Osman Fərmanoğlu

Nazim Əhmədli, şair-publisist,

“Kırımın sesi qazetəsi”nin Azərbaycan təmsilçisi.

Osman Fərmanoğlu

          AXŞAM

      Adil Cəfakeşə

Başqa cür deməyin çaşdırdı məni,
Axmadı könlümdən duru su axşam.
Qatdın bir- birinə yeddi dərəni,–
Qalmadı sözlərin durusu axşam.

                  ***

Pıçıltı dili var yaşıl yarpağın,
Həyatı göyündü, zoru torpağın…
Veysəlin sevgili “yarı torpağın”
Yarısı səhərdir, yarısı axşam…

                ***

Cavabı tapılmır ömrü nəslərin,
Yunusun sözünü yeyir, bəslənir…
Dərdinə bürünüb yatan kəslərin
İslanır gözünün qurusu axşam.

               ***

Osmanın dünəni, bu günü eyni,
Hər yanı bir görər, açılmaz eyni.
Aranı dağlara daşıyır beynim,-
Başlanır gündüzün sorusu axşam.

           TƏRS ŞEİR

Bu günün içində Cinlər qaynaşır,
Suçu gül qoxuyur,gülü suç çəkir.
Acların gözündən toxluğu daşır,-
Toxun aclığını yenə ac çəkir…

                ***

Yabı tək yeriyir kişnəyən ürgə,
Qabaqda gedəni götürür tərkə.
Xanımın əlinə verir süpürgə,
Qaraca qızlara qızıl tac çəkir.
***
Qulun Şah yanında artır xətiri,
Dərd verən dərdliyə pənah gətirir.
Kilsədə keşişə Azan verdirir,–
Məscidin mollası dönür, xaç çəkir.

                 ***

Daha hər dəridən çəkilmir köşə,
Kimsə göndərilmir düzəlməz işə.
Nə vaxtsa elindən didərgin düşən
Dönərək, yurduna sarı köç çəkir.

            ***

Osman, dov gələrək qara-qorxuya,
Cırtdan qoca devi göndərir suya…
Sağlıq arzulayır borclu borcluya,–
Xərcli xərclisindən yenə bac çəkir.

               QAPINI

Paşam, yazdan qışa düşdüm,
Açammadım dörd qapını.
Dolaşıram, bu nə işdi,-
Kəsdirəndə dərd qapını.

                  ***

Biri buzda, biri odda,
Nə gördüm ki, salam yada.
Cavan ömrü verdim bada
Gəzə- gəzə mərd qapını.

                  ***

Bir başı ki bu iki əl
Saxlamadı başına kül.
Döyməkdən döyməmək gözəl
Qaba, köntöy, sərt qapını.

              ***

Hər kimsənin öz məhləsi,
Hər məhlənin öz nəsnəsi,
Osman da şeytan fəhləsi:
“Aç qapını, ört qapını”


DAŞ ALTINDADIR

Gözümü açmağa qoymaz soyuqlar,
Yazın istəkləri qış altındadır…
Hələ göz oxşayır şirin yuxular,
Nə qədər fikirlər huş altındadır.

                   ***

Sağın verdiyini bilməz sol əli,
Soyuqdan istilik gələr, deməli.
Tamam açılmayıb işi, əməli,-
Görəcəyi işlər baş altındadır.

                      ***

Qönçənin içindən boylanan gülə,
Dolar yarpaq-yarpaq işıq tökülər.
Qara göz açılar, kirpiklər gülər,
Göz qoruq içində,qaş altındadır.

                   ***

Qarın çaylar ilə badaşdı bağrı,
Qoşular, yol gələr çöllərə doğru.
Gedənin içindən boylanar ağrı,
Gələnin iştahı diş altındadır.

                 ***

Osman, qışa baxıb ötürmə köksü,
Sən də qayna,qarış, ürəyin gülsün.
Hələ nəyi var ki, səninlə bölsün,-
Yazın da əlləri daş altındadır.

                GƏLƏR

Darıxma, əzizim, su gələn arxa,
Yayxana- yayxana yenə su gələr.
Hərə öz sözünə dayanar arxa,
Dilinə öz köhnə oxusu gələr.
***
Əllər gülümsəyər əkin–səpində,
Təbiət qaynayar köhnə dəbində.
Bənövşə gərnəşər kolun dibində,
Yarpızın bir dərə qoxusu gələr.
***
Qayaya söykənən qalatək qalar,
Ucalıq özü də düzə dost olar…
Bal dalınca gedən arı məst olar,
Çiçəyin qoynunda yuxusu gələr.
***
Osman, kimsə çatsa belə şərəfə,
İstəyi yön alar qiblə tərəfə…
Adamın könlünə vaxtın qəribə,
Çözə bilmədiyi duyğusu gələr.

            ÇOX BÖYÜDÜRÜK

Paşam,boyayaraq boş daş-divarı,
Dilbilməz xamları çox böyüdürük.
Gələn yurd boyda yurd çəkib aparır,
Kəsirli tamları çox böyüdürük..
***.
Xeyir gətirməz ki, hər çəkilən yük,
Tir tək görünəndə özgə gözdə tük.
Kölgəsi saldığı işıqdan böyük,–
Xırdaca şamları çox böyüdürük..
***.
Səhər dur, axşam yat, kimə yaradı,
Vaxt havayı keçir, ömür yaradı…
Xəyallar içində “qurur, yaradır”,–
Qurumlu damları çox böyüdürük.
***
Gəzdiyimiz halal din çıxmasa da,
Yuxular həmişə çin çıxmasa da;–
Hər paslı çıraqdan Cin çıxmasa da,
Sehirli camları çox böyüdürük…
***
Osman, ömrü boyu pərdə bürünən,
Tən gəlməz nə ölü, nə də diriynən.
Yuxarı çəkdikcə kiçik görünən–
Cılız adamları çox böyüdürük.

DAŞI ÇOX AĞIR İMİŞ…

Daşı çox ağır imiş mənim dediklərimin,
Gücüm çatmır qoruyam onları kəsəklərdən.
Özüm başa düşmürəm hələ xeyir-şərimi,-
Çilçıraq altda gözüm qamaşır bəzəklərdən.
***
Yatan kəs hardan bilər oyaq qalan nə çəkir,
Yata-yata bir ömür fürsəti fota verir…
Sən mənim ürəyimə, yağı yurda turp əkir,
Lazım olan ömrünü imdada, dada verir.
***
Baxanlar dərd axtarır hər atılan addımda,
Tərəzi bir-bir seçir nağdıları nisyədən…
Qorxular boylanmaqda Təpəgözün adından,
Gələsi heç nə yoxdu, gedən gedir kisədən.
***
Ağaclar çiçək üstə quruyur yavaş-yavaş,
Gövdəsinə sarılan sarmaşıqlar çoxalır.
Ayaqların altında yerdi ovulan daş-daş,
Bir küncdə səsi batmış lal aşıqlar çoxalır.
***
Mənim adım yarıtmaz, sənin işığın ölgün,
Hansımız suçlu çıxdıq bu qara aldanışdan.
Böyük başlar yeriyir üstümə əldə bölgü,-
Bu yaz çətin salamat adlaya qarlı qışdan.

             BİTMƏZ

Belə ki yol gəlir, bu gələn yazın
Çiçəkləri açmaz, gülləri bitməz.
O şəhid oğlanın,o nakam qızın
Dalınca duz dağı-selləri bitməz.
***
Gözləri önündə qurar alaçıq,
Dərdli dərdlərinə eyləyər acıq.
İmtahana çəkən olanda aclıq,
Qeybdən əsən qara yelləri bitməz.
***
Böyük ağrıların yarası dərin,
Yönü məzaradı qərənfillərin.
Canı od içində yanan yerlərin
Başlara ələnən külləri bitməz.
***
İstər sədəf düzdür, istərsə qotaz,
Könlün istəyən tək ötən deyil saz.
Çəkinə-çəkinə yeriyər bu yaz,-
Üstünə uzanan dilləri bitməz.
***
Osman, öyünməyə nə qalıbdı ki,
Baxan gözlərə qan sağılıbdı ki…
Gözümüz o qədər dağınıqdı ki,
Korluğa aparan milləri bitməz.

       TEZ ƏLƏ

Ömrümü gül bilib dərdin əlinlə,
Canım girov oldu dərdin əlində.
Un tək üyünürmüş dərdin əlində,
Götür ələyini tez ələ, gözəl.
***
Ocağın başında qarıdı qalan,
Kül saldı, külləndi, qarıdı qalan.
Üstümə tökülən qarıdı qalan,
Qarını, buzunu təzələ, gözəl.
***
Bəxtimə yazılan səndin o yanda,
Könlümü ustufca səndin oyan da.
Məni urcah edən səndin o anda,
Yetər, and- qəsəmi tez elə, gözəl.
***
Suçunu almadı Osman kimsənin,
Sən kimi tutdun ki, tuta kim səni?
Salma gəl zavala bir də kimsəni,-
Gedən gələndisə tez gələ, gözəl.

Pin It on Pinterest