Kültür Sanat

Mirzə Ələkbər Sabir

Mirzə Ələkbər Sabirin müəllimliyi Və yaxud M.Ə.Rəsulzadənin atası Axund Ağa Rəsulzadənin uğurlu yol arzuladığı şair-M.Ə.Sabir (1862,Şamaxı-1911,Şamaxı) 2012-ci il may ayının 30-da Azərbaycanın böyük şairi, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyi tamam oldu. Aradan xeyli keçməsinə baxmayaraq, hələ də dahi şairin müəllimlik fəaliyyətinin işıqlandırılmasında kitablardan kitablara keçən məşhur səhvlər təkrarlanır. Maraqlı burasındadır ki, bu səhvlər şagirdlərin elmiliyinə doğruluğuna inandıqları və güvəndikləri güvəndikləri dərsliklərdə də özünə yer tapır, müəllimlərin çoxu da bu səhvləri şagirdlərinə həqiqət kimi təqdim edirlər. M.Ə.Sabirin qısa müəllimlik fəaliyyətinə həsr edilmiş bu yazıda yeri gəldikcə şagirdlərimizi çaşdıran məqamlara aydınlıq gətiriləcəkdir. Bu səhvləri bu gün deməsək, bu gün redaktə etməsək, sabah artıq gec olacaqdır. Necə deyərlər, sürətlə şütüyüb gedən elektrik qatarının arxasınca baxa-baxa qalacağıq. *** Sabir çoxəsrlik Azərbaycan poeziyasının ənənələrini öz yaradıcılığında əks etdirməklə yanaşı, ictimai fikrin formalaşmasında da öz rolunu göstərən söz ustalarından biridir. “Molla Nəsrəddin” jurnalı ətrafında formalaşmış ədəbi cərəyanın ən parlaq simalarından olan Sabirin yaradıcılığının əsas mövzusu maarifə, elmə çağırışdır ***Sabir maarifçilik ideyalarını təbliğ edən şeirlərinin müəyyən hissəsini hələ müəllimlik etmədiyi illərdə yazmışdır. Onun ilk mətbu şeiri “Şərqi-Rus” qəzetinin 27 iyun 1903-cü il tarixli 37-ci nömrəsində dərc olunmuş 23 beytlik təbrik qəsidəsidir. Şeir Tiflisdə Azərbaycan dilində M.Şahtaxtinskinin redaktorluğu ilə “Şərqi-Rus” adlı qəzetinin nəşrə başlaması münasibətilə yazılmışdır. Görkəmli söz ustası Mirzə Ələkbər Sabirin məktəb həyatından söz açan tədqiqatçıların çoxu onun əvvəlcə bir neçə il mollaxanada, sonra isə 1874-cü ildə Şamaxıda açılmış “Məclis məktəbi”ndə oxuduğunu yazır. Bu, adi təbrik, etik baxımdan elitar cəmiyyət üçün məqbul görünən sayğı deyildi. Bu təbrik adı hələ o vaxtadək geniş oxucu kütləsinə məlum olmayan Ələkbər Tahirzadənin maarifçi poeziyaya gəlişinin təsdiqi idi. Burada hələ poeziyamızın inqilabi satirası yox idi. Bu, ipək yolunun üstündə, müəllimi S.Ə.Şirvaninin kimsəsiz qalan məzarından 4-5 dəqiqəlik yolu-zaman məsafəsi olan evindən Tiflisə sarı boylanıb pıçıltı ilə tərif oxuyan 41 yaşlı şamaxılı Ələkbərin poeziyaya atılan ilk rəsmi və qətiyyətli addımı idi. Bəlkə kiməsə qəribə görünəcək: saymışam, bu şeirdə izafətlərlə bir yerdə 199 söz var. Başqa yanaşma ilə, şeirdəki sözlərin sayını sayı 5-10 dənə artırmaq olar. Bugünkü ziyalılar, hətta bəzi akademiklər üçün çətin sözlərdir. M.Ə.Sabir əvvəlcə mollaxana təhsili almışdı. Mollaxanadan sonra məşhur “Məclis məktəbi”ndə cəmi 2 il təhsil almışdı. O, burada S.Ə.Şirvanidən dərs almış, S.M.Qənizadə ilə sinif yoldaşı olmuşdur. XI sinfin dərsliyində Sabirin “Məclis məktəvində 11 il (1874-1883-cü illərdə) oxuduğu göstərilir və iradlara baxmayaraq, həmin səhvlik nəşrdən dərsliyə kölgə salır. Yadınızdan çıxmasın ki, 1883-cü ildə Sabirin 21 yaşı var idi. M.F.Axundzadədən başqa hələ heç kim bu yamda ibtidai məktəbdə oxumayıb. S.M.Qənizadə xatirələrində Sabirin “Məclis məktəbində cəmi iki il oxuduğunu yazır. M.Ə.Sabir zəngin pedaqoji ənənələri olan, güclü zəlzələdən sonra paytaxt statusu əlindən alınan qədim bir şəhər mühitində-Şamaxıda pərvazlanmış, buradakı zəkalı müəllimlərdən dərs almış, həm Şərq, həm də Qərb pedaqoji fikrini dərindən öyrənmişdir. Bunu onun Uşinskidən və Mozdolevskidən etdiyi tərcümələr də təsdiq edir. *** M.Ə.Sabirin müəllimləri yaradıcı müəllimlər idi: onların hər ikisi dərslik yazmış, dövri mətbuatın formalaşmasında və inkişafında, xalqın maariflənməsi yolunda fəal iştirak etmişdir. Cəlaləddin Ünsizadə sonralar “Ziya” və “Ziyayi-Qafqasiyyə” qəzetlərinin, “Kəşkül” jurnalının və “Kəşkül” qəzetinin redaktoru olmuş, S.Ə.Şirvani iki dərslik yazmış, bütöv bir elmi-tədqiqat institutunun kollektiv şəkildə çətinliklə bir il ərzində görə biləcəyi işi təkbaşına yerinə yetirmişdir: o, 300-dən artıq şairin həyat və yaradıcılığını əks etdirən təzkirə-ədəbiyyatşünaslıq əsəri yaratmışdır. C.Ünsizadənin Sabirə və onun şagird dostlarına dediyi hesab dərslərinin konspektləri əsasında 1884-cü ildə Tiflisdə öz şəxsi mətbəəsində çap etdirdiyi “Hesab” dərsliyi uzun müddət Zaqafqaziyanın türkdilli ibtidai məktəblərin əsas dərs vəsaiti olmuşdur. Məclis məktəb”ində ana dili və şəriət müəllimi işləyən S.Ə.Şirvani Sabirin “şair və tərcüməçi kimi yetişməsində böyük rol oynamışdır. M.Ə.Sabir hələ məktəb illərindən Şərqin Ömər Xəyyam, Nizami Gəncəvi, Sədi, Xacə Hafiz, Bəhaiddin kimi şairlərinin yaradıcılığına yaxşı bələd imiş. Onun farsdilli poeziyadan ilk mükəmməl tərcümələri məhz məktəb illərinə təsadüf edir. M.Ə.Sabirin ən yaxın şagird yoldaşı və dostu S.M.Qənizadənin yazdığına görə, Ələkbər “Məclis məktəbi”ndə cəmi iki il oxuyub. O, uşaqların hamısından talantlı imiş, hələ şagird olanda Nizami Gəncəvinin ”Xəmsə”sini fars dilindən Azərbaycan dilinə tərcümə edirmiş. Atasının təkidi ilə iki ildən sonra “Məclis məktəbi”ndən uzaqlaşan Sabir atasına ticarət işlərində kömək edir. O, bir müddətdən sonra atasının icazəsi ilə Səbzəvar, Xorasan, Nişapur, Buxara kimi şəhərlərə səyahətə çıxır. Səfərdə olarkən atasının ölüm xəbərini eşidən Sabir Şamaxıya qayıdır və böyük qardaşı ilə birlikdə böyük ailənin qayğılarını çəkməli olur: hər cür ağır işin qulpundan yapışır, çətinliklə çörəkpulu qazanır. Evlənəndən və yeddi qız atası olandan sonra Sabirin həyatı daha da çətinləşir. O, 1907-ci ilin sonlarında o vaxt Zaqafqaziya Müəllimlər Seminariyasında inspektor (müfəttiş) işləyən məktəb dostu S.M.Qənizadəyə giley dolu məktub yazır, düşdüyü çətin vəziyyətdən şikayətlənir.Dostu cavab məktublarının birində Zaqafqaziya Müəllimlər Seminariyasında yaxın vaxtlarda bir müəllim yeri boşalacağını və müəllimlik kağızı olacağı təqdirdə Sabirin bu vəzifədə işləyə biləcəyini ona xəbər verir. (Seminariyada şiə məzhəbindən olan tələbələrə ana dili və şəriətdən dərs deyən F.Köçərlinin daha yüksək vəzifəyə (müfəttiş vəzifəsinə) təyin olunacağı gözlənilirdi-N.N.).  Məsələ burasındadır ki, o vaxtlar savadlı adamların Quberniya Ruhani idarələrinin birində yüksək səviyyəli komissiya qarşısında imtahan vermək yolu ilə attestat alması mümkün idi. Sabir bu əlverişli imkandan istifadə etmək qərarına gəlir. O, bu məqsədlə  1908-ci il fevralın 12-də Bakı Quberniya Şiə Ruhani İdarəsinə ərizə ilə müraciət edir. Rəsmi dairələrdə Mirzə Ələkbər Məşədi Zeynal oğlu kimi tanınan Sabir aprelin 11-də Bakıda Came məscidində imtahan verir. Onunla imtahan verənlərin demək olar ki, hamısı yaşadıqları ərazilərin tanınmış din xadimləri idi, yazı-pozu əhli idi, lakin heç birinin Zaqafqaziya Ruhani İdarəsində təsdiq olunmuş “prixod mollası və müəllim” attestatı yox idi.   Aydınlıq üçün deyək ki, “prixod mollası və müəllimlik attestatı” imtahanları Qafqaz Canişininin 5 mart 1876-cı ildə təsdiq olunmuş Əsasnaməsinə uyğun olaraq aparılırdı. Əsasnamə əsasında tərtib olunmuş proqrama görə, attestat almaqdan ötrü imtahan verən hər bir şəxs müəzzin (azançı) üçün tələb olunan sözləri düzgün tələffüz etməli, namaz qaydalarını, təlqin (ölü basdırıldıqda qəbir üzərində oxunan dua- N.N.) və dəfn qaydalarını bilməklə yanaşı, müəllimlik vəzifəsinin üsullarına da bələd olmalı idi. İddiaçıdan Azərbaycan və fars dillərini mükəmməl bilmək, yaxşı xətlə yazmağı bacarmaq tələb olunurdu. Quranın oxusunda orfoepik normalara əməl etmək, cümə günü və dini bayram günlərində tələb olunan dini mərasim tədbirlərini icra və təşkil etməyi bacarmaq, kəbin (nikah ) və boşanma qaydalarını yaxşı bilmək, qan və süd qardaşlığı qohumluq dərəcəsini müəyyənləşdirmək bacarığı proqramın əsas tələblərinə aid idi. Prixod mollası və müəllimin öz fikrini tatar (Azərbaycan-N.N. ) dilində yazılı şəkildə ifadə etməyi bacarması da vacib şərtlərdən biri kimi qiymətləndirilirdi.Rus və fars dilərində yazılmış imtahan protokollarının sonunda iddiaçının prixod mollası adına layiq olub-olmaması xüsusilə vurğulanırdı. Mirzə Ələkbər Məşədi Zeynal oğluna və onunla bir yerdə imtahan verənlərə aid imtahan sənədlərini Bakı Quberniya Ruhani Məclisinin sədri, Quranın Azərbaycan dilinə ilk tərcüməçilərindən biri olan Hacı Mir Məhəmməd Kərim Hacı Mircəfərzadə, məclis üzvləri Axund Ağa Rəsulzadə (M.Ə.Rəsulzadənin atası-N.N.) və Axund Ağa Əlizadə imzalayıblar. Sənədlər baxılmaq və təsdiq olunmaq üçün aprelin 19-da Tiflisə-Zaqafqaziya Ruhani İdarəsinin sərəncamına göndərilmişdi. O vaxt artıq bir neçə ay idi ki, Zaqafqaziyada şeyxülislam vəzifəsi boş idi: 1879-cu ildə Qori Müəllimlər Seminariyasının müsəlman (Azərbaycan-N.N.) şöbəsi açılan gündən burada oxuyan şiəməzhəb tələbələrin ana dili və şəriət müəllimi olmuş, sonralar uzun müddət ruhani idarəsinə rəhbərlik etmiş Əbdüssəlam Axundzadə 1907-ci il noyabrın 18-də ömrünün 64-cü ilində vəfat etmişdi. Aprelin 22-də Tiflisə çatdırılan imtahan sənədlərinə Zaqafqaziya Ruhani İdarəsinin üzvləri tərəfindən dövlət nümayəndələrinin iştirakı ilə mayın 5-də baxılır. 1908-ci il mayın 7-də Bakının Qobu kənd sakini Molla Abdulla Hacı İsmayıl oğluna, qalalı Molla Əbdülhəmid Kərbəlayı Hacı Vəli oğluna, Göyçayın Alpoud kənd sakini Mehdi bəy Molla Əbdülhəsən Kərbəlayı İsmayıl oğluna və şamaxılı Mirzə Ələkbər Məşədi Zeynal oğluna prixod mollası və müəllimlik attestatı (diplomu yox- N.N.) verilir.  Mirzə Ələkbərin bəxtinə 944 nömrəli attestat düşür.  M.Ə.Sabir müəllim işləmək üçün attestatı Şamaxı Əhli-Təsənni Ruhani İdarəsinin xəttilə də ala bilərdi. Şeirlərinin birində yazdığı kimi, onun babası sünni, nənəsi isə şiə idi. O, sünni ruhani məclisinin sədri Hacı Məcid Əfəndi Əfəndizadə ilə səmimi dostluq münasibətində idi. 1908–ci il fevralın 29-da vəfat edən Məcid Əfəndinin matəminə Sabirin iki mərsiyə yazması bu münasibətdən irəli gəlirdi. Mirzə Ələkbər Məşədi Zeynal oğlu Bakı Quberniya Şiə Ruhani İdarəsinə müəllimlik attestatı almaqdan ötrü göndərdiyi ərizəni Məcid Əfəndinin ölümündən 17 gün əvvəl – fevralın 12-də yazmışdı. Sabirin Bakı Quberniyası Şiə Ruhani İdarəsindən attestat almaq istəyi onun Zaqafqaziya Müəllimlər Seminariyasında şiəməzhəb uşaqlara dərs deyən Firudun bəy Köçərlinin yüksək vəzifəyə gedəcəyi təqdirdə boşalacaq yerdə işləmək arzusundan irəli gəlmişdi. Təəssüf ki, bir neçə kitab müəllifi olan, ədəbiyyatımızın tarixini həm rusca, həm də azərbaycanca yazan, Sokratın təlimini “Təlimati- Sokrat” adı ilə tərcümə edərək pedaqoji elmimizi zənginləşdirən, bacarıqlı tərcüməçi olan F.Köçərlinin ali təhsili olmadığı üçün nəzərdə tutulan istək reallaşmadı. Başqa sözlə, Sabirin Qərbə istiqamətlənmiş yürüşü də məhz buna görə baş tutmadı. Əhvali-ruhiyyəsi gərginləşən, artıq səkkiz övlad atası olan şair (yeddi qızdan sonra Sabirin bir oğlu da dünyaya gəlmişdi) ailəni müəllim işləmək yolu ilə saxlamaq qərarında israrlı olur. M.Ə.Sabir 1908-ci ilin iyun ayında “Tazə həyat” qəzetində Bakıda təzə açılan “Səadət “ adlı məktəbə iki müəllim tələb olunduğunu oxuyur. O, tərəddüd etmədən məktəbin rəhbərliyinə yazılı şəkildə müraciət edir, lakin Sabirin müəllim işləmək, cəhalət qaranlığında əzab çəkən vətən övladlarına dərs demək, onlara maarifin işıqlı yollarını göstərmək arzusu baş tutmur: attestatlı şairin ümid dolu məktubu cavabsız qalır. 1908-ci ilin sentyabrında Şamaxıda “Ümid məktəbi“ adı ilə bir təhsil ocağı açılır. Sabir çətinlik çəkmədən bu məktəbə işə düzəlir. Bu işdə M.Ə Sabirə o vaxtlar Bakı-Dağıstan Məktəblər İdarəsinin inspektoru (müfəttişi) S.M.Qənizadənin kömək etdiyi şübhəsizdir. Məktəbdə Sabirlə yanaşı, Hacı Baba Zamanov soyadlı gənc bir müəllim də işləyirdi. O, Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu idi. Bu faktları da xatırlamaq yerinə düşür ki, S.M.Qənizadə Qərb təmayüllü ali pedaqoji təhsil almış ilk azərbaycanlılardan biridir: S.M.Qənizadə, onun həmşəhərlisi Həbib bəy Mahmudbəyov, qutqaşınlı (indiki Qəbələ-N.N.) Süleyman bəy Əbdürrəhmanbəyov 1887-ci ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutunu bitirmişdilər. S.M.Qənizadə H.Mahmudbəyovla birlikdə 1887-ci ildə Bakıda yeni tipli təhsil ocağı-“Rus-Müsəlman məktəbi“ yaratmış, qısa bir müddətdə belə məktəblərin sayı xeyli artmışdır. “Məktəb“ jurnalının 1912-ci ildəki 21-ci nömrəsində S.M.Qənizadənin türk dünyasının görkəmli ziyalılarından biri olan məşhur pedaqoq və mühərrir İsmayıl bəy Qaspralı ilə maarif cəbhəsindəki işbirliyindən söz açılır. Yazıdan aydın olur ki, S.M.Qənizadə və İ.Qaspralı Türküstanda-Səmərqəndə “Rus- Müsəlman Məktəbi“ yaratmışdılar. 1910-cu ilin əvvəllərində Sabir Bakıya gəlir, S.M.Qənizadənin köməyi ilə, “Nəşri-maarif” cəmiyyətinin xətti ilə açılan Balaxanı kənd məktəbində işə düzəlir. Sabir bu məktəbdə bir ildən artıq işləyir. Bir neçə ay xəstə yatan Sabir 1911-ci il iyulun 12-də dünyasını dəyişir. Hələ attestat almamışdan əvvəl xalq içində Mirzə Ələkbər kimi tanınan, ana dili ilə yanaşı, fars və ərəb dillərini də şeir yazmaq dərəcəsində mükəmməl bilən, dövrün vacib və qaçılmaz tələbi ilə rus dilini də öyrənməyə məcbur olan Mirzə Ələkbər Məşədi Zeynal oğlu Tahirzadənin (Sabirin, Hop-hopun, Ağlar-Güləyənin, Çayda çapanın, Nizədarın, Din dirəyinin, Dindarın, Ə.S.Şirvaninin…) məktəbdəki müəllimlik fəaliyyəti cəmi üç il davam edir.Yaxşı müəllimlərin yaxşı şagirdi olan, xalq pedaqogikasının incəliklərini mükəmməl bilən, Azərbaycan dilinin musiqi və təranələrini bu dili bilənə də, bilməyənə də sevə-sevə sevdirən M.Ə.Sabirin ictimai-siyasi həyatımızdakı, mənəvi dünyamızdakı müəllimliyi isə dünya durduqca, ağıllı sözə ehtiyac duyulduqca davam edəcəkdir. 

Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov

Nazim Nəsrəddinov,Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq
Bakı02.02.2020

Pin It on Pinterest