Kültür Sanat

Limanlar ağlayar, gəmilər gedər… Şeirler – Tahir Talıbli

Nazım Ahmetli

Kırırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Tahir Talıbli

Limanlar ağlayar, gəmilər gedər…

                Şeirlər

“Səndən gələn xoşdur mənə,
Ya gül göndər, ya da tikən.
Mehrin də xoş, qəhrin də xoş,
Ya xələt ver, ya da kəfən”.                                Əhməd Yəsəvi

Deyəsən, zənglərim sənə xoş olmur
Sənin susmağınnan çox xoş oluram.
Mən göz düzəldirəm, üstə qaş olmur,
Gözümü tökürsən bihuş oluram.

                         ***

Asıla qalmısan kipriklərimnən,
Gözümdə sıxılmış bir damcı yaşsan.
Ağrı göyərəcək, dərd cücərəcək,
Qəfil tufan kimi haraya düşsən.

                         ***

Bitər gözlərində ayrılıq, bitər,
Yoxsa bir lal, dibsiz güman kimisən.
Limanlar ağlayar, gəmilər gedər…
Gəmisi qayıtmaz liman kimisən.

                     lll

Oxuyammadığın bir kitab kimi,
Sirridi, şam olub əriyən gecəm.
Bu açılan səhər billur qab kimi,
Düşüb əllərinnən çiliklənəcəm.

                         ***

Bir ümid cücərməz gələn sabaha,
Demə yaddaşımda, sən daha varsan.
Daha bir yad girər…
Könlünə daha…
Təzədən bir yeni yadın olarsan.
Sonra köhnələrsən, unudularsan,
Sonra tənha qalan qadın olarsan.

                         ***

Sıxar duyğumuzu könül darlığı,
Nə ismarıc yolla,
Nə də yol gözlət,
Dolan o sevdalar məzarlığını,
Gözüyün bir damcı yaşını gizlət.

                      lll
 
Bitili qara daşıydım,
Çox yurddan-yurda daşındım.
Qəriblik çəkdim aşındım,
Yenə də üzü daş qaldım.

                         ***

Bu dünya sərxoş dünyadı,
İşi tamam boş dünyadı.
Gördüm ki, çaş-baş dünyadı,
Mən özüm də çaş-baş qaldım.

                         ***

Yeyir kimi, yemir kimi,
Nə gözləyir demir kimi.
Bir ot basmış qəbir kimi,
Söküldüm, içi boş qaldım.

                 lll

Çevir ki, içini astar üzünə,
İçində gizlənən için talansın.
Haraya gedirsən bu kəm ağılnan,
Karvanın basılsın, köçün talansın.

                         ***

Nə gördük götürək düzdən-əyridən,
Yüyən önnən gəldi, yəhər böyürdən.
Özünnən qabaqda yalan səyirdən,
Ağıllın görk olsun, bicin talansın.

                         ***

Ələyin fırransın, külün ələnsin,
Bir torba götürüb, dağlar dilənsin.
Dişi qannı qurdun qana bələnsin,
Qoyunun qırılsın, keçin talansın.

                         ***

Bəxt harda cırnadı, tale kəc oldu,
Ölüm də deyəsən, bir az gec oldu.
Bir müdrik dedi ki, gəldik heç olduq,
Ay Tahir, heç olan heçin talansın.

                                lll 

                         Aşıq Əli bir zəngində: Ay Tahir qağa,

                        o gün üzünə demədim, nəəman sınıxıfsan,

                        özünə fikir ver – günyədən düşmə, – dedi.

Nə gözə, nə qaşa vaxt baxan deyil,
Qış gəlib qapının ağzını alıb.
Ay Əli, bu xına, o xına deyil,
Yaş gəlib, qapının ağzını alıb.

                         ***

Nə səksən addayıb, nə yetmiş gedib,
Ağıl göməşiyib, huşdan-huş gedib.
Gözdən nur çəkilib, dişdən-diş gedib,
Leş gəlib qapının ağzını alıb.

                         ***

Ovumu bərədən qaçırdım, getdi,
Bəxt bir yol gülmüşdü uçurdum, getdi.
O dolu illəri keçirdim getdi,
Boş gəlib qapının ağzını alıb.

                         ***

Çox itlər hürüşdü, karvannar keçdi,
Cavannıq mənim də əlimnən uçdu.
Verəsim beşiydi, alasım üçdü,
Beş gəlib qapının ağzını alıb.

                         ***

Gəl dağı arana daşıma indi,
Gözəlmi çıxacaq qarşına indi.
Demə nə daş salım başıma indi –
Daş gəlib qapının ağzını alıb.

                      lll

Bu ömrə biçilən bir yazıdımı,
Yazıla-yazıla ayazıdımı?
Dünya tərs dəyirman boğazıdımı,

Ölü atılan var, diri qayıdır.

                         ***

Arşınçı arşında bezini görür,
Əyrilik əyridə izini görür.
Hər kəs gəlib məndə özünü görür,
Hər kəs dəyib mənə, geri qayıdır.

                         ***

İçim gennən gəzən qıraqlar kimi,
Başımnan tökülür qınaqlar kimi.
Üzünə baxılan qonaqlar kimi,
Dərdin biri gedir, biri qayıdır.

                       lll

Uzaqda yurd qoxusu var,
Neçə bələn, dağ ayırır.
Təzə qürbət qorxusu var,
Gözlərim qürbət səyriyir.

                         ***

Yanır, yanır…
İçim qürbət havasına.
Yenə içimə çəkilləm,
Çıxıb göyümə çəkilləm,
Yenə məni qınasalar.

             ***

Qat-qat qürbətlər görünür,
Durub göz-gözə qalalı.
Nə var ağrıdan anarı,
Nə var qürbətdən bəlalı.

            ***

Gəldi, bu da son, çatdı
Qürbət çıxmadı içimnən.
Keçdi karvannar da getdi,
Tək mənmi qaldım köçümnən?

      ***

Enibdi tanrıdan, haqdan,
Dərddi, yenə bizə gəlir.
Gedən aldanışa gedir,
Gələn elə duza gəlir.

             ***

Mayası qudurub nəfdən,
Kefcili bayılıb kefdən.
Azrayılla dörd tərəfdə,
Kişilər üz-üzə gəlir.

            ***

Beləcə dörüb, törəyib,
Qurdu qəmgin, quşu qərib.
Bizi yiyəsizmi görüb,
Ölüm üstümüzə gəlir.

                  lll

Qaşımıznan göz arası,
Olumuna, qalımına şükür
Gecəynən gündüz arası.
Gediminə, gəliminə şükür.

             ***

Bizi yenə div aparır,
Nağıllar gəlib aparır.
Keflər alladıb aparır,
Biz çəkən zülmünə şükür.

           ***

Bir az çalpaşıq veribsən,
Suynan, işıqnan veribsən.
Dəryadan bir qaşıq veribsən,
Bir qaşıq elminə şükür.

                ***

Taxt yazdığın taxtsız olmur,
Baxt yazdığın baxtsız olmur.
Ölüm heç vaxt vaxtsız olmur,
Vaxtlı-vaxtsız ölümünə şükür.

                         lll

Nə qədər ki, ürəklərdə daşlar var,
Gözümüzdən töküləsi yaşlar var.
Aşkardan da o tərəfdə aşkar var,
Min gizlin var, hər aşkarın içində.

                         ***

Görən varmı, Nuhdan qalsın, ölməsin,
Qəvi tale bir kimsəyə gülməsin.
Bilən bilsin, bilməyənlər bilməsin,
Oturubdu pir, aşkarın içində.

                         ***

Günnən-günə yol azdırdı bələdim,
Yaxşı nədi, yaman nədi, bilmədim.
Ömrü-günü xəlbirlədim, ələdim,
Mətəl qaldım bir aşkarın içində.

                     lll

Bəxtində bir kişi vardı,
O kişini sən öldürdün.
Bilmədim bilə-biləmi,
Bəlkə bilmədən öldürdün?
                         ***

Günü ölümə açılar,
Kişi ölümnən asılar.
Məni içimnən acılar,
Yoxsa, sən gendən öldürdün?

         ***

Tanrım, adamı dərd oyar,
Dərdin özü də bir boya.
Sənin adına dünyaya,
Gəldiyim gündən öldürdün.

                        lll

Təsbeh dənəsidi əlində – sevgin,
Nə qədər çevirə, çəkə bilərsən.
Başına fırlada bilərsən məni,
İstəsən başınnan əkə bilərsən.

                         ***

Bu oyun nəyimə gərəkdi, sonda
Günümü göynətsin, içimi yesin,
Gözümnən bir uzun yol çəkdi sonda,
Gözümün içini qurd kimi yesin?

                         ***

Bu qara sevdada bir gün boğulsam,
Demirəm, yazıqla, istə sən məni.
İşdi, bu dünyada bir də doğulsam,
Bir də öldürərsən, istəsən, məni.

                         ***

Mən kiməm…
Hər dürlü halıma sevin,
Tanrı sevdalısı, bir eşq dəlisi,
Sənin əllərində çevikdi sevgin,
Sevgin – əllərində təsbeh dənəsi.

                           lll


                  “Ələstdə “bəli” deyən sübhana baş endirir…”
                                                                  Aşıq Ələsgər

Addadım, keçdim özümnən,
Tapdım düşüncəmdə səni.
Su kimi axıb üzünnən,
Gördüm təkdə, cəmdə səni.

               ***

Gəlirsən gizli, açdıqca
Sirsən, sehirsən açdıqca.
Mən özümü tanıdıqca,
Tanımışam həm də səni.

               ***

Ya çatmazda, çatardayam,
Ya gendəyəm, ya dardayam.
Heç bilməsəm də hardayam,
Çağırram hər dəmdə səni.


                     lll
Sevgindi qəzəb köpürür,
Dönüb özünə qayıdır.
Ruhları tanrı üfürür,
Sonda özünə qayıdır.

                         ***

Hər şey qayıdır özünə,
Hər zərrə tamına çəkir.
Ölümdü, sevgidi, dərddi,
O da adamına çəkir.

            ***

Dünya sirrədən sıyrılıb,
Hələ sirrərə tablaşır,
Kişi qadınnan ayrılıb,
Gəlib qadında tamlaşır.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest