GenelGüncelKültür Sanat

MAHİRƏ ABDULLA –   Şeirlər

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Yazıçı, rəssam, publisist Mahirə Abdulla Azərbaycan Respublikasının Zəngəzur mahalında anadan olub.İxtisasca jurnalistdir.Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.Psixologiya üzrə fəlsəfə doktorudur.
18 şeir və nəsr kitabının, “Qatmaqarışıq Nizam” rəsm və fəlsəfi esselər albomunun müəllifidir. Əsasən vətənpərvərlik və fəlsəfi mövzularda yazır.
MAHİRƏ ABDULLA
Bu şeirlər Qarabağ işğalda olanda yazılıb.
                          Şeirlər
Mahirə Abdulla
Mahirə Abdulla

               ALLAHIN ƏTƏYİDİ

Fani dünyada insan doğulandan eşq uğrunda

Allahla mücadilə edir,

anlamazlar divanədi, anlayanı dəli edir.

Allahın ətəyidi, yapışıb göylərdə durursan,

əllərin üzüləndə çölə düşüb qudurursan.

Mənim eşq adlanan o ulu yalana inamım qururyub,

bir insana yetərlidi, damarımda qanım quruyub.

Koram elimin yanında, indi ruhumla görürəm,

bütün eşqlər yalanmış, bir ovuc torpağım üçün ölürəm.

İnsanı didərgin salıb, bu da şeytanın elmidi,

Bu eşq ki var, Allahın insana zülmüdü.

Zülm -haqq aşiqidi, insanı çöllərə salıb divanə edir.

Özü tör-töküntüdü, bütövü xırdalayb dənə edir.

Mən Vətən aşiqiyəm, Vətən divanəsiyəm,

Kim ki Vətənimi sevmir, o pisliyi mənə edir.

DƏRZƏ DƏRYAZ DƏYİB

Dərzə dəryaz dəyib, sünbül həşəmdi,

yurdsuzluq dərd deyil, peşəmdi.

                 ***

Öfkəm qana vurub, başım dərddə,

dərd deyil–peşəmdi.

                   ***

Ağacın çopurunu yarpaq örtür,

kişinin abrını papaq örtür,

mənim yurd həsrətim üç yol ayrıcında ləlöyün,

Topağacda lalə kimi pörtür.

               ***

Düşmənim dayanıb güdükdə,

namərdi almışam nişana,

güllələr çavıyıb yan gedir.

Yurdum gedib, onunla can gedir.

                        ***

Papaqlar necə durur başlarda,

qanımın qaynayan vaxtına tüşüb,

qurumur qumru daşlarda.

               ***

Kəklik yuva qurmaz qanda,

pərvazlanan ümidləri yuvadan uçurmaz,

ağlar ruh uyumur canda.

Qadınam bir əlim körpə tutur,

məni tək qoymayın meydanda.

MİLYARD DƏFƏ DİRİLİB

Kəndirim kəsilib göydən,

qollarım düşüb heydən.

Bəxtım yüyrək, bəxt atım kür,

ala buludlar rəngdən-rəngə düşüb,

qanad-qanad qar tökür.

Bağlı sərhədlərdə təpik döyən ayaqlarım

tər tökür.

                ***

Vətən, çəkə bilməzlər daşını-torpağını

ayağımın altından,

milyon dəfə ölüb,

milyard dəfə dirilib,

yenə keçəcəyəm qılıncının, bayrağının altından.

                SİYASƏT

Bu siyasət deyiləni mən də bilirəm,

siyasətlə neçə ev yıxırlar gündə, bilirəm.

Haqqı blib susmaq – siyasət,

qapı deşiyindən pusmaq – siyasət.

İstəyirsən on barmağını gözümə sox,

bu siyasətlə yaşamağa niyyətim yox.

Bilirəm siyasətsiz insanı key bilirlər,

haqqqın qapısına ayağım ucunda gəlirəm-

xəbər tutmasınlar, iy bilirlər.

Zülmə gündə yüz dəfə mədhiyyələr oxudurlar,

mən haqqı çağıranda zənguləmi qoyunu qaytaran ney bilirlər.

CƏPƏKİ YAĞIŞLAR YAĞMADI

Hər şeyin başında bir səbəb durur.

Bir səbəb də Allahımdı.

Qorxdum Allahdan sormağa,

üzrsüz sormaq  günahımdı.

Camaat qələm yabısını sağa-sola səyirdir,

min ilin öküz gönünü

qorxağın cəhrəsində ipək kimi əyirir.

Düz yollar daşlıdı, mən gedə bilmirəm Qarabağa,

çəpəki yağışlar yağmır qəlbimin niskilini yumağa.

Göylər səbr qazanının dibini sivirib,

Allah çoxdan dönük övladlarından üz çevirib.

                   ***

Yurdsuz ömür – səfalətdir,

dərdsiz həyat–cəhalətdir,

bu torpağı qorumaq–şərafətdir.

               ***

Qanqal kərəntiylə biçilər,

·        satqın özünü burcudar,

canını almaq cəsarətdir.

Görmədiniz Mahirənin halətini,

səbrimin qaşığı qab çatladır.

Əli, ayağı quru belə lehmələri çox adladım.

MƏNİM QARAÇUXAM – QARABAĞIMDI

Mən Allah deyiləm günahı sevəm,

mənim sevgilərim bar ağacımdı.

Mənim lənətlərim Xudadan deyil,

mənim alqışlarım dar ağacımdı.

                 ***

Məni bu ayrılıq çoxdan bitirib,

gözündən kiprik tək salıb itirib,

Yurdun qapısına gəlib çixmışam,

ümid qollarıma girib gətirib.

              ***

Cırdım ayrılığın ağ varağını,

gözəllik gözümdən gəldi töküldü.

Umsundum görəndə yaz növrağını,

qaldım qapısında, təzədən öldüm.

                  ***

Göydəki almalar çoxdan paylanıb,

ömrün zirvəsinə çatdıran budu.

Bir ömür – bir qismət, Allah yetirə,

Buta bağçasından alma gətirə-

bəlkə ümid deyil, yatırım budu.

               ***

·        Mənə el içində yurdsuz dedilər,

başımı kəssən də, qanım çıxmayır.

Mənim Qaraçuxam – Qarabağımdı,

yüz yol öldürürlər, canım çıxmayır.

İSA MƏSİHİN SİCİMİYLƏ

İnsanlar haqqı seçmədi.

İlğım əvvəllər həmişə axıra gələcək.

                   ***

Çobanlar haylayıb, gediblər,

aldanmış arzularım yenə boş axura gələcək,

                            ***

Əlimizdən nə gəlir daha.

Yalanlar dilimizdən,

sevgimiz gözlərimizdən çəkilir çarmıxa,

                    ***

Bəziləri bilmir, amma mən bilirəm hara çəkilirəm,

İsa Məsihin sicimiylə

həqiqəti deyən dilimdən dara çəkilirəm.

                   ***

Yurdsuzam, ölə bilmirəm.

Hər dəfə dar ağacı kimi

günahlarımızı dara çəkməyə.

yenə yerdən qalxıb yenə dikəlirəm.

DÜNYA HAYIL-MAYILDI

Bir kəndir asılmışdı ağacın haçasından,

palıd yarmaçasından.

Ağacdələn kötükləri közəyir.

Allaha bax, durub ömür gözləyir.

Bu qoca da  mənim kimi

çaşdırıb dünyanın dörd çəhətini,

sorğular kəsib əhdini.

Ömür öləziyir,

dünya əzabına ilişib, sapına keçməyir,

taleyindən yapışıb, zamanını vərləyir.

Bu, yaşamaq deyil,  çürüyür, çərləyir.

               ***

Bir insan da tirtap düşüb.

Allahın yanında ərköyündü,

laldı, ac- löyündü,

dili, ağızı yoxdu,

ipə keçəsi boğazı yoxdu.

                  ***

Zaman ümidlərini döşdən ayırdı.

Bir uşaq da ana qarnında

əli sinəsində

gözl riyl  ulduzları sayıb ağlayırdı.ə ə 

                        ***

…İpilıq yağışdı.

Yurdumdu, otdu, yaylaqdı, biçənəkdi,

göz yaşlarıyla ürəyimi yuyub suya çəkdi.

AĞLIN NAĞILI

Bu azadlıq deyən yoxdu, hər kəsin öz içində

 ayrı adda,

ayrı biçimdə.

Yovşan qoxusu da var, pul qoxusu da.

Gündüzün qamçısında,

 gecənin tər yuxusunda daha dərindi azadlıq-

elə girdab kimi-

səhər qapı döyülməmiş gələn dolu boşqab kimi.

               ***

Bu dolu boşqablar da bir az şübhəli,

içində burulanı, səndən sorulanı da bilmirsən,

ya da təxmin edirsən.

İçinə xəyanət zəhəri qatılar, bəli,

yeyib özünü girdabin dibində görərsən,

alıb ölürsən, almayıb da ölərsən.

                   ***

Bilmirsən niyə aldın bu qabı,

azadlığın qəhrini çəkmək,

almamaq – bax, budu azadlıq!

İnsansan, içini deşəcək minnət əzabı,

şeytansan, önəmli deyil,

aşı bizim aşımız kimi dəmli deyil.

Fürsətdi, onu da daim bada vermişəm,

doğmanı belimə alıb, ipini yada vermişəm,

yarıda vermişəm.

Yad doğmadan insaflıymış, buraxıb yarı yolda məni,

Allah dostlara da qismət etsin insaflı düşməni.

Mən xəyanətin dadını məndən sonra doğulan bacıma

anam döş verəndə görmüşəm,

özümü yerə çırpıb zarın-zarın ağlamışam,

ikinci uşağım doğulanadək anamdan incikdim…

                     ***

İnsan olub – azadlığını itirmək?

Bu nağıl quzulayır, bitmir.

İpim-itiyim bir xaraba yurdun,

itin-qurdun əlində.

Başım dəyməyib əlhət daşına,

niyə ağıllı olum, ağılla nağıl bitmir.

                ***

Sonun uçu var, uçuzluğu üçün var,

hələ dən üçün ovuca gəlirəm.

Son başlamamış azadlığın havasına

uça-uça gəlirəm.

QİYAMƏT OLUBDU

Dedilər dünyanın son günü gəlir,

Bu mənəm, dünyanın küskünü gəlir.

Görmək istəyirdim pisin halını –

Nəhayət, Allahın fikrini gördüm.

        ***

Sular günahları silib-süpürür,

Dağlar başımıza palçıq tüpürür.

Haqdan danışanın üzünə baxdım –

Xəyanət tərinin çirkini gördüm.

           ***

Dünya düzgünlərə tələ kimiydi,

Şeytanlar imana gələn kimiydi.

Malının, pulunun dərdini çəkir –

Son gündə dinsizin şükrünü gördüm.

                 ***

Qiyamət olubdu, insan bilməyir,

Ulduz düzümləri haqq-hesab anı.

Ağılsız başlara hələ girməyir-

Allahın yenidən zikrini gördüm.

ZƏNGƏZUR DİVANI

Qədim türk diyarı Qubadlıda…

Kirs dağlarının yumruq düyünlü,

 qızboxçalı, qantəpərli,

qaplan qayalardan çəpərli Ziyarət dağının məxmər ətəyində

əlim dondu qələmin tətiyində…

Xaraba Hadrutun başının üstündə olasan,

alçaldıb enələr səni.

               ***

Gəlmişəm Zəngəzura, məni hərləyir xatirələr.

…Anam bal pətəyində qəməltini unudub,

pətəyin gözü damır torpağa,

atamın kərəntisi kəsərdən düşüb,

biçənək gəlmir orağa .

Kim buraxacaq bağlı ağıldakı qaşqa buzovu-

mələyib özünü öldürür

Dəf yerində qırmızı düyənin gözlərinə qurd daraşır,

dünən qanlı olub ləlöyün canavarın ovu.

Qızarır sübhün danı,

başlanır günəşin divanı,

günəş də düşmən kimi xoşqılıqdı.

Aşırıma muncuq-muncuq şeh düşür-

boğazı örkənli qızların mirvarı düzənləri

dağılıb yollara.

Aşa bilmirəm bu aşırımı,

qanqal günahlarım sarılıb qollara-

qanırıb qırasan,

sarıyasan düşmənin kürəyinə,

yetimlərin  naləsini dağ kimi basasan ürəyinə-

cızdağı çıxsın!

               ***

Amma, kim deyirdi nəfsimiz cızığından çıxsın?

Nə edəcək qızıl damlar uçulu evlərin çürük dirəyinə?

Şehlər yuya bilməz şəhidlərin qanını,

sellər axsın selavları yumağa.

Gələ Qaraca Çoban, sarıya bizi çomağa,

qata qabağına…

Yöndəmim, yönüm olmaya,

geriyə dönüm olmaya.

                ***

…Yuxuda xaraba Hadrutun başının üsünü ley kimi almışdım.

Yollar ayrıcında əlləri qoynunda gözləməkdən büküldüm,

kiçildim,

bəxtimi, taxtımı çaldılar gözüm baxa-baxa.

Bu dərd sinəmə dirənib gözləyir.

Allah neyləsin, sayından salıbdı illər bizi.

Bu dərdlə mən başıdaşlı nə edim, hara gedim,

çəpərlərdə gülü yaylıqlar didim-didim.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest