Genel

Xanım İsmayılqızı  Şeirleri

Nazim Ahmadli – Kırımınsesi – Azerbaycan

Təsəvvür elə ki…

Təsəvvür elə ki, doğulmamısan,

Hələ nə anan var, nə də ki atan.

Səni qoparmırlar doğma bətnindən,

Nə səndən keçən var, nə sənə çatan.

                     ***

Təsəvvür elə ki, yıxılmamısan

Nə yerə, nə göyə, nə də hallara.

Şəkil çəkdirməyib səninlə heç kim,

Adın qazılmayıb daş-divarlara.

                     ***

Təsəvvür elə ki, elə yerdəsən –

Nə ordan o yana, nə bu yana var.

Dilin də, dinin də möcüzədədi,

Hələ olmayıbdı bütün olanlar.

                        ***

Təsəvvür elə ki, göz açmamısan

Nə bu atanlara, nə tutanlara.

Nə ağa, nə nökər, nə qul olmusan

Şahlara, xanlara və sultanlara.

                         ***

Təsəvvür elə ki, ovuclarına

Nə ümid əkiblər, nə pul atıblar.

Səni, bu dünyaya dağılmaq üçün,

Nə ala biliblər, nə də satıblar.

                        ***

Təsəvvür elə ki, hələ oyaqsan,

Nə gələcəyin var, nə də keçmişin.

Hələ damarında qanın qaynamır,

Nə də özündəndi qanı içmişin.

                       ***

Təsəvvür elə ki, ruhdan əyrilən

Ömrün dolanmayıb böyük yumağa.

Ürəyin özüylə dil-dil ötərkən,

Məcbur olmamısan qəfil susmağa.

                      ***

Təsəvvür elə ki, əsl gerçək – Sən,

Yazılmaq, pozulmaq – qərib yuxudur.

Xəyal – gerçəkliyə dönmək istəyir,

Doğulmaq – adamı yaman qorxudur.

Dincini al sən də…

Dincini al sən də.

Barmaqlarını tək-tək burax

istədikləri ağlığa…

Gözlərinin birini yum keçmişinə,

birini aç keçməmişinə…

Qulağını bağla səs gəlməyən yaxınlığa,

nəfəsinlə toxun azadlığa…

                  ***

Dincini al sən də.

Ürəyində otaqlarını sərinlət

bir küncə qısdıqlarının…

Beynində təmizlik apar,

nəfəsliyini aç

dörd divarına məhkum olan susduqlarının…

Ləpirlərinə hopma səndən gedənlərin…

                         ***

Dincini al sən də.

Dünya sənə aşiq deyilkən

atıl qucağına varlığının…

İçindəki dünyaya salam de,

tozunu al darlığının…

Düyünlərini aç dolaşıq duyğularının…

Bu aləmi əyri göstərən güzgüyə

öz tərəfinlə bax,

düz tərəfinlə bax…

                    ***

Dincini al sən də.

Bütün ağacların son yarpağı düşər də,

yarpağ dincələr…

Təpiklənən, döyəclənən, parçalanan, ovuclanan

Yer üzü sükutla görüşər də,

Torpağ dincələr…

                         ***

Dincini al sən də.

Ürəklərdən qopan neçə ah dincəlir…

Uzağında, yaxınında yüzlərlə günah dincəlir…

Yerdə İblis, Şeytan, Fələk…

Göydə də Allah dincəlir.

Dincini al sən də…

Gizlənək…

Eləcə hamıdan qaçıb gedərkən,

Gəl təzə qurduğum taxtımda gizlən.

Saatın əqrəbi zamana işlər,

Gəl səndə dayanan vaxtımda gizlən.

                          ***

Nə yerə, nə göyə etibar etmə,

Hamısı çirklənib, təmizi yoxdu.

Qeybə çəkilibdi bir içim su da,

Səhralıq olanın dənizi yoxdu.

                       ***

Yığışıb əlinə, ayaqlarına,

Kötüyə dönənin budağı olmaz.

Özünü sürgünə göndərən canın,

Ocağı, qucağı, qonağı olmaz.

Bir köynək asılıb öz kəndirindən,

Sahibi geyincə küləyə qurban.

Ünvansız bədənsə ruhu sərgərdan,

Hər günü, hər anı fələyə qurban.

                 ***

Qırılan, vurulan, daralan kimi,

Çıxışı olmayan dairən də var.

Səndə olmayanı sənə çatdıran,

Yaşadan, yaşayan xatirən də var.

                  ***

Mən də gizlənmişəm, yerimi demə,

Onu sən bilirsən, bir də ki, Allah.

Şəkildən şəkilə düşülən yerdə,

Gözə görünmək də çətindi vallah.

                      ***

Eləcə hamıdan qaçıb gedərkən,

Gəl təzə qurduğum taxtda gizlənək.

Saatın əqrəbi zamana işlər,

Gəl səndə dayanan vaxtda gizlənək.

Səndən sonrası yoxdu…

Bir adam vardı özbaşına…

Ağlı bıçaq deyildi…

Heç nəyi kəsməmişdi…

Özü də doğranmamışdı…

Bu dünyanın savabından,

günahından dadmamışdı…

Heç kimdən heç nə almamışdı…

Heç kəsə nəsə satmamışdı…

Kiməsə söz də verməmişdi…

Kiməsə daş da atmamışdı…

                  ***

Səndən əvvəli vardı, səndən sonrası yoxdu…

Bir adam vardı təkbaşına…

Uşaqlığından çıxmamışdı…

Qocalığına çatmamışdı…

Nə itmişdi, nə də tapılmışdı…

Torpağın diriliyinə, günəşin istiliyinə,

sevginin yaşadığına,

insanların adamlığına inanmışdı…

Hələ nə əli, nə dili yanmamışdı…

Hələ yuxudan oyanmamışdı…

Kimsəli olmamışdı…

Kimsəsiz qalmamışdı…

                     ***

Səndən əvvəli vardı, səndən sonrası yoxdu…

Bir adam vardı özbaşına…

Əsərlərin qəhrəmanı deyildi…

Olmaq da istəmirdi…

Nə dünyanın dibini, nə üzünü,

Nə Şeytanın nəfəsini, gözünü,

Nə dünyanın, nə Allahın özünü

görmək də istəmirdi…

Sönmək də istəmirdi…

Yanmaq da istəmirdi…

                      ***

Səndən əvvəli vardı, səndən sonrası yoxdu…

Bir adam vardı təkbaşına…

Hələ nağılı oxunmamışdı…

Hələ göylərə toxunmamışdı…

                       ***

…Biri azdı… Biri çoxdu…

Səndən əvvəli vardı, səndən sonrası yoxdu…

Sən olduğum zamanlar qəribə bir nağıldı…

…Sənsiz nağıl dağıldı…

Salam, qadın, necəsən?

Salam, qadın, necəsən?

Güzgüdə öz özünə

hər gün baxa bilirsən?

Nəyə var, nəyə yoxsan?

Qadın doğulduğunu

hələ unutmamısan?

                      ***

Ürəklə yaşatdığın

kimdirsə, hələ sağdır?

Hisslərinin içindən

ayağı yalın keçən,

bütün ömrünü içən,

yatıbdır, ya oyaqdır?

                 ***

Yenədəmi yuyursan

əllər soyulanadək

arzularını bir-bir?

Yamaya bilirsənmi

xatirəsi sökülən

duyğularını bir-bir?

               ***

Dilində bitib qalan

fikirlərin içində

nələri basdırırsan?

Hər günü toya çəkib

nələrə oynayırsan,

Nələri azdırırsan?

                ***

Yenədəmi varının

üstünə varlıq qatan

içində yox gizlənir?

Hələdəmi axırı

bilinməyən dünyanın

acında tox gizlənir?

                 ***

Saçlarının dənini

rənglərə boyayaraq

ağını gizlədirsən?

Gülüşünün altında

gözünlə örtmədiyin

dağını gizlədirsən?

              ***

Gözlədiyin yoldumu?

İstədiyin oldumu?

Bilmədiyini bildin?

Sağınla və solunla,

Boşunla və dolunla

Ölmədiyini bildin?

             ***

Salam, qadın, necəsən?

Güzgüdə öz üzünə

sığal çəkə bilirsən?

Nəyə var, nəyə yoxsan?

Qadın doğulduğunu

hələ unutmamısan?

Kaş ki, unutmayasan…

Mənə bir az göy bağışla

Mənə bir az göy bağışla,

Oralarda uça bilim.

Ayaqlarım yorulanda,

Vücudumdan qaça bilim.

***

Mənə bir az yer bağışla,

Ürəyin üstündə durum.

Zamanımın saatını,

Çevirib tərsinə qurum.

           ***

Mənə bir az ay bağışla,

Gecədən aşağı olsun.

Hər gün doğulsun dünyaya,

Ruhumun uşağı olsun.

                ***

Mənə bir az gün bağışla,

Günəşi üzünə çəksin.

Gəldiyimi, getdiyimi,

O günün izinə çəksin.

               ***

Mənə bir az söz bağışla,

Bitdiyi yeri olmasın.

Elə gəlsin, elə getsin,

Ölümü diri olmasın.

             ***

Mənə bir az göz bağışla,

Hamı sözündə görünsün.

Güzgülərinə baxanda,

Özüm özündə görünsün.

             ***

Mənə bir az göy bağışla,

Oraya qısıla bilim.

Ayaqlarım yorulanda,

Havadan asıla bilim.

Nə isə tapacağam yəqin ki…

Nə isə tapacağam yəqin ki…

O, ağac da ola bilər…

Gövdəsinə söykənəcəyim,

Budaqlarından axacağım,

Köksümü köksünə ötürəcəyim,

Kölgəsində bitəcəyim,

Dərinə davam edə biləcəyim…

                   ***

Nə isə tapacağam yəqin ki…

O, quş da ola bilər…

Səsimi səsinə atacağım,

Sinəsinə çatacağım,

Qanadlarında doğulacağım,

Uzaqlara uçuracağım,

İçini havam edə biləcəyim.

                    ***

Nə isə tapacağam yəqin ki…

O, daş da ola bilər…

Üstünə qonacağım,

Göylərə atıb-tutacağım,

Yaxamdan asacağım,

Bağrıma basacağım,

Yumruqlarımı döyəcləyəcəyim,

Adına adımı verəcəyim,

Daş dövrümü davam edə biləcəyim.

                  ***

Nə isə tapacağam yəqin ki…

O, adam da ola bilər…

Ruhunu göylərdən endirəcəyim,

Özümə döndərəcəyim,

Hisslərimi hisslərinə göndərəcəyim,

Gözlərində dincələcəyim,

Başımı çiyninə qoyub diriləcəyim,

Bir ömürlük yuvam edə biləcəyim.

                  ***

Nə isə tapacağam yəqin ki…

O, Allahım da ola bilər…

Ola bilər Allahım da, O…

…Nə isə tapacağam yəqin ki…

Yəqin ki, tapacağam…

…Nə isə…

Mən də bir az sənin kimi…

Günəş doğan günə düşdü yarımçıq ayın gecəsi,

Axtarılan ünvanların indi adsızdır küçəsi,

Çəkib çıxarmaq da olmur qulaqlarda batan səsi,

Sən də bir az mənim kimi, mən də bir az sənin kimi.

               ***

Başıma daş, gözümə yaş, ürəyimə quş oturub,

Heç kim səni tapa bilmir, məni də hamı itirib,

Keçirsən yeddi qatımdan qanadlarımı götürüb,

Mən də bir az sənin kimi, sən də bir az mənim kimi.

                          ***

Ömür də bir bəhanəymiş torpağa can geydirməkçün,

Göy altına, göy üstünə başımızı əydirməkçün,

Ürəyimin qapısını bağlamışam döydürməkçün,

Sən də bir az mənim kimi, mən də bir az sənin kimi.

                             ***

Bu dünya od parçasıymış, biz də üstündə yeriyən,

Səsləndi, dilləndi, güldü, ağladı, susdu kiriyən,

Ölüsüylə, dirisiylə guya cənnətdə əriyən

Mən də bir az sənin kimi, sən də bir az mənim kimi.

Vüsalın mənzərəsi… Kətanda olmayacaq…

Bir badə al əlinə, içinə şərab da süz.

Bir qurtum al təkbaşına.

Gözəl olur dumanlının dumanlara qarışması.

Badədən əlini üz.

Ən yüksəyinə atıl ən alçaq nöqtələrdən.

Bilirəm bilirsən ki, sən yıxılan yerlərin

Tutanda olmayacaq.

                        ***

Bir qələm al əlinə, içinə nəfəs də süz.

Üstünə çək ürəyini.

Bütün demədiklərini yüklə belinə getsin.

Qələmdən əlini üz.

Onsuz da bilirsən ki, onun ucundan düşüb

Sözə bürünənlərin

Batanda olmayacaq.

                     ***

Bir kəndir al əlinə, içinə həyat da süz.

Tumarlan, xumarlan, yumurlan.

İstədiyin nota bağla düyünlərini.

Yumağına sarı bütün yolları.

Kəndirdən əlini üz.

Lap çoxdan bilirsən ki, baharların payızından qışına

Çatanda olmayacaq.

                    ***

Masanın dörddə birində – badə, içində şərab,

Masanın üçdə birində – ağ vərəq, üstdə qələm,

Masanın ikidə birində – külqabı, ağzında siqaret,

Masanın birdə birində – kəndirin saçaqlı ucu,

Masanın tən ortasında – şaxə qalxan bir alovun kölgəsi.

…Vüsalın mənzərəsi…

…Kətanda olmayacaq…

Dağıntılar yaranır…

Xırda-xırda göz yaşları birləşir,

Dolu-dolu yağıntılar yaranır.

Kiçik-kiçik düyünlərin içində,

Böyük-böyük sıxıntılar yaranır.

                         ***

Damla-damla süzülürəm gözümdən,

Cümlə-cümlə asılıram sözümdən,

Parça-parça ayrılıram özümdən,

Neçə-neçə çıxıntılar yaranır.

                     ***

Bir vaxt vardı, mən bir gözəl nağıldım,

Bu dünyaya sevən gözlə baxırdım,

Dərdə-qəmə, şeirə-sözə dağıldım,

Belə-belə dağıntılar yaranır.

Xanım İsmayılqızı
Xanım İsmayılqızı

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest