Lətifə Rəşidin şeirləri

  Şairə Lətifə Rəşid əslən Laçın rayonundandır. Bakı şəhərində yaşayır.Aşıq şeirimizin bu  gözəl nümunələri onun qələminin məhsuludur. Lətifə xanı yaradıcılığında orjinal dəst-xətti ilə seçilir.İnanıram ki, rəvan, axıcı, könül oxşayan misraları ilə Lətifə Rəşidin şeirləri Kırımın Sesi Qazetesinin oxucuların ürəyincə olacaq!
          Nazim Əhmədli
Azərbaycan yazıcılar Birliyi Bədii
 Ədəbiyyatı Təbliğ Bürosunun direktoru
Kırımınsesigazetesi Azerbaycan Temsilcisi

 Lətifə Rəşid

“Xan qızı” Natəvan Ədəbi məclisinin üzvü

Solana yazıq

Aşiqi yoxdursa şeyda bülbülün,

Qönçələr içində solana yazıq.

Dəvası-dərmanı Ərşə çəkilən,

Təbibi çarəsiz qalana yazıq.

                 * * *

Dünyası olsada, varı olsada,

Təpəri, taqəti, karı olsada.

Yaşayıb, ucalıb qarı olsada,

Nəfsinə əyilən imana yazıq.

                 * * *

Gecikib qışında bar gətirsədə,

Daşların üstündə gül bitirsədə.

Bir əkib, yüz biçib, min götürsədə,

Rəşidi itirən zamana yazıq.

                 * * *

Saraylar içində naçar olana,

Sevibdə sevgidən qaçar olana.

Güldüyü elçiyə düçar olana,

Bəşəri dərindən qanana yazıq.

                 * * *

Lətifə Rəşidə səbr edin biraz,

Dünyasın duyunca qövr edin biraz.

Dumanlı başına dövr edin biraz,

Dağlarsız dolanan dumana yazıq.

Qurtum-qurtum içir dünya

Dərdlərinə əlac kimi,

Hələ məni seçir dünya.

Loxma-loxma dişə çəkib,

Qurtum-qurtum içir dünya.

              * * *

Başsız qalan kəhər kimi,

Atdan düşən yəhər kimi.

Düyünləyib qəhər kimi,

Qurtum-qurtum içir dünya.

              * * *

Həm şirin, həm səfalətdir,

Xam oldunsa zəlalətdir.

Görən kimə zəmanətdir,

Qurtum-qurtum içir dünya.

              * * *

Nə ayaqdır, nədə ki baş,

Milyonları qoyubdur çaş .

Yuyur, sıxır axırı kaş,

Qurtum-qurtum içir dünya.

              * * *

İtdə gedir, ipdə gedir,

Kəfən yoxsa lütdə gedir.

Arzu gözdə cütdə gedir,

Qurtum-qurtum içir dünya.

              * * *

Lətifəni ucuz tutur,

Sətir altda sözüm yatır.

Balımada zəhər qatır,

Qurtum-qurtum içir dünya.

Qurtum-qurtum içir dünya.

Göz yaşımı ağlayır

Bir düşünün qaranlıqda  batan var

Oyanmayıb dərin-dərin yatan var.

Dərdlərimi dərdlərinə qatan var,

İndi gözüm  göz yaşımı ağlayır.

    *  *  *

Dil açııram həyat məni susdurur,

Daddığımı əlçiim-əlçim  qusdurur.

Əyri  olan doğruları pusdurur,

İndi gözüm göz yaşımı ağlayır.

    *  *  *

Piçinçinin səmti olsa vər tutar,

Zərgər olan qara sudan zər tutar.

Bəxt yatarsa səni vaxtsız çər tutar,

İndi gözüm göz yaşımı ağlayır.

    *  *  *

Bir günüm ağ, o birisi qap-qara,

Ömür xitam həyat hara, mən hara.

Uzaq susdu, yaxın vurdu min yara,

İndi gözüm göz yaşımı ağlayır.

    *  *  *

Daha ruhum duyanları çaşdırır,

Yalanları həqiqətlə daşdırır.

Tale məni kimdən kimə  qoşdurur,

İndi gözüm göz yaşımı ağlayır.

    *  *  *

Adəm oğlu parçalansa cəm olmaz,

Kipriyindən leysan, yağış kəm olmaz.

Gedən getdi daha halım dəm olmaz,

İndi gözüm göz yaşımı ağlayır.

    *  *  *

Lətifədən xəbər alın halımı,

Daha indi al  bəzəşin şalını.

Xatırladım bu an Təzir yalını,

İndi gözüm göz yaşımı ağlayır.

Nə vardı ki

Kəsməsəydi dil dodağı,

Oynamağa nə vardı ki.

Göz önündə olsa yara,

Bağlamağa nə vardı ki.

           * * *

Sıxmasaydı üzük qaşı,

Parlayardı nəfis qaşı.

Eşitsəydi ürək başı,

Çağlamağa nə vardı ki.

           * * *

Axmasaydı dərd içimə,

Söykənərdim mən köçümə.

Baş əysəydim bu seçimə,

Min sadağa nə vardı ki.

           * * *

Şoran düzlər meşə olsa,

Gözümdə ki nəşə olsa.

Sevmək yüngül peşə olsa,

Ovlamağa nə vardı ki.

           * * *

Dünya özü bir kölədir,

Yalanlarla üz-üzədir.

Bilsəm dağlar silsilədir,

Anlamağa nə vardı ki.

           * * *

Baha satıb ucuz alsam,

Ruhun ilə tənha qalsam.

Gözlədiyim gözə dolsam,

Tovlamağa nə vardı ki.

           * * *

Lətifəni sıxır həyat,

Sınağıdır hələ Sirat.

Yovuşsaydı mənə Qırat,

Qovlamağa nə vardı ki.

Ay etibarsız

Mənim ki,  ürəyim səni istəyir,

Bəs niyə sıxırsan ay etibarsız?

Mən  sənin qoxunu yerdə gəzirəm,

Sən Göyə çıxırsan ay etibarsız.

*  *  *

İllərdi yolunda əsir olmuşam,

Bütöv bir elatam,  kəsir olmuşam.

Gəldiyin yollara həsir olmuşam,

Sən göyə çıxırsan  ay etibarsız.

*  *  *

Yollara tikilib  baxışım  mənim,

Ey gözəl günlərim, naxışım mənim.

Düzlər də olubdur yoxuşum mənim,

Sən göyə çıxırsan ay etibarsız.

*  *  *

Dəryayam dəryaya axa bilmirə,

Atəşəm atəşi yaxa bilmirəm.

Dünyayam dünyana baxa bilmirəm,

Sən göyə çıxırsan ay etibarsız.

*  *  *

Gəl məni ovundur dönüm başına,

Dönüm kipriyinə, dönüm qaşına.

Qıyma ki, bir daha dönüm kaşına,

Sən göyə çıxırsan ay etibarsız.

*  *  *

Lətifə  Rəşidin sirridə sənsən,

Sehirli, əfsunu, dürrüdə sənsən.

Kəlməsi Tanrıdan vərlidə sənsən.

Göylərə çıxırsan ay etibarsız.

Yan yörəndən ötən var

Sən özünü danma məni dananda,

Can közərib için-için yananda.

Məcnunmu var, bu Leylisiz zamanda?

Kölgən olub yan yörəndən ötən var.

                     * * *   

Eşq dediyin tükənməyən qəhərdi,

Gah şanı bal, gahda acı zəhərdi.

Əhd sandığın dan sökülən səhərdi,

Kölgən olub yan yörəndən ötən var.

                     * * *                   

Can dediyin can evini yıxırsa,

Dinmə canım betərdən də betər var.

Səbr eləyib zamanını gözlə sən,

Kölgən olub yan yörəndən ötən var.

                     * * *   

Sevgi hər an gizli döyər qapını,

Lal eyləyər mənəm deyən şahını.

Gah ucaldar, gahda alar ahını,

Kölgə olub yan yörəndən ötən var.

                     * * *   

Mən naşıyam, bilmirəmmi sən naşı,

Bacarsaydım ələyərdim min kaşı.

Həsrətindən itirmişəm yaddaşı,

Kölgə olub yan yörəndən ötən var.

                     * * *   

Lətifəyə vida demə ar olar,

Yar dedisə məzaradək yar olar.

Təpədə yox dağ başında qar olar,

Kölgə olub yan yörəndən ötən var.

Sözlərinə dolaydım

Bir yer üzü birdə ömür sarayım,

Səndə mənim ürəyimə dolaydın.

Mən yazaydım  səni səndən xəbərsiz,

Səndə mənim ürəyimə  dolaydın.

*  *  *

Qovuşaydıq iki həsrət quş kimi,

Bərkiyəydik əzəmətli daş kimi.

Quruyaydın kipriyimdə yaş kimi,

Səndə  mənim  ürəyimə dolaydın.

*  *  *

Əl uzatsan ayrılığa kim çatar,

Kim yorular,  kim ucalar,  kim batar?

Taleh kürsə kölgəsində kim yatar?

Səndə  mənim ürəyimə dolaydın.

*  *  *

Uzun gecə bir köynəkdə yataydıq,

Xəyalları həqiqətə sataydıq.

Nağıl olub qızılgülə bataydıq,

Səndə mənim ürəyimə dolaydın.

*  *  *

Əriyərdik bu  görüşdən şam kimi,

Baxaydıq ki, can yaşayır can kimi.

Zülmət gecə mənsə açan dan  kimi,

Səndə mənim ürəyimə dolaydın.

*  *  *

Nə ömürdən nədə gündən doyaydıq,

Rəqs eyləyən ulduzları sayaydıq.

Sevgi varsa bizdə imza qoyaydıq,

Səndə mənim ürəyimə dolaydın.

*  *  *

Lətifənin ömür yolu min ahdır,

Yaşadığı tək Allaha agahdır.

Şeir özüm, nəqarətim segahdır,

Səndə mənim ürəyimə dolaydın.

Qardaşım

Məni gözlərindən kənar qoymadın,

Gözləri gözümdə qalan qardaşım.

Gedişi bir yana, gəlişi başqa,

Ruhu vücuduma dolan qardaşım.

                   *  *  *

Nə atəş, nə alov, nədə ki küldü,

Nazımla oynayır bir neçə ildi.

Allahın  bildiyi müəmma sirrdi,

Dönüşü sehirli, duman qardaşım.

                   *  *  *

Onunla  çox zaman baş -başa qalla,

Üz-üzə, göz-gözə, qaş-qaşa qallam.

Tərpədir ruhumu lap çaşa qalla,

Mənimlə əbədi qalan qardaşım.

                   *  *  *

Adıda başqadır özüdə başqa,

Alovu bir yana külüdə başqa.

Söhbəti, nəşəsi dilidə başqa,

Kölgəsin üstümə salan qardaşım.

                   *  *  *

Alovdur əlimə ala bilmirəm,

Sarıram qoynuma sala bilmirəm.

Baldımı, bəlamı, bala bilmirəm,

Özümə özümdən həyan qardaşım.

                  *  *  *                

Dolanbac yolum var ötürür məni,

Zirvədən-zirvəyə yetirir məni.

Hərdən bu dünyadan götürür məni,

Həqiqət içində solan qardaşım.

                     *  *  *

Bir köynək içində yatır mənimlə,

Dərdimi götürüb batır mənimlə.

Bəzən muradına çatır mənimlə,

Talehi yamandan yaman qardaşım.

                    *  *  *

Lətifə Rəşidi sıxma ey zaman,

Bir ömür içində bir ömür davam.

Onunla bütövəm, onunla tamam,

Aldığım nəfəsim, havam qardaşım.

Çəkmə məni darə dedim

Hüsnünü görmədiyim hər günümə qarə dedim,

Gəlmədikcə nəfəsin o sükuta yarə dedim.

                             * * *

Anladım ki, mənimi varlığında itirmişəm,

Tək baxış yetdi mənə, o baxışa çarə dedim.

                             * * *

Vüqarlı bir dağikən, indi dağa dağ olmuşam,

Sənsizkən bu dünyanın tamlığına parə dedim.

                             * * *

Yanıram, odlanıram, küldə məni vəsf eləyir,

Olacaqsa vüsalın bu halıma karə dedim.

                             * * *

Kölgəndə kölgəsizin kölgəsinə kölgə olub,

İtirdikcə izini, gedişinə Sarə dedim.

                             * * *

Lətigə Rəşidə sor, kimdi sənə səcdə edən,

O zaman al canımı, çəkmə məni darə dedim.

Bəyan olmusan.

Nə sirli talehdir, nə qəribə həyat,

Dünyanı nə dərin duyan olmusan.

Ruhların ruhudur ruhuna həmdəm,

Allah dərgahında bəyan olmusan.

     *  *  *

Sənə namə gəlir güllərin üstdə,

Ya Allah söyləyən dillərin üstdə.

Hecaya dönmüsən küllərin üstdə,

Allah dərgahında bəyan olmusan.

     *  *  *

Müqəddəs ruhların şahidi sənsən,

Ən ülvü sevginin vahidi sənsən.

Bəlkədə Peyğəmbər zahidi sənsən,

Allah dərgahında bəyan olmusan.

     *  *  *

Səni duyanda var, duymayanda var,

Eşqindən qəhr olub uyumayanda var.

Sənə qıyanda var, qıymayanda var,

Allah dərgahında bəyan olmusan.

     *  *  *

Başının üstündə çətirəm sənə,

Külçəyə bölünmüş sətirəm sənə.

Az qalıb xanədan gətirəm sənə,

Allah dərgahında bəyan olmusan.

     *  *  *

Dağlara, daşıara səs salacaqsan,

Rəşidin ruhuyla tək qalacaqsan.

Tək dönüb, tək gəzib, cüt yanacaqsan,

Allah dərgahında bəyan olmusan.

     *  *  *

Lətifə dərdinə çarəyəm sənin,

Bütöv vücudunda parəyəm sənin.

O qəmli gözündə qarəyəm sənin,

Allah dərgahında bəyan olmusan.

Bilmədim ki heç

(Şəhidlərimizin  əziz xatirəsinə ithaf olunub)

Yüzlərlə şəhiddən bəhs elədim mən,

Canlıydım ya cansız bilmədim ki, heç.

Göz yaşım süzülüb sətirlər oldu,

Canlıydım ya cansız  bilmədim ki, heç.

                      * * *

Hər şəhid ruhunu dərk elədim mən,

Danışıb, yovuşub ərk elədim mən.

Qırılmaz bağları bərk elədim mən,

Canlıydım ya cansız bilmədim ki, heç.

                      * * *

Onlarıa bərabər dağlara qalxdım,

Torpağa qan hopdu, bağlara baxdım.

Canımdan can alan çağlara baxdım,

Canlıydım ya cansız bilmədim ki, heç.

                      * * *

Mən qürur duyuram hər birinizdən,

Sizlər ki, canlısız çox dirimizdən.

Dədirgin olmayın siz yerinizdən,

Canlıydım ya cansız bilmədim ki, heç.

                      * * *

Bu Şanlı Ordunun qüdrəti sizsiz,

Andı, fəxarəti, qeyrəti sizsiz.

Çaş qalan dünyanın heyrəti sizsiz,

Canlıydım ya cansız bilmədim ki, heç.

                      * * *

Siz Rəşid qardaşı, Babək soyusuz,

Poladın, Namiqin sağı-solusuz.

Sizlər vətən daşı, sizlər ulusuz,

Canlıydım ya cansız bilmədim ki, heç.

                      * * *

Bir neçə igidə qardaşım dedim,

Məzarlar susdular, qor daşım  dedim.

Gah ata, gah oğul, sirdaşım dedim,

Canlıydım ya cansız bilmədim ki, heç.

                      * * *

Lətifə  bir söz de soysun ürəyin,

Şəhidlər dedikcə yanır kürəyin.

Onlardı and yerin, gücün, dirəyin,

Canlıydım ya cansız bilmədim ki, heç.

One thought on “Lətifə Rəşidin şeirləri

  • 30 Temmuz 2022 tarihinde, saat 00:02
    Permalink

    👍👍👍👍👍👍👏👏👏👏

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest