müəllif yazır:

“Orda qiymətinin təyin edilməsi mümkünsüz olan iki əşya vardı: ”Fatmanın gündəliyi və edam olunmuş qızların toxuduqları  “Qız tablosu”. Qız portretini otağımın divarından asıb, gündəliyi yazı masamın üzərinə qoydum. Bu iki əşya inqilabın gizli şifrəsini açmaqdan ötrü mənim üçün kod rolunu oynadı və mən bundan sonra Hizbullah zindanında olmuş 100-dən artıq Güney Azərbaycanlı soydaşımızla ünsiyyətə keçdim, telefon, vatsapp, skaype vasitəsilə müsahibələr alaraq dərdləşdim. Bu kitabda minlərlə edam olunmuş insanların hərəsinin ömründən bir zərrə var, bəzilərindən də hekayətlər. Müsahibə verənlərin özünə və İrandakı ailələrinə ziyan dəyməməsi üçün əsərdə adlar dəyişdirilmişdir. Adlarla yanaşı bəzən məkanları da dəyişməli oldum.”

       Qeyd edək ki, bədii əsərdə adların olduğu kimi saxlanması yaradıcılıq qanunlarına da ziddir. Məncə  “Qanlı orkestr “ adlanan üçüncü kitab daha təsirlidir. Müəllif məhbusların düşüncələrini, yaşantılarını, onlara verilən işgəncələri o qədər təbii detallarla təsvir edir ki, bədiilik donu geydirilmiş bu əsərin canlı faktlara söykəndiyinə bir daha inanırsan. ”Zindan nədir” fəslində belə bir fikir var:

“Xomeyni inanır ki, zindanlar  şəfaxana, məhbuslar xəstə, işgəncə verən pastarlarsa müalicə edənlərdir. Onun fikrincə işgəncə altındakı məhkum aldığı zərbələrin nəticəsində ruhunu təmizlətdirir. ”Biz işgəncə verib müalicə edirik, sağalmayanlar edam olunurlar.”

 “Fatmanın gündəliyi”ndən ardıcıllıqla verilən bu hissədə belə təsirli səhnələr, siyasətin iç üzünü göstərən fikirlər yetərincədir. Əsəri oxuduqca  sanki o hadisələri yaşayır və bu təbii səhnələri göz önündə canlandırırsan. Məhz buna görə də Fatma, Səriyyə, Məryəm kimi qadınları daha  mübariz olmadıqları üçün qınamırsan. Bəzi məhbuslarla edilən “edam zarafatı” Fatmaya da tətbiq edilərkən  o dizçökmə əmrinə tabe olmadıqda təpiklə kürəyinə elə zərbə ilişdirirlər ki, ağzı torpaqla dolur. Gözləri, əlləri bağlı halda üzüdivara söykənilərək hər tərəfindən güllə yağış  kimi yağdırılır: “Gecə üçdə məni yenə molla mehmanxanasındakı üç nömrəli otağa qaytardılar, hədəfə dəyməyən güllə cismimi yox,  ruhumu  dəlmə-deşik etmişdi.”

 Gündəlikdən verilən yüz on dörd günlük qeydin hər bir sətri zindan əzabının dəhşətlərini xatırladan acı həqiqət kimi qadın soydaşlarımızın ağrılı taleyinin şahidləridir. Sındırılmış ruhlarının yaşantılarıdır.

Romanın müxtəlif bölümlərində İranın istər keçmişdə, istər də çağdaş dönəmdə Quzey Azərbaycana qarşı  yürütdüyü  ikiüzlü, məkrli siyasət ifşa olunur.

Fatmanı rejimə çuğullayan təkgöz Molla son anda guya seyid babasının Qüreyşilərdən olduğuna rəisi inandırıb onun siğəsini özünə oxuyur. Fırıldaqçı tayfanın uydurmasına görə bakirəliyi alınandan sonra günahı bağışlanan dustaq qızlar edamdan sonra cənnətə düşməsin deyə bir saatlıq siğəylə  heysiyyətləri tapdanır. Guya onlar qadın kimi edam olunarsa cənnətə düşmürlər. Onları kafir kimi cəhənnəmə göndərdiklərini düşünürlər.

Digər valideynlər kimi Fatmanın atası da qızının mehr şirnisini zindanda paylamağa məcbur edilir və həyəcandan özü də bilmədən namus mücəssiməsi olan papağını qoltuğundan salıb ayaqlar altında tapdadır. Əsərdə detal kimi verilən papaq belə bir missiya daşıyır.

Əsərdəki mənfi obrazların rejimə itaəti və sədaqətinə görə ümumi xüsusiyyətləri olsa da özlərinəxas fərdi keyfiyyətləri də vardı. Xomeyni, Müntəziri, Dehqani kimi obrazlar buna bariz nümunədir. Xomeyninin kütləni idarə etmək üçün məmurlara  keçdiyi “toyuqyolma təlimi” nə qədər gülməlidirsə, o qədər də acınacaqlıdır. Diri toyuqların qışqırdılaraq tükünün yolunması cəmiyyətin idarə olunması üçün təlim kimi tətbiq olunur.

Qeyd edək ki, əsərdə müəllifin əvvəlki şah rejiminə qarşı da dərin nifrətini duyuruq və şahın da türkləri sevmədiyini hiss edirik. Öz hakimiyyətini qorumaq üçün hansı axmaq vasitələrə əl atdığı və hakimiyyət uğrunda çoxlu qurbanlar verdiyi əsərdə geniş təsvir olunur. Vaxtilə İngilis atının mehtəri olan Pəhləvi ilə Atatürkü görüşdürən yazar onun bir sərkərdə, döyüşçü, savadlı, mənəviyyatlı insan kimi şəhidlərə, onların, yadigarlarına çox yüksək qiymət verdiyini vurgulayır. Atatürk uzaqgörən  siyasətçi kimi şahı xəbərdar edir ki, vaxt gələcək, mollalar hakimiyyətə gəlmək istəyəcəklər.

Əsərin dilinə gəldikdə bədii dil xüsusiyyətlərini özündə daşıyan obrazlı dildir. Hər obrazın özünə uyğun dil fərdiliyi var. Lakin hərdən bədiilik və publisistika mübadiləsində publisistika bədiiliyi üstələyir. Bəzən də o qədər  xoşagəlim olmayan primitiv bir cümləylə qarşılaşırsan. Məs. “İstəyirəm o portretin içini qələmə alasan”. Bizə elə gəlir ki, iç dünyası daha gözəl səslənərdi.

Əlbəttə belə cümlələr çox azdır və əsərin orijinallığına, bədii xüsusiyyətlərinə xələl gətirmir.

“İran Hizbullah zindanında “  vaxtında yazılmış və  molla hakimiyyətinin başı üzərində bomba kimi partlayan  bir əsərdir. Əsər bütöv Azərbaycan ideyasının gerçəkləşməsinə  ən böyük  töhfədir. İstedadlı yazıçımıza cəsarətinə görə afərin deyir və yeni yaradıcılıq uğurları arzulayırıq.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest